Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-735/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azneft” İB-nə qarşı kredit zərərçəkmiş şəxsə dəyən ödəncin alınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2589/19 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı mərhum əri X2 ölüm günündən, yəni xx.xx.2019-cu il tarixdən “Azneft” İB-nin “Neft Daşları” NQÇİ tərəfindən zərərçəkən şəxsə ödənilən ödənci almaq hüququnun tanınması, həmin ödəncin iddiaçıya ömürlük təyin edilməsi və xx.xx.2019-cu il tarixdən qəbul olunmuş qətnamənin icra ediləcəyi tarixədək iddiaçıya ödənilməli olan ödəncin məbləğinin birdəfəlik hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh “Azneft” İB-nə həvalə edilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh “Azneft” İB-nə qarşı “zərərçəkmiş şəxsə dəyən ödəncin alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum X4 ilə xx.xx.1975-ci il tarixdə nikaha daxil olmuşdur. Mərhum Ş.Məmmədov 1974-cü ildən xx.xx.1999-cu ilədək “Azneft” İB-nin “Neft Daşları” X7 İdarəsində usta vəzifəsində işləmişdir. xx xxxxxx 1999-cu ildə “Neft Daşları” NQÇİ-nin 2112 saylı meydançasının döşəmələrinin yaş olması və diqqətsizlik səbəbindən maşından düşərkən ayağı sürüşərək başından xəsarət almışdır. xx xxxxxx 1999-cu il tarixli 1 nömrəli akt tərtib edilmiş, 4 saylı X6 Ekspert Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli müayinə aktına əsasən Ş.Məmmədov əmək qabiliyyətinin 90%-ni itirdiyinə görə xx.xx.1999-cu il tarixdə işdən azad olunmuşdur. Ş.Məmmədov əvvəlcə İİ qrup, daha sonra İ qrup əlillik almışdır. Ş.Məmmədova işdən azad olunduğu gündən müavinət ödənilmişdir. Ş.Məmmədov qeyd edilən bədbəxt hadisədən sonra səhhəti getdikcə ağırlaşdığından xx xxxx 2019-cu il tarixdə ölmüşdür. Bu müddət ərzində ona iddiaçı baxmışdır. İddiaçı “Azneft” İB-nin “Neft Daşları” X7 İdarəsinə müraciət edərək həyat yoldaına ödənilən müavinətin ona ödənilməsini xahiş etsə də, imtina cavabı almışdır. İddaçı özü hal-hazırda İİ qrup əlildir və həmin müavinətə ehtiyacı vardır. Bu səbəbdən məhkəməyə müraciət etmiş və məhkəmədən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdehin səlahiyətli nümayəndəsi-vəkil Eldəniz İsmayılov Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətin rədd olunmasını xahiş edən iddiaçıların izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, iddiaçının həyat yoldaşı Ş.Məmmədov 1984-cü ildən xx.xx.1999cu ilədək “Neft Daşları” NQÇİ-də usta vəzifəsində çalışmışdır. xx xxxxxx 1999-cu il tarixdə “Neft Daşları” NQÇİ-nin 2112 saylı meydançasının döşəmələrinin yaş olması və diqqətsizliyi səbəbindən o, maşından düşərkən ayağı sürüşərək başından xəsarət almışdır. Xəsarətlə əlaqədar xx xxxxxx 1999-cu il tarixli 1№li akt tərtib edilmiş və 4 saylı X6 Ekspert Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli müayinə aktına əsasən Ş.Məmmədov əmək qabiliyyətinin 90%-ni itirdiyindən xx.xx.1999-cu ildən işdən azad olunaraq müavinət almışdır. Ona təyin olunmuş müavinət vəfat etdiyi tarixədək Ş.Məmmədova ödənilmişdir. Ş.Məmmədov xx xxxx 2019-cu il tarixdə mədənin bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. İşdə olan AZ-İİ№ 000313 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, 349446 nömrəli evlənmək haqqında şəhadətnamənin surəti və Bakı şhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(001)- 2960/2019 saylı qətnaməsinin surəti ilə təsdiqlənmişdir. İşə baxan birinci instansiya məhkəməsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(001)-2960/2019 saylı qətnaməsinə istinad etməsinə dair haqlı olaraq qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə və həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı iləmülki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyindən daxil olmuş 01/KEŞ saylı ekspert rəyinə əsasən Şahbaz Məmmədovun meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi haqqında fikir söylənilməsi mümkün olmamışdır. Lakin, ölümünü əmələ gətirən səbəbin onun istehsalatda almış olduğu qapalı kəllə beyin travmasından sonra yaranmış “baş beyinin travmatik xəstəliyi”-nin olması istisna edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Əmək Məcəlləsinin 212-ci maddəsinə əsasən, əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir, ona nəzarət edir və s. Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin təhqiqinin, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Əmək Məcəlləsinin 235-ci maddəsinə əsasən, əməyin mühafizəsi normalarının, qaydalarının, habelə əməyin mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan nəzarət edir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanının qəbul etdiyi qərarlar hökmən icra olunmalıdır. Bu qərarlardan, qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.7-ci bəndinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə barədə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinə (və ya Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Bu Qaydaların 1.8-ci bəndinə əsasən ... işəgötürən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə ... cavabdehdir. Eyni Qaydaların 2-ci bəndinə əsasən, ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər ... baş vermiş bədbəxt hadisələrin təhqiqatı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımı nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir.İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, mərhum Ş.Məmmədova təyin edilən aylıq müavinət və onun Ş.Məmmədova vəfat etdiyi tarixədək ödənilməsi onun başına gəlmiş bədbəxt hadisənin məhz istehsalatda baş vermiş qəza nəticəsində əmələ gəldiyi təsdiq edilmişdir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə – mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq. Həmin Qərarın 3.1-ci və 3.2- bəndlərini hazırki işin halları ilə yanaşı yoxlayaraq işə baxan məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı ərinə ödənilən ödəncin ona ödənilməsini iddia etməkdə haqlı olmuşdur. Belə ki, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli Qərarın 3.2-ci maddəsi zərərçəkənin öldüyü halda ödənc almaq hüququ olan şəxslərin dairəsini Mülki Məcəllənin 1121-ci maddəsi ilə məhdudlaşdırır. Mülki Məcəllənin 1121-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; 1121.3.4. əlillərə əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. İş materiallarında əlavə edilmiş AZE seriyalı 00042386 nömrəli şəxsiyyət vəsiqəsinin və 212278 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il təvəllüdlü olmaqla halhazırda 69 yaşındadır və eyni zamanda 2-ci qrup əlildir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları sayılır. Mülki Məcəllənin 1121-ci maddəsini, habelə “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2ci maddəsini hazırki işin halları ilə yanaşı yoxlayaraq məhkəmə qeyd edir ki, iddiaçı 2-ci qrup əlil olduğundan, eyni zamanda qanunla müəyyən edilmiş qaydada 62 yaşını keçdiyindən hər iki əsasla əmək qabiliyyəti olmayan şəxs sayılır və bu səbəbdən də onun mərhum əri Ş.Məmmədova ödənilən ödənci almağa hüququ yaranır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci nstansiya məhkəməsi iddiaçının mərhum əri X2 ölüm günündən, yəni xx.xx.2019-cu il tarixdən “Azneft” İB-nin “Neft Daşları” NQÇİ tərəfindən zərərçəkən şəxsə ödənilən ödənci almaq hüququnun tanınması, həmin ödəncin iddiaçıya ömürlük təyin edilməsi və xx.xx.2019-cu il tarixdən qəbul olunmuş qətnamənin icra ediləcəyi tarixədək iddiaçıya ödənilməli olan ödəncin məbləği birdəfəlik hesablanaraq iddiaçıya ödənilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “Azneft” İB-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-735/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-735/2020
12.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver