Məhkəmə qərarları › İş №2(103)-74/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-74/2022

19.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-74/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Səbail rayon İcra Hakimiyyətinə qarşı “qanunsuz zəbt olunmuş ehtiyat yanğın çıxışının boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(009)-2989/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Səbail rayon İcra Hakimiyyətinə qarşı “qanunsuz zəbt olunmuş ehtiyat yanğın çıxışının boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 14 (hazırki 24) saylı evin 31 saylı mənzili iddiaçının mülkiyyətindədir. Qonşuluqda olan Y.Məmmədəliyev küçəsi 14 (hazırki 24) saylı evin 33 saylı qeyri-yaşayış sahəsini qeydiyyatsız olaraq Cavabdeh1 adlı şəxs yaşayış sahəsi kimi qanunsuz zəbt etmişdir və həmin sahədə müxtəlif şəxslərin yaşamasına şərait yaratmışdır. Odur ki, cavabdeh və qeyrilərinin ehtiyat yanğın çıxışından çıxarılması və həmin sahənin boşaldılması barədə qətnamə qəbul olunması xahiş olunur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli ehtiyat yanğın çıxışının hazırda kimlər tərəfindən zəbt edilib-edilməməsi məsələsini tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellysiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməməklə belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh1 qarşı Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 14 saylı binanın 33 saylı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin mübahisəli qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Ona görə də, mübahisə edilən qeyriyaşayış sahəsinə hüquqların mövcud olmadığı halında, həmin qeyri-yaşayış sahəsinə iddia edilən hüquqlar iddiaçıya münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqlara aid edilə bilməz, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin həmin mövqeyi və əsaslandırması ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu baxılan məsələ ilə əlaqədar qeyd edir ki, Konstitusiyada, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş mülkiyyət hüququnun müdafiə vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1ci bəndində də müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Konstitusiyanın 125-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirirlər. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması Konstitusiyasının 127-ci maddənin İİ hissəsində təsbit olunmuşdur. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra maddələrində fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması ilə bərabər onların qanunla qorunan mənafe və maralarının müdafiəsindən də bəhs olunur. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və hüququn həyat keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər MPM-nin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Maraqların və mənafelərin qorunmasını təsbit edən mülki prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin nəinki subyektiv hüquqlarında ifadə olunan, habelə bu hüquqlarda əhatə olunmayan maraqlarının mühafizəsini də nəzərdə tutur. Hüquqi baxımından hər cür maraq deyil, MPM-nin 2-ci maddəsinin 2.2-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafe və maraqlar məhkəmə müdafiəsinin predmeti ola bilər. Subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafıəsində imtina olunması üçün əsas deyildir. Hazırkı iş üzrə müəyyən edilmiş hallar ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, 14 saylı evin, 31 saylı mənzilində qeydiyyatdadır və həmin mənzil onun adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 06.12.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Belə olan halda isə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı mülki mübahisə üzrə iddiaçı iddia ərizəsində qonşuluqda olan Y.Məmmədəliyev küçəsi 14 (hazırkı 24) saylı evin 33 saylı ərazisinin ehtiyat yanğın çıxışı olduğunu göstərərək həmin qeyri-yaşayış sahəsinin qeydiyyatsız olaraq Cavabdeh1 adlı şəxs tərəfindən yaşayış sahəsi kimi qanunsuz zəbt edildiyini və onun həmin sahədə müxtəlif şəxslərin yaşamasına şərait yaratdığını, bununlada onun mübahisəli ünvanda yerləşən mənzilin mülkiyyətçisi kimi hüquqlarını pozduğunu iddia edir, lakin bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, həmin sahənin hazırda Cavabdeh1 tərəfindən zəbt edilməsini, onun həmin sahədə başqa şəxslərin yaşamasına şərait yaratdığını, nəticədə iddiaçının mənzilindən istifadə etməsinə maneə yarandığını sübut etmək iddiaçının vəzifəsi olsa da, iddiaçı bu halları sübut edə bilməmişdir. İşdə olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 07.08.2019-cu il tarixli, 6-Q- 70-068 saylı məktubundan görünür ki, Y.Məmmədəliyev küçəsi, 14 saylı binada 33 saylı mənzil 23.03.1993-cü il tarixli, 008104 saylı xidməti orderə əsasən 2 otaq, 17 kv.metr olmaqla vətəndaş X4 verilmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının 28.09.1993-cü il tarixli, 520 saylı Sərəncamına əsasən Ə.Əzizova başqa ünvanda daimi order verilərək ümumi dəhlizdə yerləşən, ehtiyat yanğın çıxışı olan həmin 33 saylı mənzil yaşayış fondundan çıxarılmışdır və ehtiyat yanğın çıxışıdır. İşdə olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 05.01.1993-cü il tarixli, 4 saylı Sərəncamının surətinə əsasən Y.Məmmədəliyev küçəsi, 14 saylı binada 33 saylı mənzilin xidməti kateqoriyaya keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti başçısının 08.12.1995-ci il tarixli, 3435 saylı Sərəncamının surətindən görünür ki, Y.Məmmədəliyev küçəsi 14 nömrəli evin 30 nömrəli mənzilinin kirayəçisi Cavabdeh1 və ailə üzvlərinin razılığına əsasən kirayə müqaviləsi onun bacısı Xavər Əlibəyovanın adına dəyişdirilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi 14 nömrəli evin 30 nömrəli mənzili X2 adına xüsusi mülkiyyət kimi 20.07.1996-cı ildə qeydə alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03.02.2003-cü il tarixli, 2-214/2003 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti cavabdeh X3 qarşı iddia qaldıraraq onun zəbt etdiyi Y.Məmmədəliyev küçəsi, 14 saylı binada 33 saylı mənzildən çıxarılmasını xahiş etmişdir. Mübahisəli mənzil mövcud olmadığına görə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 06.06.2003-cü il tarixli, 1MK- 1479/03 nömrəli qətnaməsi ilə Səbail rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin olunmamış və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03.02.2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 adından onun nümayəndəsi və vəkili X5 tərəfindən hazırkı iddia ərizəsinə qarşı birinci instansiya məhkəməsinə təqdim edilmiş yazılı etirazda göstərilir ki, mübahisəli qeyri yaşayış sahəsi 23 il olar ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 19.12.1996-cı il tarixdə təsis olunmuş “Tərəqqi, Demokratiya, Azərbaycan” adlı Beynəlxalq Təşkilat olan İctimai Birliyin ofisi kimi istifadə olunur. Apellyasiya baxışı zamanı iş üzrə 21.07.2020-ci il və 14.06.2021-ci il tarixlərdə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilsə də, tədqiq olunan tikilinin texniki parametrlərinə dair sənədlər təqdim edilmədiyi üçün ekspert ekspertizanın aparılmasından imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(009)-2989/2019 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(009)- 2989/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunmasın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar