Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-73/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X3 tərəfindən aparılmış qanunsuz tikililərin nəticəsi olaraq vurulmuş maddi ziyana görə 50000 manat, mənəvi ziyana görə isə 100000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Lakin həmin ünvanda qeydiyyatda olan, həmin evə heç bir mülkiyyət hüququ olmayan və iddiaçının mülkiyyətində olan evdə yaşayan cavabdeh X3 qanunsuz olaraq, iddiaçının heç bir razılığı olmadan, tikinti norma və qaydalarını pozmaqla qanunsuz tikinti inşaat işləri aparmışdır. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək həmin mənzilin ona məxsusluğunu bildirsə də, indiyədək cavabdeh bu mənzil sahəsinin bir hissəsində aparılmış qanunsuz tikililərin sökülməsi barədə heç bir tədbir görməmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən və onun mülkiyyətində olan yaşayış evində X4 tərəfindən aparılmış qanunsuz tikililərin sökülməsi qət edilmişdir. Lakin cavabdehin qanunsuz tikinti işləri nəticəsində iddiaçının qəzalı vəziyyətdə olan mənzilinin bir divarı ağırlığa tab gətirməyərək tamamilə dağılmışdır. Hal-hazırda iddiaçının qalmağa yeri yoxdur və bu cür qəzalı və təhlükəli evdə yaşamağı mümkün deyildir. Bunun nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəymişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-56/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh X3 isə şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-56/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 2 saylı evin 2/4 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının xx xxxx 2018-ci il tarixli 32167 nömrəli rəyinə əsasən Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi dalan 2-də yerləşən 3 saylı fərdi yaşayış evinin divarları və tavanı üzərində müxtəlif ölçülərdə (0,5-2,0 sm) enində çatların olduğu və İddiaçı məxsus yaşayış evinə ziyanın dəydiyi müəyyən edilmişdir. Lakin həmin yaşayış evində əmələ gəlmiş qüsurların cavabdeh X3 tərəfindən aparılan təmir tikinti işləri nəticəsində olub-olmaması məsələsi, tikinti konstruktoru (mərkəzdə həmin sahə üzrə mütəxəssis yoxdur) tərəfindən müvafiq hesablamalar aparıldıqdan sonra həll oluna bilər. İş üzrə keçirilmiş əlavə tikinti texniki ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli xx/xx-04886 nömrəli rəyinə əsasən, ünvan 2 ünvanında cavabdeh X2 məxsus 2 mərtəbəli fərdi yaşayış evi 1997-ci ildə ( iddiaçının iddiasına görə 2011-ci ildə ) inşa edildiyindən və həmin tarixdən 21 il (7 il) keçdiyindən evdə yaranmış çat və zədələnmələrin hansı səbəbdən yarandığını müəyyən etmək mümkün deyil. Azərbaycan Republikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının xx xxxxxx 2019-cu il tarixli 13572 saylı və xx xxxxxx 2020-ci il tarixli 10/755 saylı rəylərində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 1-ə faktiki olaraq ziyan dəydiyi və yaşayış evinin bir mərtəbəli tikilisinin yaşayış üçün yararsız vəziyyətə düşdüyü müəyyən olunmuşdur. Lakin həmin evə dəymiş ziyanın cavabdeh tərəfindən aparılmış təmir-tikinti işləri nəticəsində olub-olmaması tikinti konstruktoru tərəfindən müvafiq araşdırmalar aparılmaqla müəyyən edilə bilər. Qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən tədqiq olunan yaşayış evində yaranmış qüsurların səbəbini müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan yaşayış evinin bir mərtəbəli tikilisində yaranmış qüsurların aradan qaldırılması üçün həmin tikilinin sökülərək yenidən inşa edilməsinin zəruri olduğu müəyyən edilir. Bunun üçün yerinə yetirilməli işlərin həcmi və dəyəri müvafiq təşkilatlar tərəfindən həmin evin yenidən inşa olunması ilə əlaqədar layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, İddiaçı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-56/2019 saylı qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apellyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-56/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-73/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-73/2021
26.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver