Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-727/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” 2(004)-4746/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 60932,95 manat maddi zərərin, 20000 manat mənəvi zərərin, cavadeh Bakı şəhəri 32 saylı notariat ofisindən 20000 manat zərərin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X18 Azərbaycan” QSC ilə aralarında bağlanmış 30 yanvar 2013-cü il tarixli, 213/003 nömrəli kredit müqaviləsinə əsasən 2009-cu il buraxılış ili olan, 4jGBF86E99A506633 ban nömrəli, **-VE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Mercedes Benz-GL 550” markalı nəqliyyat vasitəsini ipoteka ilə yüklü edilməsi şərti ilə illik 16% olmaqla, 51386 ABŞ dolları məbləğində kredit götürülməsi barədə razılığa gəlmişlər. İddiaçı kreditlə əlaqədar ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Lakin gözlənilməz hal kimi iş yerindəki ixtisarlarla bağlı işini itirdiyindən və yeni iş tapa bilmədiyindən ödənişləri edə bilməmişdir və avtomobili sataraq banka olan borcu ödəmək qərarına gəlmişdir. Buna görə də, Bakı şəhər Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən avtosalonun işçisi olan Elçinin köməyi ilə müştəri tapılmışdır. X1 bütün öhdəlikləri üzərinə götürərək, banka olan borcu qəbul etməklə nəqliyyat vasitəsini müvafiq qaydada rəsmiləşdirilməsi üçün bütün səlahiyyətləri etibarnamə ilə ona verilməsini istədiyindən iddiaçı razılaşaraq, Bakı şəhəri 14 saylı notariat kontorunda 28.04.2014-cü il tarixli etibarnamə vermişdir. Bir müddət sonra bank tərəfindən iddiaçıya borcun ödənilmədiyi bildirilmişdir. Nəqliyyat vasitəsini alanlar borc məbləğindən heç bir ödəniş etməmişlər. İddiaçı 25.12.2014-cü il tarixdə ərizə yazaraq, həmin etibarnaməni ləğv etdirəndə məlum olmuşdur ki, sərəncam vermək hüququ da daxil olmaqla maşın etibarnamə ilə başqa şəxsə verilib. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası DİNnə, Baş Dövlət Yol Polis İdarəsinə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə “Mercedes Benz GL 550” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin tapılması istiqamətində sorğular göndərmişdir. Lakin sorğulara verilən cavablarda maşının axtarışa verildiyi bildirilir. “Mersedes Benz GL 550” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.09.2020-ci il tarixdə, yəni 6 il sonra polis orqanları tərəfindən tapılıb Xətai rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən bankın xeyrinə çıxarılmış məhkəmə aktının icrası olaraq hərraca çıxarılması üçün Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidmətinə göndərmiş və Xidmət tərəfindən “Mercedes Benz GL 550” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil 35000 manata qiymətləndirilmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən iddiaçıya məlumat verilən kimi idarəyə gedərək maşının kimdə olduğu barədə məlumat istəmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən verilən X14 müvafiq məlumatından aydın olur ki, Bakı şəhəri 32 saylı notariat kontorunda X9 tərəfindən 22.08.2014-cü il tarixdə Cavabdeh1 etibarnamə verilmiş və 14.03.2015-ci il tarixdə həmin etibarnaməyə xitam verilmişdir. Lakin onu qeyd etmək lazımdır ki, iddiaçının etibarnaməni 25.12.2014-cü il tarixdə ləğv etməsinə baxmayaraq, eləcə də Cavabdeh1 verilmiş etibarnamə 14.03.2015-ci il tarixdə ləğv edilməsinə baxmayaraq cavabdeh nəqliyyat vasitəsini qaytarmadan istismar etmişdir. Avtomobilin axtarışda olduğunu bildiyi halda onu qaytarmaqdan imtina etmişdir. Avtomobili 22.08.2014-cü il tarixdən istismar edən Cavabdeh1 bankın öhdəliklərini təmin etmədən, avtomobili polisdən gizli istismar etməsi iddiaçıya külli miqdarda zərər vurmuşdur. Göründüyü kimi, İddiaçı tərəfindən verilmiş etibarnamə ləğv olunduqdan 3 ay sonra Bakı şəhəri 32 saylı notariat ofisi X3 adından Cavabdeh1 verilmiş etibarnaməni ləğv etmişdir. Bank iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı 30.01.2013-cü il tarixli 213/003 saylı kredit müqaviləsi üzrə 41400,64 ABŞ dolları əsas borc 4773,87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində penya, cəmi 46374,51 ABŞ dollar pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabının, 8 manat poçt xidməti xərcinin və 30 manat dövlət rüsumunun “X18” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin banka girov qoyulmuş İddiaçı məxsus “Mercedes Benz-GL550” markalı, 90-VE125 dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc “X18” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qərardadı ilə İddiaçı məxsus “Mercedes Benz-GL 550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qüvvədə olan qətnamədə nəzərdə tutulmuşdur ki, həmin əmlak hərrac vasitəsilə satılaraq, satışdan əldə edilən vəsait hesabına banka olan borc ödənilsin və artıq qalan vəsait İddiaçı ödənilsin. Lakin avtomobil gizlədilərək istismar edildiyindən avtomobilin hərracda satılması mümkün olmamışdır. Göründüyü kimi, cavabdehin hüquqdan sui-istifadəsi nəticəsində külli miqdarda ziyan vurmuşdur. Belə ki, Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsi ilə avtomobilin satılaraq 46374,51 ABŞ dolları vəsaitin banka, qalan məbləğin isə iddiaçıya ödənilməsi qət edilmişdir. Avtomobilə 30 yanvar 2013-cü il tarixdə Bankın qiymətləndiriciləri tərəfindən 70000 ABŞ dolları qiymət qoyularaq 40000 ABŞ dolları kredit verilmişdir. Göründüyü kimi 70000 ABŞ dolları dəyərində olan avtomobil saz vəziyyətdə 22.08.2014-cü il tarixdə, yəni 1 il 8 ay sonra cavabdehə verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüquq normalarını nəzərə almadığından iddiaçıya məxsus nəqliyyat vasitəsinin idarə edilməsi barədə verilmiş etibarnamənin ləğvi barədə verilmiş ərizənin icrasını vaxtında icra etməyərək etibar edən şəxsə nəqliyyat vasitəsini idarəetməsinə və başqasına ötürməsinə şərait yaratmaqla notariat orqanının vurduğu zərəri nəzərə almamış, etibar edilənlərin nəqliyyat vasitəsini qaytarmadan istismar etməsini, hətta rəngini ağdan qaraya çevirməklə istismar edilməsi ilə vurulmuş zərərə düzgün qiymət verməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, elektron notariat sistemindən çıxarışa əsasən X9 etibarnamə əsasında mülkiyyətçi İddiaçı adından “Mercedes Benz GL 550” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 28.04.2019-cu il tarixədək daşınmaz əmlak istisna olmaqla etibarnamə ilə sərəncam vermək, əmlakı girov qoymaq və.s kimi səlahiyyətləri Cavabdeh1 vermişdir. 14.03.2015-ci il tarixdə etibarnaməyə xitam verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27.07.2015-ci il tarixli cavab məktubunun surətindən görünür ki, qeyd olunan nəqliyyat vasitəsi saxlanılması vacib olan nəqliyyat vasitələrinin siyahısına daxil edilərək, Bakı şəhərinin küçələrində quraşdırılan nəzarət kameralarında Bakı şəhəri DYPİ-nin X11 Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq izlənmiş, lakin göstərilən avtomobilin Bakı şəhərində olması müəyyən edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanlanmış 23.06.2020-ci il tarixli müşaiyət məktubunun və ona əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 23.06.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, mübahisə predmeti olan avtomobil üzrə qiymətləndirilmə aparılmış, avtomobilin dəyəri 35000 manat müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş elektron notariat sistemindən çıxarışdan görünür ki, İddiaçı “Mercedes Benz GL 550” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair səlahiyyətlərini X5 etibar etmişdir. 25.12.2014-cü il tarixə etibarnaməyə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş elektron notariat sistemindən çıxarışdan görünür ki, X8 mülkiyyətçi İddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında müəyyən səlahiyyətlərin icrasını X6 etibar etmişdir. Etibarnamə 28.04.2019-cu il tarixədək etibarlı olmuşdur. İş materiallarına əlavə edilmiş elektron notariat sistemindən çıxarışdan görünür ki, X10 müəyyən səlahiyyətlərin icrasını X2 etibar etmişdir. Etibarnaməyə 23.06.2014-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri 32 saylı Notariat Ofisinin 31 avqust 2021-ci il tarixli müşaiyət məktubuna əlavə edilmiş 01 avqust 2014-cü il tarixli, ƏN-İ 460041 nömrəli etibarnamənin surətindən görünür ki, X10 müəyyən səlahiyyətlərin icrasını X7 etibar etmişdir. Etibarnaməyə 14.03.2015-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri 32 saylı Notariat Ofisinin 31 avqust 2021-ci il tarixli müşaiyət məktubuna əlavə edilmiş 22 avqust 2014-cü il tarixli, ƏN-İ 463452 nömrəli etibarnamənin surətindən görünür ki, X9 tərəfindən Cavabdeh1 etibarnamə verilmiş, müəyyən səlahiyyətlərin icrası ona etibar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 14.09.2020-ci il tarixli, 17/74-43022/20 saylı məktubunun surətindən görünür ki, Xətai rayon İcra şöbəsi tərəfindən İddiaçı, “X18” QSC-yə və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə keçiriləcək hərracla bağlı xəbərdarlıq edilmiş, avtomobilin ilkin satış qiyməti 35000 manat müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı Cavabdeh1 60932,95 manat maddi zərərin, 20000 manat mənəvi zərərin, cavadeh Bakı şəhəri 32 saylı notariat ofisindən 20000 manat zərərin tutularaq ona ödənilməsini tələb etsə də, iddia ərizəsinə əlavə edilmiş sübutlarla tərəflər arasında müqavilənin olması, iddiaçı tərəfindən cavabdehə birbaşa etibarnamə verilməsi, cavabdehin iddiaçı ilə və ya digər tərəflərlə arasında alqı-satqı müqaviləsinin olması, cavabdehin bank qarşısında rəsmi qaydada öhdəlik götürməsi, onun mübahisə predmetini əldə edərkən əmlaka qanunsuz sahibləndiyi öz təsdiqini tapmır. Eyni zamanda, sübutlarla da müəyyən edilir ki, avtomobilin Cavabdeh1 istifadəsində olub-olmaması mübahisəli məsələdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman Cavabdeh1 verdiyi izahatında onun adına verilmiş etibarnamədən xəbəri olmadığını, qeyd edilən avtomaşını almadığını və həmin avtomaşına dair hər hansı öhdəlik götürmədiyini bildirmişdir. İddiaçı iddia ərizəsində etiraf etmişdir ki, 30 yanvar 2013-cü il tarixli, 213/003 nömrəli kredit müqaviləsi üzrə “X18 Azərbaycan” QSC-yə olan kredit borcunu ödəyə bilmədiyi üçün “Mercedes Benz-GL 550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili sataraq banka olan borcu ödəmək qərarına gəlmiş və bu məqsədlə X4 adına etibarnamə vermişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisi tərəfindən ona maddi və mənəvi zərər yetirməsini təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (realzərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki,mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiyi məqamların əsaslı olmasına dair hər hansı sübutu təqdim etməmiş, tələbinin əsaslandırıması zamanı hər hansı mötəbər dəlilə istinad etməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(004)- 4746/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-727/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-727/2022
25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver