Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7288/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-3285/2023 saylı qərardadından ərizəçi İddiaçıın nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək kitabçasının birinci bölməsində yazılan adın doğum haqqında şəhadətnamə, nikahın bağlanması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə, hərbi bilet və əmək kitabçasının ikinci bölməsində yazılan adla eyni şəxs olması faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ********* nömrəli şəxsiyyət vəsiqəsində yazılan X4, 315368 nömrəli doğum haqqında şəhadətnaməsində yazılan X4, 357264 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə yazılan X4, 813556 nömrəli ölüm haqqında şəhadətnamədə yazılan X4, ******* nömrəli hərbi biletdə yazılan X4, ******* nömrəli əmək kitabçasının ikinci bölməsində yazılan X4 əmək kitabçasının birinci bölməsində yazılan X2 eyni şəxs olması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-3285/2023 saylı qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı olan “əmək kitabçasının birinci bölməsində yazılan adın doğum haqqında şəhadətnamə, nikahın bağlanması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə, hərbi bilet və əmək kitabçasının ikinci bölməsində yazılan adla eyni şəxs olması faktının müəyyən edilməsinə” dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Həmin qərardaddan ərizəçi İddiaçıın nümayəndəsi və vəkili Nümayəndə1 şikayət verərək, qərardadın ləğv edilməsi və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin həyat yoldaşı X4 şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnaməsində, nikahın bağlanması haqqında şəhadətnamədə, ölüm haqqında şəhadətnamədə, hərbi biletində və əmək kitabçasının ikinci bölməsində tam doğru olaraq adı Şəmşəd yazılmışdır. Bildirmişdir ki, həyat yoldaşının bir neçə sənədində yox, yalnız əmək kitabçasının birinci bölməsində səhvən Şəmsəddin yazılmışdır. Həmin səhvin məhkəmədənkənar düzəliş edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı 3 şərtlərin olması zəruridir: İ. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir). Məhkəməyə təqdim edilən sənədlərdən də görünür ki, həyat yoldaşı X4 əmək kitabçasının birinci bölməsində yazılmış adı əmək kitabçasının ikinci bölməsində yazılan adla şəxsiyyətini təsdiq edən sənəddəki və digər sənəddəki adlar üst-üstə düşmür. İİ. Həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Göstərilən sənədlərin hamısı müəyyən hüquqların daşıyıcısıdır və hüquqları müəyyən edir. İİİ. Məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. X4 adına hüquqmüəyyənedici sənədi-əmək kitabçasını yazmış (vermiş): 1. 1979-cu ildən fəaliyyət göstərmiş və təxminən 1997-ci ildə fəaliyyətini dayandırmış Azərbaycan Respublikası Sənaye Tikintisi Nazirliyinin 3 saylı Tikinti Quraşdırma Trestinin 34 saylı Tikinti İdarəsinin hüquqi vəziyyəti (ləğvi və başqa müəssisəyə çevirilməsi, hal hazırda fəaliyyət göstərməsi, arxiv sənədlərinin saxlanılması və s.) haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestrinə; 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə (cavabı Ədliyyə Nazirliyi vermişdir); 3. Azərbaycan Respublikasının Dövlət arxivinə sorğular verilmişdir. Ancaq Azərbaycan Respublikası Sənaye Tikintisi Nazirliyinin 3 saylı Tikinti Quraşdırma Trestinin 34 saylı Tikinti İdarəsi haqqında hər hansı bir məlumatın əldə edilməsi mümkün olmamışdır. Buna görə də Şəmşəd Quliyevin əmək kitabçasının birinci bölməsində, adda mövcud olan uyğunsuzluğun aradan qaldırılması mümkün olmamışdır. Həmin uyğunsuzluq məhkəmə qaydasında həll edilməlidir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 3285/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-ci bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Hazırda ərizəçi ********* nömrəli şəxsiyyət vəsiqəsində yazılan X4; 315368 nömrəli doğum haqqında şəhadətnamədə yazılan X4; 357264 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə yazılan X4; 813556 nömrəli ölüm haqqında şəhadətnamədə yazılan X4; ******* nömrəli hərbi biletdə yazılan X4 ; ******* nömrəli əmək kitabçasının ikinci bölməsində yazılan X4 əmək kitabçasının birinci bölməsində yazılan X3 eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqi əhəmiyyətli faktlar isə məhkəmə qaydasında o halda müəyyən edilir ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmadığından sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin iddia ərizəsində qeyd etdiyi sənədlərdə (doğum haqqında şəhadətnamə, nikahın bağlanması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə, hərbi bilet və əmək kitabçasının ikinci bölməsi) yazılan X4, əmək kitabçasının birinci bölməsində yazılan X3 eyni şəxs olması faktının müəyyən edilməsinə yol verilmədiyindən, həmçinin eyni şəxs olma faktının müəyyən edilməsi halı hüquqi nəticə doğurmayacağından birinci instansiya məhkəməsi ərizəni iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Bütün qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri isə qərardadın ləğvi üçün əsas deyildir. Belə ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi mümkün olsa da, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir ki, ərizəçinin də mübahisələndirdiyi məqam məhz uyğunsuzluğun aradan qaldırılmasıdır. Bununla belə adıçəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Belə olan halda məhkəmə kollegiyası ərizəçiyə izah edir ki, hazırki ərizə ilə müvafiq orqana müraciət edə bilər, imtina cavabı aldığı halda isə həmin imtina məktubunu inzibati qaydada mübahisələndirə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(007)-3285/2023 saylı qərardadı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)- 3285/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-7288/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7288/2023
05.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver