Məhkəmə qərarları › İş №2(103)-7287/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7287/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7287/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(011)-1840/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – cavabdehlərdən müştərək qaydada 5000 manat məbləğində sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus ** XB *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır.- xx.xx.2018-ci il tarixində Cavabdeh2idarə etdiyi ** XB *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtonəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi nəticəsində piyada X4 vurmuş və piyada aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir, “xxxxxxxxxxxx” ASC-nin sığorta aktına əsasən X3 vərəsəsinə 5000 manat məbləğində sığorta ödənişinin ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(011)-1840/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 (beş min) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu alınaraq “xxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(011)-1840/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi əsassız qətnamə qəbul etmiş və iddiaçı “xxxxxxxxxxxx” ASC-nin iddiasını təmin etmişdir. Məhkəmə qətnaməsində Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 (beş min) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu alınaraq “xxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi qeyd olunmuşdur. Hesab edir ki, həmin qətnamə hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehlərməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və iddiaçının nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortaçı “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında “Nissan Sunny” markalı ** XB *** dövlət qeydiyyat nömrəli avtomobilin sığortalanmasına dair sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilədə sığorta məbləğinə dair məlumatlarda sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat məbləğində sığorta ödənişi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, “xxxxxxxxxxxx” ASC-də sığortalanmış Cavabdeh2 məxsus “Nissan Sunny” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən X5 vurulması nəticəsində, sonuncu ölmüşdür və zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 5000 manatdır. Həmçinin aktda subroqasiya hüququnun olduğu qeyd edilmişdir. Sığorta ödənişi isə qanuni əsaslarla X7 təqdim olunan **********034097 saylı karta köçürülmüşdür. İş materiallarında olan “Paşa Bank” tərəfindən verilmiş təhvil-təslim aktının surətindən görünür ki, 5000 manat məbləğində pul vəsaiti alınması üçün xx.xx.2019-cu il tarixdə **********04097 saylı plastik kart faydalanan şəxs R.Süleymanlıya təhvil verilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-488/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq etməklə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası, həmin məcəllənin 264-cü maddəsi ilə ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4- cü maddələrinin tələblərinə əsasən ona təyin edilmiş əsas və əlavə cəzaların qismən toplamaq yolu ilə qəti olaraq ona 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cavabdeh2 təyin edilmiş cəzanın başlanğıcının xx.xx.2018-ci il tarixdən hesab edilməsi və onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmdən həmçinin görünür ki, təqsiriləndirilən şəxs Cavabdeh2 xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, X4 idarə etdiyi avtobillə vuraraq öldürmüş və hadisə yerindən qaçmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə bədənin bir neçə nahiyəsini əhatə edən sınıqlar səbəbi ilə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən verilən xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, X2 Ləman Rafiq qızının vərəsəsi kimi tanınmışdır. Göründüyü kimi, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin iddiasının əsası kimi istinad etdiyi Cavabdeh2 idarə etdiyi “Nissan Sunny” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək, yolu keçən piyada X6 vuraraq, nəticədə sonuncunun ölməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və işin digər materialları ilə sübut olunur. Sığortalanmış Cavabdeh1 məxsus “Nissan Sunny” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomobillə X1 vurulan ziyan iddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən onun qanuni vərəsəsi kimi tanınmış X7 ödənilmiş və bununla da iddiaçı “xxxxxxxxxxxx” ASC-nin subroqasiya hüququ əmələ gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2-ci maddəsinə əsasən, sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 hadisə yerindən yayındığından, bununla da “xxxxxxxxxxxx” ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 yetkinlik yaşına çatmasa da, lakin qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən, mülki hüquq pozuntusuna səbəb olan vurduğu zərərə görə müstəqil məsuliyyət daşyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası həmçinin Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsi Cavabdeh2 tərəfindən törədilsə də, idarə edilən avtomobil Cavabdeh1 məxsus olduğundan və avtomobilin onun iradəsinə zidd olaraq istifadəsindən götürüldüyünü sübuta yetirmədiyindən, Cavabdeh1 da Cavabdeh2la birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Göründüyü kimi, mülki qanunvericiliyin müddəalarına əsasən Cavabdeh2 valideyni olan Cavabdeh1 vurulmuş zərərə görə oğlu ilə birgə məsuliyyət daşıyır. Odur ki, iddiaçının subroqasiya qaydasında pul tələbi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın əsaslı olması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(011)-1840/2020 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar