Məhkəmə qərarları › İş №2(103)-7431/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7431/2021

23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7431/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı oğlunun vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı mənzilin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-885/2021 28.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan İİ blokda ümumi sahəsi 58.00 kv.m. olan, 13-cü mərtəbəsindəki 270 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC-nə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzili müqavilədə qeyd olunmuş tarixdə İddiaçı təhvil verməməsi nəticəsində əldən çıxmış faydanın, 31.03.2018-ci ildən bu günədək, təqribən 16 000 (on altı min) AZN məbləğində real zərərin və 5 000 (beş min) AZN məbləğində mənəvi zərərin toplamda 21 000 AZN-in Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, ünvan 2 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan İİ blokda ümumi sahəsi 58.00 kv.m. olan, 13-cü mərtəbəsindəki 270 saylı mənzilin İddiaçı təhvil verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, onunla Cavabdeh arasında 25 dekabr 2017-ci il tarixində 308/17 №-li müqavilə bağlanmışdır. Müqavilənin predmetindən də aydın olur ki, satıcının mənzilin əsaslı tikintisinin lazımı qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək Alıcıya əsaslı tikilmiş formada, lazımı qaydada və hazırki müqavilədə göstərilmiş müddətdə təhvil verilməsi, Alıcının isə mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini Satıcıya ödəməsi təşkil edir. Tərəflər razılaşırlar ki, mənzil alıcıya təmir olunmuş vəziyyətdə təhvil veriləcək. 25 dekabr 2017-ci il tarixli 308/17 №-li maliyyə arayışından da göründüyü üzrə İddiaçı ünvan 3 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan İİ blokda ümumi sahəsi 58.00 kv.m. olan, 13-cü mərtəbəsindəki 270 saylı mənzilə görə 71400.00 (Yetmiş bir min dörd yüz) manatı tam şəkildə ödəyib və Cavabdeh MMC-yə heç bir borcu yoxdur. Eyni zamanda müqavilədə də qeyd olunduğu kimi, satıcı Alıcıya mənzili 31.03.2018-ci il tarixinədək təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, bu günə kimi mənzil təhvil verilməmişdir. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri qeyd olunarkən alıcının pulu gecikdirdiyi təqdirdə 0,5% (sıfır tam onda beş faiz) məbləğində dəbbə pulu ödəməli olduğu göstərilmişdir. Lakin, Satıcının mənzilin təhvil verməsini gecikdirməsi halında ödəməli olduğu məbləğ müəyyənləşdirilməmişdir. Buna baxmayaraq, 25 dekabr 2017-ci il tarixində bağlanmış 308/17 №-li müqavilənin 4.1-ci maddəsində qeyd olunmuşdur ki, müqavilə imzalandıqdan sonra tərəflərin biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Beləliklə müvafiq internet saytlarındakı çıxarışlardan da göründüyü kimi, mənzilin yerləşdiyi ərazidə olan digər mənzillərə uyğun olaraq aylıq ortalama 450-500 AZN dəyərində mənzillər kirayə verilmişdir. Nəzərə alınsa ki, mənzil təhvil verilsə idi yeni təmirli və yaşanmamış halda kirayə veriləcəkdi hər ay üçün 500 AZN pul vəsaitinin Cavabdehndən öhdəliklərini yerinə yetirməməsi və mənzilin təhvil verilməsini 2 ildən çox müddətə gecikdirdiyi üçün İddiaçı xeyrinə tutulması labüddür. Bildirir ki, bundan əlavə, bu dövr ərzində İddiaçı keçirdiyi stress, gərginlik və həyəcana görə, eyni zamanda mənzili təhvil ala bilməməsi nəticəsində ailəsi ilə birlikdə kirayə qalmasını göz önündə tutaraq, iddiaçıya maddi zərərlə yanaşı mənəvi zərər də vurulmuşdur. Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. İddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-885/2021 saylı 28 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Bu və digər əsasları nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Apellyator apellyasiya şikayətində hazırkı iş üzrə qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o qətnaməni iddianın təmin olunmamış hissəsində mübahisələndirir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının vəkilini, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov rayon Məhkəməsinin 2(005)-885/2021 saylı 28 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25.12.2017-ci il tarixli 308/17 №-li müqaviləyə əsasən, müqavilənin predmetini Satıcının mənzilin əsaslı tikintisinin lazımi qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək Alıcıya əsaslı tikilmiş formada lazımi qaydada və hazırki müqavilədə göstərilmiş müddətdə təhvil verməsi, Alıcının isə Mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini Satıcıya ödəməsi təşkil edir. Tərəflər razılaşır ki, mənzil Alıcıya təmir olunmuş vəziyyətdə təhvil veriləcək. (1.1. bəndi) Satıcı mənzili 71400.00 (Yetmiş bir min dörd yüz) manata satır, Alıcı isə həmin qiymətə alır.(1.2 bəndi) Satıcı “Alıcı”ya mənzili 31.03.2018-ci il tarixinədək təhvil vermək (müddət 6 təqvim ayı müddətinə qədər uzadıla bilər) öhdəliyini götürür. Satıcı tərəfindən mənzilin Alıcıya təhvil verilməsi hər iki tərəf ilə imzalanmış təhvil-təslim aktına uyğun olaraq həyata keçirilir. (2.2.6 bəndi) Alıcı tərəfindən ilkin ödəniş və ya aylıq ödənişlər ödəmə tarixindən 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, Satıcının birtərəfli qaydada bu müqaviləyə xitam vermək hüququ var. (2.2.7 bəndi) İş materiallarında olan 25.12.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Verilir İddiaçı (AZE seriyalı № 15875226, ASAN 1 tərəfindən 24.08.2015 tarixdə verilmişdir) ondan ötəri ki, həqiqətən o, ünvan 2 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan İİ blokda ümumi sahəsi 58.00 kv.m. olan, 13-cü mərtəbəsindəki 270 saylı mənzilə görə 71400.00 manatı tam şəkildə ödəyib və Cavabdeh MMC -yə heç bir borcu yoxdur. İş materiallarında olan ünvan 4 ünvanında yaşayış binasının 270 №-li mənzilin tamamlama işlərinin mənzil sahibinin təkidi ilə layihədən kənarlaşmanın qiymətləndirmə hesabtından görünür ki, layihə üzrə görülmüş işin məbləği 7996,61 manat, faktiki olaraq 9530,44 manat, əlavə xərc 1533,83 manat təşkil edir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı oğlu ilə Cavabdeh MMC arasında 25.12.2017-ci il tarixli 308/17 №-li Müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə müqavilənin predmetini Satıcının mənzilin əsaslı tikintisinin lazımi qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək Alıcıya əsaslı tikilmiş formada lazımi qaydada və hazırki müqavilədə göstərilmiş müddətdə təhvil verməsi, Alıcının isə Mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini Satıcıya ödəməsi təşkil edir. Tərəflər razılaşır ki, mənzil Alıcıya təmir olunmuş vəziyyətdə təhvil veriləcək. Müqavilənin 1.2-ci bəndinə əsasən Satıcı mənzili 71400.00 (Yetmiş bir min dörd yüz) manata satır, Alıcı isə həmin qiymətə alır. Müqavilənin 2.2.6-cı bəndinə görə Satıcı “Alıcı”ya mənzili 31.03.2018-ci il tarixinədək təhvil vermək (müddət 6 təqvim ayı müddətinə qədər uzadıla bilər) öhdəliyini götürür. Satıcı tərəfindən mənzilin Alıcıya təhvil verilməsi hər iki tərəf ilə imzalanmış təhvil-təslim aktına uyğun olaraq həyata keçirilir. 25.12.2017-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı oğlu ünvan 2 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan İİ blokda ümumi sahəsi 58.00 kv.m. olan, 13-cü mərtəbəsindəki 270 saylı mənzilə görə 71400.00 manatı tam şəkildə ödəyib və Cavabdeh MMC -yə heç bir borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Tərəflər arasında 25.12.2017-ci il tarixli 308/17 №-li bağlanmış müqavilənin 2.2.4-cü maddəsinə əsasən Cavabdeh MMC iddiaçıya əsaslı tikilmiş formada lazımi qaydada və müqavilədə göstərilmiş müddətdə mənzili (31.03.2018-ci il tarixinədək təhvil vermək (müddət 6 təqvim ayı müddətinə qədər uzadıla bilər)) təhvil verməyi, iddiaçı isə Mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini yəni 71400 manatı cavabdehə ödəmək öhdəliyini götürmüşdür. Ancaq müqavilə üzrə tikinti şirkəti Cavabdeh MMC müqavilə öhdəliklərini tərəflərin razılaşdıqları müddət bitənədək yerinə yetirməmişdir. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 25.12.2017- ci il tarixli müqavilə üzrə öhdəliklərini tam icra edərək, cavabdehin tikdiyi binada ona ayrılmış mənzilin dəyərini elə həmin tarixdə ödədiyindən, cavabdeh MMC həmçinin müqavilə üzrə öhədliklərini icra etməli və mənzili iddiaçıya təhvil verməlidir. Digər tərəfdən iddiaçı onun 16000 manat məbləğində əldən çıxmış fayda və ya real zərərə məruz qaldığını qeyd etsə də tərəflər arasında belə bir razılığın olmasına dair mötəbər sübut nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında iddiaçı tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisədə ona zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı bu hissədə tələbini internet saytlardan əldə edilmiş məlumatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh MMC-nin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın və real zərərin nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində haqlı olaraq təmin edilməmişdir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Kollegıya hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır, bununla da iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-885/2021 saylı 28 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar