Məhkəmə qərarları › İş №2(103)-7240/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7240/2020

16.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7240/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadanibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1619/2020 saylı qərardadından İddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun təmin edilərək, mülkiyyət hüququndan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, əvvəlki vəziyyətin bərpa edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş Mehmanxana (otel) binasının cavabdehin hesabına sökülməsi, əvvəllər damın təmiri üçün dama çıxmaq üçün mövcud olan yeganə yerin bərpa edilməsi, mənzilinin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün ona dəymiş maddi zərərin əvəzi kimi 50000 (əlli min) manat məbləğində pulun, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 100 000 (yüz min) manat pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manat pulun, ümumilikdə 150 030 (bir yüz əlli min otuz) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 2 ünvanında Cavabdeh tərəfindən inşa edilən dörd mərtəbəli otel binasının tikintisinin davam etdirilməsinin və həmin ünvanda tikintinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1619/2020 saylı qərardadı ilə İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)- 1619/2020 saylı qərardadından verilmiş şikayət, həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, məhkəməyə verdiyi iddia ərizəsindən də göründüyü kimi, o, mülkiyyət hüququnun təmin edilərək, ünvan 3 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş Mehmanxana (otel) binasının cavabdehin hesabına sökülməsinə, əvvəllər damın təmiri üçün dama çıxmaq üçün mövcud olan yeganə yerin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eləcə də tərəfindən iddianın təmini tədbirinə dair vəsatət verərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianın təmini tədbiri kimi ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilən dördmərtəbəli otel binasının tikintisinin davam etdirilməsinə qadağa qoyulmasına, həmin ünvanda tikintinin aparılmasının cavabdehə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişəm. Cavabdehin qanunsuz olaraq otel binasının tikintisini davam etdirməsi, gələcəkdə iddia tələblərinin təmin olunacağı təqdirdə, bununla əlaqədar qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə və ya mümkünsüz edə bilər. Odur ki, verdiyi iddianın təmini tədbirinə dair ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1619/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər (maddə 158.1.2). İddianı təmin etmək üçün mübahisə predmetinə aid müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (madd 158.1.3). İddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri- mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, hazırkı vəziyyətdə iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalı, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1619/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar