Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7426/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “yaşayış sahəsinə köçürülmə” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4461/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı 1.İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsində yerləşən 17 saylı evə köçürülməsi barədə iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4461/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 213.1, 213.2, 215.1, 215.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı ilk öncə birgə mülkiyyətdəki payın naturada ayrılması tələbinə dair məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-287/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası rədd edildiyindən hazırda məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi 17 nömrəli evə köçürülməsi tələbi təmin olunmalıdır. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən ümumi sahəsi 60,90 kv.m olan, ünvan 1 ünvanının 6/8 hissəsinin mülkiyyətçisi Cavabdeh, 1/8 hissəsinin mülkiyyətçisi İddiaçı və 1/8 hissəsinin mülkiyyətçisi isə X2r; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-287/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və X3 birgə mülkiyyətdəki payın naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 4.Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin barəsində şikayət verilən qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Kovensiyaya dair Protokolun” (Paris, 2 mart 1952-ci il) 1-ci maddəsinə; “ Azərbaycan Respublikasında Mülkiyyət hüquq haqqında “ qanunun 1-ci maddəsinin 2-ci hissəsinə; “ İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının” 6-cı maddəsinə; Avropa İnsan Hüquqları Məhkəməsinin “Delcourt Belçikaya qarşı” işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarına; Piersack Belçikaya qarşı iş üzrə 01 okytabr 1982-ci il tarixli qərarına; X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarına ; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə istinadən qeyd edilmişdir ki, mübahisəli evə iddiaçının 1/8 pay hüququ olsa da onun həmin mənzilə köçürülməsinə dair qəbul edilmiş qətnamə qanunvericilik baxımından icrası mümkün olmayacaq. Belə ki, qeyd edilən evin 60.90 kv.m ümumi sahəsi vardır. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-287/2022 nömrəli qətnaməsi ilə iddiaçının birgə mülkiyyətdəki olan payın naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Bu xüsusat onu sübut edir ki, mübahisəli evin naturada bölünməsi üçün yaşayış üçün zəruri olan sahə ayrıla bilməz. Bu hal məhkəmə tərəfindən sözügedən iş üzrə nəzərə alınmamış və düzgün qiymət verilməmişdir. İddiaçının mübahisəli mənzildə olan payına deyil ümumilikdə bütün evə köçürülməsi onun mülkiyyətində olan payından sərbəst istifadə etməyinə yaradılan süni maneədir. İddia ərizəsindən və qətnamənin məzmunundan da görünür ki, iddiaçı ona məxsus olan 1/8 sahədən istifadə edə bilməməsini mübahisləndirir. Məhkəmə iddiaçının bu mövqeyinə ümumiyyətlə qiymət verməmiş, məhkəmə qətnaməsinə, sübutlara, sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikası MPM-nin tələblərini pozmuşdur. Mülki qanunvericiliyin normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etdiyini, hüquqlarını təmsil etdiyi şəxsin həmin yaşayış sahəsində yaşaması ilə bağlı maneəçilik törətmədiyini, hətta ona 1/8 payına münasibətdə kompensasiyanın da təklif olunduğunu lakin razı olmadığını bildirir və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu, qarşı tərəf məhkəmə prosesində hər hansı maneəçilik yaratmadığını qeyd etsə də iddiaçının həmin həyətə daxil olmağa belə qoymadıqlarını, onlara təklif olunan kompensasiya məbləğinin də çox aşağı olduğunu və bu səbəbdən razılaşmadığını qeyd edir və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş edir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214-cü maddəsinə əsasən: 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 10.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri; Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəllənin 152-158, 213-223; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 217.4, 385-390cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, artıq birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri və mülkiyyətçilərin maneəsiz öz mülkiyyət hüquqlarına yiyələnməsi hüquqları qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz , apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. Qeyd edilməlidir ki, hazırki münasibətlər tərəflər arasında paylarına uyğun əmlakın istifadəsi üzrə bölgüsün (qaydasın və sair) müəyyən etmir və bu məsələnin həlli tərəflər arasında razılaşmaya uyğun, razılıq olmadıqda isə müfaiq tələb üzrə məhkəmə qərarı əsasında həyaya keçirilməsini şərtləndirir. Hazırki iş (tələb) üzrə iddiaçının evə köçürülməsi nəzərdə tutulsa da, iddianın təmin edilməsi tərəflər arasında əmlakın istifadəsi və qaydasını tərəflərin özlərinin paylarına mütənasib razılığa gəlməsini məcbur edir. Razılığa gələ bilməməsi tərəflər arasında digər mübahisələr üzrə muraciət, o cümlədən məhkəmə müdafiə hüquqlarından yararlanmasını istisna etmir. 11.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4461/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.