Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-744/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: pulun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, cavabdeh ünvan 1 ünvanda yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə eyni ünvanda yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 132.8 kv.m tam təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi, həmçinin müvəqqəti olaraq başqa ünvanda yaşama ilə bağlı kirayə haqlarını, həmçinin hazırkı mənzildən digər ünvana köçürmə ilə bağlı xərcləri ödəməyi, əmlak mülkiyyətçisi isə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 70 kv.m ibarət yaşayış sahəsi və həyətdə olan dəmir qarajı sökmək üçün tikinti şirkətinə təhvil verməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2019-cu il tarixli Əsas müqaviləyə əlavə və dəyişikliklər haqqında sazişə əsasən, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, giriş 2, mərtəbə 9, sahəsi 132.8 kv.m olan 119 saylı mənzil təmirsiz olaraq mənzil mülkiyyətçisi olan İddiaçı təhvil verilir. Qeyd olunan mənzil təmirsiz verildiyinə görə mənzil mülkiyyətçisinə 27000 manat kompensasiya ödənilir.
3. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mən 119 (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 560, M9, m5) ünvanında yerləşən 127.20 kv.metr sahəli mənzil 10 mart 2021-ci il tarixdə iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədə nəzərdə tutulmuş mənzilin ölçüsünün verilməyən 13,9 kvadrat metr hissəsinə görə 34000 manat kompensasiya və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilədə iddiaçıya 132,8 kv.m sahəsi olan mənzil verilməsi nəzərdə tutulurdu. Mənzil təhvil verilmişdir və hazırda orada yaşamaqdadır. Lakin, daha sonra mənzilə mülkiyyət hüququ haqqında çıxarış alarkən məlum olmuşdur ki, həmin mənzilin sahəsi 132.8 kv.m yox, 127.2 kv.m-dir. Lakin, bu da düzgün göstərici deyil. Belə ki, mənzilin ölçülməsi ilə bağlı Əmlak Komitəsinə ərizə yazaraq müraciət etmişdir. Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılaraq mənzilin 125.1 kv.m olduğu hesablanmış, amma arayışda ölçü göstərməyərək sadəcə göstərilənlərlə uyğunluq təşkil etdiyini bildirmişlər. Müqavilədə və çıxarışda göstərilən ölçülərdə fərq yarandığından iddiaçı yaranmış problemi həll etmək məqsədilə cavabdehə dəfələrlə müraciət etmiş, danışıqlar aparmış, lakin heç bir nəticə əldə etməmişdir. Sonradan qanunla hesablama qaydalarına uyğun aparılmış hesablama nəticəsində ona verilmiş mənzilin 118.9 kv.m olduğu qənaətinə gəlmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim G.Abbasova) 2(001)- 68/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı mübahisəli hala dair sübut təqdim etməmiş, mənzili təhvil aldıqdan sonra ölçdüyü zaman onun ölçüsünün müqavilədə nəzərdə tutulduğundan az, yəni 118,9 kv.metr olduğunu müəyyənləşdirdiyini göstərmişdir. İddiaçının tələbinin əsası kimi irəli sürdüyü faktiki hallar sübut olunmamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarış hazırda qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 227.1, 385, 425.1, 442, 752.1, 766, 773-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1 və 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin sonuncu rəyi məhz AR Şəhərsalma və Tikinti Məcəlləsinin və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə uyğun deyildir. Çünki, məhz sözügedən hüquqi aktlarda ölçü aparılarkən ara divarlarının yerləşdiyi sahələr istisna olunmuşdur. Bu səbəbdən məhz işə baxan məhkəmə tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli rəyi deyil, xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Eyni zamanda, sözügedən iş üzrə xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyinin düzgün olmadığını təsdiq edən hallardan biri də sonuncu iki ekspert rəyləri – yəni, xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli və xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyləri arasındakı müddət fərqidir. Buradan da belə bir nəticəyə gəlmək olur ki, 1 günlük qısa bir müddət ərzində ekspertin iki fərqli nəticəyə gəlməsi əslində onun düzgün ölçü aparmadığını və özü-özünü təkzib etdiyini göstərir. Analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3058/2023 nömrəli, xx.xx.2023-cü il tarixli anonimləşdirilmiş qətnaməsində qeyd olunmuşdur ki, “Apellyasiya baxışı zamanı əlavə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmadan hesablanarkən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadəküçəsi 3137-ci məhəllə 27 saylı mənzilin (yeni qaydalarla: Bakışəhəri Yasamalrayonu X3 küçəsi 37, M5, m5) ümumi sahəsi 92,6 kv.metr, həmin qanunvericiliyin tələbləri nəzərə alınaraq hesablandıqda isə 88,1 kv.metr təşkiledir.” Məhkəmənin iş üzrə preyudisial əhəmiyyat daşıyan sözügedən qətnaməsi də bir daha təsdiq edir ki, əgər mənzildə ölçü aparılması ARŞəhərsalma və Tikinti Məcəlləsi və Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əməl edilməklə aparılarsa, bu zaman heç bir halda ara divarların ölçüləri, o cümlədən, birinci instansiya məhkəməsində qeyd olunan divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi yolverilməzdir. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli rəylə mübahisə predmeti olan mənzilin həqiqi ölçüləri təsdiq olunmuşdur. Yəni, iddiaçının sübut etməli olduğu məsələ bununla bitmiş hesab olunur. Bundan sonra sözügedən mənzilin tərəflər arasındakı müqavilədə qeyd olunan ölçüdən az olmadığını sübut etmək öhdəliyi Cavabdeh tikinti şirkətinin öhdəliyidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
13. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirak etmiş, izahat vermiş və izahatında apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
15. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia rədd olunduğundan və qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixli müqavilələr əsasında yaranmışdır.
20. xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə eyni ünvanda yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 132.8 kv.m tam təmirli mənzili iddiaçıya verməyi, iddiaçı isə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 70 kv.m ibarət yaşayış sahəsi və həyətdə olan dəmir qarajı sökmək üçün tikinti şirkətinə təhvil verməyi öhdəsinə götürmüşdür.
21. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı mülkiyyətində olan yaşayış sahəsi və həyətdə olan dəmir qarajı sökmək üçün tikinti şirkətinə təhvil vermiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ 10 mart 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 127,20 kv.m göstərilmişdir.
22. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir.
23. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur.
24. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.
26. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
27. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir.
28. Birinci instansiya məhkəməsi tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə 3 dəfə tikinti-texniki ekspertizası keçirilmişdir.
29. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/255 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin ümumi sahəsi 115,5 kv.m olduğu müəyyən edilmişdir.
30. Təkrar ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli ekspert rəyinə əsasən, mənzilin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri) habelə eyvanların (lociyaların, şüşəbəndlərin və terrasların) sahəsi də daxil olmaqla mənzilin ümumi sahəsinin 114,62 kv.m olduğu müəyyən edilmişdir.
31. Təkrar ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyinə əsasən, mənzilin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmaqla ümumi sahəsinin 133,5 kv.m olduğu müəyyən edilmişdir.
32. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrində (“Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”), Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndində aşağıdakılar göstərilir:
33. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
34. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
35. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.
36. İşin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 132.8 kv.m olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Belə ki, bu fakt birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş sonuncu ekspertizanın rəyi ilə də öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podrat tapşırığını kəmiyyətcə tam yerinə yetirmişdir.
37. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddiaçıya müqavilə üzrə müəyyən edilmiş sahəyə uyğun mənzil sahəsi verilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, ümumi sahəsi 132.8 kv.m olan mənzil iddiaçıya söküntüyə gedən ərazidə yerləşən 70 kvm sahəsi olan mənzilin əvəzi olaraq verilmişdir və verilən mənzilin sahəsi sökülən mənzilin sahəsindən təxminən iki dəfəyə qədər çoxdur. İddiaçı bu sahəyə görə cavabdehə hər hansı məbləğdə pul ödəməmişdir. Əksinə, cavabdeh təmir xərci kimi iddiaçıya əlavə olaraq 27000 manat kompensasiya ödəmişdir. Cavabdeh eyni zamanda iddiaçının müvəqqəti olaraq başqa ünvanda yaşama ilə bağlı kirayə haqlarını və digər ünvana köçürmə ilə bağlı xərclərini də ödəmişdir.
39. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, sonuncu iki ekspert rəyləri xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə verilmiş, rəylərin verilməsi arasında 6 ay müddət fərqi olmuşdur.
40. Bundan əlavə, Kollegiya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsinin az göstərilməsi ilə bağlı iddiaçıya izah edir ki, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin ediməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.