Məhkəmə qərarları › İş №2(103)-7404/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7404/2023

11.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7404/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xətai rayon İcra Şöbəsinə qarşı “icra məmurunun qərarının ləğvi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7647/2023 saylı işi üzrə 09 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Kəmalə Həsənovanın) "İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə" xx.xx.2023-cü il tarixli Qərarının əsassız olduğu üçün ləğv edilməsi və icra işlərinin davam etdirilməsinin Xətai rayon İcra şöbəsinə həvalə olunması, 100 manat dövlət rüsumunun və 100 manat hüquqi xidmət haqqının cavabdehdən tutulması və iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7647/2023 saylı işi üzrə 09 oktyabr 2023cü il tarixli qərardadı ilə yolverilməzliyinə görə iddiadan imtina edilməsi qərara alınmışdır. Qərardadda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə və ““İcra haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunun 87.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçı Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmurunun “icra sənədinin aidiyyəti üzrə göndərilməsi” barədə qərarından narazı olduğu üçün həmin qərarın ləğv edilməsini və icra işinin davam etdirilməsini tələb edir. Bu halda iddiaçı iddia ərizəsi ilə deyil, icra məmurunun narazı olduğu qərarından şikayətlə müvafiq məhkəməyə müraciət etməlidir. İddiaçı şikayət vermiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 7647/2023 nömrəli qərardadının ləğv olunması və iş üzrə prosessual hərəkətlərin davam etdirilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62, 125; Mülki Prosessual Məcəllənin 4.1, 9.3; “Məhkəmələr və Hakimlər haqqında” qanunun 79-1-ci maddəsinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununu 20ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarına; Ali Məhkəmənin 2- 1(102)-1658/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərarına; Ali Məhkəmənin 2-1(102)-1761/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə, qərardadı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış və qüvvədə olan maddi və posessual hüququn imperativ normasınin aşağıda göstərilən bəzi tələblərini açıqaşkar pozmuş və bu məsələlərlə bağlı AR Konstitusiya Məhkəməsində, AR Ali Məhkəməsində və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində (bundan sonra - Avropa Məhkəməsi) formalaşmış hüquqi mövqeyə zidd olan qərardad qəbul etmişdir. Eyni zamanda, məhkəmə bu cür qərardad çıxarmaqla, iddiaçıya qarşı qərəzli mövqey nümayiş etdirmişdir. İddia tələbi AR Ədliyyə Nazirliyinə qarşı deyil, onun tabeçiliyində olan və ayrıca VÖEN olmayan Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı verilmişdir. İddia Ərizəsi EMİS vasitəsi ilə verildiyindən və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin ayrılıqda VÖEN olmadığından AR Ədliyyə Nazirliyinin VÖENdən istifadə edilmiş, amma cavabdehin ünvanı olaraq “ünvan 1izəsində də cavabdehin Bakı şəhəri Xətai rayon İcra şöbəsi olduğu qeyd olunmuşdur. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən qanunvericiliyin prosessual tələblərinə formal yanaşılmış, müvafiq normalar ciddi şəkildə tətbiq edilmiş və nəticədə iddiaçının məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur. Hüquqi Əsas: Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirməklə, qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). Bundan başqa, Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi nə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Bundan başqa, məhkəmənin - “..iddiaçı hazırki tələblə bağlı idda ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və onun hazırkı iddiasına iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya icra məmurunun qərarının ləğvi ilə bağlı icra qurumunun yerləşdiyi yer üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.” - gəldiyi nəticə də formal mülahizəyə əsaslanmış və bununla da hakimin iddiaçıya qarşı açıq-aşkar qərəzli və qanunsuz mövqedə olduğunu sübut edir. Belə ki, mülki məhkəmə qətnaməsinin icrası üzrə həmin məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qərarına və ya hərəkətinə dair mübahisəyə aidiyyəti mülki məhkəmə tərəfindən baxılmalı və həll edilməli olduğu halda, eyni zamanda artıq bu məsələ üzrə istər Konstitusiya Məhkəməsində, istərsə də Ali Məhkəmədə hüquqi mövqe formalaşdığı halda, hazırkı məhkəmə bu hüquqi mövqeyi qəbul etməmiş və ya etmək istəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7647/2023 saylı işi üzrə 20 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46- 50, 149-153, 385, 387, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, çatışmazlıqları aradan qaldırmaqla müraciət hüquqları mövcuddur. İnkişafda olan qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Məhkəmə kollegiyası, ilk olaraq münasibətlərin səciyyəsin nəzərə alaraq, işin mülki icraat qaydasında baxılaraq məhkəmənin səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən: 24.1. İcra sənədi aşağıdakı hallarda aidiyyəti üzrə göndərilmiş hesab edilir: 24.1.1. İcra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə; 24.1.2. İcra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə. 24.2. İcra sənədi borclunun iş yerinə göndərildikdə, icra məmuru onun icra vəziyyətini yoxlamalıdır. 24.3. İcra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə icra məmuru tərəfindən tələbkara məlumat verilir. 2 6 . İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 85.1. İcra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. 85.2. Qərarda aşağıdakılar göstərilir: 85.2.1. Qərarın qəbul edildiyi tarix və yer; 85.2.2. Qərarı qəbul etmiş icra məmurunun vəzifəsi, soyadı, adı və atasının adı; 85.2.3. Qərarın hansı icraat üzrə qəbul edilməsi; 85.2.4. Baxılan məsələ; 85.2.5. Qərarın qəbul edilməsi üçün əsas olmuş və icra məmurunun istinad etdiyi qanunlar və digər normativ hüquqi aktlar; 85.2.6. Baxılan məsələ üzrə çıxarılmış nəticə; 85.2.7. Qərardan şikayət verilməsi qaydası və müddəti. 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarının əsaslandırıcı hissəsində müəyyən edilən dəyərləndirmədə qeyd edilmişdir ki: “Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Müraciətdə qaldırılan məsələ ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, Qanunun həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərini tənzimləyən 21-ci maddəsinə dəyişiklik edilməmişdir. “İcra haqqında” Qanunun 21-ci maddəsinin köhnə redaksiyasına görə, məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır və ya ona xitam verilirdi. “İcra haqqında” Qanunun 20-ci maddəsi 30 dekabr 2016-cı ildə yeni redaksiyada verilmiş və icra sənədi üzrə icraata xitam verilməsinin məhkəmələr tərəfindən deyil, icra məmuru tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunu nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi məqsədilə “İcra haqqında” Qanunun bəzi müddəalarının mülki prosessual qanunvericiliklə əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir.” Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə tələbə yönəlik subyektiv tərkib baxımından cavab verməli olan və ya olmayan şəxs(lər)ə qarşı verilməsindən, habelə tələbin mahiyyətindən asılı olaraq təsnif edilməlidir. Hazırki tələbin mahiyyəti icra məmurunun qərarından şikayət səciyyəsi daşıdığından ilk növbədə məhkəmə qərarının icrasına nəzarət vəzifəsi daşıyan icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən diqqətə çatdırılmalıdır ki, icra məmurunun qərarından icra sənədini vermiş məhkəməyə və ya icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Qeyd edilən icraat mülki iş üzrə qəbul edilmiş qərarın icrasına nəzarət qaydasında həyata keçirilir və hər hansı halda yeni mülki icraat qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7647/2023 saylı işi üzrə 09 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar