Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7263/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-226/2022 xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib Müəyyən etdi: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsi 2(001)-226/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı S.Bayramov (nümayəndəsi və vəkili B.Hacıyev) tərəfindən elektron qaydada verilən apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar hazırda mövcud deyil və şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-də 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi apellyasiya şikayəti iddiaçı (nümayəndəsi və vəkili B.Hacıyev) tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, iddiaçı şikayətində işin hallarını, məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, hansı maddi hüquq normalarının pozulduğunu, məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını məhz MPM-ə 2 saylı Əlavədə göstərilən qrafalara uyğun tərtib etməmişdir. Bundan başqa, mülki iş materiallarında olan məktubdan görünür ki, mübahisələndirilən qətnamə tərəflərə 18 mart 2022-ci il tarixdə göndərilmiş (iş/vər.117), apellyasiya şikayəti isə 15 iyul 2022-ci il tarixdə vəkil B.Hacıyevə məxsus elektron kabinet vasitəsilə verilmişdir. Lakin iş materiallarında nə məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi, nə qətnamənin hansı tarixdə alınmasına dair müvafiq poçt reyestri, nə də ki bununla bağlı hər hansı qəbz mövcud deyil. İş materiallarında yalnız poçt göndərişlərinin izlənilməsinə dair çıxarış var ki, həmin çıxarışın hazırki işə aid olub-olmamasını, sənədin kim tərəfindən qəbul edilməsini müəyyən etmək olmur. (iş/vər.118) Bununla da birinci instansiya məhkəməsi iddiaçının verdiyi apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyini yoxlamamış və iş üzrə hər hansı əlavə prosessual hərəkət etməyərək verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırda işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-226/2022 xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-7263/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7263/2022
13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver