Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7297/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 4032/19 saylı qətnaməsindən cavabdeh “xxxxxxxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən kompensasiya olaraq vurulmuş maddi ziyana görə 82.600 manat, vurulmuş mənəvi ziyana görə 20.000 manat pul məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin tam təmin edilməsi və ödənişlərin üç il ərzində ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (hakim R.Cavadzadə, iş № 2(004)-4032/20) iddia qismən təmin edilərək ailə başçısı İsmayılov Ramiz Möhübbət oğlunun ölümü ilə əlaqədar dəymiş maddi zərərə görə 19.440 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, ümumilikdə 20.440 (iyirmi min dörd yüz qırx) manat məbləğində pul vəsaitinin 03 (üç) il müddətində ödənilməklə, Cavabdeh MMCdən alınaraq, İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh “xxxxxxxxx” MMC qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X2 xx xxxx 2015-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində hərəkətdə olan zaman "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq idarə etmək hüququ, yəni müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan saz vəziyyətdə olan "xxxxxxxxx" MMC-yə məxsus "Daewo" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı 172 saylı xətt avtobusunu şəhərdən saatda 35 km sürətlə idarə edərkən, həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni onun qarşısına digər avtomaşının çıxması halında avtomaşını tam dayanma həddinə çatdırmalı olduğu halda bunu etməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla avtobusun sükanını yolun sol hissəsinə çəkməsi nəticəsində həmin küçədəki 444 nömrəli evin qarşısında əks istiqamətdən hərəkət edən, mərhum həyat yoldaşı sürücü İsmayılov Ramiz Möhübbət oğlunun idarə etdiyi “VAZ- 21013” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması nəticəsində “VAZ-21013” markalı avtomaşının sürücüsü Ramiz İsmayılova canlı şəxslərdə ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. İsmayılov Ramiz Möhübbət oğlunun ölümü ilə əlaqədar xx.xx.2005-ci il tarixdə anadan olmuş oğlu X6 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X5 adlı qızı yetim qalmışdır. Həmin iş üzrə o, mərhumun arvadı kimi zərərçəkmiş şəxs tanınmışdır. Mərhum həyat yoldaşı rəsmi işləməsə də, fərdi işlərlə, ev tikmək, tikintiquraşdırma işləri ilə məşğul olmuşdur və aylıq qazancı 700 manatdan çox olmuşdur. Hesab edir ki, uşaqlarının yetkinlik yaşma çatana qədər saxlanması üçün cavabdehdən hər aya 700 manat məbləğində kompensasiya hesablanmaqla (xx.xx.2006+ 18 yaş=xx.xx.2024-cü ilə kimi) hadisə baş verən andan - xx xxxx 2015-ci il tarixdən xx xxxxxx 2024-cü il tarixə kimi olan müddət üçün birdəfəlik = 9 il (108 ay) x 700 manat =82600 manat pul və vurulmuş mənəvi ziyana görə 20.000 manat pul cavabdehdən alınaraq yetkinlik yaşma çatmayan uşaqlarının saxlanması üçün ona ödənilməlidir Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, xx xxxx 2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onlara məxsus “Daewo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı 127 saylı xətt avtobusunu idarə edən X2 onların rəsmi işçisi olmamışdır. Həmin avtobusun sürücüsü maşını qeyri-rəsmi idarə etmək üçün ona vermişdir. T.Allahverdiyevin nəinki mikroavtobusu idarə etmək üçün sənədi, hətta sürücülük vəsiqəsi də olmamışdır. Bununla yanaşı, mərhum İsmayılov Ramiz Möhübbət oğlu da sərxoş vəziyyətdə maşını idarə etmiş və qəza şəraiti yaratmışdır. Mərhumun həyat yoldaşı indiyədək kompensasiya verilməsi üçün şirkətə müraciət etməmişdir. Ona görə də mərhumun ailə üzvlərinin vəziyyətindən onların xəbəri olmamışdır. İddiaçı sığortadan 5000 manat məbləğində sığorta ödənişi almışdır. Onlar da iddiaçının himayəsində uşaqlarının olmasını və heç yerdə işləməməsini nəzərə alıb, ümumilikdə 5000 manat pul verə bilərlər. İddianın qalan hissədə rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh “xxxxxxxxx” MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi hadisənin baş verməsinə əsas səbəb bir tərəfdən zərərçəkmiş şəxsin hadisə zamanı sərxoşluğunun təsiri nəticəsində avtomobili idarə edə bilməməsi olub. Digər tərəfdən də, hadisə vaxtı Daewo BS 090 markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Baloğlanov Nöhbala Nafət oğlu Cavabdeh MMC-nin rəhbərliyindən icazə almadan avtobusu 172 saylı xətt üzrə idarə etmək üçün öz tanışı X1 vermişdir. Telman Allahverdiyev avtobusu idarə edərkən hadisə baş vermişdir. Bu səbəbdən hadisə nəticəsində VAZ-21013 markalı avtomobilin sürücüsü İsmayılov Ramiz Möhübbət oğlunun vəfat etməsi nəticəsində dəymiş maddi və mənəvi ziyana görə məsuliyyət Daewo BS 090 markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun yüksək təhlükəli mənbəyi kimi məxsus olduğu Cavabdeh MMC yox, həmin avtobusun sürücüsü Baloğlan Nöhbala Nafət oğlu və hadisəni törmiş X2 daşımalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak etməmişdir. Lakin o, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edərkən apelyasiya şikayətini müdafiə etmiş və onun məzmununa uyğun izahat verməklə təmin olunmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclası cavabdehin nümayəndəsinin mübahisənin barışıq yolu ilə həll edilməsi barədə vəsatətinə əsasən xx.xx.2020-ci il tarixə təxirə salınmış, lakin mübahisə barışıq yolu ilə həll olunmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi, hazırkı qətnamə iddianın təmin edilməyən hissəsində iddiaçı tərfindən mübahisələndirilməmişdir. Qətnamə yalnız iddianın təmin edilən hissəsində cavabdeh tərəfindən mübahisələndirildiyindən, həmin hissədə və şikayətə münasibətdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2015-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində İsmayılov Ramiz Möhübbət oğlunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar X2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən mərhum İsmayılov Ramiz Möhübbət oğlunun qanun üzrə vərəsəsinə 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. X8 birinci dərəcəli 3 vərəsəsi qalmışdır: arvadı İddiaçı, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X4. xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlar İsmayılov Ramiz Möhübbət oğlunun vərəsələri kimi tanınmış və hər birinin 5000 manat sığorta məbləğinin 1/3 hissəsinə pay hüququ olduğu təsbit edilmişdir. İddiaçının tələbi cavabdehdən maddi ziyana görə 82600 manat və vurulmuş mənəvi ziyana görə 20.000 manat pul vəsaitinin tutulması barədədir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul edərək, kompensasiya qismində iddiaçıya ümumilikdə 5000 manat məbləğində pul ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin təklif etdiyi məbləğin işin hallarına və minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına uyğun olmadığı qənaətinə gəlmişdir. Belə ki, həmin sərəncama əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilmişdir. Odur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi 2015-ci il tarixdən iddiaçının hər iki uşağı yetkinlik yaşına çatanadək, yəni 2024-cü ilin dekabr ayınadək olan 9 il (108 ay) müddət üçün hər aya 180 manatdan kompensasiya hesablanmaqla cəmi 19.440 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının himayəsində 2 uşağın olması, onun heç yerdə işləməməsi və ailə başçısının ölümü ilə əlaqədar dəymiş maddi zərərə görə cavabdeh tərəfindən ona kompensasiyanın ödənilməməsi iddiaçının mənəvi sarsıntılar, əsəb keçirməsinə səbəb ola bildiyindən mövcud reallıq və təcrübə nəzərə alınaraq iddia bu hissədə qismən əsaslı sayılmaqla qismən təmin edilməli, cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərər qismində ağlabatan məbləğdə - 1000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı qətnamə ilə razılaşaraq apelyasiya şikayəti verməmişdir. Qətnaməni apelyasiya qaydasında yalnız cavabdeh mübahisələndirmişdir. Cavabdehin apelyasiya şikayəti əsasən iki dəlil üzərində qurulmuşdur: -hadisə vaxtı zərərçəkmiş Ramiz İsmayılovun yüngül dərəcəli sərxoşluq vəziyyətində olması; -hadisə vaxtı cavabdehə məxsus avtobusu idarə edən Telman Allahverdiyevin Cavabdeh MMC-nin işçisi olmaması və MMC tərəfindən ona avtobusu idarə etmək səlahiyyətinin verilməməsi. Apelyasiya şikayətinin dəlillərinə görə MMC tərəfindən avtobusun idarə edilməsi sürücü Nöhbala Baloğlanova həvalə edilsə də, sonuncu MMC-nin xəbəri olmadan avtobusu Telman Allahverdiyevin istifadəsinə vermiş və nəticədə qəza baş vermişdir. Telman Allahverdiyev avtobusu MMC-nin razılığı və xəbəri olmadan idarə etdiyindən onun vurduğu ziyana görə MMC məsuliyyət daşıya bilməz. Apelyatorun qənaətinə görə iddiaçıya vurulmuş ziyan Telman Allahverdiyev və Nöhbala Baloğlanov tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, hadisə baş verən vaxtı X8 yüngül dərəcəli sərxoşluq vəziyyətində olması hadisəyə görə yalnız onun təqsirkar olması qənaətinə gəlmək üçün əsas vermir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən yol nəqliyyat hadisəsinin baş verməsində MMC-yə məxsus avtobusu idarə etmiş Telman Allahverdiyev təqsirli sayılmış və məhkum edilmişdir. Apelyasiya şikayətinin avtobusun Telman Allahverdiyev tərəfindən MMC-nin razılığı və xəbəri olmadan idarə edilməsi ilə bağlı dəlili də əsassızdır. Belə ki, xx.xx.2018-ci il tarixli məhkəmə hökmünün məzmunundan görünür ki, Telman Allahverdiyev məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən öz ifadəsində göstərmişdir ki, o, MMC-yə məxsus 172 saylı xətt avtobusunu təkcə hadisə baş verən gün deyil, hələ hadisəyə qədər 5 (beş) ay da idarə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 5 ay ərzində avtobusun kənar şəxs (Telman Allahverdiyev) tərəfindən idarə olunmasından bir mülkiyyətçi kimi MMC-nin xəbəri olmaması ağlabatan və inandırıcı deyil və sağlam məntiqə sığmır. Bu hal cinayət işinin istintaqı zamanı qəbul edilmiş xx.xx.2018-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla da təkzib olunur. Həmin qərardan görünür ki, istintaq zamanı Telman Allahverdiyevin 172 saylı avtobusunu idarə etməsindən Cavabdeh MMC-nin rəhbərliyinin xəbəri olmuşdur. Məhz buna görə də istintaq orqanı Cavabdeh MMC-nin rəhbərliyinin barəsində inzibati təsir tədbiri görülməsi üçün qərarın surətini Dövlət Əmək Müfəttişliyinə göndərmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərinin özünü müdafiə, məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını qeyd etməklə hesab edir ki, həmin dəlillər mübahisəyə Mülki Məcəllənin 1108.1-ci maddəsini tətbiq etməklə iddianın rədd olunması və eləcə də qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırda vurulmuş ziyanın MMC-dən tutulması onun gələcəkdə ödədiyi məbləği təqsirkar şəxslərdən tələb etməsinin qarşısını almır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət əməli ilə bağlı iddiaçı sarsıntı keçirmiş, ailə başçısını itirərkən onun himayəsində yetkinlik yaşına çatmayan övladları olmuş, işləməmiş, onlara təkbaşına qayğı və diqqət göstərmək məcburiyyətində qalmış, psixoloji vəziyyətin uzun müddət davam etmişdir. Bu baxımdan məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbi qismən təmin etməkdə haqlı olmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X12 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının mənəvi sarsıntı keçirməsi uzun müddət birgə yaşadığı həyat yoldaşının faciəvi şəkildə ölməsinin onda səbəb olduğu mənfi psixi reaksiyada ifadə olunur. Beləliklə, iddiaçıya maddi və mənəvi zərərin vurulması işin mübahisəsiz halı kimi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cxavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxxxxxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7297/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7297/2020
14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver