Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7407/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-843/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 220.000 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əaslandırılır ki, iddiaçı gəlir əldə etmək məqsədi ilə qızıl-zinət əşyalarını alğı-satqısı qərarına gəlmişdir. O, 2018-ci ilin sentyabr aylarında tanış olduğu Cavabdeh Əliəvəz qızına tanışlarından aldığı qızılları satmaq üçün vermişdir. Sonuncu dəfə 2018-ci ilin dəkabr ayın ortalarında Cavabdeh çatdırılması üçün Nərimanov rayonunda yerləşən Nərimanov istirahət parkında X5 çəkisi 118 qram olan 16,500 manat dəyərində qızıl-zinət əşyalarını satması üçün vermişdir. Bundan sonra Xanım satmaq üçün verilmiş qızılların ümumi dəyəri 220.000 manat pulu 2019-cu ilin aprel ayınadək qaytarmağa söz vermişdir. Lakin Xanım verdiyi sözə əməl etməyərək aldığı qızılların pullarını qaytarmamışdır. Xatirə Vəzirova aldandığı üçün Nərimanov RPİ-nə şikayət etmişdir. Lakin Nərimanov RPl-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cabir Bağırovun xx xxxx 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-843/2020 saylı qətnaməsi ilə iddia təmin edilməyərək, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-843/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iş üzrə birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi qanunsuz və ədalətsizdir və odur ki, ləğv olunaraq iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Əvvəla mübahisəni həll etmiş birinci instansiya məhkəməsi işin zəruri hallarını tam araşdırmamış, iddiaçının sübutetmə imkanlarını məhdudlaşdırmış və nəticə etibarı ilə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, şikayət olunan məhkəmə qətnaməsinin məzmunu ilə də müəyyən olunur ki, məhkəmə Cavabdeh İddiaçı borcunun olması ilə razılaşmışdır. Çünki məhkəmə qətnaməsində də qeyd olunur ki, cavabdehin iddiaçıya məhz 220.000 manat məbləğində borcunun olmasıişin hər hansı halı ilə sübuta yetirilmir. Qətnamədə məhkəmə tərəfindən “məhz” ifadəsinin işlədilməsi qeyd olunan fikri izah edir. O ki, qaldı tələb olunan pul məbləğinin sübuta yetirilməsinə, fikrimizcə, burada məhkəmə prosessual hüquq normasını pozaraq təqdim olunan sübutun araşdırılmasına mane olmuşdur. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı səsli mesajda pul öhdəliyinin məbləği aydın şəkildə ifadə olunmuşdur. Həmin səs yazısı sübut qismində tədqiq olunması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə istinad etdiyi Mülki-Prosessual Məcəllənin 10.10-cu maddəsini səhv təfsir edərək, səs yazısının tədqiqini mümkün hesab etməmişdir. Prosessual normada göstərilir ki, “şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Göründüyü kimi, qanunvericilik səs yazısı kimi şəxsi məlumatların yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıqlanmasına imkan verir. Hazırki halda isə məlumatın ünvanlandığı şəxs məhz İddiaçıdır ki, o da səsyazmanı məhkəməyə təqdim etməklə, tədqiq olunmasına öz razılığını ifadə etmişdir. Birinci instansiya məhkəməsinin yanlış olaraq istinad etdiyi və bununla da iddiaçının sübutetmə imkanını məhdudlaşdırdığı digər qanun norması da Mülki Prosessual Məcəllənin 95.2-ci maddəsi olmuşdur. Məhkəmə bu normaya istinad etməklə tədqiq olunması istənilən məlumatın gizli yolla və ya qanunsuz əldə olunduğunu göstərməyə çalışmışdır. Buna münasibət olaraq isə bildiririk ki, sözügedən səs yazısı hər hansı səsyazma qurğusundan gizli şəkildə istifadə olunmaqla əldə olunmamış, Cavabdeh İddiaçı telefon vasitəsi ilə ünvanladığı məlumatı təşkil etmişdir. Cavabdeh bu səsli mesajı yazmağa və iddiaçıya ünvanlamağa kimsə məcbur etməmiş, öz iradəsinə uyğun olmuşdur. Bundan başqa, iş materialları ilə də müəyyən olunur ki, tərəflər arasında qızıl-zinət əşyalarının satışı üzrə münasibətlər yaranmış, bu münasibətlərdən Cavabdeh İddiaçı müəyyən məbləğdə borcu yaranmışdır. İşin mübahisələndirilməyən halı olmaqla, bu məsələyə məhkəmə lazımi qiymət verməmişdir. Əgər borcun olması faktı mövcuddursa və bu fakt məhkəmə tərəfindən də qəbul olunursa, demək borc məbləğinin həcmi müəyyən olunmalı və bunun üçün sübutetmə yükünün yalnız iddiaçının üzərinə qoymaqla kifayətlənmək natamam məhkəmə araşdırması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh oğlu məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 843/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan, Nərimanov rayon X7 şöbəsində X6 ərizəsi əsasında toplanılmış HK-1/880487 nömrəli materialda olan X8 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli izahatından görünür ki, Xatirə Vəzirova Cavabdeh satılması məqsədilə qızıl-zinət əşyaları verdiyini, qarşı tərəfin isə son olaraq verdiyi qızılların dəyərini təşkil edən 220.000 manat məbləğində pulu ona ödəmədiyini bildirmişdir. Həmin materialda olan İddiaçı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli izahatdan görünür ki, o, qaynanası X8 ilə birlikdə Cavabdeh satılması məqsədilə qızıl-zinət əşyaları vermiş, qarşı tərəf son olaraq verdiyi qızılların dəyərini təşkil edən 220.000 manat məbləğində pulu ona ödəmədiyini bildirmişdir. Həmin materialda olan, Cavabdeh tərəfindən verilmiş xx.xx.2019- cu il tarixli izahatdan görünür ki, o, tanışlarından, o cümlədən Vəzirova Xanımdan aldığı qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu, 2018-ci ilin dekabr ayınadək aldığı qızılların pulunu X.Vəzirovaya ödədiyini, son aldığı qızılların pulunu maddi çətinlik səbəbindən verə bilmədiyini bildirmişdir. Tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh satmaq üçün ümumi dəyəri 220.000 manat təşkil edən qızıl-zinət əşyaları verdiyini bildirsə də, tələbinin əsası kimi irəli sürdüyü halları sübuta yetirə bilməmişdir. Belə ki, Nərimanov rayon X7 şöbəsində X6 ərizəsi əsasında toplanılmış HK-1/880487 nömrəli materialdan görünür ki, Cavabdeh, Xatirə Vəzirovadan qızıl-zinət əşyalarını aldığını, həmin əşyaların dəyərinin bir qismini ödədiyini, qalan hissəsini isə ödəyə bilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı məhz 220.000 manat borcunun olması işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Bu qənaətə gələrkən məhkəmə qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə həmçinin təqdim edilmiş səs yazısına münasibətdə qeyd etmişdir ki, qanunvericiliyə əsasən şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (Mülki-Prossesual Məcəllə maddə 10.10). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2). Göründüyü kimi, iddiaçı tərəf təqdim etdiyi səs yazısının hansı yolla əldə edilməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əssassız olduğundan, təmin edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 843/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7407/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7407/2020
07.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver