Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7426/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MTK-nın ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "çıxarışların ləğv edilməsi və s. tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdehlər Nəsimi rayon İcra Hakimiyyətinə və İddiaçı MTK-ya qarşı “maddi ziyanın tutulması və s. tələbi”nə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: mülki işin ərazi aidiyyəti üzrə göndərilməsindən imtina edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı MTK-nın ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "çıxarışların ləğv edilməsi və s. tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdehlər Nəsimi rayon İcra Hakimiyyətinə və İddiaçı MTK-ya qarşı “maddi ziyanın tutulması və s. tələbi”nə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(006)-3883/2022 nömrəli qərardadından cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "çıxarışların ləğv edilməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh4 Nəsimi rayon İcra Hakimiyyətinə və İddiaçı MTK-ya qarşı “maddi ziyanın tutulması və s. tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Bununla yanaşı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 məhkəməyə ərizə göndərərək, işin aidiyyəti üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(006)- 3883/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
5. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırki iş məhkəmənin icraatına aidiyyət qaydalarına riayət edilməklə icraata götürülmüşdür. Belə ki, iş materiallarından görünür ki, iş məhkəməyə daxil olduğu zaman cavabdeh kimi göstərilən Cavabdeh4 qeydiyyat ünvanı ünvan 1ul olunarkən aidiyyət qaydalarına riayət olunmaqla qəbul olunmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh4 hazırda da Nəsimi rayonu ərazisində qeydiyyatındadır. Digər cavabdehlər də Nəsimi rayonu ərazisində qeydiyyatdadırlar. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki işə mahiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən qərardadda qeyd olunmuşdur ki, guya ilkin iddia məhkəməyə verilərkən ilkin iddia üzrə Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 15-də qeydiyyatda olmuşdur və bu səbəbdən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinin tələbinə riayət olunmaqla icraata qəbul olunmuşdur. Məhkəmənin qərardadda istinad etdiyi fakt yalandır. Belə ki, O, xx.xx.2010-cu il tarixdən bu günə kimi Bakı şəhəri, Nizami Rayonu, Q.Qarayev prospekti, ev 73, mənzil 20-də qeydiyyatdadır. Bu fakt xx.xx.2010-cu il tarixdə Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Hakim işin faktiki halını təhrif edərək, heç bir yazılı sübuta istinad etmədən qərardadında onun guya Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,ev 80, mənzil 15-də qeydiyyatda oluğunu yazmışdır. Bundan başqa, məhkəmənin qərardadında qeyd olunmuşdur ki, guya məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ərizənin təmin edilib-edilməmə məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Qərardadda əks olunan bu fakt da həqiqəti əks etdirmir, yalandır. İddiaçının vəsatətinə baxılarkən məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddiaçının ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bu faktı müəyyən etmək üçün məhkəmə iclasının audio yazısını dinləmək kifayətdir. Beləliklə, hakim Rəşid Səmədov qərardadında iki dəfə işin hallarını təhrif etmişdir. İddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, həm ilkin iddia ərizəsi məhkəməyə verilərkən, həm də vəsatətə baxılarkən Bakı şəhəri, Nizami Rayonu, Q.Qarayev prospekti, ev 73, mənzil 20-də qeydiyyatda olmuş və hal-hazırda da eyni ünvanda qeydiyyatdadır. Bu səbəbdən məhkəmə hazırki işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərməlidir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e-2(006)- 3883/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir.
12. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
13. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş şəxsiyyət vəsiqələri məlumatlarından görünür ki, ilkin iddia üzrə cavabdehlərdən - Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq Bakı şəhəri, Azadlıq prospekti 80/5 və 80/10 ünvanında qeydiyyatdadırlar.
16. İlkin iddia üzrə digər cavabdeh – Cavabdeh4 isə ünvan 4 ünvanında qeydiyyatdadır.
17. Belə olan halda məhkəmə kollegiyası iddiaçının seçiminə görə aidiyyat qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, ilkin iddia üzrə cavabdehlərdən - Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olduğundan iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır.
18. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 Bakı şəhəri, Nizami rayonunda qeydiyyatda olmasına baxmayaraq birinci instansiya məhkəməsi qərardadında Cavabdeh4 qeydiyyat ünvanının Bakı şəhəri, Nəsimi rayonunda olmasını qeyd etməsi nəticə etibarı ilə düzgün olan qərardadın ləğvi üçün əsas yaratmır.
19. İşin qeyd olunan halları ilə ilkin iddia üzrə cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olması müəyyən edilmişdir. Hazırki iş üzrə də iddia tələbi rəsmi qeydiyyat ünvanı müxtəlif olan bir neçə cavabdehə yönəldiyindən, prosessual qanunvericiliyin tələbləri baxımından da iddiaçının seçiminə görə aidiyyat qaydaları müəyyən edildiyindən və iddiaçı da Bakı şəhəri Nəsimii rayon Məhkəməsinə müraciət etdiyindən, hazırki mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur.
20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
22. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2(006)- 3883/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov