Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-740/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzildən çıxarılma, mənzilin əvəzləşdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və X4, Cavabdeh3 nümayəndəsi X5, cavabdehlərin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022ci il tarixli, e-2(006)-1970/2022 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,022290 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin A tikilisinin 2 otağı (yaşayış sahəsi 25,0 m2, köməkçi sahəsi 11,5 m2) (pay) Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. 59 saylı MKİS-in 17 fevral 2022-c il tarixli 10 saylı 2 nömrəli forma üzrə arayışından görünür ki, Cavabdeh1, oğlu Cavabdeh2, qızı Cavabdeh3 və nəvəsi X10 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadırlar.
3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli 51 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli 02/1321 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu X13, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 11 nömrəli məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzində baxılmışdır. Həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 nömrəli cizgi həmin MMC-yə göndərilmişdir. 1:3000 miqyaslı cizgi məktuba əlavə edilmişdir.
5. 17 aprel 2020-ci il tarixli 1576 nömrəli müqavilədən görünür ki, icarəyəverən Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı Şəhər İHB-nın xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 nömrəli cizgiyə əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4.2258 m2 torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.
6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir: - 1.4. Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, X9, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi İddiaçı MMC; Layihəçi – Bakı Dövlət Layihə İnstitutu).
7. Azərbaycan Respublikası ƏMDK-nın yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı 29 dekabr 2019-cu il tarixli **********46 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına rəy bildirilməsi barədə Bakı şəhər İH-nin 26 sentyabr 2019-cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər.
8. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli 02/767 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx- 2651 nömrəli məktubuna Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur.
9. Azərbaycan Respublikası DİN BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, cavabdehlər ünvan 4 ünvanda qeydiyyatdadırlar.
10. Mülki işin 118-119-cu səhifələrində olan aktdan görünür ki, iddiaçının hüquqşünası, sahə rəisi, vəkil, fərdi yaşayış evinin mülkiyyətçisi akt tərtib etmişlər. Fərdi yaşayış evinin həcmi aşağıdakı kimi müəyyən edilmişdir: 1-ci mərtəbə: yataq otağı 20,52 m2; uşaq otağı 11,62 m2; qonaq otağı 13,85 m2; Dəhliz 23,36 m2. 2-ci mərtəbə: mətbəx 22,69 m2; yataq otağı 23,13 m2; qonaq otağı 23,61 m2. Köməkçi sahələr: 1-ci mərtəbənin yataq otağından girişi olan zirzəmi – ümumi sahəsi 20,52 m2, ümumi hündürlüyü 1,50 metr, uşaq otağının altında yerləşən zirzəminin ümumi sahəsi 11,62 m2, hündürlüyü 1,50 metr, qonaq otağının altında yerləşən zirzəminin ümumi sahəsi 13,85 m2, hündürlüyü 1,50 metr, dəhlizin altında yerləşən zirzəminin ümumi sahəsi 23,36 m2, hündürlüyü 1,50 metr. Zirzəmilərdən yaşayış zamanı və istifadə olunan əşyaların saxlanılması məqsədi ilə istifadə edilir.
11. "xxxx" MMC-nin 05 sentyabr 2022-ci il tarixli LP-118/2022 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 məxsus olan hissəsinin müqayisə yanaşması ilə hazırkı orta aylıq kirayə qiyməti - 450 manat - 500 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
12. İddiaçı MMC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 6 üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 6-dan çıxarılmaqla, evin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 6 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 144 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat məbləğdə kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 160A nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2, ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 6 nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2, ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 6 nömrəli fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən 36,5 m2 və qeyri-rəsmi faktiki istifadəsində olan 102,28 m2, ümumilikdə sahəsi 138,78 m2 olan fərdi yaşayış evinə həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında (20 % əlavə edilməklə) 167 m2 yeni təmirli mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat məbləğdə kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddianın və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizənin əsaslarına görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 nömrəli Sərəncamına əsasən Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alınaraq Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi, sərəncamın iddiaçı tərəfindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. xx.xx.2022-ci il tarixdə iddiaçının əməkdaşlarının, cavabdehin vəkili Nümayəndə2 və X5 iştirakı ilə birlikdə ünvan 6 nömrəli fərdi yaşayış evinin həcminin müəyyən edilməsi ilə bağlı akt imzalanmışdır. Həmin akta əsasən fərdi yaşayış evinin otaqları, mətbəx və dəhliz daxil olmaqla ümumilikdə sahəsi 138,78 m2, zirzəminin sahəsi isə ümumilikdə 69,35 m2 olması müəyyən edilmişdir. Cavabdehə verilmiş çıxarışa əsasən ünvan 6 tikilisi 2 otaq y/s 25,0 m2, k/s 11,5 m2 olan fərdi yaşayış ümumilikdə 36,5 m2 təşkil edir. Buradan belə nəticəyə gəlmək olar ki, ünvan 6 tikilisinin 102,28 m2 özbaşına tikintidir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaların” 3.6-cı bəndinə əsasən döşəməaltı hissə hündürlüyündən asılı olmayaraq, həmçinin hündürlüyü 1,8 metrdən az olan mərtəbələrarası məkan və texniki çardaq yerüstü mərtəbələrin sayına daxil edilmir. Buna görə də hesab edirlər ki, xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuş ümumilikdə 69,35 m2 zirzəminin sahəsi faktiki olaraq döşəməaltı ərazidir, nəzərə alınmalı deyil. Həmçinin, xx.xx.2022-ci il tarixli aktda göstərilmiş 69,35 m2 zirzəminin sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ünvan 6 nömrəli fərdi yaşayış evinin Texniki Pasportunda yaşayış evlərinin texniki göstəriciləri olan hissədə zirzəminin kv.metri ümumiyyətlə göstərilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestri çıxarışına əsasən Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 160 nömrəli fərdi yaşayış evi paylı mülkiyyətdir. Digər mülkiyyətçi ilə məsələ öz həllini tapmışdır. Cavabdehə məxsus olan fərdi yaşayış evi paylı mülkiyyət olduğundan digər mülkiyyətçinin fərdi yaşayış evi ilə birlikdə 0,022290 torpaq sahəsində yerləşmişdir. Cavabdehin torpaq sahəsi yalnız 36,5 m2 olan fərdi yaşayış evinin altında olan torpaq sahəsidir. Ayrıca olaraq hər hansı bir həyətyanı sahə mövcud deyil bu fakt xx.xx.2022-ci il tarixli aktla təsdiq olunur.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 167 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat kirayə haqqının ödənilməsi qət edilmişdir.
16. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin paylı mülkiyyətçi X3 məxsus olmuş hissəsi uçurulmaqla, yaşayış üçün tamamilə əlverişsiz olması həmin evin digər hissəsində yaşayan Cavabdeh1 və onun ailə üzvlərinin həyatı üçün bilavasitə təhlükə yaradır. İstismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf mənzili boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş müvafiq sərəncamı icra edən MMC (iddiaçı) tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Cavabdeh tərəf iddianı qəbul etməsə də, iddiaya olan etirazın məzmunundan aydın görünür ki, cavabdeh tərəf İddiaçı MMC tərəfindən mülkiyyət hüququ ilə məxsus olan sahəyə onların fikri nəzərə alınmadan həmin ərazidə yeni tikiləcək binadan iddia ərizəsində qeyd edilən ölçüdə sahənin verilməsi təklifinin birbaşa olaraq onların mülkiyyət hüquqlarına qəsd edilməsi kimi qiymətləndirməklə faktiki olaraq mövqelərinin yeni tikiləcək binadan onların istədiyi ölçüdə sahənin verilməsi olmasından ibarət olmasını açıq nümayiş etdirmişlər. Məhz bu konteksdən çıxış edərək cavabdeh tərəfin iddiaçının subyektiv hüququnun olmamasını, mülkiyyətində olan yaşayış sahəsini sökməyə cəhd etməklə mülkiyyət hüquqlarına qəsd edərək mülkiyyətlərində olan sahəyə özünün istədiyi dəyəri kompensasiya kimi verməklə iddiaçının onları öz qanuni əmlaklarından məhrum etməyə çalışmalarını, torpaq sahəsinin icarəyə və istifadəyə yalnız mülkiyyətçi kimi cavabdeh tərəfindən verilə bilməsini, iddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin bu günə qədər dövlət reyestrindən qeydiyyatdan belə keçməməsi kimi əsaslarla, dəlillərlə çıxış etmələrini məhkəmə iddiaçı tərəfin onların yeni tikiləcək binadan istədikləri ölçüdə sahənin verilməsinə razı salmaları üçün hesablanmış addımlar kimi qiymətləndirir. Mülki işin 118-119-cu səhifələrində olan aktdan görünür ki, aktda yaşayış sahəsi ilə yanaşı, 69,35 m2 sahə (1-ci mərtəbənin yataq otağından girişi olan zirzəmi – ümumi sahəsi 20,52 m2, ümumi hündürlüyü 1,50 metr, uşaq otağının altında yerləşən zirzəminin ümumi sahəsi 11,62 m2, hündürlüyü 1,50 metr, qonaq otağının altında yerləşən zirzəminin ümumi sahəsi 13,85 m2, hündürlüyü 1,50 metr, dəhlizin altında yerləşən zirzəminin ümumi sahəsi 23,36 m2, hündürlüyü 1,50 metr) köməkçi sahə (zirzəmi) qismində qeyd edilmişdir. Həmin sahə yaşayış üçün yararlı olmamaqla, əşyaların saxlanmasına və s. xidmət edir. Zirzəminin yaşayış üçün, deyil, təsərrüfat təyinatlı olması iş materaillarına əlavə edilmiş və mülki işin 118-119-cu səhifələrində olan aktla öz təsdiqini tapmışdır. İddiaçı tərəfin izahatlarına əsasən zirzəmiyə giriş evin döşəməsindən açılmış keçid vasitəsilə həyata keçirilir və orada şəxsin normal vəziyyətdə ayaq üstə durması mümkün deyildir. Başqa sözlə, hündürlüyü 1,50 sm olan və ayrıca giriş-çıxış qapısı, pəncərəsi olmayan zirzəmidə yaşayış əlamətlərinin olmaması və orada yaşamağın mümkünsüzlüyü qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaların” 3.6-cı bəndinə əsasən döşəməaltı hissə hündürlüyündən asılı olmayaraq, həmçinin hündürlüyü 1,8 metrdən az olan mərtəbələrarası məkan və texniki çardaq yerüstü mərtəbələrin sayına daxil edilmir. Belə olan halda İddiaçı MMC tərəfindən cavabdehlərə fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında yeni mənzil verilərkən aktda qeyd edilmiş və ümumi sahəsi 69,35 m2 olan köməkçi sahə (zirzəmi) nəzərə alına bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.6, 180.1, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamə ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin təmin edilən hissədə ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı qeyd edilən torpaq sahəsinin başqasının mülkiyyət hüququ ilə yüklü olduğunu bilməli olduğu halda Bakı Şəhəri İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 nömrəli sərəncamına əsasən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlamış və həmin icarə müqaviləsinin Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka mülkiyyət hüquqlarına xitam verilməsi və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə Lyudmila Səfərovnanın həmin sahənin mülkiyyətçisi olduğuna və onun hüquqlarının dövlət qeydiyyatından keçməsinə məhəl qoymadan onun mülkiyyət hüquqlarına xitam vermiş, beləliklə də şəxsin konstitusion hüququ olan mülkiyyət hüququna xitam vermişdir. Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü bəndinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Göründüyü kimi torpaq sahəsini icarə əsasında başqasının istifadəsinə yalnız onun mülkiyyətçisi verə bilər və mülkiyyətçidən başqa həmin sahəyə üçünçü şəxslərin hər hansı sərəncam verməsi və ya hər hansı əqd bağlaması özlüyündə əhəmiyyətsiz və qanusuz əqddir. İşin hallarından da görünür ki, həmin torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini hər hansı üçünçü şəxsə icarəyə verməmiş və buna dair hər hansı əqd bağlamamışdır. İddiaçının həmin sahədən istifadəyə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam və icarə müqaviləsinin olmasına baxmayaraq məhkəmə nəzərə almamışdır ki, həmin sərəncam başqasının mülkiyyətndə olan torpaq sahəsini əhatə edə bilməz, həmin sərəncamda belə göstərşin olması həmin göstərişin özünü qanunsuz və əhəmiyyətsiz etmiş olur. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, hazrıkı yaşayış evi qəzalı vəziyyətdədir. Lakin hazırkı işin faktiki hallarına Mənzil Məcəlləsinin 28-ci maddəsi deyil Şəhərsalma və Tikinti Məcəlləsinin abadlaşdırma işlərinə aid normaları tətbiq edilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin abadlaşdırma işlərinin aparılması məsələlərini tənzimləyən normalarının təhlili onu deməyə əsas verir ki, abadlaşdırma tədbirlərinin təşkili və keçirilməsi zamanı ümumiyyətlə hər hansı şəxslərin mülkiyyət hüququna xitam verilməsi ərazidə yaşayan şəxslərin mülkiyyət hüququyla məxsus olan yaşayış evlərinin sökülməsi barədə norma nəzərdə tutulmamışdır. Ümumiyyətlə abadlaşdırma işlərinin aparılmasını tənzimləyən normaların hər hansı birində qəzalı vəziyyətdə olan sahələrinin hüquqi müqəddəratıyla bağlı hər hansı qayda öz əksini tapmamışdır. Həmçinin, iş materiallarında sözügedən sahənin həqiqətən qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı rəy və ya digər sübutun mövcud olmadığı halda hüquqi məsələyə aid olmayan hissədə məhkəmənin bu qənaətə gəlməsi tamamilə ehtimala və şəxsi mülahizəyə əsalnan mövqe kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququna xitam verilməsinin əsasəları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203 və 246-249-cu maddələrində öz əksini tapmışdır. Belə ki, mülkiyyət hüquqlarına dövlət ehtiyacları, öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə və.s nəzərdə tutulmuşdur. Hazırki işin hallarında məcəllədə istinad olunan mülkiyyət hüququna xitam verilməsinə dair hallar olmadığından hazırki müdaxilənin qanuniliyi və legetimliyindən söhbet gedə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Cavabdehlərin nümayəndəsi Nümayəndə2 və Cavabdeh3 nümayəndəsi X11 da apelyasiya şikayətini müdafiə etdiklərini bildirərək şikayətlə eyni məzmunlu izahat verdilər.
22. İddiaçının nümayəndələri Nümayəndə1 və X7 apellyasiya şikayəti ilə razı olmadıqlarını bildirərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
23. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əssasən müəyyən olunmuş sahəyə uyğun olaraq "xxxx" MMC tərəfindən ünvan 8 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasının 9 A Blokunun yaşayışın 1-ci mərtəbəsində 165 m2 ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi mümkündür.
24. İddiaçının nümayəndəsi X7 izahatında bildirdi ki, qarşı tərəf kompensasiya tələb edir, lakin "xxxx" MMC tərəfindən binaların tikintisi başlamadığından satış həyata keçirilmədiyinə görə kompensasiya verilməsi mümkün deyildir.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır; Maddə 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Maddə 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.
27. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması; Maddə 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir;
29. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dair 1 nömrəli Protokol: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin;
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmir, iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər sübutlarla təsdiq edilmişdir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
34. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır.
35. İddiaçı MMC tərəfindən hazırkı iddianın qaldırılması üçün istinad edilən əsas Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 nömrəli sərəncamıdır. Belə ki, məhz həmin sərəncamn 1-ci bəndinə əsasən Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, 2.4-cü bəndinə əsasən torpaq icarə müqaviləsinin bağlanması, 2.5-ci bəndinə əsasən torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmasının təmin edilməsi qərara alınmışdır.
36. Həmin sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 17 aprel 2020-ci il tarixli torpaq icarə müqaviləsi bağlansa da, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmamışdır.
37. 13 dekabr 2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin A tikilisinin 2 otağı (yaşayış sahəsi 25,0 m2, köməkçi sahəsi 11,5 m2) (pay) ilə yanaşı həmin daşınmaz əmlakın yerləşdiyri 0,022290 ha torpaq sahəsin üzərində də Cavabdeh1 mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
38. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə əsasən torpaq sahəsi üzərində sərəncam verilməsi, o cümlədən sahənin icarəyə, istifadəyə verilməsi yalnız onun mülkiyyətçisinin iradə iafdəsi əsasında mümkündür.
39. Hazırkı mübahisə üzrə də torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 olduğundan Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 17 aprel 2020-ci il tarixli torpaq icarə müqaviləsi bu torpaq sahəsinə aid oluna bilməz. Əgər sərəncamın 2.5-ci bəndinə əsasən icarə müqaviləsinə əsasən yaranmış icarə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınarsa, məhz hazırkı mübahisənin predmeti olan torpaq sahəsinə münasibətdə bu hüququn qeydə alınması mümkünsüzdür, çünki artıq həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır.
40. Mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilələr azadlığı prinsipləri çərçivəsində iddiaçı yalnız cavabdehlərlə razılıq əldə edərək müqavilə bağladıqdan sonra həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirə bilər.
41. Bundan başqa, məhkəmə iclasında kompensasiyanın ödənilməsi imkanı da araşdırılmış, lakin iddiaçının nümayəndəsi "xxxx" MMC tərəfindən binaların tikintisi başlamadığından satış həyata keçirilmədiyinə görə kompensasiya verilməsinin mümkün olmadığını bildirmişdir.
42. Həmçinin, məhkəmə iclasında təklif olunan sahəyə müvafiq mənzilin olub – olmaması imkanı da nəzərdən keçrilmiş və tikiləcək çoxmərtəbəli yaşayış binanın 9 A blokunun yaşayışın 1-ci mərtəbəsində 165 m2 ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi mümkün olması barədə iddiaçı tərəfindən ərizə verilmişdir.
43. Birinci instansiya məhkəməsinin qətnaməsində iddianın təmin olunması üçün əsaslardan biri kimi mübahisə predmeti olan evin qəzalı vəziyyətdə olmasına istinad edərək gəldiyi nəticəni bu xüsusatla bağlı normalarla, plenum qərarları ilə əsaslandırmışdır. Lakin evin həqiqətən də qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı rəy və ya digər sübut iş materiallarında mövcud olmadığından məhkəmə kollegiyası bu xüsusatı əsassız hesab edir.
44. Mülkiyyət hüququna xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarında öz əksini tapsa da, hazırkı iş üzrə həmin hallardan heç biri mövcud deyildir.
45. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia əsassız olduğundan rədd edilməli, apellyasiya şikayəti təmin edilməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci i tarixli, 2(006)- 1970/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci i tarixli, 2(006)- 1970/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev