Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-731/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Səttar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC Avrasiya Hospitalına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(006)-274/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səttar qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC Avrasiya Hospitalına qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada iddiaçı X2 xeyrinə 3560 manat məbləğində maddi, Türkiyə Respublikasında müalicə üçün ödənilmiş 15000 ABŞ dolları məbləğində pulun manatla məzənnəsi, 50000 manat məbləğində mənəvi zərər, 210 manat məbləğində vəkil xərci və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin fevral ayında nəvəsi X6 Hospitalında burunun uno-plastik əməliyyatı keçirilmişdir. Bu əməliyyatı hospitalın həkimi Cavabdeh2 həyata keçirmişdir. Əməliyyat üçün həkimə 3500 manat pul ödənilmişdir. O, nəvəsinin əməliyyatı zamanı həkim Abduləli ilə tanış olmuş və söhbət əsnasında o, ona gözünün üstündə və kənarlarında olan qırışları əməliyyat edərək götürməyi təklif etmişdir. O, nəvəsinin toyunda yaxşı görünmək üçün bu haqda fikirləşməyə başlamış və həkimin davamlı təkidindən sonra razılaşmışdır. Həkim Cavabdeh2 ondan göz qapağında və gözün ətrafında olan qırışların götürülməsi kosmetik əməliyyatı üçün 8560 manat pul istəmişdir. 22.01.2019-cu ildə saat 7-də Avrasiya Hospitalında resepşndə oturan oğlana 8560 manat vermiş, lakin olan heç bir qəbz verilməmiş, bildirilmişdir ki, 6-cı mərtəbədə yerləşən əməliyyat otağında Abduləli həkim onu gözləyir. Əməliyyat 6 saat davam etmiş və həkim onu düzgün əməliyyat etmədiyi üçün 4 gün Hospitalda qalmışdır. Buna görə də əlavə olaraq 500 manat məbləğində pul ödəmişdir. Xəstəxanadan çıxdıqdan sonra onun vəziyyəti daha da ağırlaşmış və göz nahiyəsində şiddətli ağrılar başlamışdır. Ona görə də qızı Səadət onu öz evlərinə aparmış və o, 15 gün onlarda qalmışdır. Orda qaldığı müddətdə ağrılara dözə bilmədiyi üçün hər gün həkimi axtarmışdır. Lakin həkimin köməkçisi Könül ona demişdir ki, həkim xaricdə ezamiyyətdədir. Qızıgildə olduğu müddətdə həkimin köməkçisi 3-4 dəfə gəlib onu müayinə etmiş və hər dəfə demişdir ki, «həkim deyir ki, narahat olmasın düzələcək». Əməliyyat nəticəsində gözü qapanmamış və göz ətrafında yaralar əmələ gəlmişdir. Hətta gecələr yatarkən göz qapağı tam bağlanmamışdır. Ona görə də gözüaçıq yatmalı olmuşdur. Görmə qabiliyyəti də zəifləmişdir. Nəhayət o, həyat yoldaşının təkidi ilə öz evinə gətirilmişdir. Həmin dövrlərdə gözü görməmişdir və kəllə sümüyünə dəmirlər taxıldığı üçün vəziyyəti daha da ağırlaşmışdır. Həkimi tapa bilmədiyi üçün həkimin köməkçisi Könülü evə çağırmışdır. Mart ayının əvvəllərində həkimin köməkçisi Könül vəziyyətinin daha da ağırlaşdığını görüb bu barədə həkimə bildirmişdir. Bundan sonra həkim səhərisi günü Avrasiya Hospitalına gəlməyini bildirmişdir. O, Hopsitala getmiş, həmin gün Abduləli həkim ondan şikayət verməmək üçün və gözü qapanmadığı üçün yenidən onu əməliyyat etmiş və gözünün üst qapağından kəsib alt qapağına tikmişdir. Bu əməliyyatdan sonra da gözləri yumulmamış və yenə də şiddətli ağrılar baş vermişdir. O, bu ağrılara dözə bilməyib digər xəstəxanalara müraciət etmişdir. Briz klinikasının və Dobromed klinikasının həkimlərinə dəfələrlə müraciət etmiş və onların birmənalı rəyinə əsasən Avrasiya Hospitalında onun əməliyyatı səhv aparıldığı üçün gözünə, yəni görmə qabiliyyətimə zərər yetirilmişdir. Dobromed klinikasının həkimi Aygün xanımın dəfələrlə qəbulunda olmuş və onun müalicəsini almışdır. Onun vəziyyətinin daha da ağırlaşmasını görən ailəsi onu Türkiyəyə müayinə üçün getməyi məsləhət bilmişdir. 14.03.2019-cu ildə İstanbul şəhərində yerləşən «X7 Hastanesi Mərkəzi» klinikasında müayinə olmuş, ona bildirmişlər ki, onun üzərində aparılan əməliyyat tamamilə yanlışdır, lakin təzə olduğu üçün iki aydan sonra gəlib əməliyyat olar. Mart ayının 15-də Bakıya qayıtmışdır. Lakin o, gözünün şiddətli ağrılarına dözə bilmədiyi, gözünün qapanmadığı üçün və gözünün sulanmasına dözə bilməyib mart ayının 23-də yenidən Türkiyəyə getmiş, aprel ayının 2-də Türkiyədə yerləşən «X7 Hastanesi Mərkəzi» klinikasında əməliyyat olmuşdur. Əməliyyat zamanı onun gözü qapanmadığı üçün qulaq nahiyəsindən dəri kəsilib göz nahiyəsinə tikilmişdir. O, Türkiyədə yerləşən klinikada müalicə və əməliyyat üçün 15000 dollardan çox pul xərcləmişdir. O, Türkiyəyə getməmişdən öncə həyat yoldaşı Adil Rəhimov və yeznəsi Natiq Həsənov cavabdehlər Avrasiya Hospitalı və Cavabdeh2 ilə danışıqlar aparmış və onlara ödənilmiş puldan 7500 manatı qaytarmışlar. Lakin bu məbləğ onun Türkiyədə müalicəsi üçün çəkdiyi və bundan sonra çəkəcəyi xərcləri ödəmir, üç aydan çoxdur ki, maddi və mənəvi zərərin ödənilməsi üçün kifayət etmir. Onun müalicəsi hazırda davam edir. O, daimi olaraq Türkiyə Respublikasına müalicə üçün gedir. Hazırda isə ona dəymiş maddi ziyan 3560 (cavabdehlər tərəfindən 7500 manat ona qaytarılmışdır) manat məbləğindədir. Türkiyədə əməliyyat olunmaq üçün 15000 ABŞ dolları məbləğində xərc də maddi ziyan sırasındadır. Hesab edir ki, hazırkı işin faktiki halları baxımından ona mənəvi ziyana görə 50000 manat məbləğində pulun ödənilməsi ağlabatandır. Hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır. Bunun üçün 210 manat məbləğində pul ödəmişdir. Hesab edir ki, həmin məbləğ də cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(006)-274/2020 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iş üzrə tam və obyektiv araşdırma aparılmamasını, birinci instansiya məhkəməsinin ekspert rəyinə istinad etməsini, halbuki həmin rəydə verilmiş suallarla cavablar arasında ziddiyyət olmasını, suallara tam və hərtərəfli cavablar verilməməsini, təkrar ekspertizanın təyin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstrilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, həmçinin apellyasiya baxışı zamanı təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının rəyi üzrə əlavə və vəsatətlərinin olmamasını bildirmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, həmçinin apellyasiya baxışı zamanı təyin edilmiş əlavə məhkəmətibbi ekspertizasının rəyi üzrə əlavə və vəsatətlərinin olmamasını bildirmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Cavabdeh1 MMC Avrasiya Hospital tərəfindən verilmiş epikrizdən görünür ki, pasient, İddiaçı xx.xx.1952-ci il təvəllüdlü, 22.01.2019-cu il tarixdə qaş və yanaqda olan sallanma, üst göz qapağında izafi dəri yığınları, xarici görünüşünün qənaətbəxş olmaması şikayətləri ilə Avrasiya Hospitala qəbul olunmuşdur. Aparılan kliniki, laborator və instrumental müayinələrdən sonra xəstəyə «Üzün yuxarı və orta nahiyəsinin alt göz qapaqlarının estetik deformasiyası. Alt göz qapaqlarının ekrtopionu» diaqnozu qoyulmuşdur. 22.01.2019-cu il tarixində ümümi anesteziya altında «Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kantopexiya lipofilinqi» əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. 26.01.2019-cı il tarixdə pasient kafi vəziyyətdə ambulator müalicəyə göndərilmişdir. Müvafiq təyinatlar verilmişdir. İşdə olan X2 adına «Briz-L» Göz Klinikasında tərtib edilmiş çıxarışdan görünür ki, ona 14.02.2019-cu il tarixdə «OU-zəif dərəcəli hipermetropiya, açıqda qalan keratiti» diaqnozu təyin edilmişdir. Daxil olarkən görmə itiliyi: OD:0,4; OS: 0,4. Müvafiq təyinat verildi. İddiaçı adına «Dobromed» Klinikasında tərtib edilmiş 23.04.2019-cu il tarixli çıxarışdan görünür ki, o, 15.02.2019-cu il tarixdə klinikada müayinə olunmuş və «OU- Laqoftalm, OD-komeal eroziya» diaqnozu qoyulmuşdur. Daxil olarkən VisOD-0,15; VisOS- 0,2; TnOD-14; TnOS-15. Xəstəyə OD kontakt linza (bandaj məqsədilə) konservativ müalicə aparılmışdır. Əməliyyatdan sonra VisOD-0,2+1,75=0,7; VisOS-0,3+1,75=0,7. TnOD-17; TnOS-18. Müvafiq müalicə planı verilmişdir. Eroziya bağlanıb, komea şəffafdır. İşdə oaln İddiaçı adına Türkiyə Cümhuriyyəti «X4 Kompleksi»ndə tərtib edilmiş epikrizdən görünür ki, o, 25.03.2019-cu il tarixdə daxil olarkən şikayətləri sağ gözdə şişkinlikdən, ağrıdan və sulanmadandır. Müvafiq müayinələr aparıldı və ona «Lakrimal bezin digər pozğunluqları. Konyuktivit. Göz qapağının digər pozğunluqları. Blefaroşalazis. Keratit. Laqoftalm» diaqnozu təyin edilmişdir. Xəstəyə «Göz qapağı dəri defektlərinin rekonstruksiyası» cərrahiyyə əməliyyatı icra edilmiş və xəstə 26.03.2019-cu il tarixdə evə buraxılmışdır. İşdə olan İddiaçı adına Türkiyə Cümhuriyyəti «X4 Kompleksi»ndə tərtib edilmiş epikrizdən görünür ki, o, 01.04.2019-cu ildə daxil olarkən şikayətləri sağ gözdə şişkinlikdən, ağrıdan və sulanmadandır. Epikrez: Bilateral üst qapaq blefaroplasti sonrası laqoftalm. Müayinə: Bilateral ftalm və yayqın punktat keratit. Xəstə yatarkən sağda daha çox bilateral açıq qalır, iki qapaq dərisi ödemlidir. Sağ göz 4 mm, sol göz 2 mm açıq qalır, sağ üst qapağa 9, sol göz üst qapağa 7 mm cilt əlavə ediləcək. Göz yaşı müalicəsi verildi. İşdə olan İddiaçı adına 58 saylı şəhər Poliklinikasında tərtib edilmiş ambulator kitabçanın çıxarışından görünür ki, o, 22.07.2019-cu il tarixdə poliklinikaya müraciət etmişdir. Özünü 7 aya yaxındır ki, xəstə hesab edir. Xəstəliyin səbəbini keçirdiyi cərrahi əməliyyatla əlaqələndirir. Xəstənin ümumi vəziyyəti orta ağırdır. Bəbəklər D=S. Üzü simmetrikdir. Refleksləri canlanmışdır. Emosional labildir. Xəstəliyi tez-tez residivləşir. Diaqnoz: «Nevropatiya. Dissirkulyator ensefalopatiya». Xəstə stasionar müalicəyə göndərilir. 23.07.2019-cu il tarixdə xəstədə heç bir məhsuldar psixi simptomlar aşkarlanmır. Psixi halı ilə əlaqəli ambulator müraciət edə bilər və ya sanator-kurort müalicəsi daha məqsədyönümlüdür. Nevroloqun baxışı zamanı xəstədə ocaqlı və meningial simptomatika qeyd olunmur. Emosional və vegetativ həssasdır. Hal-hazırda xəstədə asteno-nevrotik hal (situasiyaya qarşı) qeyd olunur. Müvafiq məsləhətlər verildi. İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış 10.04.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olması üçün 18.06.2019-cu il tarixində sertifikasiyadan keçmiş və ona AH 034814 nömrəli sertifikasiya şəhadətnaməsi verilmişdir. İşdə olan Cavabdeh1 MMC Avrasiya Hospital tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış 15.04.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 plastik cərrahi əməliyyatları aparmaq səlahiyyəti olmuşdur və Səhiyyə Nazirliyinin bu barədə lisenziya şəhadətnaməsi mövcuddur. İşdə olan 26.04.2019-cu il tarixli, 355766 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqlarının müdafiə edilməsi məqsədilə 14 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat ödəniş etmişdir. İşdə olan 06.05.2019-cu il tarixli ödəniş qəbzindən (№ 5********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya» Elmi-Təcrübi və Tədris Birliyinin 325/KEŞ nömrəli, 06.09.2019-cu il tarixli ekspert rəyindən görünür ki, 1952-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmətibbi və mütəxəssis müayinələrinə əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: “Avrasiya Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 22.01.2019-cu il tarixdə hospitala daxil olduqdan sonra aparılmış kliniki, laborator və instrumental müayinələr əsasında ona «Üzün yuxarı və orta nahiyəsinin, alt göz qapaqlarının estetik deformasiyası. Alt göz qapaq larının ektropionu» diaqnozu düzgün təyin edilmişdir. «Avrasiya Hospital»da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi əməliyyatdan öncə aparılmış kliniki, laborator və instrumental müayinələrinin nəticələrinə əsasən əməliyyata əks göstəriş olmamışdır. «Avrasiya Hospital»da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün mütəxəssis müayinələrinə əsasən təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində «Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kantopexiya lipofilinqi» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinələrinə əsasən, onda əməliyyatdan sonrakı dövrdə üst göz qapaqlarının tam bağlanmaması, sağ göz qapağının fizioloji formasının dəyişməsi və əməliyyat nahiyəsində post-operativ çapıq toxumasının olduğu müəyyən edilmişdir. Əməliyyatdan sonrakı dövrdə yaranmış dəyişikliklər pasientin yaşından və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq post-operativ çapıq toxumasının formalaşması ilə əlaqədar meydana çıxmışdır. Qeyd olunan patoloji dəyişikliklər etaplı cərrahiyyə əməliyyatları və fizioterapevtik prosedurlar ilə aradan qaldırıla bilər. İddiaçı mütəxəssis-oftalmoloqun müayinəsinə əsasən, onda görmə qabiliyyətinin VisOD=0,1; VisOS=0,1 olduğu, yuxarı göz qapağının tam qapanmadığı, sağ göz qapağının fizioloji formasının dəyişdiyi, əməliyyatla bağlı çapığın və «quru göz sindromu»nun olduğu müəyyən edilmişdir. Üst göz qapaqlarında əməliyyatdan sonra yaranmış deformasiyalar etaplı cərrahi əməliyyatlar və fizioterapevtik prosedurlar ilə aradan qaldırıla bilər. Bunun üçün tələb olunan vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspertiza komissiyasının səlahiyyətlərinə aid deyil. İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonrakı dövrdə onda yaranmış patoloji dəyişikliklərlə əlaqədar 25.03.2019-cu il tarixdə Türkiyə Cümhuriyyəti «X4 Kompleksi»ndə onun üzərində «Göz qapağı dəri defektlərinin rekonstruksiyası» cərrahiyyə əməliyyatı icra edilmişdir. İlkin cərrahiyyə əməliyyatından sonra qeyd olunan patoloji dəyişikliklər orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq bu tip estetik əməliyyatlarda rast gəlinən hallardandır. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar, həmçinin aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, cavabdehlərin hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının pozulması; 2) əgər yuxarıda göstərilən hallar mövcuddursa, bunun nəticəsində iddiaçıya ziyanın vurulub-vurulmaması, onların arasında olan səbəbli əlaqə, həmçinin iddiaçıya məhz iddia tələbində göstərilən məbləğdə maddi və mənəvi ziyan vurulmasının sübuta yetirib-yetirilməməsi İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. Məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmışdır. «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun 59-cu maddəsinə görə, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanunun 9-cu maddəsinə əsasən, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. Həmin Qanunun 16-cı maddəsinə əsasən, tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqlara malik olsa da, məhkəmə baxışı zamanı tələbinin əsası kimi istinad etdiy halları əsaslandıra və sübut edə bilməmişdir. Həmçinin işdə olan sübutlardan, həmçinin ekspertiza rəylərindən (həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya icraatı zamanı təyin olunmuş ekspertiza rəyləri) - iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı diaqnozun düzgün qoyulması, əməliyyata əks göstərişin olmaması, əməliyyatın taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməsi, əməliyyatdan sonrakı dövrdə yaranmış dəyişikliklərin pasientin yaşından və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq post-operativ çapıq toxumasının formalaşması ilə əlaqədar meydana çıxması, cərrahiyyə əməliyyatından sonra patoloji dəyişikliklərin orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq bu tip estetik əməliyyatlarda rast gəlinən hallardan olması və s. müəyyən edilmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutü məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, işdə olan sübutlarla iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı iddiaçının bildirdikləri (iddiası) öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və sair nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. MM-nin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları, qanunvericiliyin qeyd edilən normalarını və tədqiq olunmuş sübutları nəzərə alaraq, həmçinin birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı ona maddi və mənəvi ziyan vurulmasını, həmin ziyanla cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə ziyanın vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Səttar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC Avrasiya Hospitalına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(006)-274/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(006)- 274/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-731/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-731/2021
29.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver