Məhkəmə qərarları › İş №2(103)-7385/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7385/2020

19.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7385/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbləri üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2094/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh “ASC-nin 1 saylı Sabunçu filialının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 10.000 (on min) manat maddi zərərin və 10.000 (on min) manat mənəvi zərərin əvəzinin Cavabdeh ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 2015-ci il tarixdə tanıdığı X4 aldığı 8292 manat kreditin tamamilə ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı zaminlik müqaviləsinin şərtlərinə uyğun olmayaraq, onun aldığı təqaüdün birtərəfli qaydada tam silinməsi və təqaüdünün özbaşınalıqla bankdakı hesabından silinməsini qanunsuz hesab edir. Belə ki, məhkəmənin qərarı olmadan iddiaçıdan aldığı təqaüdün 06 ay ərzində 100% silinməsi məhkəməyə şikayətinin əsası olmuşdur. İddiaçıya vurulan maddi zərər bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, mənəvi ziyan isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulduğundan Cavabdeh ASC tərəfindən ödənməlidir. İddiaçı faktiki olaraq 32 aydır pensiyasını almamış və nəticədə mənəvi, maddi iztirablara düçar olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2094/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən qətnamənin İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilmsəni xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçının pennsiyasına tutmanın yönəldilməsi qanunsuz olmamışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçıların apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan kreditor Cavabdeh ASC ilə borclu X6 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 120RGUM152890001 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank borcluya 36 ay müddətinə illik 29% ödəmək şərti ilə 8292 manat məbləğində kredit vermişdir. Qeyd olunan müqavilənin 2.5-ci bəndinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcları borcalanın sərəncamı olmadan, onun istənilən bank hesabından akseptsiz qaydada tutula (silinə) bilər. İş materiallarındakı kreditor Cavabdeh ASC ilə borclu X6 və zamin İddiaçı arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, Z-120RGUM152890001 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC ilə borclu X6 arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı borclu X5 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, kollegiya hesab edir ki, bankın onun pensiyasına tutma yönəltməsi qanunsuz olmamışdır. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Xüsusilə nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinin 2.4.3-cü bəndindən görünür ki, kreditor kredit müqaviləsi üzrə əsas və faiz borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun bankdakı cari və ya depozit hesabından bloklaşdıra və tuta (silə) bilər. Həmçinin iş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli məhkəmə əmri ilə X3 və İddiaçı 6779,60 manat əsas, 397,25 manat faiz borcu olmaqla, cəmi 7176, 85 manat borcun və 20 manat dövlət rüsumunun alınaraq “xxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Yuxarıda qeyd olunduğu kimi İddiaçı zaminlik müqaviləsində göstərilən şərtlərlə razılaşaraq Cavabdeh ASC ilə həmin müqaviləni bağlamışdır. Borclu N.Orucov kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank zaminlik müqaviləsinin şərtlərini əsas götürərək iddiaçının əmək haqqı kartından tutmalar aparmağa başlamış və bu zaman Bank tərəfindən heç bir qanunun pozuntusuna yol verilməmişdir. İddiaçının “mənəvi ziyanın əvəzinin tutulması” tələbini isə kollegiya əsassız hesab edir - çünkü iddiaçı, həmin tələbinin təmin olunmasına (tam və ya qismən) imkan verəcək heç bir mötəbər sübut təqdim etməmişdir; Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2094/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödınilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar