Məhkəmə qərarları › İş №2(103)-7321/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7321/2022

25.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7321/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev № 79-da yerləşən 53 №-li mənzilə cavabdehə aid olan, həmin evdəki 56 №-li mənzildən su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 12.000 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 804 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edlməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, iddiaçıya aid olan mənzilə su axmasının səbəbi cavabdehə aid olan mənzilin kommunikasiya xətlərinin nasazlığı olmamamışdır. Ona görə də zərərə görə cavabdehdən pul tutula bilməz. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsində icraat zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/5598 nömrəli ekspert rəyində qeyd olunub ki, iddiaçıya aid olan mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin iddiaçıya aid olan mənzilin divarlarındakı su sızma ləkələri, eləcə də, mülki işin materiallarında olan 138 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçıya aid olan mənzilə baxışı keçirilməsi barədə aktdakı məlumatlar nəzərə alınaraq iddiaçının mənzilinə üst mərtəbədə yerləşən, cavabdehin mənzilindən su sızması müəyyən olunur. Göründüyü kimi, ekspert müəyyən edib ki, su sızma cavabdehin mənzilindən baş verib. Su sızmanın texniki səbəbinin dəqiqiliklə müəyyən edilməsinin mümkün olmaması, su sızmaya görə cavabdehin məsuliyyətdən azad edilməsinə əsas vermir. O cümlədən, həmin ekspert rəyi ilə müəyyən edilib ki, su sızması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 804 manat məbləğində müəyyən edilir. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar ekspertizanın təyin edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə Mülki Məcəllənin 1096, 1097 və 1111.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, ona görə də mübahisələndirilən hissədə, yəni iddianın təmin edilən hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddianın rədd edilən hissəsində qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar