Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7277/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Abbasquliyev Abbas Əliyar oğlunun ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2072/2021 saylı, 19 aprel 2021-ci il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 24757 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1nya məxsus “Nissan Tiida” minik markalı, ** DL *** nömrəli avtomobilin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2072/2021 saylı, 19 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh1 məxsus “Nissan Tiida” minik markalı, ** DL *** nömrəli avtomobilin özgəninkiləşdirilməsi (cavabdehə və digər şəxslərə) qadağan edilmişdir. Həmin qərardaddan cavabdehlər şikayət verərək onun ləğvini və ərizənin təmin edilməməsini xahiş etmiş, şikayət birinci instansiya məhkəməsinin müvafiq olaraq 02 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili iddianı təmin etmə tədbiri barədə ərizənin əsaslandırılmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə icraatı iddiaçının cavabdehə qarşı yönəlmiş kifayət qədər böyük məbləğdə pul tələbi əsasında başlanmaqla, məhz özgəninkiləşdirilməsinə qadağa qoyulmuş avtomobillə törədilmiş qəza səbəbindən maddi ziyan dəydiyini irəli sürmüşdür. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi şikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayətlər təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2072/2021 saylı, 19 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7277/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7277/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver