Məhkəmə qərarları › İş №2(103)-7382/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7382/2021

20.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7382/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 12.330 manat, mənəvi zərərin əvəzi kimi 50.000 manat kompensasiya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 2.500 manat, mənəvi zərərin əvəzi kimi 500 manat kompensasiya cavabdeh tərəfindən iddiaçıya ödənilsin, iddianın qalan hissəsi rədd olunsun. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Abşeron Rayon Məhkəməsinin 23.09.2015-ci il tarixli hökmü ilə hökm edilib ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin 27.06.2019-cu il tarixli hökmü ilə ləğv edilib, iddiaçının təqsirliliyi sübut edilmədiyinə görə ona bəraət verilib və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib. Bununla da iddiaçının “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun müddəalarına əsasən ziyanın ödənilməsi hüququ yaranıb. İddiaçıya 12.000 manat maddi zərər vurulması sübut olunur. Belə ki, cinayət işi yol-nəqliyyat hadisəsi ilə bağlıdır, iddiaçının idarə etdiyi avtomobil həmin hadisənin iştirakçısı olub. Hadisə 24.07.2014-cü ildə baş verib, həmin gün cinayət işi başlanıb, iddiaçının idarə etdiyi avtomobil mühafizə olunan duracağa qoyulub, habelə sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi götürülüb. Bunun nəticəsində iddiaçı işəgötürənin qarşısında əmək vəzifələrini icra etmək imkanından məhrum olub. Belə ki, iddiaçı 01.06.2012-ci ildən 23.07.2015-ci ilədək "xxxx" MMC-də sürücü işləyib, hər ay 200 manat əmək haqqı alıb, sonuncu əmək haqqını 31.07.2014-cü ildə alıb. Bunu təsdiq edən arayış birinci instansiya məhkəməsinə təqdim olunub. 31.07.2014-cü ildən (sonuncu əmək haqqının alındığı tarixdən) 27.06.2019-cu ilədək olan müddət 4 il 11 ay, yəni 59 ay təşkil edir. 59 ay ərzində iddiaçı hər ay 200 manat əmək haqqından məhrum olub, bunun cəmi isə 11.800 manat təşkil edir (59 ay x 200 manat). Bundan başqa, barəsində olan cinayət təqibi ilə əlaqədar müdafiəçi tərəfindən hüquqi yardım göstərilməsinə iddiaçı xərc çəkib. İddiaçı həmin xərcin 400 manat olduğunu bildirsə də məhkəmə ağlabatan mühakimə əsasında onu 200 manat qiymətləndirir. 11.800 manat ilə 200 manatın cəmi 12.000 manat təşkil edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsindən görünür ki, şəxsin məhrum olduğu əmək haqqının və hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərin əvəzi ödənilməlidir. Ona görə də maddi zərərin əvəzi kimi iddiaçıya 12.000 manat ödənilməlidir. Mənəvi zərərin əvəzi kimi iddiaçıya 8.000 manat ödənilməlidir. Belə ki, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb və barəsində qətimkan tədbiri seçilib, 1 il 1 ay 23 gün məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılıb. Bütün bunların nəticəsində o, mənəvi sarsıntı keçirib və iztirab çəkib. Odur ki, mənəvi zərərin əvəzi kimi 8.000 manat tutulmalıdır, bu, ağlabatan məbləğdir. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsindən görünür ki, mənəvi zərərin əvəzi ödənilməlidir. Birinci instansiya məhkməsinin maddi və mənəvi zərərin əvəzi kimi müəyyən etdiyi məbləğ işin hallarına uyğun deyil. Bundan başqa, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsindən görünür ki, vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Lakin birinci instansiya məhkəməsi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulmasını qət edib. Əslində isə zərərin əvəzi Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, qətnamə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Maddi zərərin əvəzi kimi 12.000 manat, mənəvi zərərin əvəzi kimi 8.000 manat, cəmi 20.000 (iyirmi min) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar