Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7259/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2771/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 17 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün cavabdehin üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və protokoldan çıxarışının ona verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 04 iyun 2008-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1- ci bina, 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 17 saylı mənzili pulunu tam ödəyərək almışdır. Mənzili 04 iyun 2008-ci il tarixdən aldığı ilk gündən cavabdeh onun hüquqlarını pozmuş, vəzifəsi olan mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində alınması ilə bağlı və binanın dövlət qeydiyyatına salınmasına dair MTK tərəfindən tədbir görülməmişdir. Bundan başqa, aldığı mənzilin müqaviləsinin 2.1-ci maddəsinin 5-ci abzasına əsasən verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (“payçının hesabına orderin və kupçanın verilməsi və s) "xxxx" MTK-nın vəzifəsi kimi müəyyən edilmişdir. Aldığı mənzil üzərində mülkiyyət hüqüqunun dövlət reyestrində qeydə alınması üçün "xxxx" MTK tərəfindən heç bir tədbir görülməmiş, başqa sözlə mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Dəfələrlə bu barədə MTK rəhbərliyinə müraciət etsə də, sonuncular təhvil-təslim aktını imzalamaqdan və mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişlər. Yaşadığı bina Azərbaycan Respublikasının Prezidenti X2 19 fevral 2019-cu il tarixdə imzaladığı “Bəzi çoxmənzlilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanından sonra 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin fərmandan sonra mənzilinə çıxarış alınması üçün dəfələrlə cavabdehə Çıxarışın alınması üçün protokoldan çıxarışı və digər lazım olan sənədləri verilməsinə dair yazılı müraciət etməyinə baxmayaraq, cavabdeh tərəf həmin müraciətlərin yalnız birinə cavab vermişdir. Həmin yazılı cavabda sənədlərin verilməməsinin əsası kimi, MTK tərəfindən yazılmış uydurma borc məbləğinin istənilməsi və tərəfindən ödənilməsini tələb etməsidir. Cavabdeh heç bir əsas olmadan aldığı mənzilə heç bir borcu olmadığı təqdirdə çıxarışını almaq üçün protokoldan çıxarışı və digər lazımı sənədləri vermək üçün ondan və bina sakinlərindən qeyri-qanuni əsası olmayan kommunal pulu adı ilə pul tələb etmiş və çıxarışı əldə etmək üçün lazım olan sənədləri verməmişdir. Ölkə başçısının məlum fərmanından sonra cavabdeh özündən uydurma heç bir qanuna uyğun gəlməyən məbləği ondan və digər sakinlərdən tələb edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2771/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 17 saylı mənzilin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokolundan çıxarışının İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdeh Olimp Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: Məhəmməd Rüstəmli).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2771/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baxmayaraq ki, Birinci İnstansiya Məhkəməsi 2(001)-2771/2021 saylı mülki işə Mülki Prosesual Məcəllənin 185-ci maddəsi qaydasında baxmışdır, Mülki Prosesual Məcəllənin 185-ci maddəsinin tələblərini kobud sürətdə pozmuşdur. Belə ki, "xxxx" Mənzil-Tikinti Koperativi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və zamanda xəbərdar edilməmişdir. İddiaçı 12 il ərzində "xxxx" MTK-nın ünvan 2 ünvanda tikdiyi yaşayış kompleksinin tikintisi başa çatmış və istismara qəbul edilmiş 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 17 saylı mənzilində yaşayır. İddiaçı illərlə göstərilən ünvanda yaşamalarına baxmayaraq onlara göstərilən komunal xidmətlərin heç birini ödəməmişdir. Bu xidmətlər pilləkan meydançaları və pilləkanla, liftlər və digər umumi xidmət ərazilərinin təmizlənməsi, zibillərin daşınması, ümumi istifadə olunan ərazilərin işıqlandırılması, liftlərə nəzarət və lazım olduqda texniki xidmət və sair xidmətlər. Bunun nəticəsində iddiaçının "xxxx" MTK-ya 2837 manat borcu yaranmışdır. İddiaçı qətnamədə göstərilən sənədləri MTK-dan tələb edərkən ona təklif olunmuşdur ki, komunal xidmətə görə yığılmış borcunu ödədikdən sonra tələb etdiyi sənədlər ona təqdim ediləcəkdir. İddiaçı isə bundan imtina edərək məhkəməyə müraciət etmişdir. Birinci İnstansiya Məhkəməsi birtərəfli qaydada mübahisəni araşdırmaqla qərəzli mövqey nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Komunal xidmət haqqı yaşayış mənzillərinin hər kvadratına 30 qəpik müəyyən edilmişdir ki, cavabdehin mənzili 124.43 kv/m olduğundan (124.43x0.3=37.3) cavabdehin mənzilinə düşən aylıq komunal xidmətlərə görə ödəniş 37.3 manat təşkil edir. Bu gunə ödənilməmiş cəmi borc 2837 manat təşkil edir. Beləliklə yaşayıy kompleksində 465 yaşayış təyinatlı mənzil mövcuddur. Hazırda 357 mənzildə yaşayış mövcuddur. Toplanan komunal xidmət haqları hesabına çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər, pilləkan meydançaları, pilləkanlar, liftlər, digər umumi xidmət ərazilərinin təmizlənməsi, zibillərin daşınması, ümumi istifadə olunan ərazilərin işıqlandırılması, liftlərə nəzarət və lazım olduqda texniki xidmət, şaxtalar, su ambarı, nasosxana, hidroforlara, umumi həyətin təmizlənməsi və abadlaşdırılması, mühafizəsi və sair xidmətlər daxildir. Həmçinin bu illər ərzində MTK-nm işçilərinin (sədr, mühasib, komendant, elektrik, santexnik, 2 mühafizə, 2 xadimə, mexanik və fəhlə) əmək haqları ödənilmişdir. Həmçinin ümumi istifadə olunan ərazilərin işıqlandırılması ücün "Azərişıqa", zibillərin daşınması üçün Binəqədi rayon Mənzil Kommunal Təsərüffatı Birliyinə məişət tullantılarının daşınması üçün, "xxxx" MMC-yə liftlərə göstərdiyi xidmətə görə hər ay "xxxx" MTK tərəfindən ödənişlər də olunur, (bu ödənişlərin son 3 ayının qəbzlərinin sürətləri qarşılıqlı iddia ərizəsinə əlavə edilir. Araşdırma zamanı məhkəmə hansı müddətə qədər ödəniş qəbzlərini istəsə məhkəməyə təqdim edəcəyik). "xxxx" MTK tərəfindən göstərilən xidmət haqları cavabdeh tərəfindən ödənilməməsi "xxxx" MTK -nın Vergi və digər təşkilatlara qarşı borclarının yaranmasına səbəb olmuşdur. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış 04 iyun 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri, Əlişir Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 1, blok 1, mərtəbə 7, ümumi sahəsi 124,43 kv.m yaşayış sahəsi, 3 otaqlı, 17 nömrəli yaşayış mənzilini payçıya verməyi öz öhdəsinə götürür. Payçı isə öz növbəsində yaşayış mənzilinin 1 kv.m üçün 750 manat olmaqla, ümumilikdə icraçıya 31 dekabr 2008-ci il tarixədək 46.623 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.6-cı bəndinə əsasən MTK verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürmüşdür.
10. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 20 dekabr 2011-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də ev 1, 1-ci blok, 7- ci mərtəbə, 124,43 kv.m sahəsi olan 3 otaqlı 17 saylı mənzili MTK-dan almışdır. Payçı İddiaçı 1 ədəd 3 otaqlı mənzil üçün borcu yoxdur;
11. İddiaçı tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə ünvanlanmış ərizənin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli, 529 saylı məlum fərmanına uyğun olaraq onların binası da istismara qəbul edilmişdir. Asan Xidmətə müraciət etsə də, ona protokoldan çıxarış olmadan çıxarış ala bilməyəcəyini bildirmişlər. Ona görə də yaşadığı ev üçün çıxarışın alınması üçün lazım olan protokoldan çıxarışı 15 iş günü ərzində ona təqdim edilməsi xahiş edilmişdir. Hüquqi dəyərləndirmə:
12. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır;
15. 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ(bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)olan fiziki və (və ya) hüquqi şəxsdir;
16. 109-4.1 və 109-4.1.3-ci maddələrinə əsasən kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativin üzvünün hüququdur;
17. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır;
18. 139-1.1 və 139-1.1.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur;
19. 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norma).
20. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
21. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
23. 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrininbu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraqidarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir.
24. 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.
26. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, İddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi ilə 04 iyun 2008-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Əlişir Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 1, blok 1, mərtəbə 7, ümumi sahəsi 124,43 kv.m yaşayış sahəsi, 3 otaqlı, 17 nömrəli yaşayış mənzilini payçıya verməyi və yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürür, payçı isə öz növbəsində yaşayış mənzilinin 1 kv.m üçün 750 manat olmaqla, ümumilikdə icraçıya 31 dekabr 2008-ci il tarixədək 46.623 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 20 dekabr 2011-ci il tarixli arayışa əsasən payçı İddiaçı qeyd olunan mənzil üçün borcu yoxdur. Hazırda iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini bildirərək, cavabdehdən mübahisəli mənzilin dövlət qeydiyyatına alınması üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və protokoldan çıxarışının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
27. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, tərəflər arasında 04 iyun 2008-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən müqavilədə göstərilən yaşayış sahəsinə görə tam ödəniş edilmiş, lakin iddiaçının qeyd olunan yaşayış sahəsinin üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən də göründüyü kimi, hazırda iddiaçıya bunun üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı lazımdır. Bundan başqa, iddiaçının kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüququ da vardır.
28. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh verilmiş mənzil üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi də öhdəsinə götürmüşdür.
29. Birinci instansiya məhkəməsində cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi X1 birinci instansiya məhkəməsində icraat zamanı 01.04.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və məhkəmə iclasının 22 aprel 2021-ci il tarixinə təxirə salınması ilə bağlı məhkəmə bildirişinə (i.v 33) imza etməklə məlumatlandırılmışdır. Odur ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı prosessual pozuntuya yol verməmişdir.
30. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh kollegiya iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir.
31. İddiaçının kommunal xidmətlərə görə haqq ödəməməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının kommunal xidmətlərə görə haqq ödəməməsi cavabdehi mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi öhdəliyindən azad etmir. Eyni zamanda, iddiaçının kommunal xidmətlərə görə haqq ödəməməsi hazırki iddianın predmetini təşkil etmir və cavabdehin bununla bağlı məhkəmədə ayrıca iddia qaldırmaq hüququ vardır.
32. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 17 saylı mənzilin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokolundan çıxarışının İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdeh OlimpMənzil-Tikinti Kooperativinin üzərinə qoyulmasına dair qətnaməsi qanuni və əsaslı olmuşdur.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
35. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Olimp” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2771/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev