Məhkəmə qərarları › İş №2(103)-7286/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7286/2022

24.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7286/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3416/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(004)-985/2019 saylı qərarı ilə İddiaçı barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır.

2. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(004)-191/2020 saylı qərarı ilıə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 03 ay, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır.

3. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(004)-411/2020 saylı qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1-(099)- 376/2020 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilmişdir.

5. Şirvan Apelyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(106)-271/2021 saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1-(099)- 376/2020 saylı hökmündən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(099)-376/2020 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 1313/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

7. Lənkəran Rayon Vəkil Bürosu ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 353 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, vəkil X2 Ramiz Hacıəli oğluna ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 1000 manat haqq ödəməyi öhdəsinə götürmüş və X8 tərəfindən Lənkəran Rayon Vəkil Bürosunun hesabına 1000 manat məbləğində pul ödənilmişdir.

8. Lənkəran Rayon Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 135 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, vəkil X1 Ramiz Hacıəli oğluna ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 262 manat haqq ödəməyi öhdəsinə götürmüş, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Lənkəran Rayon Vəkil Bürosunun hesabına 262 manat məbləğində pul ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı "təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi ziyana görə 24000 ABŞ dolları məbləğində və vurulmuş mənəvi ziyana görə 50000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Lənkəran Rayon Məhkəməsinin 2(049)-356/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı "təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair 2(049)-356/2022 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964- cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Şilavar kəndində yaşayır. 1984-cü ildən sürücülük fəaliyyəti ilə məşğul olur və 1997-ci ildən beynəlxalq yük daşımalarını həyata keçirir. Əsasən, İran İslam Respublikasından Rusiya Federasiyasına və Ukraynaya meyvə-tərəvəz məhsulları daşımış, müştərisini brokerlər vasitəsilə tapmışdır. 2019-cu ilin noyabr ayının əvvəllərində idarə etdiyi «Volvo FH12» markalı **-BP-*** qeydiyyat nömrəli dartıcı yük maşınının «Schmitz sko 24» modelli **-ZA- *** qeydiyyat nömrəli soyuducu ilə təchiz edilmiş yarımqoşqusunun arxadan əvvələ üçüncü oxunda əyrilik yaranmışdır. Həmin hissəni təmir etdirsə də, nəticə yaxşı olmamışdır, Azərbaycan Respublikasında "Volvo" markalı yük avtomobillərinin detalı və təmir servisi olduqca baha olduğu üçün 21 noyabr 2019-cu ildə yarımqoşqunun üçüncü oxunda və nəqliyyat vasitələrinin digər hissələrində olan nasazlığı təmir etdirmək üçün Astara sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasının Ərdəbil şəhərinə getmişdir. Hələ yolda olarkən İran İslam Respublikasında yaşayan və brokerlik fəaliyyəti ilə məşğul olan tanışı Əziz adlı şəxsə zəng etmiş, ona nəqliyyat vasitəsini təmir edirmək üçün Ərbədil şəhərinə getdiyini demiş və qayıdan zaman ona yük tapmağı xahiş etmişdir. Telefon danışığı zamanı Əziz iddiaçıya Engin Bayram adlı şəxsin İran İslam Respublikasının Urmiya şəhərindən Ukraynanın Odessa şəhərinə daşınacaq kivi və nar yükünün olacağını bildirmişdir. Nəqliyyat vasitəsində olan nasazlığı başa çatdıracağı təqdirdə həmin yükü 4700 ABŞ dolları müqabilində aparmağa razılaşmışdırlar. Brokerlərə tapdıqları yükün qarşılığında 100-200 ABŞ dolları məbləğində pul verilirdi. İddiaçı 2019-cu ilin iyun ayının əvvəllərində Belarusiya Respublikasının Minsk şəhərinə Engin Bayram adlı şəxsin gilas və ərik yükünü, həmin ilin oktyabr ayının əvvəllərində isə Ukraynanın Odessa şəhərinə mandarin və kivi yüklərini aparmışdı. İddiaçı 21 noyabr 2019-cu il tarixdə günorta saatlarında Ərdəbil şəhərinə çatmış və nəqliyyat vasitəsini ustaya təqdim etmişdir. 22 noyabr 2019-cu il cümə gününə təsadüf etdiyindən ustalar işləmədiyi üçün növbəti gündən avtomobili təmir etməyə başlamışdılar. Həmin dövrdə iddiaçı nəqliyyat vasitəsinin nəinki üçüncü oxunda olan nasazlığı aradan qaldırmış, həmçinin, avtomobil üzərində çoxsaylı təmir işləri gördürmüş və lazımi yerləri rənglətdirmişdir. 26 noyabr 2019-cu il tarixdə iş vaxtının sonlarına yaxın nəqliyyat vasitəsinin üzərində təmir işləri başa çatmış, 27 noyabr 2019-cu ildə səhər saatlarında Əziz iddiaçıya zəng edərək X20 şəhərinə aparılacaq kivi və nar yüklərinin Astara şəhərinə gələcəyini, buna görə də Urmiya şəhərinə getməyə ehtiyac qalmadığını bildirmişdir və birbaşa "Pəyanə" gömrük terminalına gəlməsini tapşırmışdır. Belə olan halda iddiaçı Ərdəbil şəhərindən birbaşa X10 Astara şəhərində yerləşən “Pəyanə” gömrük terminalına gəlmişdir. Terminala daxil olan zaman avtomobili gömrük əməkdaşları tərəfindən yoxlanılmış və iddiaçı daha sonra gömrük ərazisinə daxil olmuşdur. Bir qədər sonra gömrük ərazisinə Əziz, Engin Bayram və onların yanında olan bir nəfər şəxs gəlmiş, Odessa şəhərinə aparılacaq yük gömrük ərazisində X14 məxsus qeydiyyat nişanlı və yarımqoşqusu olan yük maşını ilə gətirilmişdir. Ümumilikdə yük maşınında 24 ədəd paletdə qablaşdırılmış standart ölçülü plastik yeşiklərdə yığılı nar və kivi yükləri olmuşdur. Hər bir palet düzbucaqlı formasında taxta altlığın üzərində müəyyən sayda yığılmış, plastik yeşiklərin dörd tərəfinə dayaq qoyulmaqla yeşiklərin sayından asılı olaraq 3-4-5 yerdən zavod üsulu ilə bərkidilmiş qoruyucu lentdən ibarət olmuşdur. Paletdə qablaşdırılmış hər hansı bir yeşiyə baxmaq üçün mütləq qoruyucu lent kəsilməli və bundan sonra yeşik oradan çıxarılmalı idi. Kivi yığılmış yeşiklərin hamısı altdan qoyulmaqla sarı rəngli kağızlara bükülmüş və üstünə plastik örtük çəkilmişdir. Kənardan baxdıqda nəinki yeşiyin içərisi, heç kivi belə görünməmişdir. Maşınları arxa-arxaya saxladıqdan sonra gömrük əməkdaşının nəzarəti altında fəhlələr "Rokler" adlanan əl qurğusu ilə paletləri nəqliyyat vasitəsinin yük yerinə yığmağa başlamışlar. Dəfələrlə Əzizin tapdığı yükü iddiaçı ayrı-ayrı dövlətlərə apardığı, habelə bundan əvvəl Engin Bayram üçün iki dəfə yük daşıdığı zaman heç bir problemlə qarşılaşmadığı üçün onları etibarlı şəxs kimi tanmış və inanmışdır. Qoşqunun ön hissəsinə nar, ortaya kivi və arxaya isə yenidən nar paletləri yüklənmişdir. Yük yerində boş yer qaldığı üçün Əziz gedərək əlavə iki palet kivi yükü almış və həmin boşluğa yerləşdirmişdir. Beynəlxalq yük daşıma qaydasına əsasən daşıma xərci yük təyin olunmuş yerə çatdırıldıqdan sonra verilir. Buna baxmayaraq, yüklənmə prosesi zamanı iddiaçı Engin Bayrama avtomobilini yenicə təmirdən çıxardığını və hazırda pulunun olmadığını bildirmiş, ondan daşınma pulunun bir hissəsini əvvəlcədən verməyi xahiş etmişdir. Engin üzərində pulunun az olduğunu deyərək, iddiaçıya yalnız 200 ABŞ dolları məbləğində pul vermişdir. Əlavə pulu olmadığı və Enginin verdiyi pul yol xərcini ödəmədiyi üçün iddiaçı oğlu Ceyhun Hüseynova zəng edərək, ona Astara şəhərində yaşayan Emin adlı şəxsdən 1700 ABŞ dolları məbləğində pulu sələmə götürməyi tapşırmışdır. Yükləmə prosesi başa çatdıqdan sonra avtomobil rentgen müayinəsindən keçirilmiş və gömrük əməkdaşı tərəfindən yük yerinin qapısı plomblanmışdır. Avtomobil plomblandıqdan sonra onu qırmadan maşının yük yerinə girmək mümkünsüz olur. Həmin gün gömrük rəsmiləşdirilməsi başa çatmadığı üçün iddiaçı gecəni maşının kabinasında keçirməklə gömrük terminalında qalmışdır. 28 noyabr 2019cu il tarixdə gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra iddiaçı saat 16 radələrində təxminən 200-300 metr məsafədə yerləşən Azərbaycan Respublikasının gömrük postuna daxil olmuşdur. İddiaçı İran İslam Respublikasının gömrük postundan Azərbaycan Respublikasının Astara şəhərində yerləşən gömrük postuna qədər olan məsafəni təxminən 3-5 dəqiqəyə qət etmişdir. Astara gömrük postunda nəqliyyat vasitəsi rentgen qurğusundan keçdikdən sonra avtomobilin xidməti it tətbiq etməklə yoxlanılmasına qərar verilmişdir. X18 Respublıkasından Ukraynaya gedən bütün yüklər rentgen qurğusundan keçirilməklə yanaşı, həm də boşaldılmaqla yoxlanılır. Lakin həmin vaxt gömrük yoxlanışında ondan əvvəl üç maşın olduğu üçün gömrük əməkdaşı iddiaçıya həmin gün növbə çatmayacağını deməklə evə getməyi və növbəti gün səhər saatlarında gəlməyi təklif etmişdir. Buna görə də, iddiaçı nəqliyyat vasitəsini Astara gömrük postunun ərazisində saxlamaqla Lənkəran rayonunda yerləşən evimə gəlmiş, gecəni evdə qalmışdır. İddiaçı 29 noyabr 2020-ci ildə saat 10 radələrində Astara gömrük postuna getmiş və yük yerinin qapısı gömrük əməkdaşı tərəfindən plomb qırılmaqla açılmış, sonra avtokar vasitəsilə kivi və nar paletləri yerə boşaldılaraq xidməti it tətbiq edilməklə yoxlanılmışdır. Xidməti it 8 ədəd kivi paletinə reaksiya vermiş və həmin paletlər açılmışdır. Hər paletdə 96 ədəd olmaqla, ümumilikdə 768 ədəd kivi yeşiyinin 471 ədədinin içərisindən - hər yeşikdə 4 ədəd olmaqla, ümumilikdə 1884 ədəd müxtəlif ölçülü, rəngli və formalı, üzəriləri şəffaf və sarı yapışqanlı lentlə sarınmış vəziyyətdə olan düzbucaqlı formalı bağlamalar aşkar edilərək götürülmüşdür. Hələ ilk yeşikdən qeyd olunan bağlama aşkar olunan zaman iddiaçı dərhal Əzizin mobil telefon nömrəsinə zəng edərək ona «mənə siz nə vermisiniz, başıma nə oyun açdınız» demiş, bu zaman gömrük əməkdaşları mobil telefonunu əlindən almışlar. Həmin bağlamalara baxış keçirilən zaman onların hər birinin içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin maddənin paletlərin içərisinə hara və necə yerləşdirilməsindən iddiaçının xəbəri olmamışdır. Bu barədə gömrük işçilərinə bildirmiş, bu işdə heç bir təqsiri və işə aidiyyəti olmadığı halda əsassız olaraq guya iddiaçının Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməllərini törətməsi kifayət qədər təsdiq edildiyindən 30 noyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və 02 dekabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək iddiaçıya ittiham elan edilmiş və Bakı şəhər Yasamal Rayon məhkəməsinin eyni tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsin 09 dekabr 2019cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal rayon məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən qəbul edilmiş 20 dekabr 2019-cu il tarixli qərarla cinayət işi üzrə ibtidai araşdırmanın davam etdirilməsi Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə həvalə edilmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun 30 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçı barəsində olan cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik müstəntiq X4 həvalə edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq müddəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun 16 mart 2020-ci il tarixli qərarı ilə 30 iyun 2020-ci il tarixədək, 18 iyun 2020-ci il tarixli qərarı ilə 30 sentyabr 2020-ci il tarixədək uzadılmışdır. İddiaçının həbsdə qalma müddəti Bakı şəhər Yasamal rayon məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarı ilə 30 iyun 2020-ci il tarixədək, 18 iyun 2020-ci tarixli qərarı ilə 30 sentyabr 2020-ci il tarixədək uzadılmışdır. Beləliklə də, iddiaçı 30 noyabr 2019-cu iİ tarixdə əsassız olaraq şübhəli şəxs qismində tutulmuş, 02 dekabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə iddiaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 02 dekabr 2019-cu il tarixdən 10 avqust 2020-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində onun barəsində istintaq aparılmış, 10 avqust 2020-ci il tarixdə barəsində olan ********* saylı cinayət işi üzrə ittiham aktı tərtib edilmiş və həmin ittiham aktı 17 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, baş ədliyyə müşaviri cənab Elmar Camalov tərəfindən təsdiq edilərək məhkəməyə verilmişdir. İddiaçı barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış və məhkəmənin 30 noyabr 2020-ci il tarixli 1-(099)-376/2020 saylı hökmü ilə ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş və barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə, İddiaçı bütün bu dövr ərzində qanunsuz olaraq 1 il həbsdə saxlanılmışdır. Buna baxmayaraq, həmin hökmdən Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində X7 şöbəsinin dövlət ittihamçısı Aqil Əli-zadə apellyasiya protesti vermiş, onun apellyasiya protestinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 13 aprel 2021-ci il tarixli 1(106)- 271/2021 saylı qərarı ilə dövlət ittihamçısı Aqil Əli-zadənin apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1-(099)- 376/2020 saylı hökmü dəyişdirmədən saxlanılmışdır. Bundan sonra Baş Prokurorluğun X7 üzrə İdarəsinin apellyasiya istansiya məhkəmələrində X7 şöbəsinin dövlət ittihamçısı X21 Ağa oğlu kassasiya protesti vermiş, onun kassasiya protestinə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyası özünün 13 oktyabr 2021-ci il tarixli 1(102)-1313/2021 saylı qərarı ilə dövlət ittihamçısı X21 Ağa oğlunun kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021ci il tarixli 1(106)-271/2021 saylı qərarı dəyişdirmədən saxlanılmışdır. İddiaçı həbs edilməmişdən əvvəl beynəlxalq yük daşımaları ilə məşğul olmuş, ayda 2000 ABŞ dolları məbləğində maaş alırmış. Bununla da o, 2000 ABŞ dolları x 12 ay = 24000 ABŞ dolları pul vəsaitindən mərhum olmuş, bundan əlavə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Təcridxanasında həbsdə saxlanılmaqla, azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkillə müqavilə bağlanmasına 20000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, iddiaçı günahsız olaraq 1 il müddətə haqsız yerə azadlığından məhrum olunduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının çəkdiyi əzab-əziyyət onda əsəb pozuntusu və ürək ağrısına gətirib çıxartmışdır. Belə ki, iddiaçı heç bir əsas olmadan Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə barəsində cinayət işi başlanmış və bir il həbsxanada qalmağa məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginliyi keçirmişdir. Buna görə cavabdehlər vurduqları maddi ziyanla yanaşı, 50000 manat məbləğində mənəvi ziyanı da ödəməyə borcludurlar. Bu səbəbdən də iddia tələbi məhkəmə tərəfindən təmin edildiyi təqdirdə qətnamənin icrası dövlət büdcəsi hesabına olacağı üçün hazırki vəziyyətdə iddia tələbinin yönələcəyi cavabdehlərdən biri də məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Sonradan İddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyana görə 24000 ABŞ dolları məbləğində, hüquqi yardıma görə vəkillərə ödədiyi 1260 manat məbləğində və vurulmuş mənəvi ziyana görə 50000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdeh qismində cəlb edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. Etiraz ərizəsi belə əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı təhqiqat, ibtidai-istintaq və məhkəmə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ona qarşı yönəltmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur: ‘‘Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər”. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq, bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Həmçinin, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Təcridxanasında həbsdə saxlanılmaqla azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkillə müqavilə bağlanmasına görə 20000 (iyirmi) manatdan çox pul xərcləndiyini qeyd edir. Yuxarıda qeyd edilənlərlə əlaqədar bildirilmişdir ki, İddiaçı vəkil xidmətinin göstərilməsi üçün ödəmiş olduğu pulun cavabdehdən qaytarılmasını tələb edir. Bununla əlaqədar qeyd edilmişdir ki, ‘‘Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Eyni zamanda, “Məhkumların yemək və maddiməişət normalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli Qərarında cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların maddi ehtiyaclarını qarşılayan gündəlik ərzaq normalarını ehtiva edir və iddiaçının qeyd etdiyi yemək xərcləri onun həbsdə olduğu müddətdə dövlət tərəfindən qarşılanmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ‘‘Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097- ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir. Həmçinin, iddiaçının qeyd etdiyi məbləğ heç bir real fakta əsaslanmır, əsassızdır. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi və iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir.

15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3416/2022 saylı qətnaməsi ilə (hakim G.Abidova) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 1000 (min) manat məbləğində maddi zərərin, 12.000 (on iki min) manat məbləğində mənəvi zərərin əvəzi və göstərilən hüquqi xidmət xərcinə görə 150 manat olaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qanunsuz olaraq həbsdə saxlandığı müddətdə hüquqi yardıma görə vəkilə 1000 manat məbləğində pul vəsaiti ödənildiyini təsdiq edən qəbzi məhkəməyə təqdim etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və iddiaçıya vurulmuş 1000 manat məbləğində maddi ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin, İddiaçı 30 noyabr 2019-cu il tarixdən 30 noyabr 2020-ci il tarixədək, yəni 12 (on iki) ay və ya 365 (üç yüz altmış beş) gün həbsdə saxlanılmasının ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirməsini nəzərə alaraq dəymiş mənəvi ziyana görə 12.000 (on iki min) manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir.

17. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 1100, 1101.1, 1101.2-ci, AR Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3416/2022 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunmalı idi.

20. Hesab edirlər ki, çıxarılmış qətnamə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinin tələblərinə cavab vermir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

23. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yöndəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

28. 21.1-ci maddəsinə əsasən 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

31. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. 1100-cü madəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

33. 1101.1-ci madəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

34. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin:

35. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

36. 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

37. 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun:

38. 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyataxtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.

39. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

40. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

AR Mülki Prosessual Məcəlləsi

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. İşin araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(004)-985/2019 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən İddiaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Sonradan İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli, 4(004)-191/2020 saylı qərarına əsasən xx.xx.2020-ci il tarixədək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(004)-411/2020 saylı qərarına əsasən isə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(099)-376/2020 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(106)-271/2021 saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020ci il tarixli 1(099)-376/2020 saylı hökmündən dövlət ittihamçısı Aqil Əli-zadə tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(099)-376/2020 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1313/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(099)-376/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş İddiaçı barəsində Şirvan Apelyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(106)-271/2021 saylı qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı 30 noyabr 2019-cu il tarixdən 30 noyabr 2020-ci il tarixədək, yəni 12 (on iki) ay və ya 365 (üç yüz altmış beş) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır.

46. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

48. Hazırkı işin hallarına (iddiaçının cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək azadlıqdan məhrum edilməsi və bir il müddətində istintaq təcridxanasında saxlanılması, bununla da onun həmin müddətlərdə sərbəst hərəkət etmək imkanının və azadlığının məhdudlaşdırılması, sonradan isə ona həmin cinayət işi üzrə bəraət verilməsi) Konstitusiya Məhkəməsinin bu qərarında əks olunmuş hüquqi mövqedən yanaşdıqda belə nəticəyə gəlmək olur ki, istintaq və məhkəmə orqanlarının qeyd edilən hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasına dair iddiası əsaslı olmuşdur.

49. Belə ki, iddiaçının ona aidiyyatı olmayan cinayət işi üzrə məhkum olunması və uzun müddət ərzində istintaq təcridxanasında saxlanılması onun adətən öyrəşdiyi həyat tərzinin kəskin dəyişməsi, əhəmiyyətli məhrumiyyətlərə uğraması, habelə öz vəziyyəti ilə bağlı inamsazlıq hissinin yaranması ilə nəticələnmiş olur ki, bu halların birlikdə mövcud olması şəxsi mənəvi iztirablara və sarsıntılara məruz qoyur.

50. Belə olan halda isə iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məruz qaldığı mənəvi zərərin əvəzinin ona ödənilməsini tələb etmək hüququ yaranmış olur.

51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.

52. Kollegiya iddiaçının bir il müddətində həbsdə saxlanmasını nəzərə alıb, mənəvi zərərin əvəzi olaraq iddiaçıya ödənilməli olan məbləğin 12.000 manat müəyyən edilməsini də əsaslı hesab edir.

53. Məhkəmə maddi ziyanın qismən təmin edilməsi hissəsində də məhkəmənin mövqeyini əsaslı hesab edir. Belə ki, iddiaçının qanunsuz olaraq həbsdə saxlandığı müddətdə hüquqi yardıma görə vəkilə 1000 manat məbləğində pul vəsaiti ödəməsi iş materialları ilə təsdiqini tapır.

54. Cavabdeh apellyasiya şikayətində Maliyyə Nazirliyinin heç bir delikt törətmədiyi halda yanlış olaraq iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirildiyini və kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyətinin olmadığını bildirmişdir. Kollegiya hesab edir ki, bu hal iddianın rədd edilməsi üçün əsas deyildir.

55. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

56. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilir ki, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

57. Həmin Qanunun 5-ci maddəsində qeyd edilir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

58. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

59. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, nazirlik Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazılayan və dövlət düdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimləməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

60. Göründüyü kimi, burada Maliyyə Nazirliyi delikt törədən deyil, deliktə görə dövlət büdcəsindən ödənilməli olan vəsaiti idarə edən təşkilat kimi hazırkı mülki prosesə cavabdeh qismində cəlb edilmişdir.

61. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

62. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir.

63. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər – qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb edilməməsi qətnamənin ləğv edilməsi və ya iddianın rədd edilməsi üçün əsas deyildir.

64. Habelə, birinci instansiya məhkəməsinin işin araşdırılması zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamasına dair apellyasiya şikayətinin dəlili də öz təsdiqini tapmır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3416/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar