Məhkəmə qərarları › İş №2(103)-7366/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7366/2021

10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7366/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-596/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 15000 (on beş min) manat məbləğində vurulmuş maddi ziyanın, 15000 (on beş min) manat məbləğində əldən çıxan faydanın, 5000 (beş min) manat mənəvi zərərin və dövlət rüsumu qaydasında ödədiyi 30 (otuz) manat, ümumilikdə 35030 (otuz beş min otuz) manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-596/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 15.000 manat və dövlət rüsumuna ödənilmiş 30 manatın tutularaq tutularaq İddiaçı verilməsi qərara alınmışdır. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, o 15000 manat pul məbləğini alaraq iddiaçının sənədləşmə işinin aparılması üçün öz qohumu olan şəxsə vermiş, eyni zamanda, 15000 borcdan 5000 manat qaytarmışdır, həmçinin qalan pulu da qaytaracaqdır. Bu səbəbdən, qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o 15000 manat pul məbləğini iddiaçıdan alaraq iddiaçının sənədləşmə işinin aparılması üçün öz qohumu olan şəxsə vermişdir. Eyni zamanda, borcdan 5000 manat qaytarmışdır, həmçinin qalan pulu da qaytaracaqdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili Vəkil ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdilər ki, cavabdeh 15000 manat borcdan hər hansı məbləğ qaytarmamışdır. Ona görə də, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin İddiaçı müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə 08.12.2019cu il tarixli qərardan görünür ki, Cavabdeh izahat verərək İddiaçı torpaq sahəsini özəlləşdirmək müqabilində ondan 15000 manat pul aldığını etiraf etmiş, həmin pulu sənədləşmə işlərini görmək üçün qohumlarına verdiyini, bir müddət sonra qohumları Akif və Fərman tərəfindən heç bir sənədləşmə işinin görülmədiyi üçün 15000 borcdan 5000 manatı qızı vasitəsi ilə hazırkı iddiaçıya qaytardığını, həmçinin həmin vaxt maddi vəziyyəti pis olduğu üçün həmin puldan 7900 manatı şəxsi ehtiyacları üçün xərcləməsindən səmimi peşman olduğunu, qısa vaxtda qalan pulu da qaytaracağını bildirmişdir. İzahatı alınmış, X1 adlıq şəxsi dostu Akif vasitəsilə tanımışdır. Təxminən bir il qabaq Akif ona zəng edərək əmisi Bağırla bilikdə onları Binəqədi rayonu, Motodrom deyilən əraziyə aparmağı xahiş etmiş, o da razılaşmış, yolda Akif əmisindən oraya getməyin səbəbini soruşduqda Bağır bildirmişdir ki, orda bir ev var, həmin evi sənədləşdirmək lazımdır, ondan 5000 manat pul da alıb, indi evin sahibi ilə görüşməyə gedir, orada Bağır evin sənədləşməsi barədə Ağacəfərlə bir qədər söhbət etmiş, Ağacəfərdə işlətdiyi tikinti materialları mağazasında Bağıra pul vermişdir, ancaq miqdarını dəqiq bilmir. Həmin qərardan görünür ki, izahatı alınmış X4 qeyd etmişdir ki, İddiaçı əmisi Cavabdeh vasitəsilə tanımışdır. Belə ki, 2018-ci ilin yay aylarında əmisi ona Binəqədi rayonu, Motodrom deyilən əraziyə getməyi xahiş etmiş, həmin vaxt dostu Fərman da onlarla idi, yolda əmisi Bağır İddiaçı adlı şəxsin evi və obyektini özəlləşdirmək üçün İddiaçı 5000 aldığını bildirmiş, orada o, İddiaçılə görüşmüş, həmin vaxt əmisi İddiaçı 10.000 manat pul almış, sonra onlar birlikdə qayıtmışlar. Qərarda izahatı alınmış X5 qeyd etmişdir ki, 2018-ci ilin yay aylarında qonşusu İddiaçılə söhbət əsnasında qonşusu ona evi və onun yanında olan obyekti özəlləşdirmək istədiyini bildirmişdir, o da ona oğlunun iş yoldaşı olan Əfqanın atası Bağır adlı şəxsi məsləhət bilmiş, sonra İddiaçı Bağıra sənədləşmə işini həll etməsi üçün 15000 manat pul verdiyini, lakin heç bir sənədləşmə işinin aparılmadığını demiş, 2018-ci ilin qış aylarında o, Ağacəfər və Bağır bu məsələ ilə bağlı görüşmüşlər, görüş zamanı Bağır Ağacəfərdən aldığı 15000 manatı qaytaracağını bildimiş, ondan vaxt istəmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o həmin pulu almış, lakin iddiaçının sənədləşmə işinin aparılması üçün öz qohumu olan şəxsə vermiş, eyni zamanda, 15000 manat borcdan 5000 manat ödəmişdir. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında 15000 manat pulu aldığını etiraf edir. Həmin 15000 manat borc məbləğindən 5000 manat qaytarması ilə bağlı isə hər hansı sübut təqdim etməmişdir. Halbuki, öhdəliyin icra olunduğunu sübut etmə vəzifəsi borclunun üzərindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla da, müəyyən edilir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri açıq-aşkar əsassız olduğundan şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-596/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar