Məhkəmə qərarları › İş №2(103)-7283/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7283/2021

14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7283/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1666/2021 saylı, 04.06.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra şöbəsinin 23.03.2021-ci il tarixli «icraata başlamaq haqqında» qərarının ləğv edilməsini və icra vərəqəsinin onu çıxaran məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim M.Bağırova, iş № 2(009)-1666/21) İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı “e68909/2021-16-13-004 saylı, 23.03.2021-ci il tarixli qərarın ləğv edilməsi və icra vərəqəsinin məhkəməyə qaytarılması” barədə ərizəsi geri qaytarılmış və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ olması izah olunmuşdur. İddiaçı şikayət verərək Səbail Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən icra məmurunun hərəkətindən şikayət verildiyi halda, ərizənin forma və məzmununa əməl edilməyib, məhkəməyə iddia icraatı qaydasında müraciət olunmuşdur. İddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Göründüyü kimi, icraata başlamaq haqqında qərardan şikayət verilməsi qaydası “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və həmin şikayətə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında (qərardan verilmiş şikayət qaydasında) baxılır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətdə göstərilən dəlillər əsassız olmaqla qanuni və əsaslı məhkəmə qərardadının ləğv olunması, yaxud dəyişdirilməsi üçün əsas vermir. Ona görə də şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar