Məhkəmə qərarları › İş №2(103)-7429/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7429/2023

12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7429/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3961/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı iddia edir ki, cavabdeh ona pul borcludur və o, borcu götürdüyü pulu ödəmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (min beş yüz) manat əsas borcun və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumunun, cəmi 1535 (min beş yüz otuz beş) manat pulun alınaraq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci ildə ondan 1500 manat borc pul alaraq 01 yanvar 2023-cü ilədək qaytarmağı öhdəsinə götürmüş, lakin qaytarmamışdır.Pulun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, nəticəsi olmamışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qiyabi qətnaməsinə əsasən, iddia təmin edilərək Cavabdeh 1500 manat məbləğində borcun və 35 manat məbləğində dövlət rüsumunun, cəmi 1535 manat məbləğində pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərardadına əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə təzələnərək mahiyyəti üzrə baxılmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianı etiraf etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin iddia tələbinə qarşı yazılı etirazında bildirmişdir ki, İddiaçı faizə pul verməklə məşğuldur. O, 2022-ci ilin iyun ayında müalicə üçün Türkiyə Respublikasına getməli olduğu, lakin pulu olmadığı üçün 10 il əvvəldən tanıdığı iddiaçıdan 1500 manat borc pul almalı olmuşdur. Həmin vaxt iddiaçı pulu ona faizə vermişdir. İddiaçı xx.xx.2022-ci ildə ona pulu verərkən əlyazma yazdırmış və həmin əlyazmanın sonunda pulu tam olaraq qaytarmalı olduğu vaxtı, yəni "xx.xx.2022" tarixini yazdırmışdır. O, Türkiyədə müalicəsini davam etdirsə də, oradakı tanışların köməyi ilə borclu olduğu məbləğdən 1000 manat və faiz olaraq 225 manat pulu iddiaçıya vermək üçün qızı Lamiyəyə göndərmiş, qızı isə xx.xx.2022-ci ildə həmin 1000 manat pulu və 225 manat faizi iddiaçıya qaytarmış, əlyazma ilə qeyd yazaraq iddiaçıya təsdiq imzası atdırmışdır. Bundan bir müddət sonra, yəni xx.xx.2022-ci ildə o, qalan 500 manat borc və 75 manat faizi qızı Lamiyə vasitəsilə iddiaçıya qaytarmışdır. Cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçı həmin pulu, öz ərizəsində qeyd etdiyi kimi, ona inamı olduğundan deyil, onun evinin kommunal müqavilələrini girov kimi verməsi səbəbindən ona borc vermişdir. Bundan başqa, o, xx.xx.2022-ci ildə Türkiyəyə getmiş və Azərbaycana xx.xx.2023-cü ildə qayıtmışdır. Əlyazmada qeyd olunan tarixdə, yəni xx.xx.2022-ci ildə o, Türkiyədə olmuşdur və bu səbəbdən həmin tarixdə onun Bakıda qəbz yazması mümkün deyil. Əslində, qəbzdə yazılmış xx.xx.2022-ci il tarixi onun pulu tam olaraq qaytarmalı olduğu tarixdir. İddiaçı həmin tarixi güya pulu borc götürdüyü tarix kimi ona qəsdən yazdırmışdır. O, bir neçə il əvvəl avtomobil qəzası zamanı kəllə-beyin travması aldıqdan sonra onun sağlamlığında problemlər yaranmış, bu səbəbdən o, bəzi hərəkətləri anlaqsız olaraq edir. İddiaçı onun savadsızlığından və qəza zamanı aldığı travmadan sui-istifadə edərək ona qəsdən yanlış tarix yazdırmışdır ki, onun iddiaçıya qaytardığı pulların güya daha əvvəlki başqa bir borca aid olması görüntüsü yaradaraq ondan yenidən həmin pulu təkrar alsın. O isə həmin 1500 manat borcu və 300 manat faizi iddiaçıya qaytarmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3961/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 275 manat məbləğində borc və 5,5 manat məbləğində dövlət rüsumu, cəmi 280,5 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və məhkəmə xərclərinin 24,5 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı öz iddia ərizəsində cavabdehə 1500 manat borcu xx.xx.2022-ci ildə verdiyini bildirmiş, eyni zamanda, onun məhkəməyə təqdim etdiyi qəbzdə də xx.xx.2022-ci il tarixi göstərilmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, göstərilən borc məbləği cavabdehə həmin tarixdə deyil, xx.xx.2022-ci ildən bir neçə gün əvvəl verilmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci ildə Türkiyəyə getmiş və xx.xx.2022-ci ildə Azərbaycanda olmamışdır. Məhkəmə baxışı zamanı iddiaçı cavabdehə 1500 manat borc verdiyini sübuta yetirmişdir. Bununla yanaşı, iddiaçı həmin borcu faizsiz verdiyini bildirmişdir. Cavabdeh isə iddiaçıya 1225 manat məbləğində pul qaytardığını təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. İddiaçı həmin sənəddə olan imzanın özünə məxsus olduğunu etiraf etmişdir. İddiaçı qeyd olunan 1225 manat pul barədə qəbzi 3-4 il əvvəl cavabdehə borc verdiyi pula görə imzaladığını bildirsə də, o, məhkəməyə əvvəllər də cavabdehə borc verməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.2-ci maddəsinə uyğun olaraq, bunu o, sübut etməlidir. Ona görə də məhkəmə 1225 manatla bağlı qəbzin məhz iddiaçının hazırda tələb etdiyi 1500 manat məbləğində borca aid olması qənaətinə gəlmişdir. Sözügedən xx.xx.2022-ci il tarixli qəbzdə 1225 manat pulun 225 manat hissəsinin faiz kimi göstərilməsi məsələsinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, iddiaçı borcu faizsiz verdiyini bildirdiyinə və iddia ərizəsində hər hansı faiz tələb etmədiyinə görə 1225 manatın qaytarılması 1500 manat borc öhdəliyinin hissəvi icrası kimi nəzərə alınmalıdır. Borcun qalan (1500-1225=275) 275 manat hissəsinin iddiaçıya qaytarılması barədə isə cavabdeh məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehdən 275 manat məbləğində pulu tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. İddianın qalan hissəsi isə əsassız olduğuna görə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1, 529.2, 592.3, 529.4, 739.1, 739.2, 741-ci maddələri eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh təxminən 2022-ci ilin may-iyun ayında iddiaçıdan 1500 manat borc pul almışdır. Pul alarkən cavabdeh borc alması barədə qəbz də yazmış və həmin qəbzin altına xx.xx.2022-ci il tarixi yazmışdır. Məhkəmə iclasında məlum olmuşdur ki, "Femida Hüquq və Konsaltinq şirkəti" MMS tərəfindən iddianın əsası düzgün göstərilməmişdir. Belə ki, "Femida Hüquq və Konsaltinq şirkəti" MMS tərəfindən iddia tərtib olunarkən cavabdehin yazmış olduğu əlyazmasındakı tarix səhvən pulun alınması tarixi kimi göstərilmişdir. Cavabdeh əvvəllər də iddiaçıdan bir neçə dəfə pul almış və aldığı pullara dair qəbz yazmışdır. İddiaçı da öz növbəsində borcu ondan hissə-hissə alsa da hər pul aldığı zaman aldığı pulun məbləğini və “aldım” sözü yazaraq imza etmişdir. Cavabdeh bundan əvvəlki borcundan pul qaytararkən yazmış olduğu qəbzə düzəliş edərək guya ondan 1000 manat və 225 manat faiz pul almışdır. Həmin düzəliş olmuş qəbzi Nəsimi RPİ-nin 22-ci PŞ-dən əldə etmişdir. Həmin qəbzdən məlum olur ki, qəbzdəki yazılar latın əlifbası ilə yazılmış və “aldım” sözü isə kiril əlifbası ilə yazılmışdır. Əgər həqiqətən iddiaçı cavabdehdən həmin məbləğdə göstərilən vəsaiti almış olsa idi, elə qəbzdə qeyd olunanları da öz xətti ilə yazardı. Bundan başqa qəbzdən aydın görünür ki, “1225” məbləğində qeyd olunan “2” rəqəmləri bir birindən fərqli şəkildə icra olunmuş və əvvəlki “2” rəqəmi sonradan əlavə edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, “bundan əlavə bildirmək istəyirəm ki, borcu qaytarmağı barədə əlyazmada iddiaçının təsdiq etdiyi imzalı sənəddəki pul əgər başqa borca aiddirsə, bu halda həmin başqa borcun götürülməsi barədə sübut təqdim etməlidir”. xx.xx.2023-cü il tarixdə qiyabi qətnamənin ləğvi ilə bağlı məhkəməyə ərizə verilmiş xx.xx.2023-cü il tarixdə onun iştirakı olmadan ərizəyə baxılmış və qiyabi qətnamənin ləğv edilməsi barədə qərardad qəbul edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən etiraz ərizəsi tərtib olunmuş və xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Bu müddət ərzində nə cavabdehi, nə də onun qızını görməmişdir. Məhkəmədə deyəcəyi fikirləri onlara məlum olmamışdır. Belə olan halda cavabdehin etiraz ərizəsində “borcu qaytarmağı barədə əlyazmada iddiaçının təsdiq etdiyi imzalı sənəddəki pul əgər başqa borca aiddirsə, bu halda həmin başqa borcun götürülməsi barədə sübut təqdim etməlidir” cümləsinin etirazda qeyd olunması hansı zərurətdən yaranmışdır. Bu zərurəti cavabdeh saxta sənəd düzəltdiyindən yaranmışdır. Buna görə də məhkəmədən məhkəməxətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir, lakin məhkəmə tərəfindən vəsatəti təmin edilməmişdir. Cavabdeh etirazında həmçinin qeyd etmişdir ki, bir müddət sonra, yəni xx.xx.2022-ci ildə o, qalan 500 manat borc və 75 manat faizi qızı Lamiyə vasitəsilə iddiaçıya qaytarmışdır. Əgər həqiqətən də cavabdehin qızı deyilən tarixdə, yəni cavabdehin Bakıya qayıtdığı xx.xx.2023-cü il tarixindən 2 gün əvvəl ona pul vermişdirsə həmin pulun qaytarılmasına dair qəbz yazdırardı. Yaxud cavabdeh qayıtdıqdan sonra həmin məbləği özü verərdi. Bununla yanaşı qeyd olunur ki, qəbzdə tarix imzadan sonra yazıldığı halda, sözügedən xx.xx.2022-ci il tarixli qəbzdə tarix qəbzin əvvəlində yazılmışdır. Əgər həmin tarix onun imzasından sonra yazılsa idi onda həmin tarix də onun xətti ilə olmalı idi. Lakin cavabdeh düşünülmüş şəkildə tarixi qəbzin yuxarısında qeyd etmişdir. Cavabdehin xəstə olması və bu səbəbdən də bəzi hərəkətlərini anlaqsız icra etdiyini və bunula bağlı məhkəməyə təqdim etdiyi müvafiq xəstəlik kağızına gəlincə qeyd edilməlidir ki, cavabdeh anlaqsız və savadsız olsa idi təkbaşına “müalicə” məqsədi ilə Türkiyəyə gedə bilməzdi və 2009-cu ilə dair, yəni pul aldığı vaxtdan 13 il əvvələ aid xəstəlik kağızını təqdim edə bilməzdi. O Türkiyə Respublikasından deport olunmuş, pulu da sənədlərini düzəltmək məqsədilə almışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi təqdim olunmuş sənədləri, cavabdehin etirazı və onun ifadələri əsasında düzgün təhlil etməmiş və səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir Belə ki, iş materiallarında olan əlyazma üsulu ilə icra edilmiş sənəddən görünür ki, aşağıdakı mətn yazılmış və imzalanmışdır: "Mən Cavabdeh q. İddiaçı 1500 manat pul borcluyam yaxın zamanda qaytaracam xx.xx.2022". (səh.49) İş materiallarında olan əlyazma üsulu ilə icra edilmiş digər sənəddən görünür ki, aşağıdakı mətn yazılmış və imzalanmışdır: "xx.xx.2022. Südabəyə 1000 AZN və 225 manat faiz verdim. Qalan borcumuz 500 AZN. Qalan 500 AZN-də ödədikdə sənədləri götürəcəm".(səh.101) İş materiallarında olan "Şəxsiyyət vəsiqəsi ilə səyahət edən Türkiyə Respublikasının və Azərbaycan Respublikasının vətəndaşlarının ölkəyə giriş-çıxışı ilə bağlı anket"dən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə Türkiyə Respublikasına daxil olmuşdur. İddiaçı cavabdehə 1500 manat borc verməsi işin mübahisəsiz halıdır. Mübahisəli hal həmin məbləğin nə vaxt verilməsi və qaytarılıb-qaytarılmamasıdır Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh iddiaçıya 1225 manat məbləğində pul qaytardığını təsdiq edən sənədi, yəni, xx.xx.2022-ci il tarixdə iddiaçının imzası olan sənədi məhkəməyə təqdim etmişdir. İddiaçı həmin sənəddə olan imzanın özünə məxsus olduğunu etiraf etsə də, apellyasiya instansiyası məhkəməsinin iclasında həmin vərəqə boş olan zaman imza etməsini göstərmişdir. Həmçinin də iddiaçı cavabdehin ona 1225 manat qaytarmasını da etiraf etsə də, bu onun 2022-ci ilin iyun ayında verdiyi borc deyil, digər borcla ilə bağlı olmuşdur. İddia ərizəsində borcun xx.xx.2022-ci ildə verilməsinin göstərilməsi səhvdir. Məhkəmə kollegiyası iddiaçının izahatlarına və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini, eləcə də ziddiyyətli və subyektiv mülahizə xarakterli izahatlar verərək iddiasının əsaslı olmasını sübut edə bilməmişdir. Kollegiyanın qənaətinə görə iddiaçının cavabdehə verdiyi 1500 manat məbləğində borcun cavabdeh 1225 manat hissəsini iddiaçıya qaytarmasına dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. İddiaçı apellyasiya şikayətində həmin sənəddə olan “1225” məbləğində qeyd olunan “2” rəqəmləri bir birindən fərqli şəkildə icra olunmasını və əvvəlki “2” rəqəminin sonradan əlavə edilməsini qeyd etsə də həmin hallar apellyasiya baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə verdiyi borc faizlə verilmədiyindən, eləcə də cavabdeh tərəfindən 1500 manat borcun 1225 manat hissəsi iddiaçıya qaytarıldığından, iddiaçının bu barədə sənəddəki imzanın özünə məxsus olmasını bildirdiyindən birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən 275 manat məbləğində pulu tələb etməkdə haqlı olması və iddianın həmin hissədə təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3961/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar