Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7412/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X17 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4399/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:
1. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh övladları eyni sinifdə oxuduğundan onlar tanış olmuşlar. İddiaçı Məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh ümumilikdə 21.194 manat məbləğində pul vermiş və ona məxsus qızıl-zinət əşyalarının lombardda satılması nəticəsində cavabdeh tərəfindən ona 6.500 manat məbləğində ziyan dəymişdir. Cavabdeh isə iddiaçıdan 3.500 manat məbləğində şəxsən borc aldığını və onu qaytardığını, digər məbləğlərin ona verilmədiyini, verilmişdirsə faktiki nikahda olduğu şəxsə verilə biləcəyini qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi, daha sonra iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) onu aldadaraq ələ keçirdiyi 21.194 manat məbləğində pulun, ona məxsus qızılzinət əşyalarının lombardda satılması nəticəsində ona dəymiş ziyanın əvəzi olaraq, 6.500 manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı və cavabdehin övladları eyni sinifdə oxuduğundan onlar tanış olmuşlar. İddiaçı 2020-ci ilin iyul ayında lombarda qızıllarını qoyaraq, ümumilikdə 2600 manat, daha sonra cavabdehin həyat yoldaşı X10 Kapital Bank vasitəsilə 606, 900 (kartla) və 415 manat (nağd), daha sonra cavabdehin avtomobil alması üçün Bankdan kredit götürərək 12.400 manat, 2020-ci ilin avqust ayında cavabdehin oğlunun polis tərəfindən saxlandığı üçün müəyyən problemlər olduğundan iddiaçı iş yoldaşından götürərək 900 manat, daha sonra qızıl sepini "xxxx" ASC-yə girov qoyaraq 438 manat və bacısına məxsus bank kartından 250 manat çıxarıb cavabdehə vermiş, bunlardan əlavə də hissəhissə olmaqla 4000 manat borc pulu cavabdehə vermişdir. Cavabdeh və onun həyat yoldaşı daha yüksək faizli lombard tapdıqlarını bildirdiklərindən iddiaçı qızıllarını qoyduğu lombarddan götürərək, onlara vermiş və onlar qızıllarını başqa lombarda qoyaraq, 3500 manat pul götürmüşlər. Lombard ödənişini edəcəklərini desələr də, vaxtında ödəniş etmədiklərindən iddiaçının 65,25 gram ağırlığında qızılı satılmış, nəticədə iddiaçıya 6500 manat məbləğində ziyan dəymişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır.
4. Məhkəmə iclasında izahat verən iddiaçı iddia ərizəsində qeyd etdiklərinə əlavə olaraq bildirmişdir ki, cavabdehin xahişi ilə iş yoldaşı olan Afaq adlı şəxsin adına 4.000 manat məbləğində kredit götürərək, bu məbləği də cavabdehə vermişdir. Lakin cavabdeh onun etibarından sui-istifadə edərək, o cümlədən ona öz kommersiya fəaliyyətlərinə (icarə əsasında fəaliyyət göstərəcək restoranda inzibatçı vəzifəsi) cəlb edib yüksək əmək haqqı ödənilməsi barədə vədlər verərək və hər dəfə borc aldığı məbləğləri qaytaracağına onu inandıraraq, ondan yenə də yuxarıda göstərilən məbləğlərdə borc almış, lakin bugünədək borc aldığı məbləğləri qaytarmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini, habelə cavabdeh barəsində xüsusi qərardad çıxarılmaqla prokurora göndərilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında izahat verən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun iddiaçıya 2019-cu ildə cəmi 3.500 manat məbləğində borcu olmuş, həmin borcunu da sonradan qaytarmışdır. İddia ərizəsində qeyd edilən hər hansı məbləğ isə iddiaçı tərəfindən ona borc qismində verilməmişdir. İddiaçı həmin məbləğlərdə pul vermişdirsə də, ona verməmiş, onunla faktiki nikah münasibətində olan X11 vermişdir. Mebelin quraşdırılması ilə bağlı işləri də məhz X15 təşkil edərək görmüş və bununla bağı hər hansı məbləğdə pul verilmişdirsə də, sonuncuya verilmişdir. Bundan əlavə iddiaçıdan lombarda qızıl-zinət əşyası qoyub pul götürməyi də heç vaxt xahiş etməmiş, həmin qızıl-zinət əşyaları da onun adına deyil, X7 adına qoyulmuş və hər hansı məbləğdə pul götürülmüşdürsə də sonuncu tərəfindən götürülmüşdür. İddiaçı ilə aralarında olmuş telefon danışıqlarında da iddiaçıya özünə məxsus avtomobili satıb, borclarını qaytaracağını və iddiaçıya onun özünə məxsus borcları qaytarmağa köməklik edəcəyini bildirmişdir. Sonradan isə bunu edə bilməmiş, belə ki, öz borclarını qaytarmışdır. Lakin o, bu təklifi iddiaçıya borcunun olması səbəbindən etməmişdir. Belə ki, o, qeyd etdiyi 3.500 manat puldan başqa iddiaçıdan hər hansı məbləğdə borc almamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdehin vəkili X12 iddianı qəbul etməmiş və cavabdehin izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən məbləğlərlə izahatında qeyd etdiyi məbləğlər ümumiyyətlə üst-üstə düşmür və ümumi məbləğ baxımından fərqlidir. İddiaçı cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pulu borc verdiyini bildirsə də, bu məbləğlərin hər hansı hissəsinin cavabdehə verilməsini təsdiq edən sübut yoxdur. İddiaçı özü də qeyd edir ki, ona məxsus olan qızıl-zinət əşyalarını bir lombarddan çıxarıb, digər lombarda, artıq özünün və ya cavabdehin deyil, cavabdehin faktiki nikahda olduğu X7 adına qoyulmuşdur. Lakin buna baxmayaraq, həmin qızıl-zinət əşyalarının dəyərini də cavabdehdən tələb edir. Hər bir halda, bu pullar cavabdehə verilsə idi, lombarda cavabdehin adına yerləşdirilmiş olardı. Nəticə etibarı ilə iddiaçı tərəfindən iddiada və izahatlarında qeyd edilən məbləğlərin hər hansı hissəsi onun tərəfindən borc kimi verilmişdirsə də, cavabdehə deyil, məhz adı çəkilən X11 verilmişdir. Sadəcə olaraq, bu şəxs barəsində cinayət işi başlanılmış və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən də iddiaçı qeyd edilən məbləğlərin ondan tələb edilməsini qeyri-qənaətbəxş hesab edərək, reallıqda ona verilmiş məbləğləri cavabdehdən tələb etmək qərarına gəlmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının həyat yoldaşıdır. Cavabdeh və onun faktiki nikahda olduğu X15 2020-ci ilin avqust ayında onların evinə gəlmişlər və həmin vaxt onun evində aparılan təmir işlərinə köməklik etmişdilər. Sonra restoran kimi fəaliyyət göstərməsi üçün qeyri-yaşayış sahəsini icarəyə götürmək niyyətində olduqlarını ona bildirmişlər və bu restoran üçün avadanlığın, o cümlədən stolların və stulların əldə edilməsində onlara köməklik göstərilməsini xahiş etmişdilər. Həmçinin, cavabdeh və X15 ona restoranda inzibatçı vəzifəsində işləməyi də təklif etmişdir. Lakin o, bundan imtina etmişdir. Cavabdeh və X15 restoran kimi fəaliyyət göstərilməsi üçün bir neçə qeyri-yaşayış sahəsini icarəyə götürmüşdülər. Lakin nəticədə işləri alınmamışdır. Sonradan avadanlıq natamam şəkildə, yəni bir sıra əşyalar olmadan ona qaytarılmışdır. Həmin avadanlığın pulu da bügünədək ödənilməmişdir. Bir müddət sonra X15 barəsində cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxt cavabdeh ondan borc qismində 500 manat pul istəmişdir. Lakin o, cavabdehə bərabər işlədiyini, günə 5-10 manat pul qazandığını və yalnız 50 manat məbləğində borc vermək imkanına malik olduğunu bildirmişdir. Bundan sonra cavabdeh ona maşınını satıb pulunu ona verməyi xahiş etmişdir. Lakin o, bundan da imtina etmiş və cavabdehə öz mülkiyyətində olan avtomobili satmağı təklif etmişdir. Cavabdeh öz maşınını da onun köməkliyi ilə satmışdır. Həmin avtomobilin satışından əldə edilmiş 26.500 manat pulun 200 manat hissəsi onda qalmış, 20.500 manat lizinq xərcləri qismində ödənilmiş, 5.800 manat pulu isə cavabdeh özü götürmüşdür. Cavabdeh həmin pulu iddiaçının lombarda qoyulmuş qızıl-zinət əşyalarına görə yaranmış borcu ödəyib qızılzinət əşyalarını götürməsinə vəd versə də, bunu etməmişdir. Bir müddət sonra cavabdeh onlara yaşadığı mənzildən çıxarıldığını bildirmiş və sonuncunun xahişi ilə ona bir müddət, yəni 2021-ci ilin yanvarında öz evlərində yaşamağa şərait yaratmışdılar. Bir aydan sonra, yəni 2021-ci ilin fevral ayında cavabdeh onların mənzilini tərk etmişdir. Eyni zamanda, X15 onların və qayınanasının evində yeni mebelin quraşdırılmasını təşkil etməli idi. Bu məqsədlə onun həyat yoldaşı, yəni iddiaçı cavabdehə 800 manat məbləğində, qaynanası isə onun şahidliyi ilə 460 manat məbləğində pul vermişdir. Lakin mebel quraşdırılma işləri tam görülməmişdir. İddiaçının cavabdehə xeyli məbləğdə pulu borc verməsini, habelə iddiaçının özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoymasını xeyli müddət sonra, artıq X15 həbs ediləndən sonra bilmişdir.
8. Məhkəmə iclasında iştirakı məhkəmənin təşəbbüsü ilə təmin edilmiş X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, cavabdehlə faktiki nikah münasibətlərində olmuş və iddiaçını da onun rəfiqəsi kimi tanımışdır. Sonradan onun özünün də iddiaçı ilə səmimi münasibətləri yaranmış və o, iddiaçını öz bacısı hesab etmişdir. İddiaçının iddia etdiyi 21.194 manat məbləğində pul hissə-hissə borc qismində heç vaxt nə ona, nə də ki, cavabdehə verilmişdir. O, iddiaçının müraciətinə əsasən onun evində yeni mebelin quraşdırılması işlərini təşkil etmiş, həmçinin iddiaçının evində təmir işlərinin aparılmasına köməklik etmişdir. Mebelin quraşdırılması üçün də 660 manat məbləğində pul şəxsən ona verilmişdir. Bu pulun, ümumiyyətlə mebellərin quraşdırılması ilə bağlı hər hansı məbləğin cavabdehə verilməsi mümkün olan bir hal ola bilməzdi. Hər bir halda, həmin ailənin həmin vaxt başçısı, habelə mebellərin quraşdırma işinə nəzarət edən şəxs məhz o, olmuşdur. Belə olan halda, pulun iddiaçı tərəfindən ona deyil, cavabdehə verməsi barədə izahatının özü anlaşılmazdır. İddiaçı tərəfindən "xxxx" ASC-dən 12.400 manat, habelə iş yoldaşının adına 4.000 manat kreditin götürülüb cavabdehə veriməsi barədə iddiaçının sözləri də həqiqəti əks etdirmir. Həmin məbləğdə pul vəsaiti ona da verilməmişdir. Belə ki, iddiaçı "xxxx" ASC-dən götürdüyü kreditdən cavabdehə deyil, şəxsən ona cəmi 5.600 manat məbləğində pul vermiş və həmin vəsait də bütünlüklə iddiaçının evinin təmirinə xərclənmişdir. Təmir işlərinə təxminən 8.000 manat pul xərclənmişdir. İddiaçı tərəfindən lombarda yerləşdirilmiş qızıl-zinət əşyaları ilə bağlı isə qeyd etmişdir ki, onun köməkliyi ilə həmin qızıl-zinət əşyaları bir lombarddan çıxarılaraq, daha yüksək borc məbləğinə digər lombarda təhvil verilmiş və ikinci lombarddan əldə edilmiş vəsait hesabına birinci lombarda yaranmış borc məbləği ödənilmiş və əldə qalan 930 manat qalıq məbləği də iddiaçının evinin təmirinə xərclənmişdir.
9. Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 01 noyabr 2021-ci il tarixli, 2(001)-4399/2021 nömrəli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə tərəfindən sübutlara qiymət verilərkən qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi kredit müqavilələri iddiaçı və onun bacısı olan X13 ilə bağlanmışdır. Cavabdeh bu məbləğin ona verildiyini etiraf etmir. İş materiallarına əlavə edilmiş və cavabdehə 06 avqust 2021-ci il tarixdə 606 manat, xx.xx.2021-ci il tarixdə 900 manat məbləğində pulun köçürülməsini təsdiq edən qəbzlərlə bağlı qeyd edilməlidir ki, bu qəbzlərdə göstərilən məbləğlərin hansı şəxs tərəfindən, hansı şəraitdə və nə məqsədlə göndərilməsi məlum deyil. Məhkəmə o halı da qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlər, izahatında göstərdiyi məbləğlər, habelə X7 şahid qismində ifadəsi alındıqdan sonra borc məbləğinə dair verdiyi açıqlamada göstərdiyi məbləğlər (iddia ərizəsində göstəriləndən və tərəfindən verilmiş izahatda göstərilən məbləğlərdən əlavə bacısı X5 adına "xxxx" ASC-dən götürülmüş 2.300 manat pulun və tam kartda olan 500 manat pulun və əlavə olaraq 800 (700+100 manat Yasamal rayonunda yerləşən restoranda) manat pulun da cavabdehə verildiyini bildirir) biri digərindən fərqlənir və hər hansı birinin cəmi iddia üzrə tələb edilən 21.194 manat təşkil etmir. “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların çıxarışından və telefon danışıqlarının audio yazısından da cavabdehin iddiaçıya borcunun olduğu aşkar deyil. Bu yazışmaların və danışıqların hər hansı birində cavabdeh iddiaçıya borcunun olduğunu və ya yaranmış borcun ona məxsus olduğunu etiraf etmir. Əksinə danışıqlarda cavabdeh iddiaçıya münasibətdə “sənin borcunu” ifadəsindən istifadə edir. Lombarda qızıl-zinət əşyalarının yerləşdirilməsini təsdiq edən sənədlərdə də eyni qaydada iddiaçının adı əks etdirilir. Bu əşyaların lombarda yerləşdirilməsindən əldə edilmiş vəsaitin də cavabdehə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiası iddia ərizəsində qeyd etdiyi halları sübut edə bilməmişdir. Bundan əlavə, məhkəmə iddiaçı ilə cavabdehin arasında səmimi, mehriban və etibarlı münasibətlərin olmasını qəbul edir, lakin buna baxmayaraq, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hissə-hissə hər verilən borcun qaytarılmadığı bir halda cavabdehə yeni borc məbləğinin verilməsi, xüsusilə də verilmiş borc məbləğinin bir hissəsinin başqa şəxslərdən alınması, bu proseslər barədə həyat yoldaşına hər hansı məlumat verməməsi və bununla da birgə təsərrüfata maddi ziyan vurulması insan məntiqinə sığmayan və başa düşülməyən bir haldır. Hər bir halda, bir dəfə (münasibətlərə sığınaraq ikinci və maksimum üçüncü dəfə) verilmiş borc qaytarılmadıqdan sonra yenidən borcun istənilməsi və bu müraciətə uyğun olaraq yenidən borcun verilməsi inandırıcı da görünmür.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, 1095, 1096.1, 1096.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 214.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: b) Apelyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayəti Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə etmişdir ki, onun iddia tələbini X8 (özünü Rasim kimi təqdim edən) deyil, məhz cavabdehə yönəltməsinin səbəbi odur ki, o pulları X8 çatdırılması üçün məhz cavabdehə vermişdir. Bundan əlavə, məhkəmə iddiaçıya məxsus kreditlər, onların yaranma tarixləri və məbləği, lombardda olan qızılları və onlarla əlaqədar şahid ifadələrinin dinlənilməsi, whatsapp yazışmalarını və bu kimi faktları araşdırmamış, sübutlara düzgün qiymət vermədən qətnamə qəbul etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2886/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.A.Məmmədovadan və R.Ə.Eyvazovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4399/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmuşdur.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı irəli sürdüyü tələbin əsaslılığını sübut edə bilməmiş və belə olan halda kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, 1095, 1096.1, 1096.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının İzahatları Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil X9) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2886/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, “whatsapp” danışıqları düzgün araşdırılmamış, cavabdehlərin və şahidlərin ifadələri düzgün qiymətləndirilməmiş, apelyasiya instansiyasında aparılan araşdırma birtərəfli olmuş və məhkəmə formal mülahizələrə əsasən qətnamə qəbul etmişdir. Eyni zamanda nə birinci, nə də apellyasiya instansiyası məhkəmələri Xətai RPİ-nin İŞ-də aparılan ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi barəsində olan qərarında X6 verdiyi ifadələrinə qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya instansiya məhkəməsindəki icraat:
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-5042/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər V.T.Həsənov (məruzəçi), İ.Ə.Şəfiyev və Ə.A.Əhmədov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)-2886/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
23. İşi yeni apelyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə apelyasiya qaydasında baxan məhkəmə, birinci instansiya məhkəməsinin nəticəsini və əsaslandırmanı olduğu kimi təkrarlamaqla qeyd edilən dəlilləri ümumiyyətlə müzakirə etməmiş və onlarla hansı əsaslara görə razılaşmadığını qətnamədə göstərməmişdir. Bununla da, işə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi eyni pozuntulara yol verərək, iddia tələbinin və ona etirazın əsasında duran digər halları araşdırıb onlara düzgün hüquqi qiymət verməmiş, tərəflərin izahatlarını, toplanmış sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, qətnamənin işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir.
24. İddaçının apelyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apelyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
25. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, işin mahiyyətinə aid olduğu üçün işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi cavabdehin iddia tələbinə qarşı irəli sürdüyü dəlillər ilə bağlı məhkəməyə təqdim etdiyi sübutları araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir
26. Məhkəmə kollegiyası izah etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
28. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
29. Odur ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehə olan borcunun müəyyən edilməsində maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
30. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri (iddiaçı və cavabdeh tərəfin iddia tələbində və etirazda olan dəlilərinə) və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Proses iştirakçılarının izahatı:
31. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
32. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil1 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Hazırki apelyasiya baxışının hədləri:
33. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası
36. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
37. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
38. Maddə 21.1: Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. Maddə 21.2: Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
40. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
41. Maddə Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
42. Maddə Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
43. Maddə 1091.1: Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
44. Maddə 1091.2: Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
45. Maddə 1092.1: Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
46. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
47. Maddə 1096.1: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
48. Maddə 1096.2: Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
49. Maddə 1097.1: Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
57. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
59. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
60. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
61. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki apelyasiya baxışında apelyasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası işin materiallarını, apelyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını müzakirə edib, kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişləri nəzərə alıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
63. Hazırki işin halı ondan ibarətdir ki, iddiaçı cavabdehə 21.194 manat məbləğində pul verdiyini, ona məxsus olan qızılların lombardda satılması nəticəsinə ona 6.500 manat məbləğində zərər vurulduğunu göstərir və həmin məbləğlərin tutulmasını xahiş edir.
64. Cavabdeh isə buna dair etirazında iddiaçıdan 3500 manat məbləğində şəxsən borc aldığını və onu qaytardığını, digər məbləğlərin ona verilmədiyini, verilmişdirsə faktiki nikahda olduğu şəxsə verilə biləcəyini göstərir.
65. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıdan borc qismində pul alması, cavabdehin iddiaçının hesabına əsassız olaraq varlanması, habelə cavabdehin iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törətməsi və nəticədə ona real, habelə hər hansı formada zərər vurması halı öz təsdiqini tapmadığından iddia əsassız hesab edilməli və bu səbəbdən rədd edilməlidir.
66. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qətnamədən apelyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbində olan və izahatında göstərdiyi dəlillər, həmçinin “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardadda hazırki mübahisəyə dair verilmiş ifadələrə və cavabdehin “whatsapp” üzərindən danışıqlarında faktiki etirafı ilə bağlı cavabdehin izahatları üzrə araşdırma aparılıb qiymətləndirilməmiş, cavabdehin özünün borc kimi almasını qəbul etdiyi 3500 manatı guya iddiaçıya qaytarması barədə dediklərini qəbul etsə də, həmin vəsaiti harada və nə zaman iddiaçıya qaytarılmasına dair sübutların nədən ibarət olması aydınlaşdırılmamışdır.
67. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən - iddiaçı tərəfindən qəbul olunan borc məbləğindən cavabdehin özünün etiraf etdiyi 3500 manat məbləği hissəsində əsaslı hesab edir və qeyd edir ki, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
68. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xeyli müddətdir ki, biri-digərini tanıyır və onlar yaxın münasibət saxlamışdılar. X15 cavabdehin faktiki nikah münasibətlərində olduğu şəxsdir. Onun iddiaçı ilə də dostluq münasibətləri olmuşdur. Hazırda iddiaçı bu münasibətlər çərçivəsində cavabdehə müxtəlif məqsədlər, xüsusilə də borc qismində ümumilikdə 21.194 manat məbləğində pul verdiyini, həmçinin cavabdehin hərəkətləri nəticəsində özünə məxsus 65,25 qram çəkidə qızıl-zinət əşyasının lombarda qoyaraq borc qismində götürülmüş pulun da cavabdehə verildiyini, lakin qaytarılmaması səbəbindən həmin qızıl-zinət əşyalarının hərracdan satıldığını və nəticədə ona 6.500 manat məbləğində maddi ziyan vurulduğunu bildirir və həmin məbləğlərin cavabdehdən tutulmasını tələb edir. İddiaçı bu məbləğin (606 manat, 900 manat köçürmə yolu ilə, 415 manat nağd şəklində) 1.921 manat hissəsinin onun evinə mebel quraşdırılması üçün cavabdehə verildiyini, 12.400 manat hissəsinin kredit qismində öz adına, 4.000 manat hissəsinin kredit qismində iş yoldaşının adına götürərək, cavabdehə verdiyini qeyd edir. Eyni zamanda, iş yoldaşınadan 900 manat məbləğində pulu (cavabdehin "xxxx" ASC-də olan bank hesabına köçürdüyünü iddia edir), özünə məxsus qızıl sepi "xxxx" BOKT ASCyə girov qoyaraq, götürdüyü 438 manat pulu, bacısına məxsus bank kartından çıxartdığı 250 manat pulu da cavabdehə borc verdiyini vurğulayır və öz iddiasının əsası olaraq, kredit müqavilələrini, ödəniş cədvəllərini, ayrı-ayrı ödəniş qəbzlərini, lombard sənədlərini, habelə “whatssap” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların çıxarışını və telefon danışıqlarının audio yazısını təqdim edir. Cavabdeh iddianı qəbul etmir, ümuilikdə iddiaçıdan 2019-cu ildə 3.500 manat məbləğində pulu borc aldığını, sonradan isə qaytardığını, bu məbləğdən başqa cavabdehdən hər hansı məbləğdə borc almadığını qeyd edir. Şahid qismində ifadəsi alınmış X15 iddiaçının iddia etdiyi 21.194 manat məbləğində pulun hissə-hissə, o cümlədən "xxxx" ASC-dən 12.400 manat, habelə iş yoldaşının adına 4.000 manat kreditin götürülüb iddiaçı tərəfindən nə ona, nədə ki, cavabdehə verilmədiyini, iddiaçının müraciətinə əsasən onun evində yeni mebelin quraşdırılması işlərini təşkil etdiyini, həmçinin iddiaçının evində təmir işlərinin aparılmasına köməklik etdiyini, mebelin quraşdırılması üçün şəxsən ona 660 manat məbləğində pulun verildiyini, iddiaçının "xxxx" ASC-dən götürdüyü kreditdən cavabdehə deyil, şəxsən ona cəmi 5.600 manat məbləğində pulun verildiyini, həmin vəsaitin də bütünlüklə iddiaçının evinin təmirinə xərcləndiyini, ümumilikdə təmirə təxminən 8.000 manat pulun xərcləndiyini bildirir. Lombarda yerləşdirilmiş qızıl-zinət əşyaları ilə bağlı isə qeyd edir ki, onun köməkliyi ilə həmin qızıl-zinət əşyaları bir lombarddan çıxarılaraq, daha yüksək borc məbləğinə digər lombarda təhvil verilmiş və ikinci lombarddan əldə edilmiş vəsait hesabına birinci lombarda yaranmış borc məbləği ödənilmiş və əldə qalan 930 manat qalıq məbləği də iddiaçının evinin təmirinə xərclənmişdir. X1 iddiaçının cavabdehə xeyli məbləğdə pulu borc verməsini, habelə iddiaçının özünə məxsus qızl-zinət əşyalarını lombarda qoymasını xeyli müddət sonra, artıq X15 həbs ediləndən sonra bildiyini söyləyir.
69. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
71. Bu baxımdan iddiaçı iddia üzrə tələb etdiyi məbləğləri cavabdehə verdiyini sübut etməli idi. Lakin iddiaçının təqdim etdiyi kredit müqavilələri iddiaçı və onun bacısı olan X13 ilə bağlanmışdır. Cavabdeh bu məbləğin ona verildiyini etiraf etmir. X3 da həmin məbləğlərin cavabdehə və ya ona verilmədiyini, "xxxx" ASC-dən götürülmüş kreditdən şəxsən ona cəmi 5.600 manat məbləğində pulun verildiyini, həmin vəsaitin də bütünlüklə iddiaçının evinin təmirinə xərcləndiyini bildirir. İddiaçı isə bu halı təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim edə bilmir. İddiaçının iddia etdiyi 415 manat, 250 manat, 438 manat və 900 manat məbləğində pulun da cavabdehə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. İş materiallarına əlavə edilmiş və Cavabdeh xx.xx.2021-ci il tarixdə 606 manat, xx.xx.2021-ci il tarixdə 900 manat məbləğində pulun köçürülməsini təsdiq edən qəbzlərlə bağlı qeyd edilməlidir ki, bu qəbzlərdə göstərilən məbləğlərin hansı şəxs tərəfindən, hansı şəraitdə və nə məqsədlə göndərilməsi məlum deyil. Məhkəmə o halı da qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlər, izahatında göstərdiyi məbləğlər, habelə X7 şahid qismində ifadəsi alındıqdan sonra borc məbləğinə dair verdiyi açıqlamada göstərdiyi məbləğlər (iddia ərizəsində göstəriləndən və tərəfindən verilmiş izahatda göstərilən məbləğlərdən əlavə bacısı X5 adına "xxxx" ASCdən götürülmüş 2.300 manat pulun və tam kartda olan 500 manat pulun və əlavə olaraq 800 (700+100 manat Yasamal rayonunda yerləşən restoranda) manat pulun da cavabdehə verildiyini bildirir) biri digərindən fərqlənir və hər hansı birinin cəmi iddia üzrə tələb edilən 21.194 manat təşkil etmir. “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların çıxarışından və telefon danışıqlarının audio yazısından da cavabdehin iddiaçıya borcunun olduğu aşkar deyil. Bu yazışmaların və danışıqların hər hansı birində cavabdeh iddiaçıya borcunun olduğunu və ya yaranmış borcun ona məxsus olduğunu etiraf etmir. Əksinə danışıqlarda cavabdeh iddiaçıya münasibətdə “sənin borcunu” ifadəsindən istifadə edir. Lombarda qızıl-zinət əşyalarının yerləşdirilməsini təsdiq edən sənədlərdə də eyni qaydada iddiaçının adı əks etdirilir. Bu əşyaların lombarda yerləşdirilməsindən əldə edilmiş vəsaitin də cavabdehə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. X3 isə onun köməkliyi ilə həmin qızıl-zinət əşyalarının bir lombarddan çıxarılaraq, daha yüksək borc məbləğinə digər lombarda təhvil verildiyini və ikinci lombarddan əldə edilmiş vəsait hesabına birinci lombarda yaranmış borc məbləğinin ödənildiyini, əldə qalan 930 manat qalıq məbləğin isə iddiaçının evinin təmirinə xərcləndiyini göstərir.
72. Kollegiya iddiaçı ilə cavabdehin arasında səmimi, mehriban və etibarlı münasibətlərin olmasını qəbul edir, lakin buna baxmayaraq, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hissə-hissə hər verilən borcun qaytarılmadığı bir halda cavabdehə yeni borc məbləğinin verilməsi, xüsusilə də verilmiş borc məbləğinin bir hissəsinin başqa şəxslərdən alınması, bu proseslər barədə həyat yoldaşına hər hansı məlumat verməməsi və bununla da birgə təsərrüfata maddi ziyan vurulması insan məntiqinə sığmayan və başa düşülməyən bir haldır. Hər bir halda, bir dəfə (münasibətlərə sığınaraq ikinci və maksimum üçüncü dəfə) verilmiş borc qaytarılmadıqdan sonra yenidən borcun istənilməsi və bu müraciətə uyğun olaraq yenidən borcun verilməsi inandırıcı da görünmür.
73. Lakin kollegiya qeyd edir ki, iddiaçı tələb etdiyi borc məbləğləri barədə mötəbər sübutlar təqdim etməsə də, cavabdeh izahatlarında 3.500 manat pulu borc aldığını etiraf etdiyindən, tərəflər arasında borc münasibətlərinin mövcud olması qəbul edilməlidir.
74. Cavabdeh borc aldığını etiraf etsə də, həmin borcu vaxtında qaytardığını bildirir.
75. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələb və etirazlarının əsasını sübut etməlidir. Hazırki halda cavabdeh etiraf etdiyi borc məbləğini qaytarmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmin dəlilini yalnız öz izahatı ilə əsaslandırmışdır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh iddiaçıdan borc kimi aldığı pulu qaytarmasını sübuta yetirə bilmədiyindən, iddia tələbi cavabdehin borcu etiraf etdiyi məbləğdə təmin edilməlidir.
76. İddia tələbinin borc barədə digər məbləğlər hissəsində lazımi sübutlar təqdim edilmədiyindən, iddiaçının istinad etdiyi dəlillər isə həmin məbləğin cavabdehə verilməsinin təsdiq olunması üçün mötəbər hesab olunmadığından, iddia tələbi qalan hissədə rədd edilməlidir.
77. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 3500 manat alınaraq, İddiaçı verilməlidir.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4399/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3500 manat alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Füad Talışinski