Məhkəmə qərarları › İş №2(103)-745/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-745/2021

08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-745/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, X1 iştirakı ilə, İddiaçı Cavabdeḣnə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(005)-195/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “xxxx” Klinik Xəstəxanası MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona bu müalicə ilə əlaqədar rəsmi olaraq 334 manat xəstəxanada, bundan əlavə tərəfindən qeyri-rəsmi olaraq başqa həkimə müraciət edib müayinə olmağı ilə əlaqədar çəkdiyi xərcləri və sonradan başqa xəstəxanada xərclərini, işləməməyi səbəbindən ona 1000 manata yaxın, bundan əlavə ona vurulmuş mənəvi ziyana görə 20000 manatın, həmçinin 19,80 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, sığorta yolu ilə cavabdeh klinikada müalicə alır. Sonuncu aybaşı gecikdiyi üçün klinikaya həkim Lalə İmanovaya müraciət etmişdir. Həkim onu müəyyən sorğular etmiş və qan analizinə göndərmiş, cavabları alıb və onu müayinə etdikdən sonra ona yumurtalığın oliqomenoreyası diaqnozu ilə müalicə yazmışdır. Həkim ona defaston və remens dərmanları qəbul etməsini tövsiyyə etmiş və resept yazmışdır. Daha sonra həkim ona ərinin də uşaq olmaması səbəbindən spermoqrammadan keçməsini tövsiyyə etmişdir. Sonradan biləndə ki, o, hamilədir, əri ondan boşanmaq dərəcəsinə çatana qədər incimişdir. Bundan əlavə, ona ayaqlarında olan xəstəliklə əlaqədar reopoliqlukim trentala birgə dərman və flibasit inyeksiyası 10 ədəd, detroleks 60 ədəd yazılmışdır. O, bu dəmnanların ona bu vəziyyətində əlavə pis təsir göstərməyəcəyini soruşduqda həkim bunun heç bir qorxusu olmadığını demişdir. O, bir müddət bu dərmanları qəbul etmişdir. Ona sistem edilərkən ürəyi bulanırdı. O isə həkimə inanıb bu dərman preparatlarını qəbul etməkdə davam edirdi. Onda aybaşı yenə də gəlmədikdə, yenidən test etdirmiş və test pozitiv olduğuna görə, ultrasəs müayinəsinə getmiş, müayinə zamanı onun hamilə olduğu müəyyən edilmişdir. Onun qəbul etdiyi dərman preparatlarının dölün inkişafına hansı fəsadlar vurması onun üçün hələ də qaranlıq qalır. Doğulacaq uşağın hansı fəsadlarla doğulacağı yenə də ona müəmmalıdır. Bundan əlavə, bu dərmanların qəbulu zamanı onun qarnında ağrılar artırdı. O, elə fikirləşirdi ki, bu belə də olmalıdır. xxxx Klinikasında qoyulan diaqnoz, apanlan qan analizlərinin düzgün aparılmaması və verilən dərmanlar onu ölmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Onun ailəsi, anası, bacısı sarsıntılar keçirmişlər. Onların müayinəsinə inanmayaraq, iddiaçı fərdi şəkildə başqa qadın həkiminə müraciət etməli olmuş və müayinə və müalicə ona 1000 manata başa gəlmişdir. Hazırda yenə də tam sağalmamış, iş yerində də vəzifəsini sağlamlığına görə apara bilməmişdir. Bu da onun maddi durumuna təsir göstərmişdir. Bahar bayramı münasibəti ilə çağırılan şənliklərdə iştirak edə bilməməyi səbəbindən 1500 manat zərərə düşmüşdür. Xəstəliklə əlaqədar çəkdiyi əziyyət onu davamlı olaraq narahat etməsinə baxmayaraq, eyni zamanda iddiaçı mənəvi əzab çəkmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 195/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi ifadəni əsas götürərək, iddiaçının iştirakını təmin etmədən işə baxıb iddianı rədd etmişdir. Məhkəmə işə baxarkən iddianın hüquqi vəziyyətini müəyyənləşdirməmiş, ekspertin verdiyi qeyri-müəyyən rəyi əsas götürərək iddianı rədd etmişdir. Ekspertizanın rəyi əvvəlcədən ona təqdim edilməmiş və ondan şikayət vermək, həmçinin təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermək hüququndan məhrum edilmişdir. Bundan əlavə o, ekspert qarşısında qoyulan sualları bilməmiş və bununla da iş üzrə ekspertizada iştirak etməmişdir. Bütün bu uyğunsuzluqların son nəticəsi kimi belə bir qanunsuz qətnamə elan olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, həmin hamiləlik nəticəsində onun qızı dünyaya gəlmişdir. Ona qoyulmuş səhv diaqnoz və aparılan səhv müalicə nəticəsində hamiləliyi çətin keçmiş, səhhətində problemləri olmuş, yeni doğulmuş uşağın səhhətində də problemləri olmuş, bu səbəbdən onu uzun müddət müalicə etdirmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan “xxxx” X5 Yelena Petrovnanın adına tərtib edilmiş baxış vərəqəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Daxil olarkən şikayəti aybaşının qeyri-requlyar olmasından, gecikmələrlə və az miqdarda olmasındandır. Anamnezidə: H4DİA3. Mensis qeyri-requlyar. FSG.İG. Prolaktin. Testosteron. DEA-S müayinələri aparılmışdır. Diaqnoz: “Yumurtalıqların disfunksiyası. Oliqomenoreya”. İş materialında olan xx.xx.2019-cu il tarixdə “Uniklinika”da aparılmış İddiaçı Transvaginal USM-də: “Miometriyanın strukturu həmcins deyil, arxa divarda 5 mm miomatoz sahə qeyd olunur. Endometriyanın qalınlığı 6.4mm. Uşaqlıq boynunda 5-6 mm ovuli nabotillər qeyd olunur. Sağ yumurtalığın ölçüsü 37x25mm, strukturu: multifollikulyar, medial səthinə yaxın 3 mm paraovarial kista qeyd olunur. Sol yumurtalığın ölçüsü 36x25 mm, strukturu: multifollikulyar” müəyyən edilmişdir. İş materiallarında olan “Sağlam Ailə” tibb mərkəzi tərəfindən xx xxxx 2019-cu il tarixdə aparılmış hormonal müayinə nəticəsində müəyyən edilmişdir ki, İddiaçı aşkar edilmiş beta-hCG hormonunun miqdarı (4239) 4-5 həftəlik hamiləliyə uyğundur. İş materialında olan USM-ni əks etdirən rəngli fotoəksin üzərində aparılan qeydlərdən məlum olur ki, xx.xx.2019-cu il tarixdə aparılmış USM nəticəsində İddiaçı 5-6 həftəlik hamiləlik müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 xx.xx.2020-ci il tarixli, 584/KEŞ saylı ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə “xxxx” klinikasına aybaşısının qeyri-requlyar gecikməklə, az miqdarda olması şikayətləri ilə müraciət etmiş və xx.xx.2019-cu il tarixli “Uniklinika”da keçirilmiş transvaginal USM cavabını təqdim etmişdir ki, həmin müayinədə hamiləlik müəyyən edilməmişdir. Klinikada aparılmış laborator müayinələr əsasında “Yumurtalığın disfunksiyası, oliqomenoriya” diaqnozu təyin edilmiş və diaqnoza uyğun müalicə məsləhət görülmüşdür. xx.xx.2019-cu il tarixdə İddiaçı “xxxx” klinikasına müraciəti zamanı onun hamiləliyi ilə bağlı obyektiv, subyektiv məlumatlar olmamışdır və kiçik hamiləlikləri xaricdən müşahidə etmək mümkün deyil. İddiaçı “xxxx” klinikasinda təyin edilmiş müalicələrdən sonra onun səhhətində hər hansı dəyişikliyin olması barədə tibbi sənəd təqdim edilmədiyi üçün bu haqda fikir söylənilməsi mümkün deyildir. Onun xx.xx.2019-cu il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sağlamlığı ilə bağlı heç bir şikayəti olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının vəsatəti əsasında təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin ekspertlərinə həvalə edilmişdir. Məhkəməyə daxil olmuş 58/KEŞ nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə “xxxx” klinikasına aybaşısının qeyri-requlyar gecikməklə, az miqdarda olması şikayətləri ilə müraciət etmişdir. Aparılmış laborator müayinələr əsasında ona “Yumurtalığın disfunksiyası, oliqomenoriya” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq ona “Dufaston” və “Remens” damcısı təyin edilmişdir. Həmin dərman preparatlarının təyinatından sonra xəstənin vəziyyətinə əks təsir göstərməsi barədə tibbi sənədlərdə hər hansı bir qeydiyyat aparılmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə “xxxx” klinikasına müraciəti zamanı onun xx.xx.2019-cu il tarixli “Uniklinika”da keçirilmiş transvaginal USM-də hamiləlik müəyyən edilməmişdir. Lakin xx.xx.2019-cu il tarixdə “xxxx” Klinikasında aparılmış USM-də onda “5-6 həftəlik hamiləlik” müəyyən edilmişdir ki, bununla da, ona xx.xx.2019-cu il tarixdə təyin edilmiş dərman preparatlarının annotasiyasında hamiləliyin inkişafına əks təsiri qeyd edilməmişdir. Beləliklə, iş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1113.2-ci maddəsinə əsasən, zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 1114.2-ci maddəsinə əsasən, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İş materiallarından və məhkəmə tərəfindən təyin olunmuş ekspert rəyindən də görünür ki, İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın vurulması, habelə bu hərəkətlərlə ziyanın arasında səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Belə ki, iddiaçı cavabdehin səhvi nəticəsində hamiləliyinin vaxtında müəyyən edilməməsi, ona səhv müalicə təyin edilməsi səbəbindən lazım olmayan dərman preparatlarını qəbul etməsi və bunun nəticəsində hamiləliyinin ağır keçməsi, onun həyatı üçün təhlükə yaranması, yeni doğulmuş uşağının səhhətində problemlər olmasını bildirsə də, bu hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, iddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Göründüyü kimi, mənəvi zərərin ödənilməsi ilə bağlı iddianı həll edərkən digər hallarla yanaşı, zərərvuran şəxsin təqsiri də aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə araşdırma zamanı cavabdeh xxxx Klinikası tərəfindən iddiaçıya münasibətdə mülki hüquq pozuntusu halının baş verməsi müəyyən edilmədiyindən, 20000 manat mənəvi ziyana görə pul vəsaitinin tətəlumasına dair iddia tələbi də əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(005)- 195/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar