Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7369/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(006)- 6323/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(006)- 6323/2019 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 8640 manat dəymiş zərər və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin tutulması qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verilmədiyindən, 20 fevral 2020-ci il tarixdə icraya yönəldilmişdir. Cavabdeh 03 mart 2020-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərardadı ilə qaytarılmışdır (prosessual müddətin ötürülməsi əsası ilə). Lakin həmin vaxtı məhkəmə dövlət rüsumunun da ödənilməməsinə diqqət yetirməmiş, şikayətin bu əsasa görə də qaytarılmalı olmasını nəzərə almamışdır. Halbuki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinin tələblərinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.1-ci maddəsinin tələbinə görə apellyasiya şikayətlərindən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 363.1.2ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh uzun müddət sonra, yəni 24 may 2021-ci il tarixdə (01 il 03 ay müddət sonra) apellyasiya şikayətinin qaytarılması barədə qərardaddan şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, qərardad ləğv edilərək, apellyasiya şikayətinin prosessual normalara uyğun verilməsi qənaətinə gəlinərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, ilk dəfə apellyasiya şikayəti verilən zamanı, şikayətin mümkünlüyünə əsaslar mövcud olmamış (rüsum, müddət), çatışmazlıq aradan qaldırıldıqdan sonra isə (dövlət rüsumu uzun müddət sonra, yəni 02 aprel 2021-ci il tarixdə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir) prosessual müddət keçmiş olmuş, lakin buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim olunmamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi qətnaməni uzun müddət əvvəl icraya yönəltməsini də nəzərə almamışdır. Eyni zamanda, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, şikayətdə onu verən şəxsin ünvanı göstərilməmişdir. Halbuki, MPM-nin 361.1.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti göstərilməlidir. Apellyasiya şikayətində şəxsin yaşayış yerinin göstərilməsi, həmçinin məhkəmə sənədlərinin (bildirişlər və s.) lazımi qaydada çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(006)- 6323/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7369/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7369/2021
15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver