Məhkəmə qərarları › İş №2(103)-7445/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7445/2020

05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7445/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-2478/2020 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “binanın təmir edilməsi və maddimənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin iddianı təmin etmə tədbiri barədə ərizə verərək, mübahisə mahiyyəti üzrə baxılıb həll edilənədək, ünvan 1 ünvanında yerləşən evin söküntü işlərinin aparılmasının dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2478/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilmiş və mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 1 ünvanında yerləşən evin söküntü işlərinin aparılmasının dayandırılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə heç bir əsas olmadan tamamilə qanunsuz və mənasız qərardad qəbul etmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddianın məzmunundan görünür ki, iddiaçı cavabdehdən mənzilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 2 nömrəli evin təmir edilməsi və maddi-mənəvi ziyanın ödənilməsini tələb edilir. İddiaçı iddia edir ki, cavabdeh binanın bloklarındakı pəncərənin şüşələrini çıxarıdır, bir-iki mənzilin içərisində gizli olaraq divar arakəsmələrini sökür və bununla da onların hüquqlarını pozur. Cavabdeh tərəf isə iddiaçının konkret olaraq hansı söküntü işlərinin aparılmasını və bunun cavabdeh tərəfindən edildiyinə dair sübutların təqdim olunmadığını bəyan edir. Əslində isə mübahisəli binanın yerləşdiyi ərazidə tkinti işlərinin layihələndirilməsi və aparılmasının cavabdeh tərəfindən edilməsinə dair işdə sübut mövcuddur(bax.i.v.10). Bundan başqa, iddianı təmin tədbiri iddianın maddi və mənəvi ziyan tələbi hissəsi ilə deyil, daha çox mübahisə predmeti olan evin təmir işlərinin görülməsi hissəsi ilə bağlıdır. Demək bu cür tələbə görə söküntü işlərinin aparılmasının dayandırılması tədbirinin görülməsi də uyğunsuzluq təşkil etmir. İddiaçılardan İddiaçı1 imzaladığı etibarnamədə sadalanan hüquqlar sırasında "iddia ərizəsinin imzalanması” xüsusi olaraq göstərilməsə də bu ərizənin rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, Tamara Əlmərdanova vəkilinə adından imza atmağa səlahiyyət vermişdir. Bu imza da istənilən sənədə, o cümlədən iddia ərizəsinə atıla bilər. Apellyasiya instansiyası məhkəməsi, xüsusilə vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısa və işi qabaqcadan mahiyyəti üzrə həll etməsə də, iddia tələbinin məzmununa və həddinə uyğun olmalıdır. Hazırki iş üzrə də iddianın təmini tədbirinə dair ərizə iddianın hədinə və məzmununa uyğundur. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 2478/2020 nömrəli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-2478/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar