Məhkəmə qərarları › İş №2(103)-7287/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7287/2021

14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7287/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayevin sədrliyi və məruzəsilə, Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Ləman İmanverdi qızı Şükürlünün katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar Doygun X11 və Genc X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2882/2021 saylı 02 mart 2021-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar Doygun X11 və Genc X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçılar eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X17 Təsərüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı 50 payı üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(001)- 2882/2021 saylı qərardadı ilə iddiaçılar X4 və Genc X1 iddianın təmin tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməmişdir. 02 mart 2021-ci il tarixdə iddiaçılar Doygun X11 və Genc X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(001)-2882/2021 saylı qərardadının ləğv edilməsinə dair şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2882/2021 saylı 02 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(001)- 2882/2021 saylı qərardadı ləğv edilmiş, iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilmiş, Cavabdeh “X17 Təsərrüfatı” MMC-nin (VÖEN: **********) nizamnamə kapitalındakı 50 (əlli) payı üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Qərardadından Maraqlı şəxs şikayət verərək qərardadın ləğv edilməsini və iddia təmin tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 24.12.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs “X17 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı Cavabdeh məxsus olmuş 50% payın 10%-ini almışdır. Bundan sonra 25.05.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 5 saylı ərazi idarəsinə poçt vasitəsilə “X17 Təsərrüfatı” MMC-nin (VÖEN **********) 10 faiz təsis payının qeydiyyatı ilə bağlı sənəd göndərmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08.06.2021-ci il tarixli cavab məktubu ilə onun 10% payının qeydiyyatından imtina edilmişdir. İmtinanın səbəbi kimi, “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(001)- 2882/2021 saylı icra vərəqinə əsasən “X17 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında Cavabdeh məxsus 50 (əlli) faiz paya həbs qoyulması” göstərilmişdir. Qeyd ediləni nəzərə alaraq 08.06.2021ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edib həmin məhkəmənin 02.03.2021-ci il tarixli 2(001)-2882/2021 saylı qərardadın ona təqdim edilməsini xahiş etmiş, 11.06.2021-ci il tarixdə həmin qərardadı məhkəmədən rəsmi qaydada almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(001)-2882/2021 saylı qərardadı qanunsuzdur. Belə ki, 24.12.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs “X17 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı Cavabdeh məxsus olmuş 50% payın 10%-ini almışdır. Bunula da həmin əmlak (nizamnamə kapitalındakı pay) onun mülkiyyətimə keçmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(001)-2882/2021 saylı qərardadı ilə əmlak üzərinə həbs qoyularkən həmin əmlakın artıq Cavabdeh məxsus olmadığı nəzərə alınmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2882/2021 saylı 16 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hal-hazırda Cavabdeh “X17 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı 50 payın cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınması cinayət işin çərçivəsində araşıdırılır, həmin işlə bağlı Cavabdeh və digər dörd şəxs həbsdədir. Eyni zamanda şikayətçinin vəkilinin istinad etdiyi X10 da həbs olunan şəxslər sırasındadır. Belə olan halda hazırkı mərhələdə Maraqlı şəxs satılmış payın həbsdən azad edilməsi sonradan daha geniş şəxslər sırasının hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2882/2021 saylı 02 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən iddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən hakim iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli qərarında göstərilmişdir ki, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.” İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.04.2021-ci il tarixli, 4(005)-334/2021 saylı qərarında göstərilmişdir ki, “ ... Məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh bildirdi ki, o, Türkiyə Respublikasının vətəndaşları olan Doygun X11 və X3 qarşı dələduzluq etməmişdir. O, əvvəllər “Sədərək” Ticarət Mərkəzində corab alqı-satqısı ilə məşğul olmuşdur. Həmin müddətdə o, Doygun X11 ilə tanış olmuşdur. Daha sonra Doygun X11 ilə biznes qurmaq qərarına gəlmişlər. 2015-ci ildə Doygun X11 biznes qurmaq üçün ona 2 (iki) milyon dollar pul göndərmişdir. Danışığa əsasən ilkin olaraq o, həmin pulun bir hissəsinə Bakı şəhəri Nizami rayonu ərazisində torpaq sahəsi almalı idi. Lakin həmin torpaq sahəsinin sənədlərində problem olduğundan və alqı-satqı ləngidiyindən o, pulu mal-qara təsərrüfatına yatırmağı planlaşdırmışdır. Bu məqsədlə Ağdam rayonu ərazisində “X17 Təsərrüfatı” MMC-nin səhmlərinin 50 faizini almışdır. Lakin bu barədə əvvəlcədən Doygun X9 məlumat verməmişdir”. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 5(005)-698/2021 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə “X17 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalında təqsirləndirilən şəxs X7 aid 50 faizlik payın üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh “X17 Təsərrüfatı” MMC-nin səhmlərinin 50 faizini iddiaçı Doygun X11 tərəfindən ona göndərilmiş pul vəsaiti hesabına almasını etiraf etmiş və qeyd olunan məsələ hal-hazırda aidiyyəti qurum tərəfindən araşdırılır. Belə olan halda hal-hazırda Maraqlı şəxs satılmış 10% payın üzərindən həbsin götürülməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Həmçinin hazırki halda Maraqlı şəxs satılmış 10% payın üzərindən həbsin götürülməsi halında belə sonuncu həmin paydan istifadə etmək imkanında olmayacaq və məhkəmə tərəfindən qəbul edilmiş qərardad formal bir akt olaraq qalacaqdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı hesab etmişdir ki, Cavabdeh “X17 Təsərüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı 50 payı üzərinə həbs qoyulmalıdır. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2882/2021 saylı 02 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2882/2021 saylı 02 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar