Məhkəmə qərarları › İş №2(103)-7429/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7429/2021

13.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7429/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin və çıxarışın ləğvi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-313/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC qarşı hərracın yekunları barədə 09.04.2020-ci il tarixli, 504 saylı protokolun və "xxxx" ASC-nin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 2015-ci ildə müəyyən məbləğə ehtiyacı olduğundan Cavadxan 56, 47 saylı mənzili Cavabdeh2 ASC ilə danışaraq ipoteka ilə yüklü etmiş, “Bank Respublika ASC ilə İddiaçı Nemət oğlu arasında 13 fevral 2015-ci ildə **********68023 saylı kredit müqaviləsi bağlanılmış, 36 ay müddətində illik 21 faiz ödəmə şərtilə 38494.63 ABŞ dolları məbləğində vəsait götürmüş, mənzil isə Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmişdir. “Bank Respublika ilə bağlanmış kredit müqaviləsi üzrə Banka qaytarılmalı olan məbləğ hissəhissə tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim olunmuş ödəniş sənədlərindən də göründüyü kimi götürülmüş məbləğdən 18000 ABŞ dolları və 15000 manat miqdarında , təxminən 45000 manata qədər vəsait tərəfindən ödənilmişdir. Lakin sonradan maddi çətinliyi ilə əlaqədar qalan məbləğləri o cümlədən hesablanmış faizəlri ödəyə bilməməmiş, Cavabdeh2 ASC-yə olan qalan borcu faiz və cərimələri ilə birlikdə 49000 manat təşkil etmiş, bununla əlaqədar həmin məbləğin qaytarılması məqsədilə ipoteka ilə yüklü edilmiş mənzilinin açıq hərracdan satılmasına dair cavabdeh məhkəməyə idia ərizəsi ilə müraciət etmişdir. Nəsimi rayon məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə alınmış kredit üzrə müqavilənin ləğv olunması və mənzilin açıq hərracda satılması və satışdan əldə olunan məbləğin iddiaçı Cavabdeh2 ASC-ya ödənilməsi qət olunmuşdur. İcra orqanı onun xəbəri olmadan mənzilinin açıq hərracdan satılmasına dair xtisaslaşdırılmış hərrac mərkəzinə müraciət etmiş, mənzilin açıq hərracdan satılmasına dair iddiaçı tərəf ilə Bank Respublika ASC ilə alğı satqı müqaviləsi bağlanmış və mənzilin iddiaçının mülkiyyətinə verilməsi isə tam qanunsuz və saxtakarlıqlarla həyata keçirilmişdir. Hərracın nəticələri haqqında 09 aprel 2020-ci il tarixli 504 saylı protokoldan görünür ki, mənzilin satılmasına dair Nəsimi rayon İcra provasiya şöbəsi sifariş vermiş, hərracın təşkilatçısı kimi Əmlak İxtisaslaşdırılmış Hərrac mərkəzi çıxış etmiş, lakin həmin hərracda sifarişçi və təşkilatçıdan başqa heç bir kəs —alıcı qismində nəinki hərracda iştirak etmək istəyən digər şəxslər, hətta satılan əmlakın mülkiyyət huququnun sahibi kimi o dəvət olunmamış, bu barədə ona heç bir məlumat verilməmişdir. Stolüstü aparılan bu «əməliyyatda» guya ilkin hərracın keçirilməsi alıcı olmadığından baş tutmamış, mənzilin hərrac qiyməti 1-ci dəfə 15 faiz aşağı salınmış, yenə alıcı olmadığından təkrar hərrac keçirilmiş 2-ci isə 25 faiz qiymət aşağı salınmaqla hərrac qiyməti 31238 manat qiymətləndirilmişdir. Hərracın keçirilməsinə dair protokoldan göründüyü kimi «alıcı olmaması səbəbindən mənzili Bank Respublika ASC 31238 manata satın aldı». «Əmlak ixtisaslaşdırılmış hərrac mərkəzinin» hərracın nəticələri haqqında protokolunu İpoteka haqqında qanunun 43,5 və 43,7 -ci maddələri ilə əsaslanırsa da, qanunun tələblərinə əməml etməmiş, saxtakarlığa yol verməklə mülkiyyətində olan mənzili onun iştirakı olmadan qanunsuz olaraq iddiaçının adına keçirmiş, Azərbaycan Respublikası Konstitutsiyası ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb ola biləcək nəticələri nəzərə almamış hüquqlarının həyata keçirilməsi imkanlarının məhdudlaşdırılmasına, mülkiyyət hüquqlarından faktiki olaraq məhrum olunmağına, Azərbaycan Respublikası konstitutsiyası ilə müəyyən olunan hüquqlarının pozulmasına səbəb ola biləcək nəticələrə gətirib çıxarmışdır. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddsinə görə mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və 3 -cü şəxslərin hüquqlarının pozulmasına, yaxud hüquqdan sui istifadə olunmasın. Cavabdehlər mülkiyəttində olan mənzilin açıq hərracda satılması barədə ondan xəbərsiz qərar qəbul etməklə və eyni zamanda mənzilin hərracda ilkin satış qiymətini 49999 manat kimi qiymətləndirilmişdir ki, bu da ciddi maddi hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Çünki həmin mənzil 3 otaqdan ibarət olmaqla şəhərin Nəsimi rayonu ərazisində yerləşməklə yol kənarında Ofis təyinatlı mənzildir, tam təmirli olmaqla bərabər mənzilin zirzəmi hissəsi də vardır ki, bu da mənzilin bazar qiymətini xeyli artırır, mənzilin bazar qiyməti təxminən 120- 150 000 manat təşkil etdiyi halda, hərrac mərkəzi ilkin satış qiymətini özünün və cavabdehin mənafeyinə uyğun olaraq ən aşağı öz dəyərindən aşağı absurd bir qiymətə 49000 manata çıxarmış, hətta bu qiymət də cavabdehləri qane etməmiş, guya 1 və 2-ci hərrac zamanı alıcı və təklif olmadığından mənzilin qiymətini 31238 manat qədər endirməklə Cavabdeh2 ASC ilə maraqlarına uyğun əməliyyatı həyata keçirmişlər. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3- cü maddəsində deyilir ki, «ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndirmədən sonra məhkəmə qərarı ilə müəyyən olunur.Azərbaycan Respublikası MM-nin 319.4- cü maddəsinə əsasən açıq hərracdan çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu qarşılıqlı razılaşma əsasında müəyyən edirlər. Mülkiyyətində olan Yaşayış evinin və qeyri yaşayış sahəsinin hərracda satılma qiymətinə dair ipoteka saxlayan tərəfindən heç bir təklif olunmamışdır. Onunla heç bir razılaşma aparılmamışdır. Qanunun tələbindən isə göründüyü kimi ilkin satış qiyməti ya tələbkar və borclunun qarşılıqlı razılaşması ilə, mübahisə olduqda isə məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ona məxsus yaşayış evinin qiymətinin 49000 manatdan başlamaqla absurd bir qiymətə ipoteka saxlayana 31238 manata satılması yalnız – Bankın hərracın bu qiymətlə keçirilməsində xüsusi marağından, hərrac təşkilatının qanunsuz və səllahiyyətlərindən sui istifadə etməsindən başqa heç nə ilə izah oluna bilməzdi. Azərbaycan Respublikası MM-nin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyətçisi və ya əmlak hüququnun sahibi çıxış edir. Tərəflər arasında razılaşma olmadıqda isə İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. MM-nin 414.5-ci maddəsinə görə hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Göründüyü kimi, qeyd olunan qanunların bütün tələbləri bütün istiqamətlər üzrə pozulmuş, cavabdehlər tərəfindən onun mülkyyətimə qəsd olunmuş, qanunsuz və əsassız olaraq mənzil iddiaçı Bankın mülkiyyətinə keçirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-313/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmaqla yanaşı göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları ətraflı araşdırılmamış və ətraflı araşdırma aparılmadan iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı hərracın keçirilməsinə dair sənədlərin hərrac mərkəzi və ya bank tərəfindən məhkəməyə təqdim edilməsini xahiş etsə də bankın nümayəndəsi həmin hərraca dair sənədlərin onlarda olmadığını bildirmişdir. Hərrac Mərkəzinin nümayəndəsi isə məhkəmə prosesində iştirak etmədiyi üçün həmin sənədlərin alınması mümkün olmamışdır. Ona görə də vəkli və nümayəndəsi həmin sənədlərin Hərrac Mərkəzindən alınması ilə əlaqədar sorğu vemişdir və məhkəmə prosesində də həmin sorğuya cavab verilənə qədər məhkəmə prosesinin təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə tərəfindən əsassız olaraq məhkəmə prosesi təxirə salınmamışvə belə bir qərar qəbul edilmişdir. Lakin iddiasının mahiyyətinin əsasını mənzilin satışı ilə əlaqədar keçirilmiş hərracın nəticələrinin etibarsız olması ilə bağlı olduğu halda və bu iddiaya daha ədalətli və obyektiv baxılması üçün həmin hərrac sənədlərini əldə etmədən və onları araşdırmadan belə bir nəticəyə gəlmişdir. Onda görə də hesab edir ki, həmin hərracın keçirilməsinə dair sənədlər əldə edilməli və yalnız ondan sonra yenidən araşdırılma aparılmaqla bu iddiaya hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)627/2019 saylı, 28.02.2019-cu il tarixli Qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(006)-43/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2SC-nin cavabdehlər İddiaçı, X1, X2 və X3 qarşı iddiası qismən təmin edilmiş, bankla cavabdeh İddiaçı arasında imzalanmış kredit müqaviləsinin və ona əlavənin ləğv edilməsi, cavabdeh İddiaçının xeyrinə 26031.01 ABŞ dolları əsas, 4043.92 ABŞ dolları faiz, 50.00 ABŞ dolları cərimə olmaqla, cəmi 30124.93 ABŞ dolları borcun (ödəniş gününə valyutanın manata məzənnəsi nəzərə alınmaqla manatla), həmçinin 30.00 manat dövlət rusumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin, 28.5 kv.metr ümumi, 16.7 kv.metr yaşayış, 11.8 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 47 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 49000 manat müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlərin həmin mənzildən ən geci bir ay ərzində çıxarılaraq mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8051/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X5 və X6 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 2(006)-43/2018 saylı iş üzrə 17 aprel 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianın cavabdehlər X2 və X3 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-627/2019 saylı 28.02.2019-cu il tarixli qərari ilə cavabdehlər X5 və X6 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8051/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən kassatorlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan hərracın nəticələri haqqında 09.04.2020-ci il tarixli, Y-50/4 saylı protokoldan və alğı-satqı müqaviləsindən görünür ki, keçirilən iki hərrac baş tutmadığına görə Nəsimi rayon İcra şöbəsinin 03.02.2020-ci il tarixli sifarişli məktubuna əsasən, Nəsimi rayonu, Cavadxan (Gəncəxan) küçəsi, ev 56, mənzil 47 - 31238 manata ipoteka saxlayan Cavabdeh2 ASC almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən, iddiada irəli sürülən əsaslar sübuta yetirilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Digər tərəfdən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin, 28.5 kv.metr ümumi, 16.7 kv.metr yaşayış, 11.8 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 47 saylı mənzilin ilkin satış qiyməti 49000 manat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 17 aprel 2018-ci il tarixli 2(006)- 43/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmişdir ki, iddia tələbinin mənzilin ilkin satış qiyməti ilə bağlı hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-313/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar