Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7336/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, iddiaçı Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli qərardaddan Cavabdeh1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Səbail RİH-nin cavabdehlərə qarşı irəli sürdüyü “kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi, iddiaçı RİH-nin ərizəsinin təmin edilməsini, hazırki iş üzrə icraatı iddiaçılar Cavabdeh1 və başqalarının Bakı Şəhər İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti və "xxxx" MTK-ya qarşı “mənzillərin sökülməsi ilə əlaqədar mənzillərin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzillərin faktiki sahəsindən 30 faiz artıq sahəli mənzillərlə təmin edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmasını qərara almışdır. Cavabdeh1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəmə heç bir hüquqi və faktiki əsas olmadan iş üzrə icraatın dayandırılması qənaətinə gəlmişdir. Halbuki, iddiaçı Səbail RİHnin Cavabdeh1 qarşı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki işlə iddiaçı Cavabdeh1 mənzil verilməsi və ziyanın ödənilməsi tələbinə dair işin tərəfləri, predmeti, əsasları müxtəlifdir. Hazırki iş üzrə müəyyən edilmiş və ya müəyyən ediləcək halların hazırda apellyasiya instansiyası məhkəməsinin icraatında olan digər işlə heç bir əlaqəsi mövcud deyil. İddiaçı RİH-nin ciddi cəhdlə hələ qüvvəyə minməmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə və həmin qətnamədə irəli sürülmüş məhkəmənin subyektiv mövqeyinə istinad etməsi anlaşılan deyil. Adıçəkilən qətnamənin hazırki işlə bağlılığı qeyri-müəyyəndir. Məhkəmə iş üzrə icraatın dayandırılması barədə vəsatətə dair cavabdehin etirazına hüquqi qiymət verməmiş, etirazı təkzib edən hər hansı mövqe nümayiş etdirə bilməmişdir. Məhkəmə hazırki iş üzrə iddia predmetini təşkil edən əmlakın artıq mövcud olmadığını, Cavabdeh1 məxsus mənzilin ona heç bir məlumat verilmədən Bakı Şəhər İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti və "xxxx" MTK tərəfindən söküldüyünü və bununla da mülkiyyətçiyə ciddi maddi və mənəvi ziyan vurulduğunu bilərəkdən nəzərə almamış, iş üzrə icraata xitam vermək yerinə iddiaçı yerli icra hakimiyyəti orqanının Cavabdeh1 qarşı əsassız tələblərdən çıxış edərək, məhkəmə prosesini süni şəkildə ləngitməsinə şərait yaratmışdır. Beləliklə, hazırki iddianın predmetini təşkil edən mənzil artıq mövcud olmadığından, iş üzrə icraatın dayandırılması barədə qərardad ləğv edilməklə, iş üzrə icraata xitam verilməsi haqqında yeni qərardad çıxarılmalıdır. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün, şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. İş materiallarından görünür ki, iddiaçılar Cavabdeh1 və başqaları Səbail Rayon İcra Hakimiyyəti, "xxxx" MTK və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “mənzillərin sökülməsi ilə əlaqədar mənzillərin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzillərin faktiki sahəsindən 30 faiz artıq sahəli mənzillərlə təmin edilməsi və sair tələbi barədə” iddia ərizəsi əsasında icraatı başlanmış mülki işə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş №: 2(009)-134/2023) ilə iddia Cavabdeh1 münasibətdə təmin edilməmişdir. İddiaçı Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (İş № 2(103)-5238/2023). Belə olan halda, Səbail Rayon Məhkəməsinin 2(009)-134/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi, ondan apellyasiya şikayəti verildiyi üçün qanuni qüvvəyə minməmişdir. Həmin iş üzrə iddianın rədd olunması barədə qətnamənin qüvvədə qalması ehtimalı olduğu kimi, qətnamənin rədd edilərək iddianın təmin edilməsi ehtimalı da var. İddia təmin olunacağı təqdirdə qəbul ediləcək yekun məhkəmə aktı hazırda davam edən mülki işin nəticəsinə birbaşa təsir edəcək və həmin məhkəmə aktında müəyyən edilən işin faktiki halları hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edəcəkdir. Beləliklə, hazırki iş üzrə icraatı MPM-nin 254.1.4-cü maddəsinin tələbinə əsasən dayandırmış Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Odur ki yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7336/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7336/2023
05.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver