Məhkəmə qərarları › İş №2(103)-735/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-735/2022

03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-735/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(005)-3580/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi kimi 3000 manat və 10000 manat mənəvi zərərin əvəzini, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 13030 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı səhhətindəki problemlərə görə uşağı doğulmur. Lakin, hazırda tibb elminin inkişafı nəticəsində süni mayalanma yolu ilə hamiləlik mümkündür. Bu məqsədlə 2019-cu ilin aprel-may aylarında iddiaçı Azər-Türk Med klinikasına müraciət etmişdir. Orada həmin vaxt Türkiyədən gəlmiş həkim Ərsadiq Turan ilkin baxışdan sonra mayalanmanın müsbət nəticə verəcəyini bildirmişdir. Bu məqsədlə 03 may 2019-cu il tarixdə klinikanın hesabına 3000 manat pul ödəmişdir. Ümumi prosessin qiyməti 4500 manat bildirilmişdir, lakin ilkin mərhələdə 3000 manatın ödənilməsi kifayət etmişdir. Qeyd edir ki, həmin ərəfədə iddiaçı hələ qızlıq soyadını daşıyırdı, ona görə də müqavilə və qəbzlərdə soyadı Sərdarova kimi qeyd olunub. Sonradan məhkəməyə müraciət etməzdən öncə şəxsiyyət vəsiqəsini dəyişərkən ərinin soyadına keçmək zərurəti yaranmışdır. Klinikaya ödənişi Sərdarova Sevincin adından bacısı Sərdarova Yeganə həyata keçirmişdir. Pul ödənildikdən 2-3 gün sonra iddiaçı çoxsaylı analizlər vermiş və bütün analizlərin nəticələri əməliyyatın keçirilməsi üçün qənaətbəxş hesab edilmişdir. Analizlərin nəticələri müsbət olduğu üçün, həkim onlarla tanış olan kimi müalicəyə başlamaq qərarına gəlmiş və müxtəlif təyinatlı iynə və digər preparatları təyin etmişdir. 1 ədəd əzələdaxili iynə vurulmuşdur. Bin neçə gün sonra həkim baxış keçirdikdən sonra bildirmişdir ki, birinci mərhələdə mayalanma baş tutmamışdır və qısa müddət sonra kursu təkrarlanmalıdır. İddiaçı təxmini 1 həftə sonra təkrar olaraq klinikaya gəlsə də, oradan ona bildirilmişdir ki, Ərsadiq Turan adlı həkim artıq burada işləmir və ümumiyyətlə klinikada fəaliyyət göstərmir. Təxmini avqust ayına qədər gözləmək lazımdır, həmin vaxta digər həkim tapacaqlar və o, müalicəni davam etdirəcək. Bir az arxayınlaşan iddiaçı heç yerə müraciət etmədən avqust ayını gözləmişdir. Daha sonra avqust ayından başlayaraq müxtəlif bəhanələrlə gözləmə müddəti klinika tərəfindən hazırkı günədək uzadılır. Gözləməkdən bezən iddiaçı oraya ödənilmiş pulların ona qaytarılmasını tələb etsə də, pulun qaytarılmasından imtina edilmiş və şikayəti varsa məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İddiaçı hesab edir ki, klinikaya ödədiyi pullar ona maddi zərər kimi qiymətləndirilərək geri qaytarılmalıdır. Həmçinin uzun illər uşaq arzusunda olan iddiaçı klinika tərəfindən ona verilmiş vədlərə görə ümidlənmişdir. Sonra isə mayalanmanın baş tutmadığı (hamilə qalmadığı) səbəbindən güclü stress keçirmiş və ona mənəvi zərər dəymişdir. Hazırda cavabdeh klinikanın əlaqə qurmaqdan qaçması, oraya edilən zənglərin cavabsız qalması bu depressiya və stress vəziyyətini daha gücləndirir, bu hal fiziki iztirablarla müşahidə olunur. Bundan əlavə klinikadan bildirilmişdir ki, ödənilmiş 3000 manatdan 800 manatı analizlər üçün ödənilmişdir. Halbuki heç bir nəticə verməyən, ümumiyyətlə aparılmayan müalicəyə görə analizlərin götürülməsinə zərurət yox idi və ələlxüsus da heç bir klinikada laborator analiz aparılması belə baha qiymətə başa gəlmir. İddiaçı hesab edir ki, cavabdehin işinə səhlənkar və laqeyd yanaşması nəticəsində ona 3000 manat real maddi zərər vurulmuşdur. Daha sonra 1 il ərzində keçirdiyi stress və sıxıntılar nəticəsində aldığı mənəvi zərəri isə 10000 manat qiymətləndirir. Həmçinin məhkəmə xərclərinin də, cavabdehdən tutulub ona ödənilməsini tələb edir. İddiaçı hesab edir ki, cavabdeh "xxxx" MMC bir səhiyyə müəssisəsi olaraq orada çalışan həkimlərin işlərinə görə məsuliyyət daşıyır, həkim pasiyentini və işini atıb getdiyi təqdirdə pasiyentin müalicəsinin davam etdirilməsi üçün klinika bütün səylərini əsirgəməməli, digər həkimlə təmin etməlidir, bu mümkün olmadıqda pasiyenti öz hesabına başqa klinikaya köçürməlidir, bu da mümkün olmadıqda isə qarşılıqlı razılığa əsasən pasientdən aldığı ödənişi ağlabatan kompensasiya əlavə olunmaqla geri qaytarmalıdır. Hazırkı iş üzrə cavabdeh bu hərəkətlərin heç birini etməmişdir, mülki müqavilə üzrə öhdəlikləri icra etmədiyi halda, münasibətlərin düzəlməsinə doğru da addım atmamışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(005)-3580/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 3000 (üç min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(005)-3580/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, iddiaçı "xxxx" MMC-yə 3000 manat ödədiyini sübut edə bilməmiş, ödənişi təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı "xxxx" MMC ilə hər hansı bir əlaqədə olmasını, klinika tərəfindən hansısa sənədin verilməsini heç cür sübut edə bilmir. Əgər olmadığı halda belə qəbul edilsə ki, iddiaçının münasibətləri bu klinika ilə olmuşdur, onda birinci instansiya iddiaçının bildirdiyi kimi, cavabdeh tərəfindən çoxsaylı analizlər götürülmüş, iddiaçıya müalicə başladılaraq iynə də vurulmuşdur. Lakin Nərimanov rayon Məhkəməsi cavabdeh tərəfindən çəkilən xərcləri ümumiyyətlə nəzərə almadan iddiaçının ödədiyi bütün məbləğin qaytarılmasını qət etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclaslarında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil izahat verərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında hər hansı bir öhdəlik hüquq münasibətləri olmamışdır. Süni mayalanma elə bir məsələdir ki, burada ciddi fəsadlar ola bilər. Buna görə də, müqavilə bağlanması vacibdir. Tərəflər arasında isə süni mayalanma ilə bağlı hər hansı bir müqavilə bağlanmayıb. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən müqavilənin olması tələb olunur. İddiaçı isə belə bir müqavilə təqdim edə bilmir. Digər tərəfdən iddiaçının təqdim etdiyi qəbzin cavabdeh "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur. İddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində pul ödənilməyib. Dəfələrlə iddiaçıya təklif etmişlər ki, prokurorluq orqanlarına müraciət etsin. Lakin iddiaçı özünün bu hüququndan istifadə etmir. İstənilən şəxs klinikada tibbi analizlər verə bilər. Bu o anlama gəlməyə əsas vermir ki, klinikada süni mayalanma olub. İddiaçı da, klinikada analizlər verməsi, onun süni mayalanma ilə bağlı klinikada müqavilə bağlaması və pul ödəməsi demək deyildir. Xahiş etdi ki, qətnamə iddianın qismən təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin olunmamasını, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, o, təqdim etdiyi qəbzin rekvizitlərinin olmamasına diqqət yetirməmişdir. Lakin pulu cavabdehə ödəmişdir. Onun cavabdehlə aralarında müqavilə olması ilə bağlı təqdim olunası sübutu yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki apellyasiya şikayətinin dəlilləri iddianın qismən təmin edilən hissəsi ilə bağlı olmaqla, iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC-nin tibbi müayinə aktlarından görünür ki, İddiaçı müxtəlif analizlər götürülmüşdür. İş materiallarında olan 03.05.2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 3000 manat məbləğində ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən qeyd etmişdir ki, mülki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər iddiaçının üzərində müəyyən tibbi əməliyyatın aparılması ilə bağlı şifahi razılaşmaya gəlmişlər, iddiaçı həmin əməliyyatın ödənişini əvvəlcədən etmiş, lakin onun üzərində əməliyyat aparılmamış və ödəniş də geri qaytarılmamışdır. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, laki bunun müqabilində iddiaçı tərəfindən verildiyini qaytarmalı olduğu halda, bunu etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi qəbzə istinad edərək, cavabdehlə aralarında süni mayalanma ilə bağlı öhdəlik münasibətlərinin yaranmasına və cavabdehə 3000 manat pul ödəməsinə istinad edir. Kollegiya qeyd edir ki, tərəflər arasında süni mayalanma ilə bağlı öhdəlik münasibətlərinin yaranması müəyyən olunmur, iddiaçı bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən özəl tibbi müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi yardıma görə ödəniş: bilavasitə xəstələrlə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi 3000 manat məbləğində pulun ödənilməsi barədə 03.05.2018-ci il tarixli qəbzdən pulun cavabdehə ödənilməsi halı müəyyən edilmir. Belə ki, həmin qəbzdə və qəbzdə olan möhürdə cavabdehə aid heç bir rekvizit müəyyən olunmur. Digər tərəfdən iddiaçının cavabdeh "xxxx" MMC-də analizlər verməsi, onunla cavabdeh arasında süni mayalanma ilə bağlı öhdəlik münasibətlərinin olması anlamına gəlməyə əsas vermir. Belə ki, istənilən vətəndaş istənilən klinikada sağlamlığı ilə bağlı istənilən analizlər verə bilər və vətəndaşın bu hüququ heç bir halda məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Kollegiya qeyd edir ki, cavabdeh sübut kimi süni mayalanma ilə bağlı başqa vətəndaşlar ilə bağladığı çoxsaylı müqavilələrin surətlərini təqdim etmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirilən hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Buna görə də, iddia tələbi mübahisələndirilən hissədə əsassız olduğundan, təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(001)- 1368/2021 saylı qətnaməsi mübahisələndirilən- iddianın qismən təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar