Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7352/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh Qiymətləndirmə və Konsaltinq şirkəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Qiymətləndirmə və Konsaltinq şirkəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qiymətləndirmə və Konsaltinq şirkəti tərəfindən “Handtmann VF 200” markalı şprisin qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli, “Kutter KN-125” markalı avadanlığın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli, “Kutter Alpina” markalı avadanlığın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2023cü il tarixli və “Ulma” markalı vakkum maşınının qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli hesabatlarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini tətbiq edərkən, iddia tələbinin hüquqi dəyərləndirməsini, predmetini və iş üzrə tərəflərin prosessual vəziyyətini düzgün müəyyən edməmişdir. Belə ki, iddia tələbinin verilmə əsası qiymətləndirmə obyektinin qiymətinin real bazar qiymətinə uyğun olmaması ilə əlaqədar olmuş, bu məqsədlə hüquqi əsaslandırma kimi, “X2” qanunun 8-ci maddəsinə istinad edilərək, qiymətləndirmə hesabatı iddia qaydasında mübahisələndirilmişdir. İddia tələbi birbaşa Cavabdeh Qiymətləndirmə və Konsaltinq sirkətinə qarşı yönəlmiş və Yasamal rayon icra şöbəsi 3-cü şəxs kimi işdə iştirak etməyə dəvət edilmişdir. İddia tələbi üzrə icra məmuruna qarşı hər hansı bir tələb yönəldilməmiş və qiymətləndirmənin keçirilməsinə əsas olan qərarı mübahisələndirilməmişdir. Mübahisələndirilən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən qiymətləndirmənin real bazar qiymətlərinə uyğun aparılmaması ilə əlaqədardır. X1 8-ci maddəsinə əsasən, bu kimi mübahisələrə məhkəmə tərəfindən baxılır. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edilmiş real bazar dəyəri icra məmuru tərəfindən qəbul edilmiş qərarın hüquqi qüvvəsinə heç bir təsiri olmadığı, o cümlədən qaldırılmış iddia tələbi ilə də icra məmuru tərəfindən qəbul edilmiş qərarın qanuniliyi və hərəkətləri mübahisələndirilmədiyindən, tələbin əsası icra məmurunun hərəkətlərindən şikayət kimi qiymətləndirilə bilməz. Hesab edir ki, iddia tələbi mümkün sayılmalı və məhkəmə tərəfindən baxılması üçün icraata qəbul edilməlidir. Əlavə olaraq qeyd edir ki, anoloji iş üzrə qaldırılmış iddia tələbinin rayon məhkəməsi tərəfindən icraata qəbul edilməsi (qətnamə əlavə edilir) və yuxarı instansiya məhkəmələri tərəfindən baxılaraq verilən hüquqi dəyərləndirməyə əsasən, bu kimi iddialara iddia icraatı qaydasında baxılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı qiymətləndirmə hesabatının ləğv edilməsini xahiş etməklə, iddia tələbinin əsasını, icra məmurunun müvafiq qərarına əsasən qiymətləndirmə şirkəti və özü tərəfindən müəyyən edilmiş əmlakların qiymətləri real bazar qiymətləri arasında fərqlərin olması təşkil etmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən icra sənədinin icrasının təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi göstərilmişdir. Göründüyü kimi iddiaçı icra məmurunun hərəkətlərini mübahisələndirdiyindən və iş hazırda icra mərhələsində olduğundan, məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) icra məmurunun hərəkətlərindən şikayət ilə müvafiq məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Bütün qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri isə qərardadın ləğvi üçün əsas deyildir. Belə ki, iddiaçı şikayətində tələbinin mahiyyətinin qiymətləndirmə obyektinin qiymətinin real bazar qiymətinə uyğun olmaması ilə əlaqədar olmasını bildirmiş, həmçinin qeyd etmişdir ki, hazırda icra məmurunun hər hansı qərarı mübahisələndirilmir. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmır, belə ki, iddiaçının ləğv edilməsini xahiş etdiyi qiymətləndirmə hesabatı icra məmurunun müvafiq qərarına əsasən həyata keçirilmişdir, eləcə də hazırda icra hərəkətləri davam etdirilməkdədir. Bununla da İddiaçı hazırki tələblər iddia icraatı qaydasında deyil, məhz qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair şikayət ərizəsi ilə məhkəmə nəzarəti qaydasında məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında icra məmurunun hərəkətlərindən müvafiq məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası daha sonra, şikayətin anoloji iş üzrə Nərimanov rayon məhkəməsində qaldırılmış iddia tələbinin rayon məhkəməsi tərəfindən icraata qəbul edilməsinə dair dəlilinə qiymət verərək bildirir ki, həmin iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya instansiyası məhkəməsi üçün hazırki iş üzrə preyudisial hal olmamaqla məcburi xarakter daşımır və vahid məhkəmə təcrübəsinə uyğun deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-7352/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7352/2023
05.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver