Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7356/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İbayev sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu X2 Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmamverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-135/2021 saylı mülki iş üzrə qəbul etdiyi 31.03.2021-ci il il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakın satıldıqdan sonra boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 194000 ABŞ dolları kredit borcu, 96833.32 ABŞ dolları faiz borcu və 156948.43 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 447781 (dörd yüz qırx yeddi min dollar yeddi yüz səksən bir) ABŞ dolları 75 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə; Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinə; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 447781 (dörd yüz qırx yeddi min dollar yeddi yüz səksən bir) ABŞ dolları 75 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumun və 80 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulması; ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 Yadigar qızının həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 2 ünvanında yerləşən mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Məmmədova Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.11.2016-cı il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25.11.2016-cı il tarixli 003R********** saylı kredit razılaşması əsasında 57 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 261000 (iki yüz altmış bir min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış 03.03.2017-ci il tarixli, 26.05.2017-ci il tarixli, 03.10.2017-ci il tarixli, 29.12.2017ci il tarixli, 21.06.2018-ci il tarixli 14.12.2018-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.06.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 67000 ABŞ Dolları ödəmiş, onun 194000 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.02.2020-ci il tarixə 338 gün üçün hesablanmış faiz borcu 96833.32 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 05.02.2020-ci il tarixə 338 gün üçün hesablanmış cərimə 156948.43 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh1 kredit xətti müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə bağladığı 18.11.2016-ci il tarixli, 3M-1826 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 16 saylı binanın 108.21 m2 ümumi sahədən ibarət 22 nömrəli mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Q yaşayış sahəsi 16 saylı binanın 108.21 m2 ümumi sahədən ibarət 22 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin mənzildə qeydiyyatda olan Cavabdeh3 Yadigar qızı, X4, X5 və X6 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş; əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan başqa, Cavabdeh1 kredit xətti müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 21.11.2016-ci il tarixli 3M-1840 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Q yaşayış sahəsi 2 saylı binanın 109.2 m2 ümumi sahədən ibarət 5 nömrəli mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Q yaşayış sahəsi 2 saylı binanın 109.2 m2 ümumi sahədən ibarət 5 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Kərimov Vəfadar və həmin mənzildə qeydiyyatda olan Məmmədova Cavabdeh5 Maiş qızı, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan başqa, Cavabdeh1 kredit xətti müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 18.11.2016-ci il tarixli, 3M- 1827 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsini İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Kərimov Vəfadar notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmişdir. Bundan başqa, Cavabdeh1 kredit xətti müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 AccessBank QSC ilə bağladığı 21.02.2018-ci il tarixli 3M-310 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsində xüsusi mülkiyyətində olan 0.025 ha torpaq sahəsi, və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(010)-135/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 179000 (yüz yetmiş doqquz min) ABŞ dolları əsas borc, 12506.09 ABŞ dolları (on iki min beş yüz altı dollar doqquz sent) faiz borcu, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 192506.09 ABŞ dolları (yüz doxsan iki min beş yüz altı dollar doqquz sent) öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka bildirişlərinin qeydiyyata alınması üçün ödənilmiş 40 manat rüsum və 80 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Cavabdeh1 mükiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin və mənzilin ilkin satış qiyməti 89500 (səksən doqquz min beş yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 Yadigar qızı həmin mənzildən çıxarılması və mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, tutmanın Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməsi və mənzilin ilkin satış qiyməti 85000 (səksən beş min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4, Məmmədova Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 həmin mənzildən çıxarılması və mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin ilkin satış qiyməti 101000 (yüz bir min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, torpaq sahəsi satıldıqdan 1 ay sonra boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evinə yönəldilməsi və torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiymətinin 102000 (yüz iki min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, torpaq sahəsi və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması və əmlak boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, satışlardan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qaytarılsın. Satışlardan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borc cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış mühasibatlıq ekspertizasının xərci olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesaba ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun iştirakını təmin etməmiş, çəkişmə prinsipini ciddi pozmaqla, heç bir araşdırma aparmadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, onun tərəfindən ödənilən məbləğlər nəzərə alınmadan, eyni zamanda ekspertiza keçirilmədən əsassız qərar qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 25.11.2016-cı il tarixli, 003R********** nömrəli kredit razılaşması əsasında Cavabdeh1ə 57 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmaq şərtilə 261000 (iki yüz altmış bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Müvafiq ödəniş planından görünür ki, Cavabdeh1 həmin planla tanış olmuş və razılaşaraq öz imzası ilə qeyd etmişdir. İş materiallarına əlavə edilmiş 25.11.2016-cı il tarixli kreditin verilməsini təsdiq edən qəbzdən görünür ki, həmin tarixdə Cavabdeh1ə İddiaçı QSC tərəfindən 261000 (iki yüz altmış bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 25.11.2016cı il tarixli 003S**********5 nömrəli zaminlik müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 həmin müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 21.02.2018-ci il tarixli 0023S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 həmin müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 18.11.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsindən (notariat qaydasında təsdiq edilmiş) görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyətində olmaqla İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 21.11.2016-cı il tarixli ipoteka müqaviləsindən (notariat qaydasında təsdiq edilmiş) görünür ki, Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh4 mülkiyyətində olmaqla İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 24.01.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh4 İddiaçı QSC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar olunmuş, həmin bildirişin göndərilməsi və qəbul edilməsini təsdiq edən qəbzin surəti iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş 18.11.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsindən (notariat qaydasında təsdiq edilmiş) görünür ki, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi Cavabdeh4 mülkiyyətində olmaqla İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 21.02.2018-ci il tarixli ipoteka müqaviləsindən (notariat qaydasında təsdiq edilmiş) görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olmaqla İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 14.08.2019-cu il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 yaranmış borc barədə məlumat verilmiş, həmçinin 03.07.2019-cu il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 14.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh1 25.11.2016-cı il tarixli, 003R********** nömrəli kredit razılaşması üzrə borcu: əsas borc üzrə 194000 ABŞ dolları, faiz üzrə 96833.32 ABŞ dolları, cərimə üzrə 156948.43 ABŞ dolları (cərimə hesablanmış gecikdirilən günlərin sayı338 gün) olmaqla, cəmi 447781.75 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş 31.03.2021-ci il tarixə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən 05.02.2020 – 31.03.2021-ci il tarixləri arasında cəmi 15000 ABŞ dolları məbləğində Banka ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 07.10.2020-ci il tarixli torpaq sahəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinin bazar dəyəri 126000 manat, likvid dəyəri 101000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 07.10.2020-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 100000 manat, likvid dəyəri isə 85000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 07.10.2020-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 105000 manat, likvid dəyəri isə 89500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 07.10.2020-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsindəki 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evinin bazar dəyəri 120000 manat, likvid dəyəri isə 102000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18.12.2020-ci il tarixli, 9/3865 nömrəli rəydən görünür ki, Rustamov Saminin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 25.11.2016-cı il tarixli, 003R********** saylı kredit razılaşması, əlavə sazişlərin və ödəniş planlarının şərtləri nəzərə alınmaqla Rustamov Saminin 05.02.2020-ci il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas borcu 229.466.23 ABŞ dolları, faiz borcu 12506.09 ABŞ dolları olmaqla, cəmi 241972.32 ABŞ dolları məbləğində müəyyən edilir. AR Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda tam ödəniş etməmişdir. İşin faktiki hallarına qiymət verərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə yaranan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyasi hesab edir ki, əsas borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Belə ki, əsas borca münasibətdə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizə və hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə daxil olduqdan sonrakı tarixdən etibarən cəmi 15000 ABŞ dolları məbləğində ödəniş edilmiş və bu ödənişin hamısı Bank tərəfindən əsas borcdan silinmişdir. Ona görə də iddiaçının əsas borcu olaraq (194.000-15.000) 179.000 ABŞ dolları hesablanmalıdır. Məhkəmə kollegiya hesab edir ki, faiz borcunun tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18.12.2020-ci il tarixli, 9/3865 nömrəli rəydən görünür ki, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 25.11.2016-cı il tarixli, 003R********** saylı kredit razılaşması, əlavə sazişlərin və ödəniş planlarının şərtləri nəzərə alınmaqla Rustamov Saminin 05.02.2020-ci il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan faiz borcu 12506.09 ABŞ dolları məbləğində müəyyən edilmişdir və rəyin əsaslılığını şübhə altına alacaq heç bir hal müəyyən edilməmişdir. Odur ki, faiz borcu ekspert rəyində göstərildiyi kimi (12506.09 ABŞ dolları) müəyyən edilməlidir. Həmçinin kollegiya hesab edir ki, cərimə məbləğinin tutulması barədə tələblərin qismən təmin edilməsi nəticəsi də düzgündür. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini, aparılmış ödənişləri və ödənilməmiş əsas kredit borcunun məbləğini və kreditə görə hesablanan faizləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müqavilə üzrə nəzərdə tutulmuş cərimə məbləğini (156948.43 ABŞ dolları) tənasübsüz sürətdə yüksək kimi qiymətləndirmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 1000 ABŞ dolları məbləğində müəyyənləşdirmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tutulması barədə tələblər də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqavilələrində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan cavabdehlər Cavabdeh4 və Cavabdeh2 borclu olan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Bundan başqa, məhkəmə kollegiyası tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətləri müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 36.1-ci maddəsinə görə isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Hazırkı işdən görünür ki, kredit müqaviləsində müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbi ipoteka predmetlərinə yönəltmək hüququ yaranmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2474/2020 saylı, 08.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, ipoteka predmeti olan Cavabdeh4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinin ilkin satış qiyməti 101000 manat; Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 85000 manat; Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 89500 manat; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 185.6 m2 ümumi sahədən ibarət 8Z nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 102000 manat məbləğində müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 59.3-cu maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırkı işdən görünür ki, ipoteka predmeti olan əmlaklar ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur və obyeklərdə qeydiyyatda olan bütün şəxslər əmlaklar satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür. Bu səbəbdən iddiaçı Bank həmin obyektlərdə mənzildə yaşayan şəxslərin mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra obyektlərdən çıxarılmalarını və obyektlərin boşaldılmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh1 apellyasiya şikayətində göstərilən dəlillər də əsassızdır. Belə ki, o, apellyasiya şikayətinində birinci instansiya məhkəməsi onun iştirakını təmin etməmiş, çəkişmə prinsipini ciddi pozmaqla, heç bir araşdırma aparmadan qanunsuz qətnamə qəbul etdiyini bildirsə də, mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkəmə iclasları barədə Cavabdeh1 məhkəmə iclasları barədə lazimi qaydada məlumatlandırmışdır. Belə ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilmiş, mobil telefona nömrəsinə məhkəmə iclasının yeri və vaxtı barədə sms xəbərdarlıq göndərilmişdir. İş materiallarında Cavabdeh1 məhkəmə iclaslarından məlumatlı olması barədə sübutlar mövcuddur. Eyni zamanda Cavabdeh1 birinci instansiya məhkəməsinin 17.02.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak etmiş, 31 mart 2021-ci il tarixinə təxirə salınmış iclasda iştirak etməklə bağlı bildirişin kötüyünə imza etmiş, lakin sonraki məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. (s.240- 241) Həmçinin, Cavabdeh1 onun tərəfindən ödənilən məbləğlər nəzərə alınmadan, eyni zamanda ekspertiza keçirilmədən əsassız qərar qəbul etdiyini bildirsə də, mülki iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2474/2020 saylı, 08 sentyabr qərardadları iş üzrə məhkəmə-mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-135/2021 saylı mülki iş üzrə qəbul etdiyi 31.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7356/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7356/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver