Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7372/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/23 saylı iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ilə X3 xx.xx.2021-cı il tarixdə nikaha daxil olmuşlar və 1 övladları var. Cavabdeh ARDNŞ-də (SOCAR-da) Neft Daşlarında işləyir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə görə müvafiq olaraq qiyməti 1584 manat olan İMEİ Kod **********96944, İPHONE 11 128 GB markalı mobil telefon Xəyalə Yusifova tərəfindən əldə edilmiş, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə bacısı Vüsalə Yusifovaya hədiyyə edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İPHONE 11 128 GB telefonun dəyəri olan 1584 manat və 35,84 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, bacısının ad günündə bacısının əri Cavabdeh evdə əsassız söz-söhbətlər yaratmış, bacısını döymüş, onu və ailə üzvlərini təhqir etmiş, telefonu vurub sındırmışdır. Cavabdeh bu hərəkətləri ilə ona ziyan vurmuşdur.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-287/23 saylı iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia qismən təmin olunaraq cavabdehdən “İphone” markalı telefonun itirilmiş əmtəə dəyərinə görə 934 manat, eləcə də həmin telefonun təmir xərcinə görə 45 manat pul və iş üzrə ödənilmiş 35.84 manat dövlət rüsumunun 30 manat hissəsinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ballistik və trasoloji ekspertizasının dəyəri olan 250 manat pul vəsaitinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının sözügedən telefonu bacısı V.M.Yusifliyə hədiyyə etməsinə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən məhkəmə belə qənaətə gəlir ki, onlar arasında bağlanmış şifahi bağışlama müqaviləsi etibarsızdır. Belə ki, hədiyyə edilən telefona münasibətdə İddiaçı mülkiyyət hüquqları olmamış, yuxarıda qeyd edilən kredit müqaviləsi ilə iddiaçıya yalnız istifadə və sahiblik hüququ ötürülmüş, mülkiyyət hüququ isə telefonun dəyəri tam ödənilməyənə kimi satıcıda saxlanılmışdır. Bu, müqavilə şərtlərində nəzərdə tutulmuş və iddiaçı da bu şərtlərlə razılaşmışdır. Deməli, iddiaçı ona məxsus olmayan əşyanı digər şəxsə bağışlamışdır. Halbuki, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələbinə görə hədiyyə verən yalnız öz əmlakını bağışlaya bilər. Beləliklə, məhkəmə iddiaçının mübahisəli telefonu bacısı V.M.Yusifliyə hədiyyə etməsini etibarlı bağışlama müqaviləsi kimi qəbul etmir. Belə olan halda, iddiaçının mübahisəli telefona istifadə və sahiblik hüquqları mövcuddur və həmin telefona görə məsuliyyəti də iddiaçı daşıyır. Göründüyü kimi, həmin mobil telefon alındığı vaxt 1584 manat olmuş, zədələndikdən sonra isə onun əmtəə dəyəri 650 manata düşmüşdür. Məhkəmə hesab etmişdir ki, telefonun öz əmtəə dəyərini cavabdehin təqsirli hərəkəti nəticəsində itirməsi iddiaçının məruz qaldığı real zərərdir. Çünki, baş vermiş hadisə ilə, telefon öz əvvəlki dəyərini itirmiş və beləliklə, iddiaçı həmin dəyərdən məhrum olmuşdur. Ona görə də, telefonun itirilmiş əmtəə dəyəri də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 158.4, 324.1, 337, 666, 668.1, 1096.1, 1097.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, telefonun yerə düşməsinə və zədələnməsinə səbəb onu iddiaçının əlindən almağa çalışmağı deyil, telefonu arvadına hədiyyə verməsinə qarşı olmağıdır. Nəticə etibarilə telefonun zədələnməsi onun evində iddiaçının özünü hegemon kimi aparmasının, yəni təqsirli hərəkətləri nəticəsində baş vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Üçüncü şəxs apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
11. İşdə iştirak edən digər şəxslər (iddiaçı və cavabdeh) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
15. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
17. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
21. Apellyasiya şikayətinin əsas dəlillərindən biri mobil telefona zərər vurulmasında cavabdehin təqsirinin olmaması barədədir.
22. Cavabdehin izahatından və apellyasiya şikayətinin dəlillərindən məlum olur ki, apellyator telefonun özü tərəfindən zədələnməsini qəbul edir. Lakin bunun səbəbinin iddiaçının onun razılığı olmadan arvadına telefon hədiyyə etməsi ilə əlaqələndirir.
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun gətirdiyi arqumentlər əşyaya dəymiş zərərlə bağlı təqsirin onun üzərində olmamasını aradan qaldırmır.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
26. Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.