Məhkəmə qərarları › İş №2(103)-7447/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7447/2022

05.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7447/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdəki əmlakdan payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-246/2020 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdəki əmlakdan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə onun paylı mülkiyyətdə olan 1/6 hissədəki payının naturada ayrılmasına, “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsinə, onun faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin “V” literli tikiliyə aid həyətyanı torpaq sahəsi kimi onun istifadəsinə verilməsinə və bununla da paylı mülkiyyət hüququna xitam verilməsinə dair müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair İddiaçı 1/6 hissədəki payın naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, bundan öncə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2084/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-246/2020 saylı iş üzrə qəbul etdiyi 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Daha sonra, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2084/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respubliksaı Ali Məhkəmənin 05 iyul 2021-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2084/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respubliksaı Ali Məhkəmənin 05 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır...Bununla yanaşı, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddiaçının 1/6 hissədəki payının naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun mülkiyyətinə verilməsini qət etmişdir. Halbuki işin müəyyən edilmiş hallarına görə “V” literli tikilinin sahəsi 13,6 kv.metrdir. Bu sahə iddiaçıya ümumi əmlakdan düşən paydan, yəni 47,4 kv.metrdən 33,8 kv.metr azdır. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin nəticə hissəsində “V” literli tikilinin sahəsinin 33,8 kv.metr göstərilməsi yanlışlıqdır və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Həmin yanlışlıq MPM-in 228-ci maddəsinə müvafiq olaraq işə baxmış məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin ərizəsi əsasında aradan qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır..” Göründüyü kimi, yuxarıda qeyd edilən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2084/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanması ilə bağlı Azərbaycan Respubliksaı Ali Məhkəmənin 05 iyul 2021-ci il tarixli Qərarı ilə yoxlanılaraq münasibət bildirilmiş şikayətin dəlilləri ilə eyni olan dəlillərlə bağlı hazırda 1-ci instansiya məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadının” 25-ci bəndinə əsasən Apelyasiya və kassasiyanın hədlərini tənzimləyən yuxarıda istinad edilən mülki prosessual hüquq normalarından və Konstitusiya Məhkəməsi Plenumunun apelyasiyanın və kassasiyanın hədləri ilə bağlı müəyyən etdiyi hüquqi mövqelərdən göründüyü kimi, prosessual doktrina məhkəmələrin qətnamənin yoxlanılmasını şikayəti verən şəxsə (in personum) münasibətdə deyil, mübahisələndirilən hissədə (in rem) həyata keçirilməsini müəyyən etmişdir. Həmin qərardadın 26-cı bəndinə əsasən, məhkəmə tərkibi həm prosessual qanunvericiliyin tələblərini, həm də həmin tələblərə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə aktları şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissəyə münasibətdə yoxlanılmalıdır. Həmçinin, həmin qərardadın 41-cı bəndinə əsasən, qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Həmin qərardadın 44-cü bəndinə əsasən, Apelyasiya instansiyası məhkəməsi qeyrimümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apelyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı). Həmçinin, həmin qərardadın 45-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, qeyrimümkünlük haqqında qərardaddan yuxarı instansiya məhkəməsinə şikayət nəzərdə tutulduğundan, sonuncunun apelyasiya şikayətinin qeyri-mümkünlüyünün qanuniliyinə qiymət vermək imkanı olacaqdır. Belə ki, MPM-in 366.4 və 402-ci maddələrinə əsasən apelyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-246/2020 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-246/2020 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Şikayət verən tərəfə mübahisələndirmək istədikləri həmin hissənin əgər kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüquqları olması izah edilir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar