Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7264/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rəfael qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təzminat” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərə görə 80 000 manat təzminatın tutularaq ona ödənilməsi barədə iddiası rədd edilmişdir. İddia tələblərinin dəlilləri qismində göstərilmişdir ki, İddiaçı 2000-ci ildən Xətai rayonu, Ərzurum qəsəbəsi, Turşu küçəsi, ev 23 ünvanda məcburi köçkün kimi məskunlaşdığı ev 2017-ci ildə sökülərək sahibinə kompensasiya verilmiş, onu Xətai rayon İcra Hakimiyyəti heç bir yerdə yerləşdirməmiş və hər hansı kompensasiya verməmişdir. O məcburi köçkünlər üçün evləri söküldüyünə görə onlara verilmiş 45 000 manat kompensasiyanı almaq üçün dövlət hesabına vəkillə təmin olunmağı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş, ona Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ali Məhkəmədə hüquqlarının qorunması üçün vəkil Cavabdeh təyin olunmuşdur. Lakin həmin vəkil kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Cavabdeh bəzən qohumunun öldüyünü, bəzən də xəstə olduğunu bəhanə gətirərək ona həvalə olunmuş işə məsuliyyətsiz yanaşmışdır. Bunun nəticəsində onun kompensasiya almaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsində iddia ərizəsinə baxılmağının qarşısını almışdır. Vəkilin bilərək və ya bilməyərəkdən savadsızlığı, məsuliyyətsizliyi və ya hansısa bir başqa səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsində Azərbaycan vətəndaşı və məcburi köçkün olaraq iştirak etmək hüquqlarından məhrum olmağının səbəbkarı olmuşdur. Müvəqqəti sığınacaqdan heç bir kompensasiya ala bilmədiyi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin ədalətindən yararlana və 45 000 manat kompensasiya almaq hüququnun qarşısının alınmasında birbaşa səbəbkar olaraq məsuliyyəti vəkil Cavabdeh daşıdığına görə cavabdehdən maddi və mənəvi zərərə görə 80.000 manat təzminatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Kollegiya) apellyasiya şikayəti verərək hə min qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1245/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-3964/2020 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-1245/20200 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdehin məsuliyyətsizliyi səbəbindən o 45000 manat kompensasiya almaq hüququndan məhrum olmuşdur. Həmin 45000 manatı maddi zərər kimi qiymətləndirir. Mənəvi zərəri isə 35000 manat məbləğində qiymətləndirir. Odur ki, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, iş üzrə Ali Məhkəmənin qərarında göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin materiallarından görünür ki, iddiaçı məcburi köçkünlər üçün evləri söküldüyünə görə onlara verilmiş 45 000 manat kompensasiyanı almaq üçün məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-3030 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2931/2018 saylı nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Həmçinin işin materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1959/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-2931/2018 saylı nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prossesual müddətin bərpası barədə İddiaçı vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2931/2018 saylı nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsi təmin edilməklə, xx.xx.2019-cu il tarixdə qərardad icra edilməsi üçün AzərbaycanRespublikasının Vəkillər Kollegiyasına göndərilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Cavabdeh iddiaçıya hüquqi yardım göstərilməsi üçün order yazılmasına, kassasiya instansiyasının məhkəməsinin yuxarıda qeyd edilən qərarında apellyasiya instansiyası məhkəməsinin qərarından şikayət vermək müddətinin axımının həmin tarixdən (order yazıldığı tarix) hesablanmasının, kassasiya şikayətinin xx xxxxx 2019-cu il tarixdə təqdim edilməsinin, beləliklə də, iddiaçının kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan 1 aylıq müddətinin ötürülməsinin mübahisəsiz olmasının qeyd edilməsinə diqqət yetirməmişdir. Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, (dövlət büdcəsi hesabına vəkillə təyin edilmə qərardadı əsasında order mövcuddur) iddia edilən vəkilin hərəkətsizliyi ilə bağlı mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilməli olmasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmiş, cavabdehin təqsirli hərəkətlərinin olub-olmamasını aydınlaşdırmaqla yanaşı təzminat kimi tələb edilən 80000 manat məbləğinin nə qədərinin maddi və mənəvi zərərə aid olması dəqiqləşdirilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair məhkəmə qərardadına əsasən verilən order mövcuddur. Bu orderə əsasən də cavabdeh vəkil olaraq «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunun 3 və 16-cü maddələrinə əsasən üzərinə düşən vəzifələrini yerinə yetirməli idi. Belə ki, həmin Qanunun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Həmin Qanunun 16-cı maddəsinin İ hissəsinə əsasən peşə fəaliyyətini həyata keçirən vəkil Qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməli,hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti etməməlidir. Kollegiya qeyd edir ki, Cavabdeh İddiaçı tərəf olduğu iş üzrə kassasiya şikayəti vermə müddətinin ötürülməsini xəstə olması ilə əlaqələndirilmiş və bununla bağlı “General Hospital” tibbi mərkəzinin arayışlarına istinad etmişdir. Lakin, Kollegiya hesab edir ki, iş üzrə Ali Məhkəmənin qərarında da qeyd edildiyi kimi Cavabdeh hər hansı tibb müəssisəsində stasionar müalicədə olması barədə heç bir sübut təqdim olunmamışdır. Beləliklə, Cavabdeh kassasiya şikayətini vaxtında tərtib etmək imkanının ondan asılı olmayan səbəblərdən mümkün olmaması və müddətə əməl olunmasına mane olan digər halların mövcudluğun sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və saslandırması ilə razılaşmır və işin faktiki hallarına uyğun hesab etmir və qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə gəldiyi nəticə onun müəyyən etdiyi faktiki hallara uyğun olmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı maddi ziyanın vurulması sübuta yetirilməmişdir. Lakin cavabdehin üzərinə düşən vəzifələri vaxtında yerinə yetirməməsi və biganəliyi ucbatından İddiaçı məcburi köçkün kimi onun üçün kifayət qədər əhəmiyyətli və həssas olan iş üzrə kassasiya şikayəti vermək hüququndan məhrum olmuşdur və bunun nəticəsində İddiaçı mənəvi sarsıntı keçirməklə bilavasitə iddiaçının hərəkətlərindən sonraİddiaçı şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Kollegiya qeyd edilən hallara əsasən cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər yetirildiyi nəticəsinə gəlir və mənəvi zərərin məbləğini 500 (beş yüz) manat məbləğində ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual və maddi pozuntulara yol verərək təqdim olunmuş ilkin sübutları təmin etməmiş, hüququn tətbiqində səhv buraxmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası qismən təmin edilsin. Vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7264/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7264/2020
22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver