Məhkəmə qərarları › İş №2(103)-7388/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7388/2023

13.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7388/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı Slavyan Universitetinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: təhsil haqqında azad edilmə və sairə) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3465/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə olunması qərara alınmışdır.

2. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları müvafiq təsdiqedici sənədləri təqdim etməklə təhsil haqqını ödəməkdən azad olunurlar.

3. İş materiallarında olan Bakı Slavyan Universiteti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən, İddiaçı Bakı Slavyan Universitetinin Tərcümə fakültəsində “Tərcümə (polyak dili)” ixtisası üzrə İİİ tədris ilinin T-303/3 qrupunda əyani formada, ödənişli əsaslarla təhsil alır.

4. İş materiallarında olan Bakı Slavyan Universitetinin rektoru tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş əmr №127/3-dən görünür ki, həmin əmr tərcümə fakültəsində təhsil alan Qubadlı rayonundan məcburi köçkün İİİ tədris ili üzrə T-303 qrup tələbəsi müvafiq qanunvericiliyə əsasən təhsil haqqının ödənilməsindən azad edilməsi, təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, tələbə tərəfindən məcburi köçkünlük barədə sənədlərin universitetə gec təqdim edilməsini nəzərə alınması haqqında verilmişdir.

5. İş materiallarında olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Abşeron Xızı rayonları bölməsi tərəfindən İddiaçı verilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin vəsiqə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Bakı Slavyan Universitetinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli sərəncamına əsasən Bakı Slavyan Universitetinin tərcümə fakültəsində ödənişli əsaslarla təhsil alan onun 2020/2021, 2021/2022, 2022/2023-cü tədris ilinin xx.xx.2023-cü il tarixinə kimi təhsil haqqının ödənilməsindən azad edilməsi və 2020/2021-ci il tədris ilində Bakı Slavyan Universitetinə ödədiyi 850 manat təhsil haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildə o, imtahan verərək Bakı Slavyan Universitetinə qəbul olmuşdur. Həmin vaxtı məcburi köçkün olmasına baxmayaraq məcburi köçkün vəsiqəsinin olmamasına görə təhsil aldığı Universitetə 850 manat ödəniş etmişdir. Bundan sonra o, Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona məcburi köçkünlük statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1034/2023 saylı qərarı ilə iddia tələbi təmin edilərək xx.xx.2003-cü il təvəllüdlü İddiaçı "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə olunması qərarı almışdır. Həmin qərar qanuni qüvvəsini almış və icra olunması üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə göndərilmiş və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən həmin qərar icra olunaraq ona məcburi köçkünlük vəsiqəsi verilmişdir. Həmin məcburi köçkünlük vəsiqəsini Bakı Slavyan Universitetinə təqdim etmişdir. Bundan sonra Universitetin rəhbəri tərəfindən ona bildirmişdir ki, məcburi köçkünlük statusun bərpa olunmamışdan qabaq həmin illər üzrə Universitetə təhsil haqqı ödənilməlidir. O, onlara bildirmişdir ki, məcburi köçkün olduğu üçün təhsil haqqı ödəməkdən azaddır. Belə ki, məcburi köçkünlük statusunun və onu təsdiq edən sənədin alınmasının gecikməsi onun günahı üzündən baş verməmişdir. Lakin, hazırda oxuduğu universitetlə aralarında yaranmış təhsil haqqı ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3465/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Abbasov Nail) iddianın qismən təmin edilməsi, İddiaçı Bakı Slavyan Universitetində ödəniş etmədiyi hissədə 2020-2021, o cümlədən 2021-2022 və 2022-2023-cü tədris illəri üçün təhsil haqqının ödənilməsindən azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 439.4, 1093.1ci maddələrinə, “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının məcburi köçkün statusunu xx.xx.2023-cü il tarixdə əldə etdiyini müəyyən etsə də, gəldiyi nəticədə bunu nəzərə almamışdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin tələbənin (iddiaçının) 3 il ödəniş aparmadığına görə Universitetdən xaric etməyib onu təhsilini davam etdirilməsinə şərait yaratması iddiaçının statusuna anlayışla yanaşdığını və ehtimal olunan hüquqların təmin ediləcəyi gümanı ilə izah etmək olar. İlk növbədə qeyd etmək lazımdır ki, məhkəmə mübahisənin həllinə dair ehtimallara deyil, təkzibolunmaz, mötəbər sübutlara istinad etməklə hüquqi qiymət verməlidir. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfindən tələbənin təhsilini davam etdirməsinə şərait yaradılmasının səbəbi onun təhsil haqqını ödəyəcəyi barədə bildirməsi olmuşdur. Tələbə (iş üzrə cavabdeh) ödənişli əsaslarla təhsil aldığı üçün təhsil haqqını tam ödəmədikdə sonda Dövlət İmtahanlarına buraxılmır. Məhkəmənin qənaətinə görə iddiaçı məcburi köçkün statusunu müəyyən edən sənədi xx.xx.2023-cü il tarixdə əldə etsə də, bu hal onun məhz həmin tarixdən məcburi köçkün olmasına dəlalət etməmiş, həmin status onun doğulduğu andan mövcud olmaqla məcburi köçkünlərə şamil edilən imtiyazlardan yararlanmaq hüququna malik olmuşdur. Qeyd olunmalıdır ki, Universitet tələbənin təhsil aldığı dövrdən başlayaraq onun məhkəməyə müraciət etdiyi dövrə qədər ödənişli şərtləri olan ixtisasda təhsil almasına baxmayaraq tələbəni 3 il ödəniş aparmadığına görə Universitetdən xaric etməyib onu təhsilini davam etdirilməsinə şərait yaratması iddiaçının statusuna anlayışla yanaşdığını və ehtimal olunan hüquqların təmin ediləcəyi gümanı ilə izah etmək olar. Bununla bağlı məhkəmə kollegiyasının nəzərinə çatdırmağı vacib hesab edirik ki, Bakı Slavyan Universiteti ödənişli əsaslarla fəaliyyət göstərən təhsil müəssisəsidir. Buna baxmayaraq, tələbələrin Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsi ilə qorunana təhsil almaq hüquqlarının təmin olunması məqsədilə təhsil haqqını ödəməyən tələbələrə sonuncu tədris ilinin sonunadək möhlət verilir. Lakin təhsil haqqını tam olaraq ödəməyən tələbələr dövlət imtahanlarına buraxılmırlar. Birinci instansiya məhkəməsi iddiaçının 3 il ödəniş aparmadığına görə Universitetdən xaric edilməyib onun təhsilini davam etdirilməsinə şərait yaratmasına cavabdehin iddiaçının “məcburi köçkün” statusuna anlayışla yanaşdığına və ehtimal olunan hüquqlarının təmin ediləcəyinə güman etməsi kimi nəticəyə gəlməsi yuxarıda göstərilənlərə görə işin faktiki halları ilə uyğun deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəflər nümayəndələrinin iclasda iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

15. 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun

16. 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

17. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncam 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi haqqında verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki halda, cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən müahisələndirilmədiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3465/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, məcburi köçkün statuslu şəxslər dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslər siyahısına daxil edilmişlər.

29. Kollegiya qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsində iddiaçının “ona məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair mübahisəsinə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2003-cü il təvəllüdlü olmaqla müvafiq olaraq 2003-cü ildən məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuşdur. Müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.

30. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı məcburi köçkün statusunu müəyyən edən sənədi xx.xx.2023-cü il tarixdə əldə etsə də, bu hal onun məhz həmin tarixdən məcburi köçkün olmasına dəlalət etməmiş, həmin status onun doğulduğu andan mövcud olmaqla məcburi köçkünlərə şamil edilən imtiyazlardan yararlanmaq hüququna malik olmuşdur. Odur ki, iddiaçı ödəniş etmədiyi 2020/2021 üçün təhsil haqqının qalan hissəsi, 2021/2022, 2022/2023-cü tədris illərinin ödənişlərindən azad edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd olunmalıdır ki, Universitet tələbənin təhsil aldığı dövrdən başlayaraq onun məhkəməyə müraciət etdiyi dövrə qədər ödənişli şərtləri olan ixtisasda təhsil almasına baxmayaraq tələbəni 3 il ödəniş aparmadığına görə Universitetdən xaric etməyib onu təhsilini davam etdirilməsinə şərait yaratması iddiaçının statusuna anlayışla yanaşdığını və ehtimal olunan hüquqların təmin ediləcəyi gümanı ilə izah etmək olar.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının məcburi köçkün statusunun onun ali təhsil aldığı 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində qüvvədə olması, adıçəkilən vəsiqə əldə edilməzdən əvvəl də təhsil haqqından azad edilməyə əsas olan məcburi köçkün statusunun faktiki mövcud olması, habelə bu faktın daha sonra məhkəmə aktı ilə öz təsdiqini tapması birinci instansiya məhkəməsinin düzgün mövqedən çıxış etdiyini sübut edir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

33. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3465/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar