Məhkəmə qərarları › İş №2(103)-7292/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7292/2021

28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7292/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-824/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 5000 manat əsas borc, 1000 manat mənəvi zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 6030 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, icarə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən “Canana Legend” gözəllik salonunda fəaliyyət göstərmişdir. Bir müddətdən sonra cavabdeh qeyd olunan gözəllik salonunu ondan götürərək özü fəaliyyət göstərmiş, iddiaçı həmin ünvanda özünə məxsus 10190 manat məbləğində əmlakı 6500 manat dəyərləndirərək cavabdehə vermiş və onlar pulun hissə-hissə verilməsi barədə razılığa gəlmişlər. Cavabdeh nəzərdə tutulan 6500 manat puldan 1500 manat ödəməklə qalan pulu verməkdən imtina etmişdir. İddiaçı, pulun qalan hissəsini tələb etdikdə isə, Səbail RPİ-nin 9-cu PB-yə “hədə-qorxu, şantaj və sair əsaslar” gətirərək onun barəsində şikayət ərizəsi vermiş və Səbail RPİ-nin İŞ-nin 21.02.2020-ci il tarixli qərarı ilə materialda cinayət işi olmadığından cinayət işinin başlanması rədd olunmuş, həmin qərarda qeyd olunan gözəllik salonunda olan 10190 manatlıq əşyaların iddiaçıya məxsus olması, həmin əşyaların 6500 manata cavabdehə satılması və cavabdeh tərəfindən 1500 manat qaytarılması öz təsdiqini tapmış və qərar mübahisələndirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)- 824/2021 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) cavabdehdən 5000 manat əsas borcun və 25 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı ilə aralarında alqı-satqı münasibətlərinin olmaması, sözügedən əşyaların salonda olması və iddiaçının istənilən vaxt oradan akt tərtib edilməklə götürə biləcəyi halda, bundan imtina etməsi, məhkəmə tərəfindən də bunun səbəbinin araşdırılmaması, eyni zamanda əşyalara baxış keçirilməklə qiymətləndirilmələri üçün ekspertiza keçirilməməsi ilə əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh, apellyasiya şikayətini müdafiə edərək, eyni zamanda bildirmişdir ki, əvvəl həmin ərazidə başqa salon işlətmiş və yeni salon axtarışında olmuşdur. İddiaçının işlətdiyi salona baxan zaman iddiaçı salondan çıxdığını, oranı işlədə bilmədiyini, əgər onun vasitəsilə salonu icarəyə götürsə icarədarla 1500 manata razılaşacağını bildirmiş, sonradan icarədarı çağırmış və onlar həmin qiymətə razılaşmışlar. Daha sonra, iddiaçı ona da pul ödəməli olduğunu və bunu hazır biznes satdığına və salonda olan əşyalarına görə istədiyini bildirəndə, o, özünün biznesinin olduğunu, onun əşyalarına ehtiyacının olmadığını demişdir. İddiaçı isə salonda qalıb lazer işlətməyinə icazə verməyini xahiş etmiş və cavabdeh də razılaşmışdır. Bu müddət ərzində uşağının xəstə olduğunu bildirərək, hissə-hissə 1500 manat borc almış və saçına görə də əlavə 200 manat borcu yaranmışdır. Odur ki, göstərilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Eyni zamanda, suallara cavab olaraq bildirmişdir ki, aralarında əşyaların alqı-satqısı ilə bağlı heç bir razılaşma olmamışdır. İddiaçının özünə də, vəkilinə də hər zaman əşyaların ona lazım olmadığını, gəlib götürmələrini bildirmişdir. Salona köçərkən oranı təmir etdirmiş və öz əşyalarını aparmışdır. Təxminən 1 il əvvəl salondan çıxmış və icarədar obyekti boşaldıb təhvil verməyini tələb etdiyindən, əlavə xərc çəkərək iddiaçıya məxsus əşyaları da çıxarmış və tanışlarının saxlama yerlərinə yerləşdirmişdir. İstintaq orqanında izahatında bildirmişdir ki, iddiaçı ona olan 1700 manat borcunu versin və gəlsin əşyalarını götürsün. Hazırda bütün əşyalar qeyd olunan yerlərdədir, iddiaçı istədiyi vaxt gedib əşyalarını götürə bilər. Öz əşyalarını başqa salona aparmamış, ümumiyyətlə yeni salon qurmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə uyğun eyniməzmunlu izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, aralarındakı şifahi razılığa əsasən salonu cavabdehə hazır biznes kimi satmış, buna görə də əşyalarını orada qoymuşdur. Cavabdeh onu arxayın saldığı üçün yazılı müqavilə bağlamağa ehtiyac duymamışdır. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmamalıdır. Belə ki, işin mübahisəsiz hallarına görə, iddiaçı əsasında ünvan 1 ünvanında yerləşən obyekti icarəyə götürərək, gözəllik salonu kimi işlətmiş və salonu özünə məxsus əşyalarla təchiz etmişdir. Bir müddət sonra isə onun icarəsinə xitam verilmiş və yeni icarə müqaviləsi cavabdehlə bağlanmışdır. Buna baxmayaraq, iddiaçıya məxsus əşyalar salonda qalmış, özü də orada işləmişdir. Sonradan cavabdeh salondan çıxan zaman özünə məxsus əşyalarla birlikdə, iddiaçıya məxsus əşyaları da götürərək, səbəb kimi iddiaçının ona 1700 manat borcunun olmasını və borcu ödədiyi təqdirdə əşyaları götürə biləcəyini göstərmişdir. Mübahisəli hallar isə ondan ibarətdir ki, iddiaçı, aralarındakı şifahi razılığa əsasən gözəllik salonunu hazır biznes kimi cavabdehdə satdığını, buna görə də 6500 manat dəyərində salon avadanlıqlarını dəyərlərinin hissə-hissə ödənilməsi şərtilə orada qoyduğunu, cavabdehin isə yalnız 1500 manat ödəniş etməklə razılaşdırılmış qalan 5000 manat pulu ödəməkdən imtina etdiyini bildirərək, həmin pulun, eyni zamanda cavabdehin hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, aralarında alqı-satqı ilə bağlı heç bir razılaşmanın olmadığını, özünün hazır biznesinin və salon avadanlıqlarının olduğunu, sadəcə işlədiyi ünvanı dəyişməsi, dəfələrlə iddiaçıya əşyalarını götürməsini bildirsə də, onun bundan imtina etməsi və ona verdiyi 1500 manatı isə uşağının xəstə olmasına görə borc kimi veridyini bildirir. Birinci instansiya məhkəməsi, iddianı qismən - 5000 manatın ödənilməsi hissəsində təmin edərkən, gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh tərəflər arasında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, əmlakların dəyərini iddiaçıya ödəməmiş, bununla da razılığın şərtlərini pozmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 5000 manat məbləğində vəsaiti iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, tələbin hüquqi əsaslarını nəzərdən keçirib mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları bildirir. Mülki Məcəllənin (bundan sonra, MM) 385.1-ci maddəsinə əsasən, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda sadalanmış və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Odur ki, hazırkı iş üzrə iddiaçının pul tələbinin (buna müvafiq olaraq cavabdehin pul ödəmək öhdəliyinin) müqavilədən və ya qanundan irəli gəldiyi aydınlaşdırılmalıdır. Kollegiya, onu da vurğulayır ki, iddia tələblərinin hüquqi əsas(lar)ını tapmaq, başqa sözlə tələbin müqavilədən, yaxud qanundan irəli gələn öhdəliklər çərçivəsində həll edilməsi məhkəmənin vəzifəsidir. Çünki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən, hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Hazırda iddiaçı tələbin hüquqi əsası kimi cavabdehlə aralarında hazır biznesin nisyə alqı-satqısına dair razılaşma olduğuna istinad etdiyindən məhkəmə kollegiyası, ilk növbədə MM-in bununla bağlı aşağıdakı maddələrini nəzərdən keçirir. Alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur (maddə 597.1). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Göründüyü kimi, icra edilməmiş müqavilə öhdəliyinə istinad olunduğu halda, iddiaçı, ilk növbədə cavabdehlə alqı-satqı müqaviləsi bağladığını sübuta yetirməlidir. Yəni, məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda həmin halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Baxılan işdə isə iddiaçı cavabdehlə arasında iddia ərizəsində qeyd olunan əşyalara görə alqı-satqı müqaviləsinin bağlanmasını, satılan əşyaların dəyərinin 6500 manat müəyyən olunmasını, həmin puldan 1500 manat hissəsinin ödənilməsini, 5000 manat borclu qalmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, işin müəyyən olunmuş faktiki hallarından da bu qənaətə gəlmək mümkün deyildir. Belə ki, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh əvvəllər başqa ünvanda gözəllik salonu işlətmiş, sonradan ünvanını dəyişərək, iddiaçının çıxdığı obyekti icarəyə götürməklə, həmin ünvana köçmüş və özünə məxsus salon avadanlıqlarını da oraya gətirmişdir. Belə olan halda isə, cavabdehin iddiaçıdan müəyyən avadanlıqları satın alması ağlabatan və inandırıcı hesab oluna bilməz. İddiaçının özünün izahatı da iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bundan başqa, iddiaçı, müraciəti üzrə qəbul edilmiş Səbail RPİ-nin İŞ-nin 21.02.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması barədə” qərarı ilə cavabdehin müqavilə üzrə ona borcunun olmasının təsdiq olunduğuna istinad etsə də, Kollegiya ilk növbədə bildirir ki, həmin qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Ona görə ki, MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Digər tərəfdən, sözügedən qərarın məzmununda da iddiaçının mövqeyini dəstəkləyəcək faktlar olmamaqla, yalnız tərəflərin eyni məzmunlu izahatları əks olunmuş və iddiaçıya məxsus əşyaların həmin vaxt cavabdehin işlətdiyi sözügedən salonda olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, tərəflər arasında həm müqavilədən irəli gələn pul öhdəliyinin olması sübuta yetirilmədiyindən, həm də, hazırkı işin halları baxımından bu cür öhdəliyin yaranması üçün yuxarıda sadalanan digər əsaslardan (qanunda irəli gələn) heç biri müəyyən edilmədiyindən iddiaçının 5000 manat məbləğində pul tələbinin təmin olunması üçün hüquqi və faktiki əsaslar yoxdur. Bu əsnada, Kollegiya, iddiaçıya məxsus əşyaların cavabdehdə olması faktını nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki tələbinin təmin olunmaması, üzərində əmlak hüquqlarına malik olduğu əşyaları və ya onların dəyərini MM-in 157.2-ci maddəsinin tələbləri baxımından geri tələb etmək hüququnu istisna etmir. Bu istiqamətdə tərəflər arasında mübahisə yarandığı halda iddiaçının müstəqil qaydada məhkəməyə müraciət etmək hüququ vardır. İddianın “dəymiş mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə isə Kollegiya bildirir ki, iddiaçının cavabdehə qarşı pul tələbi təmin olunmadığı halda, həmin məbləğin ödənilməməsinə görə ona mənəvi ziyan dəyməsi də mümkün deyildir. Ona görə də, iddia bu hissədə də təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi isə, yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-824/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-824/2021 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar