Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7394/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2021-ci il tarixli qətnamədən iddiaçı ASC-nin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehə qarşı irəli sürdüyü “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Qaradağ Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.05.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı ASC-nin adından həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Rayon Məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, həmin şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, iş materiallarından görünür ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.06.2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti ASC-nin Hüquq və Sığorta Hadisələr Xidmətinin hüquqşünası Şəfahət Xudiyev tərəfindən imzalansa da, ona verilmiş etibarnamədə “məhkəmə aktından şikayət verilməsi barədə səlahiyyət” xüsusi göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 74 və 363.1.1-ci maddələrinə görə isə belə olan halda apellyasiya şikayəti qaytarılmalıdır. İş materiallarından görünür ki, həmin qərardaddan şikayət verilməmişdir. Qeyd edilən qərardad qəbul edildikdən 5 gün sonra isə, yəni 30.06.2021-ci il tarixdə Rayon Məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İş materiallarından görünür ki, Rayon Məhkəməsi apellyasiya şikayətinin qaytarılması barədə 25.06.2021-ci il tarixli qərardad qəbul etdikdən sonra həmin qərardadı ləğv etməmiş, nə də ki, şəraitin dəyişilməsi ilə bağlı yeni qərardad qəbul etməmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin tələblərinə görə, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir (maddə 362.). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 364.). Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır (maddə 366.1.). Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2.). Qeyd edilən prosessual normalarının işin yuxarıda müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, iddiaçı ASC-nin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və apelyasiya şikayəti mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2021-ci il tarixli qətnamədən iddiaçı ASC-nin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7394/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7394/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver