Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7409/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqı hesabından əsassız tutulmuş vəsaitin qaytarılması, əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi, əmək haqqı hesabından hər hansı tutmanın və məhdudiyyətin qoyulmasının cavabdehə qadağan edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdeh Bankın nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Banka qarşı “əmək haqqı hesabından əsassız tutulmuş vəsaitin qaytarılması, əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi, əmək haqqı hesabından hər hansı tutmanın və məhdudiyyətin qoyulmasının cavabdehə qadağan edilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək onun xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə iddiaçının əmək haqqı hesabı X2 tərəfindən bloklanmış və xx.xx.2019-cu il tarixində onun əmək haqqı kartından (hesab № ********************) 280 manat vəsait tutulmuşdur. Bununla bağlı iddiaçı dəfələrlə cavabdeh Banka müraciət etsə də, onun müraciətinə cavab verilməmişdir. İddiaçı daha əvvəllər də, yəni 2017-ci il tarixdə belə bir hadisə ilə üzləşmişdir. Belə ki, xx.xx.2012-ci il tarixdə Banka 20.000 manat məbləğində depozit qoymuş, həmin depozitə görə ona “Platinium kart” hədiyyə olunmuş, 2013-cü ilin yanvar ayında depozitini götürmüş, lakin “Platinium kartdan” heç bir zaman istifadə etməmişdir. 2017-ci ilin iyun ayında iddiaçının əmək haqqı hesabından 300 manat pul tutulmuşdur. Bunun səbəbini araşdırdıqda məlum olmuşdur ki, Bank işçisi tərəfindən xx.xx.2014-cü il tarixdə onun “Platinium kart” hesabına səhvən 16.355 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. xx.xx.2014-cü il tarixdə bu hesabdan online 2.862,44 ABŞ dolları çıxarılmış və sonda xx.xx.2014-cü il tarixdə 16.355 ABŞ doları məbləğində daxil olmuş məbləğ bank tərəfindən geri qaytarılmışdır. Nəticə olaraq iddiaçının “Platinium kart” hesabına 2.864,44 ABŞ dolları məbləğində borc hesablanmışdır. Hazırda Bank tərəfindən iddiaçıya məxsus əmək haqqı hesabından pul tutulmaqda davam edilir. Göstərilənlərə əsasən iddiaçı, cavabdeh Bank tərəfindən əsassız olaraq iddiaçının əmək haqqı hesabından tutulmuş 280 manat məbləğində vəsaitin və bu məbləğə yekun məhkəmə aktı çıxan günədək hesablanmalı olan faizlərin, həmçinin Bankın hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində pul vəsaitinin Bankdan tutularaq iddiaçıya ödənilməsi, iddiaçının əmək haqqı hesabından hər hansı tutulmanın cavabdeh Banka qadağan edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Bank tərəfindən əsassız olaraq əmək haqqı hesabından tutulmuş 280 manat məbləğində vəsaitin və bu məbləğə 8 aylıq müddət üzrə hesablanmış əldən çıxmış fayda olan 26 manat məbləğində vəsaitin, həmçinin Bankın qanunazidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində vəsaitin və dövlət rüsumuna görə tərəfindən ödənilmiş 30 manat, ümumilikdə isə 3.336 manat məbləğində vəsaitin Bankdan tutularaq iddiaçıya ödənilməsi, ******************** USD hesab nömrəsi ilə bağlı hər hansı öhdəlik mövcud olmadığından bu hesabla bağlı əmək haqqı hesabı olan ******************** nömrəli hesabdan hər hansı əsassız tutulmanın və məhdudiyyətin Banka qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdilər və şikayətinin, habelə iddia tələbinin məzmununa uyğun izahat verdilər. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının cavabdeh Bankda adına olan ******************** USD saylı hesablaşma hesabından çıxarışdan görünür ki, həmin hesaba xx.xx.2014-cü il tarixdə 16,355 ABŞ dolları köçürülmüş, xx.xx.2014-cü il tarixdə həmin 16,355 ABŞ dolları hesabdan çıxarılmışdır. Hesablaşma hesabı vasitəsilə xx.xx.2014-cü il tarixdə ROBOKASSA ELEKTRONİCS-ə 87,85 ABŞ dolları, YANDEX.MONEY-ə müxtəlif ardıcıllıqlarla ümumilikdə 2.734,6 USD, xx.xx.2014-cü il tarixdə BLİZZARD ENT ONL STORE-yə 39,99 USD məbləğində ödəniş edilmişdir. Bank tərəfindən iddiaçının hesablaşma hesabından xx.xx.2019-cu il tarixdə 164,51 USD məbləğində pul silinmişdir. Hazırda iddiaçının ******************** USD saylı hesablaşma hesabı üzrə 2697,93 USD məbləğində borcu qalmışdır. İddiaçının cavabdeh Bank tərəfindən əsassız olaraq onun əmək haqqı hesabından 280 manat məbləğində pulun tutulması və hesab üzrə öhdəlik olmadığından hər hansı əsassız tutulma və məhdudiyyətin cavabdehə qadağan edilməsi tələbləri ilə bağlı Rayon Məhkəməsi haqlı olaraq iddiaçının istinad etdiyi halların onun tərəfindən sübuta yetirilə bilməməsini qeyd etmiş və Məhkəmə bununla razılaşır. Çünki xx.xx.2014-cü il tarixdə hesaba mədaxil olunmuş 16,355 ABŞ dolları məbləğin xx.xx.2014-cü il tarixədək geri çəkilməsinədək xx.xx.2014-cü il tarixdə 43034814 saylı hesab üzərindən YANDEX.MONEY internet saytından istifadə etməklə müxtəlif məbləğlərdə və müxtəlif ardıcıllıqlarda ümumilikdə 2.734,6 USD pul silinmişdir. Qeyd olunan məbləğin isə sırf Bank tərəfindən istifadə olunması iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş, hətta 4303-4814 saylı hesabın cavabdehin izahatına görə iddiaçının oğlu Anar Sadıqova məxsus olması Məhkəməyə bildirilmişdir. Belə ki, “Yandex Denqi” OOO NKO təşkilatı tərəfindən yuxarıda qeyd edilən hallarla əlaqədar vəsaitlərin “Qamazavr” oyun portallarına məhz Anar Sadıqov adlı istifadəçi tərəfindən plastik kartın məxfi məlumatları daxil edilməklə köçürülməsi barədə xx.xx.2014-cü il tarixli Təsdiqnamə ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh Bank tərəfindən əsassız olaraq əmək haqqı hesabından tutulmuş 280 manat məbləğində vəsaitin qaytarılması və hesab üzrə öhdəliyi olmadığından hər hansı əsassız tutulma və məhdudiyyətin cavabdeh Banka qadağan edilməsi tələblərinə dair əsaslar olmadığından Rayon Məhkəməsi də eyni nəticəyə gəlməklə düzgün qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2020-cu il tarixli Qərarı). Rayon Məhkəməsinin iddiaçının tələbinin digər hissəsi, yəni cavabdeh Bankdan əldən çıxmış faydanın və mənəvi zərərin də əsassız tutulmuş 280 manat məbləğinin qaytarılması, hesab üzrə öhdəlik olmadığından hər hansı əsassız tutulma və məhdudiyyətin Banka qadağan edilməsi hissəsində təmin olunmadığına görə digər (əsas tələbdən törəmə olan) tələblər də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla (sübuta yetirilmədiyindən) Məhkəmə razılaşır. Qətnamə həmin hissədə qanuni və əsaslıdır. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçının iddia tələbi əsassızdır. İşə baxmış Rayon Məhkəməsi də eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Arıf qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7409/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7409/2020
06.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver