Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7319/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(009)-2253/2023 saylı qərardadından iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(009)- 2253/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini belə izah etmişdir ki, ərizə və ona əlavə edilmiş sənədlərdən İddiaçı pretenziya qaydasına əməl etmədiyi, yəni Cavabdeh müraciət olunması və ya müraciət olunduğu təqdirdə aldığı imtina barədə sənədi iş materiallarına əlavə etmədiyi müəyyən olunmuşdur. Bu da iddiaçının qanunvericiliyin qeyd edilən tələblərinə əməl etmədiyini göstərir. Həmçinin məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli təmir xidmətlərinin göstərilməsi müqaviləsinin 5.2-ci bəndindən görünür ki, tərəflər öz aralarında razılığa gələ bilməsələr mübahisənin həll olunması üçün Azərbaycan Respublikasının İnzibati-İqtisad Məhkəməsinə (Bakı Kommersiya Məhkəməsinə) verilir və qəbul olunan qərar yerinə yetirilir. Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili Vəkil şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh ilə xx.xx.2022-ci ildə təmir xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 103, mənzil 74-ü təmir etməli idi. Təmirin qiymətini 13.880 manata razılaşmışlar. İddiaçı “İS GROUP COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh xx.xx.2022-ci ildə 2.800 manat, xx.xx.2022-ci ildə 2.800 manat, xx.xx.2022-ci ildə 4.200 manat və xx.xx.2023-cü ildə isə 2.620 manat olmaqla cəmi 12.420 manat pul ödəmişdir. Lakin o, mənzildə tam təmir işləri aparmamış və apardığı işləri də yararsız vəziyyətdə və keyfiyyətsiz şəkildə etmişdir. Tərəflər arasında olan müqaviləyə görə iddiaçı ona 13.880 manat pul ödəməli idi və o, mənzildə müqavilədə qeyd olunan şəkildə təmir işləri aparmalı idi. Lakin o, müqavilənin şərtlərinə əməl etməmişdir. İddiaçı ona cəmi 12.420 manat pul ödəmişdir. Onun isə evdə gördüyü təmir işlərinin dəyəri 6.625 manat təşkil edir. Hesab edir ki, cavabdehə ödənilən 12.420 manat puldan 6.625 manat çıxmaq şərti ilə qalan 5795 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh öz öhdəliyini tam olaraq və keyfiyyətli şəkildə icra etməmişdir. Ona görə də iddiaçı ona qarşı pul tələbinə dair iddia ilə məhkəməyə mürcaiət etmişdir. İddiaçı müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət etdiyi halda pretenziya qaydasına əməl etməli idi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2253/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-cı və 151.2-ci maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçı ilə cavabdehin arasındakı mübahisənin məhkəməyə qədər nizama salınması və ya pretenziya qaydasına riayət edilməməsi yalnız o halda iddia ərizəsinin qaytarılması üçün əsas ola bilər ki, bu qaydaya riayət edilməsinin məcburiliyi müqavilədə və ya qanunda birbaşa göstərilmiş olsun. İş materiallarından göründüyü kimi tərəflər arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna, bununla da işlər qurtaranadək müqavilədən imtina etdiyinə istinad edərək, müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməsini xahiş edir. Müəyyən edildiyi kimi zərərin ödənilməsinə dair mübahisənin (müqavilədən irəli gəldiyi təqdirdə belə) məhkəməyə qədər nizama salınması və ya pretenziya qaydasına riayət edilməsinin məcburiliyi qanunda birbaşa nəzərdə tutulmur. Məhkəmənin iddiaçı ilə cavabdehin tərəf olduqları müqavilənin 5.2-ci bəndinə istinadən iddia ərizəsinin qaytarılması ilə bağlı isə qeyd edilməlidir ki, məhkəmə, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilib-verilmədiyini, məhkəmə icraatının mümkün olub-olmadığını yoxlamaq üçün həmin müqavilənin qüvvədə olub-olmadığını araşdırmalıdır. Belə ki, tərəflər arasında yaranmış müqavilə münasibətlərinə müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması əsası ilə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi yolu ilə xitam verildiyi, iddiaçının məhkəməyə müraciət etməsinin əsası olan mübahisə predmetinin məhkəməyə müraciət edilən zaman artıq mövcud olmadığı və beləliklə də olmayan müqaviləyə istinad etməsinin mümkün olmadığı müəyyən edildiyi təqdirdə xx.xx.2022-ci il tarixli Təmir xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsaslanaraq Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə uyğun şəkildə iddianın geri qaytarılması məhkəmə tərəfindən istisna ediləcəkdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa kollegiya müqavilənin 5.2-ci bəndinə uyğun olaraq tərəflərin mübahisənin həll olunması üçün Azərbaycan Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməli olması ilə əlaqədar qeyd edir ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesinin xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılmasına zəmanət yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Belə olan halda kollegiya qeyd edir ki, qanunla müəyyən edilmiş məhkəmə aidiyyətinin müqavilə ilə dəyişdirilməsi qanunaziddir. Belə ki, məhkəmə aidiyyəti ilə bağlı məsələni həll edərkən iddianın mümkünlüyü məsələsinə baxan məhkəmə, mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.), mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olub-olmamasını nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla iddia ərizəsini geri qaytarmaqda haqlı olmamış, məhkəmə iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuşdur. Ona görə də həmin qərardad ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) birinci instansiya məhkəməsinə göndərilməlidir. Zərurət yarandığı təqdirdə bu məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi-vəkili Vəkil şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2253/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərardadı tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-7319/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7319/2023
05.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver