Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7248/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasınla pulun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2349/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «xxxxxxxxxxxxx» ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasınla pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 500 manat məbləğində verilmiş sığorta ödənişi, 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxxxxx» ASC-də xx xxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «İsuzu» markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan «ZİL 131NV» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh1 hadisə yerini tərk etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 500 manat məbləğində sığorta ödənişi verilmişdir. «İcbari sığortalar haqqında» Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Hesab edirlər ki, «İsuzu» markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2349/2020 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia ərizəsi qismən təmin olunmuş, subroqasiya qaydasında köçürülmüş 500 manat sığorta ödənişinin, ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının Cavabdeh1 iddiaçı «xxxxxxxxxxxxx» ASCnin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh1 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, yol-nəqliyyat hadisəsi zamanı digər avtomobilə zərər dəymədiyindən onun sürücüsünün sözünə görə oradan getməsi, lakin sürücünün 2 gün sonra onlan polisə şikayət etməsi, inzibati qaydada cərimə olunması və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlara əsasən - xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh1 etibarnamə əsasında «İsuzu» markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Bakı şəhərində, saat 21.00 radələrində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X3 tərəfindən idarə olunan «ZİL 131NV» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobili zədələmişdir. xx.xx.2019-cu il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınması) törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2019-cu il tarixdə bağlanmış PGU********** nömrəli sığorta müqaviləsinə əsasən X4 məxsus olan «İsuzu» markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Həmçinin, işdə olan xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, «ZİL 131NV» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün (dəymiş ziyanın aradan qaldırılması üçün) 500 manat vəsait tələb olunur. İşdə olan xx.xx.2019-cu il tarixli PGU-191658 saylı sığorta aktına əsasən «xxxxxxxxxxxxx» ASC tərəfindən 500 manat məbləğində sığorta ödənişinin X6 oğluna ödənilməsi qərara alınmış və xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 03466 manat məbləğində sığorta ödənişi X2 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. İşdə olan sübutlardan görünür ki, iddiaçı tərəfindən icbari sığorta müqaviləsinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə 500 manat sığorta ödənişi həyata keçirilmişdir. «İcbari sığortalar haqqında» Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. MM-nin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Mülki hüquq pozuntusu Cavabdeh1 tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə işdə olan sübutlarla müəyyən olunmur. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Eyni zamanda, cavabdeh digər avtomobilə ziyan dəyməməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından cavabdehin sığorta ödənişini həyata keçirmiş iddiaçı qarşısında subroqasiya qaydasında müvafiq öhdəliyi mövcuddur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələri üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki,iddianın qiyməti iki min manatdan azdır,bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 vəCavabdeh2 qarşı «subroqasiya qaydasınla pulun tutulması»tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16iyun 2020-ci il tarixli, 2(006)-2349/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 2349/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7248/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7248/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver