Məhkəmə qərarları › İş №2(103)-7259/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7259/2020

19.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7259/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Bayramov Pərviz Mövlud oğlunun iştirakları ilə İddiaçı cavabdeh «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin üzərinə üzr istənilməsi öhdəliyinin qoyulması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)- 2273/2019 nömrəli qətnaməsindən cavabdeh «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X8 Azərbaycan» QSC-nin qanunsuz olaraq onun hesabından sildiyi pula görə rəsmi qaydada üzr istəməsi öhdəliyinin qoyulması və eləcə də dəymiş mənəvi ziyana görə 3000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2273/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin üzərinə iddiaçıdan rəsmi qaydada üzr istənilməsi öhdəliyi qoyulması və cavabdehdən 100 manat məbləğində mənəvi zərərin iddiaçının xeyrinə tutulması qət editlmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC ilə ilə İddiaçı arasında bağlanılmış xx xxxx 2016-ci il tarixli “X6”nin və xx xxxx 2016-cı il tarixli “X7 Müqavilə”nin şərtlərində qeyd edilən maddələrin tələblərinə görə müştərinin razılığı olmadan və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan onun hesabından 49.60 AZN (dörx doqquz manat 60 qəpik) vəsait silinmə əməliyyatı aparılmışdır və bu, həm qanunvericiliyin, həm də tərəflər arşında bağlanmış müqavilələrin şərtlərinə tam uyğun olmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC ilə İddiaçı arasında xx xxxx 2016-ci il tarixdə “X6”si və xx xxxx 2016-cı il tarixdə “X7 Müqavilə”si bağlanmışdır. Post terminal müqaviləsinə əsasən post terminaldan istifadəyə görə, onun texniki sazlığına qulluğa görə X7 “Müştəri” “Bank”a xidmət haqqı ödəyibdir. Sonradan post terminal xx.xx.2017-ci il tarixində X7ndən geri götürülüb müştərinin hesabında xidmət haqqının məbləği qədər hesabında vəsait olmadığı üçün xidmət haqqı hesabından tutulmayıb. Post terminal bu X7ndən götürüldüyü üçün hesabından xidmət haqqının tutulması avtomatlaşdırılmış sistem üzərindən istisnaya alınmış ki, artıq bu müştərinin hesabından vəsait tutulmasın. Bankın daxili audit departamentiniin illik daxili audit yoxlaması zamanı aşkar edilmişdir ki, bu müştəri postterminalı geri qaytarmış, lakin xidmət haqqı ödəməmişdir, bu səbəbdən növbəti ayda müştərinin hesabı avtomatlaşdırılmış sistem üzərində borclu müştəri kimi nəzarətə götürülmüş və müştərinn hesabına vəsait daxil olan kimi tərəflərdən xidmət haqqı (post terminaldan istifadə, GSM xəttindən istifadə, texniki qulluq xərcləri) borcuna görə xx.xx.2018ci il tarixində 49.60 azn (qırx doqquz manat 60 qəpik) manat məbləği silinmişdir. Bundan məlumatlandırılan müştəri banka zəng edərək söyləmişdi ki, yeddi günə pulu qaytarmasanız maliiyyə Bazarları Palatasına və Azərbaycan Respublikasının Prezidentinə şikayət yazacaq. Bank rəhbərliyi qərar verib ki müştərinin hesabına tutulmuş vəsait qaytarılsın və xx.xx.2019cu il tarixində 49.60 azn (qırx doqquz manat 60 qəpik) manat məbləği müştərinin hesabına yatırılıb, qaytarılıb (hesab üzrə çıxarış əlavə edilir). Tərəflər arasında bağlanmış Müqavilələrin şərtlərindən də görünür ki aralarında olan razılaşmaya əsasən müəyyən edilmiş şərtlərə müştərinin əməl etməməsi, iddiaçının bank qarşısında olan öhdəliyini yerinə yetirilməməsi və üzərinə götürdüyü öhdəliyin icrasından yayınması nəticəsində yaranmışdır. Qeyd olununlar bir daha onu deməyə əsas verir ki, qanunvericiliyin tələblərinə uyğun tərəflər arasında bağlanmış müqavilələrin müddialarına məhəl qoymayan müştəriniin bircə məqsədi ondan ibarətdir ki, qanunvericiliyin verdiyi imkanlardan, hüquqlardan sui-istifadə edərək bank qarşısında götürdüyü öhdəliyin icrasından yayınmaqdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1352/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3839/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, təhvil təslim aktı 2017-cui il tarixdə verilsə də, həmin dövrdə bankın sistemində texniki nasazlıq olduğundan borc iddiaçının hesabından silinməmişdir. Lakin sonradan audit yoxlanılması aparılan zaman iddiaçının borcu olduğu müəyyən edilmiş və onun hesabından silinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış müvafiq müqaviləlrərin 10.2.1-ci və 1.10.4-cü bəndlərinə əsasən borc irəli sürülmüş tələb üzrə silinə bilər, lakin iddiaçıya qarşı hər hansı tələb irəli sürülmədən, ona məlumat verilmədən hesabdan silinmə aparılmışdır. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “ İş materiallarından görünür ki, tərəflər sərbəst iradə ifadəsini həyata keçirərək xx.xx.2016-cı il tarixdə aralarında X6si bağlamışlar (səh 41). Həmin müqavilə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Müqavilə nəzərdən keçirilərkən müəyyən edilir ki, müştəri tərəfindən bütün öhdəlikləri tam terinə yetirilməmişdirsə, bu Müqavilə həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır. Bu isə o anlama gəlir ki, müştərinin bank qarşısında xidmət haqqı və s. öhdəlikləri tam icra edilməmişdirsə, müqavilə qüvvədə hesab edilir və tərəflər həmin müqavilənin tələblərinə uyğun öz hüquq və vəzifələrini həyata keçirmək hüququna və öhdəliyinə malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cı il tarixli müqavilənin 3.1-ci bəndindən görünür ki, müştərinin hesabından pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə bu müqavilə və qanunla müəyyənləşdirilmiş və nəzərdə tutulmuş hallarda yol verilir. Həmin müqavilənin 9.1.8-ci bəndinə əsasən “Müştərinin” “Bank” qarşısında müəyyən edilmiş hər hansı bir öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, hesabındakı pul vəsaitini müştəriyə qarşı olan, irəli sürülmüş tələb miqdarında, məbləğində “Müştərinin” sərəncamı olmadan borcu, öhdəlikləri əvəzinə mübahisəsiz qaydada "Müştərinin” hesabından silmək və\və ya “Müştəriyə” qarşı olan, irəli sürülmüş tələb miqdarında, məbləğində hesabdakı məxaric əməliyyatlarına məhdudiyyət qoymaq “Bank’ın hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 10.2.2-ci bəndinə əsasən, Hesab üzrə aparılan bank əməliyyatlarına görə “Bank”a müqavilə ilə müəyyən edilmiş xidmət haqqını ödəmək “Müştərinin” hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, iş materiallarında olan xx.xx.2016-cı il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC ilə İddiaçı arasında bağlanmış “X7 Müqavilə”sinin 1.8-ci bəndinə əsasən Hesab üzrə X4 sərəncamlarına əsasən Bankın həyata keçirdiyi əməliyyatlara görə X7 bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavənin şərtlərinə uyğun olaraq Banka xidmət haqqı ödəyir. Həmin müqavilənin 1.9-cu bəndinə əsasən. “Bank” X1rşısında müəyyən edilmiş hər hansı bir öhdəlikləri yerinə yetirmədikdə və ya lazımıncaicra edilmədikdə, hesabındakı pul vəsaitini ona qarşı olan tələb miqdarında (məbləğində) X4 sərəncamı olmadan borcu (öhdəlikləri) əvəzinə mübahisəsiz qaydada X4 hesablarından silmək və ya ona qarşı olan (irəli sürülmüş) tələb miqdarında (məbləğində) hesab(lar)dakı məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüquqlara malikdir. olması "Bank”ın hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1.10-cu bəndinə əsasən X7 “Bank” qarşısında müəyyən edilmiş hər hansı bir öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Bankın hesabındakı pul vəsaitini ona qarşı olan tələb miqdarında (məbləğində)sərəncamı olmadan borcu (öhdəlikləri əvəzinə mübahisəsiz qaydada hesab (lar)ından silmək və\və ya ona qarşı olan (irəli sürülmüş) tələb miqdarında (məbləgində) hesabdakı (lardakı) məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüququna malik olmasını qəbul, bəyan və təsdiq edir “Müştərinin” hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur.”. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli pos servisin açıqlamasına görə pos terminal sistem üzərindən bağlı olduğundan geri alınmışdır. İş materiallarında olan Account statement sistemindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə İddiaçı AZ49KABA******************** nömrəli hesabından yazılı razılığı olmadan 49,6 manat (qırx doqquz manat, altmış qəpik) pul silinmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən xx xxx 2019- cu il tarixdə verilən etirazda bildirilir ki, iddia ərizəsində qeyd edilənlərin əssasız və qanunsuz olmasını nəzərə alaraq iddia ərizəsinin təmin edilməməsi iddianın rədd edilməsi barəsində qərar çıxarmasını məhkəmədən xahiş edilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəflə iddiaçı arasında iki müqavilə bağlanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2016-ci il tarixli “X6”si və xx xxxx 2016-cı il tarixli “X7 Müqavilə”si bağlanmışdır. İş materiallarıda olan iddiaçının etirazında qeyd edilir ki, xx xxxx 2016-cı il tarixli “X7 Müqavilə”sinə əsasən verilmiş pos terminal xx.xx.2017-ci il tarixində X7ndən geri götürülmüşdür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının nağdsız hesablaşmalarının həyata keçirilməsi üçün “xxxxxxxxxx” ASC bankdan 2016-cı ildə müqavilə əsasında post terminalla təmin edilmişdir. Təxminən 2017-ci ilin iyun-iyul aylarında post terminal təhvil-təslim edilmiş və aktla iddiaçının banka hər hansı bir borcunun olmadığından post terminalın istifadəsi ilə əlaqədar münasibətlərə xitam verilmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixdə iddiaçının AZ49KABA******************** nömrəli hesabından yazılı razılığı olmadan, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan 49,6 manat (qırx doqquz manat, altmış qəpik) pul silinmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən “X6sinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.” Mülki Məcəllənin 964.1-ci maddəsinə əsasən “Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.”. Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən “Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.”. İş materillarında olan xx xxxx 2016-ci il tarixli “X6”sinin eyni məzmunlu 9.1.8-ci, 10.2.1-ci bəndlərinə və xx xxxx 2016-ci il tarixli “X7 Müqavilə”sinin 1.10-cu bəndinin dördüncü hissəsinə əsasən “Müştərinin” “Bank” qarşısında müəyyən edilmiş hər hansı bir öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, hesabındakı pul vəsaitini müştəriyə qarşı olan, irəli sürülmüş tələb miqdarında, məbləğində “Müştərinin” sərəncamı olmadan borcu, öhdəlikləri əvəzinə mübahisəsiz qaydada “Müştərinin” hesabından silmək və\və ya “Müştəriyə” qarşı olan, irəli sürülmüş tələb miqdarında, məbləğində hesabdakı məxaric əməliyyatlarına məhdudiyyət qoymaq “Bank”ın hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. Müqavilələrin qeyd edilən bəndlərindən göründüyü kimi həmin bəndlərdə “irəli sürülmüş tələb miqdarında” ifadəsi müştəriyə hər hansı bir tələbin irəli sürlməsini deyil, “müştərinin yaranmış borcu miqdarında” mənasında başa düşülməlidir. Belə ki, həmin bəndlərdə “irəli sürülmüş tələb miqdarında, məbləğində “Müştərinin” sərəncamı olmadan borcu, öhdəlikləri əvəzinə mübahisəsiz qaydada “Müştərinin” hesabından silmək” ifadələri də qeyd olunmuşdur. Bu isə o deməkdir ki, qeyd edilən bəndlərin ümumi mənası baxıldıqa, əgər müştərinin müqavilə üzrə hər hansı borcu yaranarsa, bank tərəfindən müştərinin sərəncamı olmadan həmin borc məbləği silinə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx xxxx 2016-ci il tarixli “X6”sində bank tərəfindən borc məbləğinin müştərinin hesabından birtərəfli qaydada silmək hüququnun olması tərəflər arasında razılaşdırılmış və bank da müqavilə şərtlərinə uyğun olaraq İddiaçı hesabından 49.60 manat pul silinmişdir. Buna görə də kollegiya hesab edir ki, iddiaçının “cavabdehin üzərinə üzr istənilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbi əsassızdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. İddia tələbinin “mənəvi ziyanın ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə isə kollegiya hesab edir ki, iddiaçı həmin tələblərini təsdiq edəcək hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Lakin göründüyü kimi, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T Dİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2273/2019 nömrəli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin üzərinə üzr istənilməsi öhdəliyinin qoyulması və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar