Məhkəmə qərarları › İş №2(103)-7245/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7245/2021

14.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7245/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili, digər cavabdeh X3 vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X4 qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(011)-220/2021 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 MMC-yə və X4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, tibb müəssisəsində müalicə zamanı yalnış diaqnoz nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 2399,84 manatın, mənəvi zərərin əvəzi kimi 10000 manatın, habelə məhkəmə xərclərinin cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, 14.04.2020-ci il tarixdə günorta saatlarında mədə və qarın boşluğundakı ağrılarla əlaqədar yaşadığı evin yaxınlığında olan Cavabdeh1nə müraciət etmiş və onu qastroenteroloq kimi Rəfail Həsənova yönləndirmişlər. Həkim Cavabdeh2 ümumiyyətlə müayinə etmədən, yalnız şifahi şikayətlərini dinlədikdən sonra onu USM-ə yönləndirmiş, USM nəticəsi kimi qaraciyərdə hiperexogen ocaq-hemongiomanın, mədəaltı vəzidə diffuz dəyişikliyin, öd kisəsində xolestaz əlamətlərinin, qarın boşluğunda güclənmiş meteorizmin olduğu bildirilmiş və KT müayinəsi məsləhət görülmüşdür. Həkim isə hazırkı mərhələdə KT müayinəsinə ehtiyac olmadığını bildirərək, bağırsaq keçirməzliyinin olub-olmamasını müəyyən etmək üçün iddiaçını rentgen müayinəsinə yönləndirmişdir. Qarın boşluğunun icmal rentgenoqrafiyasının nəticəsi kimi böyrəklərin, sidik axarlarının və sidik kisəsinin proyeksiyasında kölgəliklərin müşahidə edilmədiyi, bağırsaqlarda artıq miqdarda qazın olduğu qeyd edilmişdir. Sonda həkim ciddi problemin olmadığını bildirərək, resept yazmış və o, dərhal müalicəyə başlamışdır. Növbəti gün həkimlə telefon vasitəsi ilə əlaqə saxlayaraq, ağrıların keçmədiyini bildirmiş, habelə xəstəliyi ilə əlaqədar hər hansı bir sənədin verilməsini xahiş etmiş, həkim isə təyin olunmuş müalicəyə davam etməli olduğunu bildirmişdir. Xəstəliyi ilə əlaqədar verilmiş arayışda onun 14 və 15.04.2020-ci il tarixlərində Cavabdeh1ndə müayinə olunduğu və ona “kolit” diaqnozu qoyularaq, ambulator müalicənin təyin olunduğu yazılmışdır. İddiaçı, yalnız bu arayışdan sonra ona “kolit” diaqnozunun qoyulduğunu bilmişdir. Növbəti gün də ağrıları keçmədiyi üçün qoyulmuş diaqnoz və müalicənin effektivliyinə şübhəsi yaranmış və 16 apreldə "xxxx"da çalışan cərrah Edqard Nurməmmədova müraciət etmişdir. Həkim E.Nurməmmədov onu müayinə edərək, KT müayinəsinə yönləndirmiş, habelə qan analizi aparılmışdır. KT müayinəsi nəticəsində aşağıdakılar müəyyən olunmuşdur ki, appendisit partlayıb və bağırsaq deşilib, qarnında çox miqdarda irin və çirkab var, dərhal cərrahi müdaxilə olunmalıdır, həmçinin əməliyyatdan sonra uzunmüddətli müailəcə riski var. Appendisitin partlaması və bağırsağın deşilməsi nəticəsində irin və çirkabın qarına dolması insan həyatına təhlükə yaradır və belə hallarda ölüm riski kifayət qədərdir. Qeyd edilənlər Cavabdeh1nin həkiminin məsuliyyətsizliyi nəticəsində qoyulmuş səhv diaqnozun və müalicənin nəticəsidir. 16.04.2020-ci il tarixdə lokalizə olunmuş peritonitlə kəskin appendisit diaqnozu ilə cərrahi əməliyyat olunmuş və adi appendisit əməliyyatından fərqli olaraq 5 gecə xəstəxanada qalmalı olmuşdur. Halbuki, ağırlaşmamış appendisit əməliyyatı təxminən 15-20 dəqiqə davam edir və xəstə heç 24 saat keçməmiş evə yazılır. O isə, 21 apreldə evə yazılmış və müalicəni ev şəraitində davam etdirmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC-də təyin olunan səhv diaqnoz və müalicə nəticəsində ona maddi zərər vurulmuş (cərrahi əməliyyatdan öncə tam qarın boşluğunun kompüter tomoqrafiyasına görə 120 manat və qan analizinə görə 41 manat, cərrahi əməliyyata və xəstəxanada müalicəyə görə 1502,50 manat, 21.04.2020-ci il tarixdə (xəstəxanadan çıxdığı gün) apteklərdən dərman alınmasına görə 195 manat və 37 manat, 24.04.2020-ci il tarixdə aparılan müayinə və analizlərə görə 79 manat, 24.04.2020-ci il tarixdə (xəstəxanadan çıxdıqdan sonra həkim müayinəsində olduğu gün) dərman alınmasına görə 38,34 manat, keyfiyyətsiz tibbi xidmətə görə Cavabdeh1 MMC-də 80 manat, 25 manat və 2 manat, həkim tərəfindən təyin olunan dərmanların alınmasına görə 50 manat, həkim Rafael Həsənov və cərrah E.Nurməmmədov tərəfindən təyin olunan sistemlərin (cəmi 13 ədəd) köçürülməsi ilə bağlı 130 manat və nəqliyyata 100 manat), həmçinin, fiziki əzab, iztirab və mənəvi sarsıntı keçirmişdir. Belə ki, ağırlaşmamış appendisit əməliyyatı təxminən 15-20 dəqiqə davam edir və xəstə heç 24 saat keçməmiş evə yazılır və ona çox məhdud sayda və qısa müddətə yüngül antibiotiklər təyin edilir. O isə 5 gecə xəstəxanada qalmalı olmuş, hədsiz dərəcədə halsızlığı, güclü ağrıları və titrətmələri olmuş, xəstəxanada qaldığı müddətdə və ev şəraitində çox ağır antibiotiklər (“Tienam”) sistemlə köçürülmüş, habelə çoxsaylı ağrıkəsici və hərarətsalıcı, mədəqoruyucu iynələr vurulmuşdur. Təyin olunmuş antibiotiklərin ağırlığı və uzun müddət bədəninə antibiotik yeridilməsi xəstəxanadan çıxdıqdan sonra 1 aylıq mədəqoruyucu tabletkanın yazılmasını şərtləndirmişdir. Antibiotiklərin orqanizmə vurduğu dağıdıcı zərər isə hamıya məlumdur və ağır antibiotikin özünə uyğun ağır fəsadları olur. Damarlarına vurulan çoxsaylı iynələr nəticəsində əli şişmiş, qolları göyərmişdir. Bundan başqa, bir aydan çox davam edən müalicə və reabilitasiya nəticəsində fiziki iztirabdan əlavə, ağır stres və qorxu yaşamış, günlük həyat tərzi, iş ahəngi, normal ailə düzəni pozulmuş, vaxt itkisi ilə üzləşmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(011)-220/2021 saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) mənəvi ziyana görə 2000 manat, maddi ziyana görə 912,11 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2942,11 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. İddiaçı, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini və cavabdehlərin və ekspertlərin hərəkətlərində CM-in 294.1-ci və 297.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərinin aşkara çıxarılması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehlər də, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı, apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, maddi zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmənin tətbiq etdiyi hesablama üsulu perforasiya baş verən və verməyən əməliyyat arasındakı fərqi düzgün müəyyən etməyə imkan vermir. Belə ki, xəstəliyin müalicəsi üçün çəkdiyi xərcləri iddia ərizəsində olduğu kimi sadalamışdır. Cərrahi əməliyyata və xəstəxanada müalicəyə görə 16.04.2020-ci il tarixdə ödədiyi 1502,50 manat adi appendisit əməliyyatına görə deyil, perforasiya baş verən appendisit əməliyyatına görə idi. Yəni, iddiaçı adi appendisitə görə əməliyyat olunsaydı, bundan iki dəfə az məbləğ ödəyəcəkdi. 1502,50 manatın tərkibində xəstəxanada əlavə qalacağı müddət, ağır antibiotiklər, əlavə müayinələr artıq nəzərə alınmışdır. Məsələnin sülh yolu ilə həll edilməsi üçün Cavabdeh1nin baş həkiminin yanında olarkən onun müavini də adi appendisit əməliyyatı ilə müqayisədə perforasiya baş verən appendisit əməliyyatına görə iki dəfə artıq xərc çəkildiyini etiraf etsə də, işə rayon məhkəməsində baxılarkən cavabdeh tərəfin nümayəndəsi adi appendisit əməliyyatını neçəyə icra etmələri barədə heç bir sənəd təqdim etməmişdir. İddiaçının isə, belə bir sənədi təqdim etmək imkanım yoxdur, heç bir özəl xəstəxana göstərdikləri xidmətə görə qiymət cədvəli vermir. 21 aprel və 24 aprel tarixlərində çəkdiyi xərclər də perforasiya baş verən appendisitin nəticələridir (daha ağır və bahalı antibiotiklər, uzun müddətli müalicə və s.), eyni zamanda, Cavabdeh1ndə göstərilən keyfiyyətsiz tibbi xidmətə görə çəkdiyi xərclər (müayinələrə, sistemlərin köçürülməsinə, dərmanlara görə) də ona ödənilməlidir. Təyin olunmuş mənəvi zərər məbləği də çəkdiyi ağır fiziki əzablara, pozuntunun xarakterinə, cavabdehlərin maddi vəziyyətinə, habelə mövcud məhkəmə praktikasına uyğun olmamaqla, ağlabatan və ədalətli deyildir. Cavabdehlərin və ekspertlərin hərəkətlərində cinayət əlamətlərinin aşkara çıxarılması barədə xüsusi qərardad çıxarılmamasını isə məhkəmə onunla əsalandırmışdır ki, ekspertlərin bilə-bilə yalan rəy verməsi və cavabdehlər tərəfindən sübutların saxtalaşdırılması ilə bağlı məsələlər hazırkı mübahisənin bilavasitə predmeti olmamışdır, həmçinin xüsusi qərardadın çıxarılmaması cinayət təqibi orqanlarına müraciət imkanını məhdudlaşdırmır. Halbuki, şəxslərin cinayət təqibi orqanlarına müraciət imkanının olması məhkəmənin işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı halda xüsusi qərardad çıxarmaq vəzifəsindən azad etmir. Bundan başqa, nəzərə alsaq ki, məhkəmə-tibbi ekspertizası fəaliyyəti tamamilə dövlətin nəzarətindədir və Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə münasibətdə publik səlahiyyətlərə malikdir, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına zərər vurulması məsələsinə dövlətin Konvensiyada nəzərdə tutulan hüquqları təmin etmək üzrə pozitiv öhdəliyi prizmasından baxılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə qətnaməsində Cavabdeh1ndə ona göstərilən keyfiyyətsiz tibbi xidmətə nəzarət üzrə Səhiyyə Nazirliyinin publik səlahiyyətlərini həyata keçirməsi məsələsinə də xüsusi qiymət verilməli idi. "X10” tərəfindən adına verilmiş 15.04.2020-ci il tarixli arayışdakı imzanın baş həkimə deyil, onun müavininə məxsus olması məsələsinə qiymət verilməsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf bu arayışın “X10" tərəfindən verildiyini inkar etməmiş və həmin məsələ (imzanın kimə məxsusluğu) hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Bu məsələ mübahisənin həlli baxımından əhəmiyyət kəsb etməsə də, sənəd saxtalığı faktı mövcud olduğundan, məhkəmə bununla da bağlı xüsusi qərardad çıxarmalı idi. Ekspert rəyi ilə bağlı mülahizələrini təqdim edərək, ekzpertiza aparılarkən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunun və Səhiyyə Nazirliyi Kollegiyasının 19.08.2020-ci il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə"nin tələblərinin pozulduğunu bildirsə də, məhkəmə qeyd edilən məsələlərə də münasibət bildirilməmişdir. Cavabdehlər isə, apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci intansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, Cavabdeh1 MMC-də iddiaçıya tibbi xidmətlər göstərilmiş və xəstənin şikayətinə, tibbi müayinənin və müalicənin nəticələrinə uyğun olaraq həkim tərəfindən ona düzgün olaraq kolit diaqnozu qoyulmuş və dərman qəbulu üçün müvafiq resept yazmışdır. İddiaçı sonradan Ege Hospital MMC-də tam qarın boşluğunun KT müayinəsindən keçmiş, müayinənin nəticələrinə uyğun olaraq ona kəskin perforativ apendsit diaqnozu qoyulmuş və 16.04.2020-ci il tarixdə laparoskopik appendktomiya əməliyyatı icra olunmuşdur. Cavabdeh1 MMC-də həkim tərəfindən iddiaçıya düzgün müayinə və müalicə təyin edilməsi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 06.01.2021-ci il tarixli rəyində öz əksini tapmış və rəydə çoxsaylı suallar tibbi qaydalara və kliniki protokollara uyğun əsaslarla cavablandırılmışdır. Rəyi tərtib edən ekspertlər də məhkəmə iclasında dindirilmişlər. Lakin qətnamədə izahatlar təhrif olunmuşdur. Belə ki, Cavabdeh1 MMC-də həkim tərəfindən iddiaçının müayinəsi aparılmış, müayinə nəticəsində xəstənin nəbzi və qan təzyiqi ölçülmüş, palpasiyada qarınının sağ qalça çuxuru nahiyəsində ağrılar olması müəyyən edilmişdir. Məhkəmə isə əsassız olaraq həkim tərəfindən iddiaçının müayinəsinin aparılmadığı, xəstənin nəbzinin, qan təzyiqinin ölçülməməsi və palipasiya edilməməsi nəticəsinə gəlməklə düzgün olmayan qərar qəbul etmişdir. Bundan başqa, ekspertlər "xxxx"da iddiaçıya qoyulan diaqnozun nəticələrinin əsaslandırılması üçün əməliyyat olunaraq götürülən hissədən histoloji labarator müayinə təyin etməli idilər. Lakin iddaiçı barəsində histoloji labarator müayinə aparılmamışdır. Bu hal, iş materillarında olan "xxxx" MMC-yə verilən vəkil sorğusuna cavabda və cavaba əlavə edilən sənədlərdə də müəyyən olunmamış, həmçinin iddiaçı da məhkəmə iclasında onun barəsində histoloji labarator müayinə aparılmadığını etiraf etmişdir. Məhkəmə isə bu hala qiymət verməmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı, öz apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə, həmçinin iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş və məhkəmə kollegiyasından onun şikayətinin təmin, cavabdehlərin şikayətinin isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehlərin vəkili, özlərinin apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından cavabdehlərin şikayətinin təmin, iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin naməlum səbəblərdən nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti rədd olunmalı, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, iddiaçı 14 aprel 2020-ci il tarixdə qarnında olan yayılmış ağırılar, ümumi zəiflik və ürəkbulanma şikayətləri ilə Cavabdeh1 MMC-yə müraciət etmişdir. Mərkəzdə çalışan həkim-qasterentoloq Rəfail Həsənov tərəfindən müayinə olunduqdan sonra həmin tarixdə USM-dən keçmiş və müayinənin nəticəsi kimi qaraciyərdə hiperexogen ocaq-hemongiomanın, mədəaltı vəzidə diffuz dəyişikliyin, öd kisəsində xolestaz əlamətlərinin, qarın boşluğunda güclənmiş meteorizmin olduğu bildirilmiş və KT müayinəsi məsləhət görülmüşdür. Bundan sonra, qarın boşuğunun rentgenoqrafiyası aparılaraq, qarın boşluğunun R-qrammasında böyrəklərin, sidik axarlarının və sidik kisəsinin proyeksiyasında kölgəliklərin müşahidə edilmədiyi, bağırsaqlarda artıq miqdarda qazın olduğu qeyd edilmiş və həkim iddiaçıya müalicə təyin etmişdir (1. Na Cl ogt. 200.V3. Buscopan –N3, pantaprazol-N3 gündə 1 dəfə v/d; 2. Smekta N15-gündə 3 dəfə yeməkdən 30 dəq. əvvəl; 3. Ketanol N3 gündə 3 dəfə ə/d.). Növbəti gün, yəni 15 aprel 2020-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən iddiaçının adına verilən arayışda iddiaçının 14 və 15 aprel 2020-ci il tarixlərində Mərkəzdə müayinə olunduğu, ona “kolit” diaqnozu qoyulduğu və ambulator müalicə təyin olunduğu qeyd olunmuşdur. Bundan sonra iddiaçı, 16 aprel 2020-ci il tarixdə eyni şikayətlərlə "xxxx" MMC-yə müraciət etmiş və keçirilmiş tam qarın boşluğunun KT müayinəsinin nəticəsində müəyyən olunmuşdur ki, apendikulyar çıxıntı çanaq boşluğunun sağ hissəsində yerləşmiş olub, diametri böyüyüb, divarları qalınlaşıbdır (kəskin perforativ apendisit). Mənfəzində fekolit izlənilir. Apendikulyar çıxıntının proksimal hissəsi ətrafında sərbəst hava qabarcığı mövcuddur. Paraçekal nahiyədə və çanaq boşluğunun sağ hissəsində piy toxuması ödemli və infiltrativdir. Regionar 10 mm-dən kiçik limfa düyünləri izlənilir. Paraçekal nahiyədə 34×30 mm ölçüdə ciblənmiş yığıntı (abses) aşkar edilir. Çanaq boşluğunda az miqdarda sərbəst hava izlənilir. KT müayinəsinin nəticəsinə əsasən kəskin perforativ apendisit diaqnozu qoyulan iddiaçı əməliyyat üçün klinikaya qəbul edilmiş və həmin gün laparoskopik appendektomiya əməliyyatı icra olunmuşdur. İşdə olan "xxxx" MMC-nin hesab-faktura və ödəniş qəbzlərindən müəyyən edilir ki, iddiaçının 16.04.2020-ci il tarixdə əməliyyat olunduğu tarixdən sonra, yəni baş vermiş perforasiya üçün aparılmış müalicə müddətində 17.04.2020-ci il tarixdən 21.04.2020-ci il tarixədək 912,11 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı, Cavabdeh1 MMC-nin həkimi Rəfail Həsənov tərəfindən qoyulmuş səhv diaqnoz və müalicə nəticəsində xətəliyinin daha da ağırlaşdığını (adi appendisitdən proqressivləşərək perforasiya baş verən appendisitə çevrildiyini) bildirərək, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Cavabdehlər isə, iddiaya etiraz edərək, iddiaçıya yanlış diaqnoz qoyulmadığını və ona qoyulmuş diaqnozla xətəliyinin ağırlaşması arasında səbəbli əlaqə olmadığını bildirirlər. Məhkəmə kollegiyası, mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun 59-cu maddəsinə görə, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanunun 9-cu maddəsinə əsasən, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. Həmin Qanunun 16-cı maddəsinə əsasən, tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında vurğulamışdır ki, AİHK-nın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququn «qanunla» qorunması tələbləri tibbi səhlənkarlığın baş verdiyi işlərə də şamil olunur. Məsələn, «Erikson İtaliyaya qarşı» işdə Məhkəmə bildirmişdir ki, Konvensiyanın 2-ci maddəsi üzrə dövlətin pozitiv öhdəlikləri, yəni yaşamaq hüququnu qorumaq vəzifəsi belə bir tələbi də özündə ehtiva edir ki, xəstəxanaların pasiyentlərinin həyatını qorumaq üçün hüquqi aktlar qəbul edilməli, habelə xəstəxanalarda baş verən ölüm hallarının səbəbini və müvafiq tibb işçilərinin hər hansı məsuliyyətini müəyyən etmək üçün səmərəli məhkəmə sistemi təşkil edilməlidir. «Kalvelli və Çiqlio İtaliyaya qarşı» işdə Məhkəmə bir daha təsdiq etmişdir ki, 2-ci maddə üzrə pozitiv öhdəliklər dövlətlərdən tələb edir ki, «xəstəxanaları pasiyentlərinin həyatını qorumaq üçün zəruri tədbirlər görməyə məcbur edən hüquqi aktlar qəbul etsinlər» və «həkimlərin himayəsində olan pasiyentlərin ölümünün səbəblərinin ... müəyyən edilməsi və cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması üçün səmərəli və müstəqil məhkəmə sistemi təşkil etsinlər», həmçinin vurğuladı ki, hər iki növ öhdəlik həm dövlət, həm də özəl səhiyyə sektoruna şamil olunur. Mülki Məcəllənin (bundan sonra, MM) 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Şəxs tibb müəssisəsinə tibbi xidmətindən yararlanmaq üçün müraciət edərkən, tibb müəssisəsinin personalından tutmuş, tibbi avadanlıqları ilə birlikdə vahid xidmət göstərən müəssisə şəklində çıxış edir. Bu səbəbdən də tibbi xidmətlə əlaqədar əmələ gələn deliktlərə görə məhz cavabdeh təşkilat öz işçisinin törətdiyi mülki hüququ pozuntusu (delikt) üçün mülki hüquqi məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tibb müəssisəsi müayinə və müalicə zamanı yanlışlığa yol verdikdə, yəni xəstəni səhv cərrahiyyə əməliyyatı etdikdə, xəstəyə yanlış diaqnoz qoyduqda və sair nəticəsində xəstənin sağlamlığına vurduğu maddi, mənəvi zərərin əvəzini ödəməyə borcludur və tibb müəssisəsi mülki hüquqi məsuliyyətdən o, vaxt azad edilə bilər ki, zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirsin. MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci, 1097.1-ci və 1112-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən tibb müəssisəsinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Birinci instansiya məhkəməsi, qeyd olunan normaların tələblərini hazırkı işin faktiki hallarına tətbiq edərək, bu qənaətə gəlmişdir ki, iddiaçının Cavabdeh1ndə müayinə və müalicəsi zamanı həkim-qasterentoloq Rəfail Həsənov yetərli müayinələr keçirməmiş, ona səhv diaqnoz qoymuş, qastreontoloji xəstəliyin olmadığını təsbit edib, xəstəni cərraha yönəltməli olduğu halda səhv müalicə təyin etmiş, bunun nəticəsində iddiaçının əziyyət çəkdiyi xəstəlikdən müalicəsi gecikdirilmiş və bu gecikdirmə nəticəsində onun həyatına təhlükəli vəziyyət yaranmışdır. Məhkəmə kollegiyası, bu hissədə rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, həmçinin, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Cavabdeh1 MMC-nin iddiaçıya münasibətdə hərəkətlərinin hüquqi olub-olmadığının (həkim Rəfail Həsənov tərəfindən iddiaçıya düzgün müayinə və müalicənin tətbiq edilib-edilmədiyinin, diaqnozun düzgün qoyulması üçün yetərincə müayinənin aparılıb-aparılmadığının) müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilərək ekspert qarşısında bu sahədə xüsusi bilik tələb edən 18 sual qoyulmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5”nin EŞ- 497 saylı, 21.11.2020-ci il tarixli ekpert rəyi məhkəməyə 06.01.2021-ci il tarixdə daxil olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyində çoxsaylı tibbi terminlərdən istifadə edildiyinə, kifayət qədər aydın olmadığına və bir çox suallara birmənalı cavab verilmədiyinə görə tədqiqatı aparmış ekspertlər (Cavid Cahangirli, Nazim Həsənov və Rafik Nuriyev) məhkəmə iclasında dindirilmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 103.1-ci və 103.2-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə kollegiyası, ekspertiza qarşısında qoyulmuş sualları, onlara verilən cavabları və ekspertlərin məhkəmə iclasında verdikləri izahatlarını işin digər halları ilə birlikdə dəyərləndirərək hesab edir ki, sözügedən rəy qeyd olunan mübahisəli halların müəyyən edilməsi baxımından mötəbər sübut sayıla bilməz. Belə ki, ekspert rəyində 2-ci, 8-ci, 15-ci, 16-cı və 17-ci suallara cavablarda klinik protokollara (protokolların adları çəkilmədən) istinad olunsa da, ekspertlərin məhkəmə iclasında dindirilməsi nəticəsində müəyyən olunur ki, faktiki olaraq rəy verilərkən heç bir klinik protokol nəzərə alınmayıb. X9 rəyi verərkən Səhiyyə Nazirliyi Kollegiyası tərəfindən təsdiq edilmiş “Kəskin appendisitin diaqnostika və müalicəsi üzrə klinik protokolu” əsas götürmədiklərini, protokolun tövsiyə xarakteri daşıdığını, rəyi protokolla vermədiklərini, kolitin diaqnostika və müalicəsi üzrə analoji protokolun olub-olmadığını bilmədiyini, ekspert Nazim Həsənov isə cərrahi fəaliyyətə dair Azərbaycanda klinik protokol olmadığını, appendisitlə bağlı klinik protokolun təsdiq olunmadığını, heç kimin o protokolla “işləmədiyi”ni bildirmişdir. Həmçinin, 3-cü suala cavabda diaqnozun düzgün qoyulması üçün yetərincə müayinənin aparılması sualına cavab verilməmiş, 8-ci suala cavabda appendisitin müəyyən olunmasında həkimin fiziki müayinəsinin, KT-nin və qan analizinin əhəmiyyəti məsələsinə aydınlıq gətirilməmiş, həkimə müraciət edilən gün fiziki müayinə, KT müayinəsi və qan analizi aparılsa idi, “xəstəyə “appendisit” diaqnozu qoyula bilərdimi” sualına cavab verilməmiş, obyektiv müayinə üsullarının tətbiq edildiyi qeyd edilsə də, bu, heç bir tibbi sənədlə təsdiq olunmur. “Kəskin appendisitin diaqnostika və müalicəsi üzrə klinik protokol”a əsasən, obyektiv müayinə (yerli və ümumi obyektiv müayinə) palpasiya və hərəkət nəticəsində qarında ağrı və gərginlik, həmçinin ağrının lokalizasiyasının müəyyən edilməsini, bədən temperaturunun, nəbzin, tənəffüs tezliyinin və qan təzyiqinin ölçülməsini nəzərdə tutur. 9-cu sual ağırlaşmanın ilkin əlamətlərdən neçə gün sonra baş verməsi barədə olduğu halda, cavabda ağırlaşmadan sonrakı vəziyyətdən bəhs olunmuş, 12-ci sual isə konkret məsələlərə münasibət bildirilməsini tələb etdiyi halda, ümumi cavab verilmişdir. Bundan başqa, xəstənin müayinəsinin hansı qaydada aparılması ilə bağlı Cavabdeh1 MMC tərəfindən iddiaçının adına tərtib olunmuş “Ambulator xəstənin tibbi kartası”nda qeyd edilmişdir ki, 14.04.2020-ci il tarixdə iddiaçı qarında olan ağrıdan, ümumi zəiflikdən, ürəkbulanmadan şikayət edir, 3 gündür defeksasiya aktı müşahidə olunmur. Xəstə irriqoskopik müayinəyə göndərilmiş, müayinədə spastik kolit aşkar olunmuş, xəstənin nəbzi və qan təzyiqi ölçülmüş, palpasiyada qarının sağ qalça çuxuru nahiyəsi ağrılıdır. Məhkəmə kollegiyası hesab edir ki, tibbi kartaya faktiki olaraq keçirilməyən müayinə barədə məlumatlar daxil edildiyindən birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından həmin sənədi nəzərə almamaqla, düzgün hüquqi qiymət vermişdir. Belə ki, tibbi kartada iddiaçının 14.04.2020-ci il tarixdə irriqoskopik müayinəyə göndərilməsi və müayinədə xəstədə spastik kolitin aşkarlanmasına dair qeydlər edilsə də, iddiaçı həkimin belə bir müayinə təyin etdiyini inkar etmiş, habelə, tibbi kartaya bu müayinənin nəticələri yox, USM və rentgen müayinəsinin nəticələri əlavə olunmuşdur. Məhkəmə tərəfindən irriqoskopik müayinənin nəticələri və həmin müayinəyə görə ödənişin edilməsinə dair sənədlərin təqdim edilməsi təklif olunsa da, cavabdehlərin nümayəndəsi və vəkili bu sənədlərin olmadığını bildirmişdir. Qeyd edilənlər əsasında həm də “kolit” diaqnozunun düzgün hesab edilməsi barədə ekspertin gəldiyi nəticənin (3-cü suala cavabda) heç bir tibbi sənədlə təsdiq olunmadığı müəyyən olunur. Belə ki, “kolit” diaqnozunun ultrasəs və rentgenoloji müayinələrin nəticəsi əsasında təyin edildiyi göstərilsə də, həmin müayinələrin nəticəsində “kolit”lə bağlı heç bir qeyd yoxdur. 16 aprel 2020-ci il tarixli KT müayinəsində də iddiaçıda “kolit” xəstəliyinin əlamətlərinin aşkar olunması barədə heç bir məlumata rast gəlinmir. Nəzərə alınmalıdır ki, “Kəskin appendisitin diaqnostika və müalicəsi üzrə klinik protokolu”na əsasən, kəskin appendisit (KA) soxulcanabənzər çıxıntının kəskin iltihabi xəstəliyidir. KA-nın standart müalicəsi açıq və ya laparoskopik appendektomiyadır. Kəskin appendisit ən çox rast gəlinən təcili cərrahi xəstəlikdir. Diaqnoz qoyulduqdan sonra əməliyyat gecikdirilməməlidir. Xəstəlik başlandıqdan sonra 12 saatdan az müddətdə appendektomiyanın icra edilməsi erkən, 12-24 saat ərzində icra edilməsi gec sayılır. Kəskin appendisit müalicə olunmasa, çıxıntının qanqrenası və perforasiyası baş verə bilər. Nekroz və ya perforasiya 24-48 saat ərzində baş verir. Perforasiya absesə, peritonitə və piyeloflebit kimi təhlükəli ağırlaşmalara səbəb ola bilir. İlk əlamətdən 36 saat keçdikdən sonra perforasiyanın yaranma ehtimalı 16-36% təşkil edir və risk hər 12 saatlıq ləngimədə 5% artır. Appendektomiya nisbətən təhlükəsiz əməliyyat hesab olunur və perforasiya baş vermədiyi hallarda ölüm göstəricisi hər 1000 nəfərə 0,8 təşkil edir. Ölüm və ağırlaşma halları xəstəliyin mərhələsi ilə əlaqəlidir və perforasiya zamanı bu ehtimal artır. Perforasiya hallarının baş verməsi və bunun nəticəsində ölüm hallarının yüksək olması (müvafiq olaraq 20 və 25%) neqativ appendektomiya göstəricilərinin yüksək olmasını dəstəkləyir. Bu əsnada Kollegiya vurğulayır ki, USM müayinəsi nəticəsində xəstəyə KT müayinəsi məsləhət görülsə də, həkim müayinə üsullarının seçimində səhvə yol verərək, həmin müayinəni təyin etməmişdir. Halbuki, həmin müayinənin təyin olunacağı halda iddiaçıya düzgün diaqnoz qoyulacağı, bunun nəticəsində də xəstəliyinin ağırlaşmış olmayacağı işin yuxarıda sadalanan müəyyən edilmiş halları baxımından mübahisəsizdir. Odur ki, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, cavabdehlərin apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız sayaraq, hesab edir ki, iddiaçı delikt normaları çərçivəsində düşdüyü zərərin əvəzini tələb etməkdə haqlıdır. Bununla belə, cavabdeh Rəfail Hüseynov hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddianın həmin cavabdehə münasibətdə təmin edildiyi hissədə ləğv olunmalıdır. Belə ki, MM-in 1099.1-ci və 1099.2-ci maddələrinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Kollegiyanın qənaətinə görə, cavabdeh Rəfail Həsənov Cavabdeh1 MMC-nin əməkdaşı qismində və həmin qurumun tapşırığı ilə onun fəaliyyət istiqaməti çərçivəsində fəaliyyət göstərdiyindən, MM-in 1099-cu və 1112-ci maddələrinin mənasına görə onun hərəkət və ya hərəkətsizliyi üçün məsuliyyəti adı çəkilən təşkilat daşıyır və qulluq vəzifəsinin icrası zamanı onun vurduğu zərərin əvəzini məhz əməkdaşı olduğu qurum ödəməlidir. Ona görə də, qətnamə qismən ləğv edilərək, iddia Cavabdeh2 aid hissədə rədd olunmalıdır. İddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılan qalan hissədə isə aşağıdakılara əsasən dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçı, Cavabdeh1 MMC tərəfindən göstərilmiş qüsurlu tibbi xidmət nəticəsində adi appendisit əvəzinə perforasiya baş verən appendisitdən əməliyyat olunmasına görə ona vurulmuş maddi zərərin əvəzi kimi cərrahi əməliyyatdan öncə tam qarın boşluğunun kompüter tomoqrafiyasına (KT) görə 120 manat və qan analizinə görə 41 manat, cərrahi əməliyyata və xəstəxanada müalicəyə görə 1502,50 manat, 21.04.2020ci il tarixdə (xəstəxanadan çıxdığı gün) apteklərdən dərman alınmasına görə 195 manat və 37 manat, 24.04.2020-ci il tarixdə aparılan müayinə və analizlərə görə 79 manat, 24.04.2020-ci il tarixdə (xəstəxanadan çıxdıqdan sonra həkim müayinəsində olduğu gün) dərman alınmasına görə 38,34 manat, keyfiyyətsiz tibbi xidmətə görə Cavabdeh1 MMC-yə ödədiyi 80 manat (USM), 25 manat (rentgen) və 2 manat, həkim tərəfindən təyin olunan dərmanların alınmasına görə 50 manat, həkim Cavabdeh2 və cərrah E.Nurməmmədov tərəfindən təyin olunan sistemlərin (cəmi 13 ədəd) köçürülməsi ilə bağlı 130 manat və nəqliyyat xərclərinə görə 100 manat ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi, maddi zərərin məbləğini müəyyən edərkən qeyd etmişdir ki, kəskin appendisit hər bir halda cərrahi müdaxilə ilə aradan qaldırılmalıdır, yəni perforasiya baş versə də, verməsə də cərrahi əməliyyat icra olunur. Perforasiya baş verən və verməyən əməliyyat arasındakı fərq müalicənin müddəti, hazırkı halda isə xəstəxanada qalma müddəti ilə bağlıdır. Odur ki, dəymiş maddi zərərin əvəzi kimi iddiaçıya yalnız əməliyyat olunduğu tarixdən sonra "xxxx"da əlavə qaldığı müddət üçün çəkdiyi xərclər hesablanmaqla 912,11 manat ödənilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin delikt normları çərçivəsində maddi məsuliyyətin yaranması bağlı yuxarıda qeyd olunan normalarının mənasına görə Cavabdeh1 MMC-nin tələbə edilən xərclərin hamsına görə maddi məsuliyyət daşıması üçün əməl ilə zərər arasında uyğun səbəbli əlaqə olmalı, başqa sözlə tələb edilən xərclərin hər biri cavabdehin qeyri-hüquqi hərkətlərinin nəticəsi kimi əmələ gəlmiş olmalıdır. Belə olan halda, məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyini əsaslı hesab edərək, belə qəbul edir ki, iddia ərizəsində tələb edilən xərclərdən yalnız iddiaçınının əməliyyat olunduğu tarixdən sonra "xxxx"da əlavə qaldığı müddət üçün çəkdiyi xərclər Cavabdeh1 MMC-nin qeyri-hüquqi əməlinin nəticəsində baş vermişdir. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı isə Kollegiya, bildirir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Baxılan işdə məhkəmənin yuxarıdakı hüquqi mövqeyinə görə Cavabdeh1 MMC-nin təqsiri ucbatından appendisitin perforasiyası baş verdiyindən iddiaçının daha ağır fiziki əzab çəkməsi, uzunmüddətli müalicəyə məruz qalması şübhəsizdir. Belə olan halda, məhkəmə kollegiyası, pozuntunun xarakterini və ağırlıq dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə və mənəvi zərərin məbləği hissəsində gəldiyi nəticəni əsaslı hesab edərək, bu hissədə apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və mənəvi ziyana görə 2.000 manat tutulmasını ağlabatan, ədalətli və qanuni sayır. İddiaçının apellyayasiya şikayətinin digər dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, Səhiyyə Nazirliyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla qəbul edilmişdir. Cavabdeh1 MMC tərəfindən göstərilən keyfiyyətsiz tibbi xidmətə görə hansı tədbirin görülüb-görülməməsi isə Nazirliyin publik səlahiyyətlərinə aid olmaqla, məhkəmə qaydasında həll edilən məsələ deyildir. Eyni zamanda, Kollegiya vurğulayır ki, cavabdehlərin və ekspertlərin hərəkətlərində CM-in 294.1-ci və 297.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərinin aşkara çıxarılması barədə xüsusi qərardadın çıxarılması barədə xahişi iddia tələbinə aid olmamaqla, prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquq olmaqla, iddiaçının cinayət təqibi orqanlarına müsətqil şəkildə müraciət imkanını məhdudlaşdırmır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti rədd, cavabdehlərin apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın cavabdeh Rəfail Həsənova münasibətdə təmin edildiyi hissədə ləğv edilməli, iddia ona münasibətdə rədd olunmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavadehlər Cavabdeh1 MMC və X8 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(011)- 220/2021 saylı qətnaməsi cavabdeh X4 aid hissədə ləğv edilsin, iddia ona aid hissədə rədd olunsun. Qətnamə apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar