Məhkəmə qərarları › İş №2(103)-7279/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7279/2022

02.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7279/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 27 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması və etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 27 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması və etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)-1440/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(001)- 1440/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(001)- 1440/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022ci il tarixli, 2(001)-1440/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

3. Həmin qərardaddan İddiaçı şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(001)-1440/2022 nömrəli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(103)-5528/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(001)-1440/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Bundan sonra İddiaçı elektron informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(001)-1440/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prossesual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)- 1440/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, buraxılmış müddətin bərpasından imtina edilmiş və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

7. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət hər hansı üzürlü səbəb olmadan ötürüldüyündən, ərizə təmin edilməməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

8. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)-1440/2022 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, buraxılmış müddətin bərpa olunması və apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətini vaxtında vermiş, lakin dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə və Bakı Apellyasiya Məhkəməsinə ödəndiyi və başqa mülki işdə istifadə edilmədiyi halda məhkəmə əsassız olaraq dövlət rüsumunun düzgün ödənmədiyini qeyd etdiyindən yenidən dövlət rüsumu ödəməklə şikayət müddətinin ötürülməmiş hesab edilməsi barədə qərardad qəbul edilməsi barədə ərizə verməklə apellyasiya şikayəti vermişdir. Lakin Məhkəmə bu hallara əhəmiyyət verməyərək apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməklə bərpa edilməsi barədə ərizənin təmin edilməməsi, buraxılmış müddətin bərpasından imtina edilməsi qənaətinə gəlmişdir. Apellyasiya şikayəti təkrar olaraq verilərkən müddət 1 aydan artıq olmuş olsa belə o, ilk qərardaddan şikayət verdiyindən və dövlət rüsumunu düz ödədiyi halda qanunsuzluq olduğundan məcbur nəticə gözləməli olduğumdan 1 aydan sonrakı müddətdə verdiyimşikayət üzrlü səbəb sayılmalı olsa da məhkəmə öz qərəzini bu ərizəyə baxış zamanı da davam etdirmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(001)- 1440/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən, buraxılmış müddəti bərpa edir.

14. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçının ərizəsi təmin edilməlidir.

16. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(001)-1440/2022 nömrəli qətnaməsini 26 aprel 2022-ci il tarixdə əldə etmişdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

18. Bundan sonra iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmədən 24 may 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayətini vermiş, lakin iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı sənəd apellyasiya şikayətinə əlavə edilmədiyindən, apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.

19. İş materiallarından həmçinin görünür ki, iddiaçı həmin qərardadı mübahisələndirmiş, nəticədə Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(103)-5528/2022 saylı qərardadı ilə şikayəti təmin edilməmişdir. Həmin qərardad 04 avqust 2022-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir.

20. İddiaçı həmin qərardadın elektron kabinetinə yerləşdirilməsindən 11 gün sonra, yəni 15 avqust 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayətini verməklə, ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə də təqdim etmişdir.

21. Göründüyü kimi iddiaçı ilk olaraq apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət daxilində vermiş, lakin apellyasiya şikayəti rüsum ödənilməməsi səbəbindən geri qaytarılmış, iddiaçı bu barədə qəbul edilmiş qərardadı apellyasiya qaydasında mübahisələndirmiş və apellyasiya instansiyası məhkəməsinin qərardadını gözləmiş, həmin qərardad iddiaçıya çatdırıldıqdan sonra isə yenidən apellyasiya şikayətini vermişdir.

22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apelyasiya şikayəti vermək üçün nəzərdə tutulan 1 aylıq müddətin üzrlü səbəb olmadan ötürülməsi barədə birinci instansiya məhkəməsi yanlış nəticəyə gəlmişdir.

23. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin ilk olaraq qanunla müəyyən edilmiş müddət daxilində verilməsini, apellyasiya şikayətinin geri qaytarılması barədə son qərardadın qəbul edilməsindən qısa müddət daxilində iddiaçı müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə verməklə yanaşı apellyasiya şikayəti verdiyini eləcə də müəyyən edilmiş müddətin üzrlü səbəblərdən ötürülməsini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçının ərizəsi təmin edilməlidir.

24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)- 1440/2022 nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilməklə iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(001)-1440/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət bərpa edilməli və apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir.

26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)- 1440/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş ərizə təmin edilsin. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(001)-1440/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti vermək üçün buraxılmış müddət bərpa edilsin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(001)-1440/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilsin. Qərardaddan şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar