Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7268/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, cavabdehin anbar binasından və əmlak kompleksindən çıxarılması və əmlak kompleksinə daxil olmasının cavabdehə qadağan edilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdehin özünün, cavabdehin vəkili (nümayəndəsi) Vəkil3, iddiaçı Şirkətin nümayəndəsi (direktoru, qanuni təmsilçisi) X1 və iddiaçı Şirkətin vəkili Vəkil1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətin cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, cavabdehin iddiaçı Şirkətə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77 “L” ünvanında yerləşən əmlak kompleksinin anbar binasından və əmlak kompleksindən çıxarılması, cavabdehin həmin əmlak kompleksinə daxil olmasına cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən əmlak kompleksi Şirkətin xüsusi mülkiyyətidir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 03.07.1997-ci il tarixli, 808 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Kənar Dairəvi küçəsi, 2062-73-cü məhəllədə ərzaq məmulatları istehsalı məqsədi ilə İddiaçı Müəssisəsinə torpaq sahəsi təhkim olunmuşdur. Torpaq sahəsi ilə birlikdə 4 ədəd “Kislovodsk” modulu olan əmlak kompleksi də Şirkətə verilmişdir. Əmlak kompleksinə daxil olan 4 ədəd “Kislovodsk” modulundan əlavə müəssisənin istifadəsində olan torpaq sahəsində müəssisə tərəfindən qeyri-yaşayış sahəsinin əlavəsi olan bir ədəd bina inşa edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 06.02.2017-ci il tarixli, 64 saylı sərəncamı ilə, X2 prospekti, 77 “L” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə Şirkətin adına sənədləşdirilməsinə icazə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2017-ci il tarixli qərarı (İş № 2-1(82)-3541/2017) ilə Şirkətin yeni inşa edilmiş anbar binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla Daşınmaz əmlakın dövlət reyestrdən “Çıxarışın” verilməsi və “Texniki pasportun” tərtib edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.04.2018-ci il tarixli qərarı (İş № 2-1(103)-914/2018) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmamışdır. Məhkəmə aktları qanuni qüvvəyə minmişdır. Göründüyü kimi anbar binası da Şirkətin mülkiyyətidir. Cavabdeh isə heç bir hüququ olmadan Şirkətə məxsus olan anbar binasına daxil olmuş və həmin binadan çıxmır. Bu hal isə Şirkətə əmlakı üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr yaradır, iddiaçının mülkiyyət üzərində istifadə, sahiblik və sərəncam vermək hüququnu pozur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, mübahisəli əmlak kompleksinin anbar binasından və əmlak kompleksindən cavabdehin çıxarılmasını, cavabdehə həmin əmlak kompleksinə daxil olmasını qadağan edilməsini, iş üzrə aparılmış ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcini təşkil edən 54 manat məbləğində pulun cavabdehdən tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə qarşı etirazı və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı Şirkət belə bir iddia tələbi ilə əvvəllərdə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 09.03.2017-ci il tarixli qərardad ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiada göstərilən əsaslar və faktlar iddiaçı Şirkətin iddia tələbində göstərildiyi kimi deyil, əslində Şirkətin iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri Nərimanov rayonu, X2 küçəsi 2062 ünvanında 2007-ci il tarixlərdə cavabdeh öz vəsaiti hesabına təxminən 300 kv.m. sahədən ibarət qeyri-yaşayış obyekti inşa etdirmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsi də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin icarəsində olan dövlət torpaqlarıdır. İddiaçı Şirkətin də modulları və anbar kimi inşa etdirdiyi tikililər dövlət torpaqları olmaqla yuxarıda qeyd etdiyi kimi Dövlət Neft Şirkətinin icarəsində olan torpaq sahəsinin üzərində inşa olunmuşdur və torpaq sahəsi istifadədə olan dövlətə məxsus torpaq sahəsidir. Bunu hətta iddiaçının məhkəməyə iddia ərizəsinə əlavə etməklə təqdim etdiyi ******* seriya, RX nömrəli, 13.02.2015-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla” da sübuta yetir. Həmin ərazidən neft kəməri keçir, cavabdehin inşa etdirdiyi tikili isə kəmərdən təxminən 50 metr aralıda və iddiaçı Şirkətin modullarına, anbar binasına və əmlak kompleksinə aidiyyəti olmayan qeyriyaşayış sahəsidir. Cavabdehin 2007-ci ildə inşa etdirdiyi tikili özbaşına qanunsuz tikili sayılmaqla iddiaçı Şirkətin əmlaklarına aidiyyəti olmayan və Dövlət Neft Şirkətinin icarəsində olan dövlət torpağında yerləşən tikilidir. Cavabdehin həmin ərazidən çıxarılmasını, əmlakların sökülməsini və yaxud da oranın boşaldılmasını yalnız Dövlət Neft Şirkəti və ya Dövlət Əmlak Komitəsi və ya Nərimanov Rayon İcra Hakimiyyəti tələb edə bilər. Cavabdehin inşa etdirdiyi tikili iddiaçı Şirkətə heç bir aidiyyəti olmamaqla Şirkətin hüquqlarını hər hansı bir formada pozmur. İddiaçının bu kimi iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər. İddiaçı Şirkətin nümayəndəsi (direktoru, qanuni təmsilçisi) və vəkili apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – Bakı Şəhəri Nərimanov RİH, Əmlak Məsələləri Dövlət Xidmətisi və "xxxx" Şirkəti işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə, iş üzrə üçüncü şəxslərinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, 05770769 nömrəli “Çıxarışdan” görünür ki, X2 prospekti, 77 “L” ünvanında yerləşən qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 1073 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin Xidmət tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş digər “Çıxarışdan” görünür ki, X2 prospekti, 77 “L” ünvanında yerləşən və sahəsi 4.449 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında, 0,4504 ha dövlət mülkiyyətində olan torpaq sahəsi isə istifadə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 06.01.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 808 saylı, 03.07.1997-ci il tarixli sərəncamından görünür ki, ŞİH-nin 10.10.1994-cü il tarixli, 1403 saylı sərəncamı ilə Nərimanov rayonu, Kənar Dairəvi küçəsi, 2062-73-cü məhəllədə “Günay” İMS müəssisəsinə ayrılmış torpaq sahəsinin bir hissəsi ərzaq məmulat istehsalı məqsədi ilə İddiaçınə təhkim olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-202/2018 saylı, 28.03.2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı SOCAR-ın “Neft Kəmərləri” idarəsinin cavabdeh İddiaçınə qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin neft kəmərinin mühafizə zonasından sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-362/2018 saylı, 17.07.2018-ci il tarixli qətnamənin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1863/2018 saylı, 20.11.2018-ci il tarixli qərarında görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.07.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı ŞİH başçısının 64 saylı, 06.02.2017-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncamla X2 prospekti, 77 “L” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə "Delta İnvestment” Şirkətinin adına sənədləşdirilməsinə icazə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Şəhəri üzrə 3 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, X2 prospekti, 77 “L” ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və baxış keçirilən zaman ərazidə İddiaçınə verilmiş “Texniki pasporta” əlavə olunan ərazinin baş planında qeyd olunmayan tikintinin altı və faydalı sahələri təqribən 275,0 və 550,0 kv.m təşkil edən birinci mərtəbəsindən iaşə obyekti (kafe), ikinci mərtəbəsindən isə ofis kimi istifadə olunan bir ədəd iki mərtəbəli qeyri-yaşayış binası aşkar olunmuşdur. Qeyd edilən yaşayış binasına dair istifadəçilər tərəfindən heç bir hüquq-müəyyənedici sənəd təqdim olunmamış və şikayətçi (cavabdeh) Cavabdeh binanın onun tərəfindən şəxsi vəsaiti hesabına inşa edildiyini bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Rayon Məhkəməsinə ünvanladığı 10.03.2020-ci il tarixli cavab məktubundan görünür ki, X2 prospekti, 2062-73-cü məhəllə, 77 “L” ünvanda yerləşən əmlak kompleksi 11.02.2004-cü il tarixli, 002088 nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnaməyə” əsasən 05.05.2014cü il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir. Lakin sözügedən ünvan 3 saylı NKnın 10.05.2014-cü il tarixli 4Ə01/228 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Okuklu Yılmazın (ümumi sahəsi 953.7kv.m olan “Kislovodsk modulu” Liter “A” hissəsi) adına özgəninkiləşdirilmişdir və hazırda mülkiyyətindədir. Yerdə qalan digər (“B”, “C”, “D” və "xxxx" literləri) sahələrə yeni ünvan verilmiş və onlar Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, 2062-73-cü məhəllə, 77 “L” ünvanında yerləşən əmlak kompleksi kimi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda Şirkətin mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası tərəfindən qəbul edilmiş və yuxarıda göstərilən 2-1(102)-1863/2018 saylı, 20.11.2018-ci il tarixli qərarından görünür ki, kassasiya instansiyası məhkəməsi həmin qərarda qeyd etmişdir ki, torpaq sahəsinin Şirkətin qanuni istifadə hüququnu və tikintiyə icazəni təsdiq edən sənədlər Şirkətə məxsus əmlak kompleksinin qeydiyyatı (13.02.2015-ci il) barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Seriya RX, ******* №-li, 13.02.2015-ci il tarixli çıxarış və 13.02.2015-ci il tarixdə tərtib olunmuş texniki pasport, habelə Bakı ŞİH başçısının torpaq sahəsinin ayrılması barədə 03.07.1997-ci il tarixli 64 saylı sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 09.03.2004-cü il tarixli məktubu; əlavə tikililərin (anbar-istehsalat korpusları və yardımçı sahələrə) memarlıq-planlaşdırma bölməsi lisenziyası olan memar tərəfindən hazırlanmış və Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş eskiz layihəsi; tikintiyə icazə sənədləri - Bakı şəhər Nərimanov rayon İcra Həmiyyətinin 06.02.2017-ci il tarixli «İddiaçınə məxsus qeyri-yaşayış sahəsinin əlavəsinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında» sərəncamı və Nərimanov RİH tərəfindən təsdiq edilməklə iddiaçıya verilmiş 09.02.2017-ci il tarixli “tikinti obyektinin istismarına icazə” olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 26.12.2020-ci il tarixli “Texniki pasportdan” görünür ki, X2 prospekti, 77 “L” ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair İddiaçı adına **********36- 123301 reyestr nömrəli, 28.12.2020-ci il tarixdə pasport tərtib olunmuşdur. İşə baxmış Rayon Məhkəməsi tərəfindən 19.02.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77 “L” ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ərazidə modul tipli beş ədəd anbar mövcuddur. Modullar əlifba sırasına uyğun olaraq “A”, “B”, “C”, “D” və "xxxx" hərfləri ilə işarələnmişlər. Sonuncu modul iddiaçı Şirkətin nümayəndəsinin bildirdiyinə görə "xxxx" Şirkətinə satılmışdır. Hazırkı iş üzrə mübahisəli qeyri-yaşayış sahəsi iki mərtəbədən ibarət olmaqla modullardan birinə bitişikdir. Qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsi ilə həmin modul arasında təqribi bir metrlik boşluq var. İkinci mərtəbədə isə "xxxx" şirkətinin ofisi olub. Aşağı mərtəbədə yerləşən birinci otağın girişində ağlay sexi fəaliyyət göstərir. İddiaçı Şirkətin nümayəndəsi bildirmişdir ki, ikinci otaq yeməkxana kimi fəaliyyət göstərib. Cavabdeh isə bildirmışdir ki, hazırkı yeməkxananın yerləşdiyi otağı onun qardaşı tikib və ora onun yaşayış yeri olmuşdur. Cavabdeh eyni zamanda bildirmişdir ki, yeməkxana kimi fəaliyyət göstərən ikinci otaq daha əvvəl onun qardaşı orada işləyən zaman kabinet kimi istifadə olunub. Göstərilənləri nəzərə alan mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə olan 1 saylı Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 164-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (maddə 164.1.). Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir (maddə 164.2.). Həmin Məcəllənin 165-ci maddəsinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir (maddə 165.1.). Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir (maddə 165.2.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə, torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafıq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən müvafıq icra hakimiyyəti tərəfındən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Torpaqdan (o cümlədən icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafıq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanan icarə müqaviləsi ilə rəsmiləşdirilir. Dövlət aktının, şəhadətnamənin, alğı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə almır. Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquqmüəyyənedici sənəddir. Torpaq üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məcəllənin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göstərilənlərə əsasən müəyyən edilir ki, X2 prospekti, 77 “L” ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə İddiaçınə məxsusdur. Həmin əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,4504 ha olan torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla İddiaçı istifadəsindədir. Cavabdeh bildirir ki, onun inşa etdirdiyi tikili kəmərdən təxminən 50 metr aralıda və iddiaçının modullarına, anbar binasına və əmlak kompleksinə aidiyyəti olmayan qeyri yaşayış sahəsidir. Məhkəmə bu dəlillə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı şirkətə məxsus olan modullardan birinə bitişikdir. Qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsi ilə həmin modul arasında təqribi bir metrlik boşluq var. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktla da müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı Şirkətin istifadəsində olan torpaq sahəsində inşa olunub. Beləliklə müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı Şirkətin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və iddiaçı Şirkətə məxsus ərazidə olan anbarlardan birinə bitişikdir. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin həmin tikilidən istifadə etməsinin qanuni əsası yoxdur. İşə baxmış Rayon Məhkəməsi də bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Apelyasiya şikayətinin digər bir dəlili isə ondan ibarətdir ki, iddiaçı Şirkətin hazırki tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Çünki cavabdehin inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsindədir və dövlətə məxsusdur. İddiaçı Şirkətin də modulları və anbar kimi inşa etdirdiyi tikililər də Dövlət Neft Şirkətinin icarəsində olan torpaq sahəsinin üzərində inşa olunmuşdur. Məhkəmə apelyasiya şikayətinin bu dəlili ilə də razılaşmayaraq bildirir ki, hazırki iddianı irəli sürməyə iddiaçı Şirkətin subyektiv hüququ var. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışla” müəyyən olunur ki, tikililərin yerləşdiyi torpaq sahəsi istifadə hüququ əsasında iddiaçı Şirkətin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 06.01.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7268/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7268/2021
17.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver