Məhkəmə qərarları › İş №2(103)-7270/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7270/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7270/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul" tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8966/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1350 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı" Sığorta Şirkəti ASC-də xx.xx.2018ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Ford Cargo 3530" markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2019-cu il tarixdə Ağstafa rayonunun ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi "Volksvagen Jetta" markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Qərara əsasən Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, o, avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı ona 1350 manat sığorta ödənişi verilmişdir. "Ford Cargo 3530" markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olduğundan, avtomobili isə sürücülük hüququ olmadan (etibarnaməsiz) Cavabdeh2 idarə etdiyindən, zərərin əvəzi onlardan tutulmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8966/2019 xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1350 (bir min üç yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişinin əvəzi və 30 (otuz) manat dövlət rüsumunun "İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8966/2019 xx.xx.2019-cu il tarixli qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv edilərək, iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sığorta şirkətinin zərərçəkənə ödənilmiş 1350 manatın Cavabdeh1 tələb edilməsi hüquqi, məntiqi və faktiki baxımdan əsassız və qanunsuzdur. Cavabdeh2 avtomobili idarə edərkən hər hansı yol hərəkət qaydasını pozması – avtomobili etibarnaməsiz idarə etməsi ilə Cavabdeh1 cavabdeh kimi mülki məsuliyyətə cəlb edilməsinin heç bir əlaqəsi yoxdur. əməlin hüquq pozuntusu hesab edilməsi üçün səbəb-nəticə əlaqəsi olmalıdır. Bu halda Cavabdeh1 heç bir əməl törətməmişdir. avtomobili qanunsuz idarə edən, yol hərəkət qaydalarını pozan, buna görə də üçüncü şəxsə zərər vuran şəxs öz hərəkətinə görə məsuliyyət daşımalıdır. Cavabdeh1 məxsus “Ford Cargo 3530” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə həbs qoyulması ilə bağlı qərardad da ləğv edilməlidir. Cavabdeh1 apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Mülki Məcəllənin 1108, Mülki Prosessual Məcəllənin 185.5, 4.1, 9, 14, 76, 372.1, 384, 385-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən R.Məlikov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli, 114302-1219 saylı məktubundan görünür ki, "Ford Cargo 3530" markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh1 məxsus "Ford Cargo 3530" markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "İddiaçı" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. İş materiallarında olan Ağstafa rayonu DYPŞ-nin TP seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli "İnizbati tənbeh vermə haqqında" Qərarının və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2019-cu il tarixli arayışının surətindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə təxminən saat 05:00 radələrində etibarnamə olmadan idarə etdiyi Cavabdeh1 məxsus "Ford Cargo 3530" markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonunun ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi "Volkswagen Jetta" markalı 99BN-691 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində "Volkswagen Jetta" markalı **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat ziyan dəymişdir. İş materiallarında olan "İddiaçı" Sığorta Şirkətinin xx.xx.2019-cu il tarixli sığorta aktının və “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli ödəmə tapşırığının surətindən görünür ki, sığorta şirkəti tərəfindən zərərçəkən X3 1350 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi qərara alınmış və həmin məbləğ onun hesabına köçürülmüşdür. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, həmin şəxsə qarşı yaranır. Cavabdeh2 tərəfindən digər Cavabdeh1 məxsus,"İddiaçı" Sığorta Şirkətində xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Ford Cargo 3530" markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarmə olmadan idarə edərək xx.xx.2019-cu il tarixdə yolnəqliyyat hadisəsi törətməsi, X2 idarə etdiyi "Volkswagen Jetta" markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələməsi, iddiaçı tərəfindən zərər çəkənə 1350 manat sığorta ödənişinin həyata keçirilməsi işin mübahisələndirilməyən hallarını təşkil edir. Cavabdeh1 apellyasiya şikayətində Cavabdeh2 avtomobili etibarnaməsiz idarə etdiyini və özünün yol-nəqliyyat hadisəsi ilə heç bir əlaqəsinin olmamasını bildirirərək, Mülki Məcəllənin 1108.2-ci maddəsinə istinad etmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin qeyd olunan 1108.2-ci maddəsində yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımaması nəzərdə tutulmuşdur ki, Cavabdeh1 avtomobilin onun sahibliyindən Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində çıxdığını sübuta yetirə bilməmişdir. Cavabdeh1 tərəfindən yol-nəqliyyat hadisəsini törədən Cavabdeh2 etibarnamə verilməməsi avtomobilin Cavabdeh1 sahibliyindən hüquqa zidd hərəkətlər nəticəsində çıxdığını təsdiq edən hal deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8966/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar